Məhkəmə qərarları › İş №2-1(112)-1887/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1887/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1887/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin (ASC “Xalq” Bank) nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Firması və Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank) «daşınmaz əmlak barədə arayışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlak barədə arayışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, "xxxx" Firması ilə İddiaçı2 arasında 28 aprel 2014-cü il tarixdə MŞ-M/28-04 saylı, həmin qurumda İddiaçı1 arasında isə 28 may 2013-cü il tarixli Ə A-M/28-05 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən müvafiq olaraq İddiaçı2 ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.m sahəli olan binanın 3-cü mərtəbəsində 61 kv.m ölçüdə və İddiaçı1 həmin binanın 3-cü mərtəbəsində 60 kv.m ölçüdə qeyri-yaşayış sahələri əldə etmişlər. Sonradan hazırkı cavabdeh DƏDRX 1 saylı ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşınmaz əmlakın dövlət reyestrindən arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 dekabr 2010-cu il) verilmişdir. Bundan sonra cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.m sahəsi olan qeyri-yaşayış binası və 0.2704 ha torpaq sahəsi ASC “Xalq” Bankın xeyrinə 9 iyul 2015-ci il tarixdə yüklü edilmişdir. Hesab edilir ki, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 dekabr 2010-cu il) cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 6, 8 – 12, 14, 15 və 17-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasənamə»nin 2.0.1, 3.0.85, 3.0.6-cı yarımbəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qevdiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 7-ci hissəsinin tələblərinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün aşağıdakı sənədlər tələb edilir: müşayət məktubu, xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatı, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, dövlət rüsumunun ödənilməsi barədə sənəd, plan-cizgi, ərizə (Hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), tikintiyə icazə sənədləri. Lakin, yuxarıda qeyd olunan sənədlərin hamısı təqdim edilsə də, cavabdeh tərəfindən "xxxx" Firmasına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bu səbəbdən də, hesab olunur ki, həmin arayış ləğv edilməlidir. İddiaçılar tərəfindən DƏDRX 1 saylı Ərazi İdarəsinə qeyd edilən arayışın ləğv edilməsi ilə bağlı pretenziya ilə müraciət edilmişdir. Həmin pretenziya cavabdeh tərəfindən 31 yanvar 2020-ci il tarixli məktubla cavablandırılmışdır. Cavab məktubu belə əsaslandırılmışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Hazırkı iddia üzrə hesab edilir ki, eyni mübahisə üzrə iddiaçı tərəfindən yenidən pretenziya göndərilməsi formal xarakter daşıyır. Digər iddiaçılara ünvanlanan cavab məktubunun onlara da yazılması ehtimalı var. Göstərilənlərə əsaslanaraq, İPM-in 34-cü maddəsini rəhbər tutaraq, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 dekabr 2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli iddia tələbinə dair etirazda aşağıdakılar bildirilmişdir: - İddiaçılar İddiaçı1 və İddiaçı2 Şahbudaq oğlunun iddiası etirazla qarşılanır. Belə ki, Belə ki, Bakı şəhəri Nərimanov RİH başçısının 9 iyul 2008-ci il tarixli sərəncamı və müvafiq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış – hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarəyə ünvanladığı (Mərkəzi Bankda ipotekada qalmaq şərtilə həmin torpaq üzərində yerləşən tikilinin qabaqcadan qeydiyyatına etiraz edilməməsi barədə) 15 dekabr 2020-ci il tarixli 05/04-719 nömrəli məktubu nəzərə alınmaqla, "xxxx" Firmasının adına ********** qeydiyyat nömrəli 24 dekabr 2010-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Hal-hazırda sözügedən qeyri-yaşayış binası ASC “Xalq” Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa sözügedən qeyri-yaşayış binasının üzərində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2017 nömrəli 27 yanvar 2017-ci il tarixli icra vərəqəsi, eləcə də həmin məhkəmənin 5(005)-485/2016 nömrəli, 05 iyun 2016-cı il tarixli qərarı ilə həbs qoyulmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-24/2018 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1247/19 saylı bildirişləri İdarəyə daxil olmuş, lakin müvafiq məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin icraatında eyni predmet üzrə (hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı, 24 dekabr 2010-cu il tarixli arayışın ləğv edilməsi barədə) iddiaçılar X19, X12, X20, X8, X1, X21, X16, X4, X9, X13, X10, X2, X17, X22, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı, X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı 2-1(112)-4056/2020 saylı inzibati iş vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Belə ki, sözügedən qeyri-yaşayış binasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış İdarə tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 17-ci maddəsinin tələblərinə əsasən verilmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3, 2.4-cü maddələrinə, İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə "xxxx" Firması və ASC “Xalq” Bank inzibati məhkəmə icraatına üşüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs ASC “Xalq” Bankın nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilir: - İddiaçılar iddia tələblərini “əsaslandırmaq” üçün İddiaçı2 ilə "xxxx" Firması arasında bağlanmış 28 aprel 2014-cü il tarixli MŞ-M/28-04 saylı və İddiaçı1 ilə "Mars-M” Firması arasında bağlanmış 28 may 2013-cü il tarixli Ə A-M/28-05 saylı müqavilələrə istinad edərək, həmin müqavilələr üzrə Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100,5 kv.m sahəsi olan binanın 3-cü mərtəbəsində 61 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı2 və həmin binanın 3cü mərtəbəsində 60 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı1 tərəfindən “əldə edildiyini” bildirirlər. Həmin müqavilələrə istinad etməklə, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın ləğv edilməsini xahiş etmişlər. İddia tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçılar müəyyən normativ aktlara istinadən, “. . . tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün” sənədləri sadalamış və “yuxarıda qeyd olunan sənədlərin hamısının təqdim edilmədiyini” bildirməklə, konkret olaraq hansı sənədin təqdim edilmədiyini göstərmədən, iddia tələblərini əsaslandırmış hesab etmişlər. İPM-in 35.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı işdə iddiaçıların həmin iddia tələbləri ilə çıxış etmək üçün subyektiv hüquqları mövcud deyil. İş materiallarından da göründüyü kimi, “ləğv edilməsi” xahiş edilən arayış 24 dekabr 2010-cu il tarixdə verilmişdir. İddiaçılar isə, qeyri-yaşayış sahələrinə dair 2013 və 2014-cü illərdə bağlanmış müqavilələrə istinad edirlər. Yəni, mübahisələndirilməsinə cəhd edilən arayış verilən vaxt iddiaçıların həmin sahələrə ümumiyyətlə, heç bir aidiyyəti olmamışdır. Hətta fərziyyə olaraq, iddiaçıların həmin arayışa hər hansı formada aidiyyətinin olması qəbul edilsə belə, bu halda da hazırkı iş üzrə onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yarana bilməz. Belə ki, həmin tələb dolayısıyla ASC “Xalq” Bankın həmin bina üzərində dövlət qeydiyyatına alınmış yüklülüyün mübahisələndirilməsinə yönəlmişdir ki, belə iddia tələbləri ilə çıxış edən şəxslərin iddiasını təmin etmiş məhkəmə qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən düşmüş hesab edilmişdir. Həmin iş üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də nəzərə alınmaqla birmənalı olaraq belə nəticəyə gəlmək olar ki, iddiaçıların çatmaq istədiyi məqsədə hazırda qaldırılmış iddianın uğurlu olması ilə də nail olmaq mümkün olmayacaq. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə "xxxx" Firmasının ünvan 4-də yerləşən obyekt (ticarət mərkəzi) barəsində onun özgəninkiləşdirilməsini və ya yüklü edilməsini nəzərdə tutan əqdləri bağlamaq hüququnun olmadığı müəyyən edilmişdir. Bankın ipotekasında olan qeyri-yaşayış sahəsinin yüklü edilməsinə dair əqdin bir hissəsinin etibarsızlığına dair iddia qaldırmış şəxslərin iddiasını təmin etmiş məhkəmə qərarları Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edilmiş, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla qəbul edilmiş və hazırda qanuni qüvvədə olan sonrakı məhkəmə qərarları ilə həmin iddialar rədd edilmişdir. "xxxx" firması tərəfindən ASC “Xalq” Banka qarşı "müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddia qaldırılaraq, tərəflər arasında bağlanmış 8 iyul 2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. ASC “Xalq” Bank tərəfindən də "xxxx" firmasına qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddia qaldırılaraq, kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması, tutmanın 8 iyul 2005-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" Firmasına məxsus müvafiq qeyri-yaşayış binasına yönəldilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir. Həmin iş üzrə aşağıdakı məhkəmə qərarları qəbul edilmişdir: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1096/2016 saylı iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı "xxxx" firmasının iddia tələbi təmin edilməmiş, Bankın qarşılıqlı iddiası təmin edilmiş, tutmanın 8 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi və s. qərara alınmışdır. Həmin qətnamədən "xxxx" Firması apelyasiya şikayəti vermişdir. Sonradan həmin qətnamədən “maraqlarına toxunan şəxs” kimi Ağa-X31 və X14 da apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2016cı il tarixli qərardadı ilə həmin apellyasiya şikayətləri mümkün hesab edilərək, həmin şəxslər “müstəqil tələb irəli sürməyən” 3-cü şəxs qismində cəlb edilmişlər. Daha sonra Ağa-X31 və X14 "xxxx" kimi ASC “Xalq” Banka və "xxxx" Firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə apellyasiya məhkəməsinə müraciət edərək, 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m və 24,6 kv.m-dən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız sayılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəmənin 5 aprel 2017-ci il tarixli qətnaməsi ilə Bankın qarşılıqlı iddiasının 26 may 2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Bankın xeyrinə tutulması hissəsində rədd edilməsi, 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan (56.6 + 24.6) qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli qərarı ilə ASC "Xalq” Bankın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 5 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin həmin qərarından ASC "Xalq” Bank tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Qərarı ilə "xxxx" Firmasının ASC "Xalq" Banka qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, AR Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Ali Məhkəmənin Plenumunun 31 oktyabr 2018-ci il tarixli (İş № 13-2(102)-l(k)/2018) qərarı ilə Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı "xxxx" Firmasının cavabdeh ASC “Xalq” Banka qarşı 8 iyul 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və 8 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi hissəsində iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tutmanın 8 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" Firmasına məxsus qeyri-yaşayış binasına yönəldilməsi, üçüncü şəxs Ağa-X23 "xxxx" Firması ilə ASC “Xalq” Bank arasında bağlanmış 8 iyul 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin müvafiq qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X6 "xxxx" Firması ilə ASC “Xalq” Bank arasında bağlanmış 8 iyul 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Ali Məhkəmənin 17 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçı "xxxx" Firması və üçüncü şəxs Ağa-X31 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə həmin qərarda üçüncü şəxs Ağa-X23 iddiasına münasibətdə Konstitusiya Məhkəməsinin qərarına istinad edərək qeyd etmişdir ki, iş üzrə üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddia tələbləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyul 2018-ci il tarixli qərarı ilə bu hissədə belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 140 və 271.1-ci maddələri iş üzrə düzgün şərh edilməmiş, ipoteka müqaviləsini üçüncü şəxslərə aid hissədə hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın – cavabdehin məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmiş, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış qətnamə dəyişdirilmədən saxlamaqla ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxs ASC “Xalq” Bankın nümayəndələri gəlmişlər, iddiaçılar və üçüncü şəxs "xxxx" Firması (nümayəndəsi) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ASC “Xalq” Bankın nümayəndəsi Vəkil2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüququ əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddıaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında ə ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, 28 may 2013-cü il tarixdə "xxxx" Firması ilə İddiaçı1 arasında bağlanmış Ə A-M/28-05 nömrəli müqavilənin müddəalarında tərəflər aşağıdakıları razılaşdırmışlar: - (1.1-ci bənd) Müqavilənin predmeti "xxxx" Firmasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsində 60 kv.m hissəsi olan qeyri-yaşayış sahəsidir; - (1.2-ci bənd) Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 24 dekabr 2010-cu il tarixdə verilmiş, qeydiyyatı 11 10093638 nömrə ilə aparılmış arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsi "xxxx" Firmasının adına rəsmiləşdirilmişdir; - (1.3-cü bənd) Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə uyğun bağlanmış ilkin müqavilədir; - (1.4-cü bənd) İlkin müqavilənin predmeti olan qeyri-yaşaylş sahəsinin 3-cü mərtəbəsində 78 kv.m sahə 195.000 manat məbləğində müəyyən olunmuşdur; - (2-ci bənd) Satıcı öhdəsinə götürür ki, bir il müddətinə öz adına qeyd olunan qeyriyaşayış sahəsinə dair DƏDRX-dən çıxarış aldıqdan sinra “Alıcı”dan 195.000 manat alaraq əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini təmin edəcəkdir. “Alıcı” isə, öz öhdəsinə götürür ki, müqavlənin 1.4-cü bəndində göstərilən 195.000 manat məbləği müqavilənin imzalandığı gün ödəyir. İş materiallarında olan "xxxx" Firmasının İddiaçı1 verilmiş 30 dekabr 2013-cü il tarixli arayışının surətindən görünür ki, ünvan 5 ünvanında "xxxx" Firması tərəfindən inşa edilən ticarət mərkəzində almaq istədiyi ümumi sahəsi 78 kv.m olan 3-cü mərtəbədə yerləşən ticarət sahəsinin dəyərindən 75.000 manat ödəmişdir, müqaviləyə əsasən heç bir borcu yoxdur. İş materiallarından görünür ki, 28 aprel 2014-cü il tarixdə "xxxx" Firması ilə İddiaçı2 arasında bağlanmış müqavilənin müddəalarında tərəflər aşağıdakıları razılaşdırmışlar: - (1.1-ci bənd) Müqavilənin predmeti "xxxx" Firmasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 61 kv.m hissəsi olan qeyri-yaşayış sahəsidir; - (1.2-ci bənd) Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 24 dekabr 2010-cu il tarixdə verilmiş, qeydiyyatı 11 10093638 nömrə ilə aparılmış arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsi "xxxx" Firmasının adına rəsmiləşdirilmişdir; - (1.3-cü bənd) Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə uyğun bağlanmış ilkin müqavilədir; - (1.4-cü bənd) İlkin müqavilənin predmeti olan qeyri-yaşaylş sahəsinin 3-cü mərtəbəsində 61 kv.m sahə 120.000 manat məbləğində müəyyən olunmuşdur; - (2-ci bənd) Satıcı öhdəsinə götürür ki, bir il müddətinə öz adına qeyd olunan qeyriyaşayış sahəsinə dair DƏDRX-dən çıxarış aldıqdan sinra “Alıcı”dan 120.000 manat alaraq əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini təmin edəcəkdir. “Alıcı” isə, öz öhdəsinə götürür ki, müqavlənin 1.4-cü bəndində göstərilən 120.000 manat məbləği müqavilənin imzalandığı gün ödəyir. İş materiallarında olan "xxxx" Firmasının İddiaçı2 verilmiş 28 aprel 2014-cü il tarixli arayışının surətindən görünür ki, ünvan 5 ünvanında "xxxx" Firması tərəfindən inşa edilən ticarət mərkəzində almaq istədiyi ümumi sahəsi 61 kv.m olan 3-cü mərtəbədə yerləşən 305 saylı mağazanın ticarət sahəsinin dəyəri kimi 120.000 manat məbləğində pul vəsaiti tam ödənilmişdir, müqaviləyə əsasən heç bir borcu yoxdur. İş materiallarından görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 16.100,5 kv.m olan qeyri-yaşayış binasının ASC “Xalq” Bankın mülkiyyəti kimi qeydiyyat alınmasına dair ********** qeydiyyat nömrəsi ilə 09 aprel 2021-ci il tarixdə qeydiyyat aparılmaqla “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arauyış” verilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 17.1-ci maddəsinə görə tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.3-cü maddəsinə görə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Həmin Qanunun 17.4-cü maddəsinə görə kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. İşin məhkəmə araşdırılması ilə müəyyın edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırkı iddianı irəli sürmək üçün tələblərini ünvan 1 ünvanındakı müvafiq ölçüdə qeyriyaşayış sahələri ilə bağlı "xxxx" Firması ilə ayrılıqda bağladıqları 28 may 2013-cü il və 28 aprel 2014-cü il tarixli müqaqavilələrlə əsaslandırırlar. Hansı ki, hər iki müqavilədə müvafiq obyektlərin "xxxx" Firmasına məxsus 16.100,5 kv.m ölçüdə bütöv qeyri-yaşayış binasının tərkib hissəsi olması hazırkı mübahisənin predmeri olan “daşınmaz əmlaka dair hüquqların qabaqcadan qeydiyyatı barədə” 24 dekabr 2010-cu il tarixli arayışa istinadən göstərilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, bir tərəfdən qeyri-yaşayış binasına dair qabaqcadan qeydiyyatın həmin müqavilələrin bağlandığı tarixdən əvvəlki dövrə təsadüf etməsi, digər tərəfdən də müqavilələrin bağlanması həmin qabaqcadan qeydiyyata əsaslanması hazırkı iddiaçıların bu qeydiyyatı mübahisələndirmələrini ziddiyyətli sayır. Qeyd olunanlarla yanaşı, məhkəmə həmçinin vurğulayır ki, iddiaçılar qeyri-yaşayış binasının qabaqcadan qeydiyyatının qanunsuz aparıldığını əsaslandıran heç bir tutarlı dəlil də bildirməmişlər. Hansı ki, bununla əlaqədar müvafiq xüsusatlar başqa məhkəmə icraatlarında mübahisə predmetu olmuş və qiymətləndirilmişdir. Odur ki, məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırkı iddia tələbləri üzrə dəlilləri qeyri-yaşayış binasına cavabdeh tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğvinə əsas vermir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Firması və ASC “Xalq” Bank) «daşınmaz əmlak barədə arayışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Firması və ASC “Xalq” Bank) «daşınmaz əmlak barədə arayışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar