Məhkəmə qərarları › İş №2-1(112)-1887/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1887/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1887/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 31 may 2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üçüncü dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya “spastik serebral iflicin qalıq əlamətləri, sağ tərəfli hemiparez, müştərək çəpgözlük, NSD kardial tipli” diaqnozu ilə xx.xx.2014-cü il tarixdən 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən spastik serebral iflicin qalıq əlamətləri, sağ tərəfli hemiparez, müştərək çəpgözlük diaqnozu ilə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya 2016-cı ildə 5 il müddətinə eyni diaqnozla əlillik təyin olunmuşdur. İddiaçı əlillik dərəcəsinin müddətsiz təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İş materiallarında olan cavabdehin etirazına əlavə olunmuş iddiaçının TSEK-də müayinə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, lakin ona əlavə müalicəyə ehtiyacının olması, stasionar müalicə müddətinin yetərli olmaması səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Nərimanov tibb mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “diaqnozun mətni: USİ. Hemiplegik forma. Sağ tərəfli hemiparez. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması, stasionar müalicə müddəti yetərli deyil. Reabilitasiya müalicəsinin davam etdirilməsi tövsiyə olunur” səbəbi ilə imtina edilmişdir. Etirazda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-12616/2023 nömrəli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin həm ona əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları dair” Əsasnamənin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması, ümumiyyətlə iddiaçıda olan xəstəliklərin ona hansı qrup əlilliyin təyininə əsas verməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının müayinəsinin aparılması üçün cavabdehə müddət təyin olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 17-4/2-2056/2024 nömrəli "vətəndaşın əyani müayinə olunması haqqında” məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin F00105337UEK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş əyani müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Sözügedən məktuba əlavə olunmuş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1 bəndinə müvafiq olaraq iddiaçı barədə ümumi xəstəlikdən 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh tərəfindən ona yenidən 1 il müddətinə əlillik dərəcəsinin təyin edilməsinə münasibət bildirmiş və həmin qərarın qanunsuz olmasını qeyd etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, onun xəstəliyi anadangəlmə və sağalmaz xəstəlikdir. Bu səbəbdən doğulduğu vaxtdan 18 yaşınadək qanunvericiliyə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaq kimi əlillik pensiyası almışdır. 30 dekabr 2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin hüquqi qüvvəyə minməsi ilə “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” ilə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədən düşmüşdür. 30 dekabr 2015-ci il tarixli Əsasnamənin qüvvəyə minməsi ilə əlaqədar olaraq “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” ilə bağlı Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan meyarlarla bağlı məsələlər Əsasnamənin 3-cü fəsli (Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları) ilə tənzimlənməkdədir. Qeyd edilən qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmayanlar barəsində əlillik dərəcəsi təyin edilə bilmir. Yetkinlik yaşına çatmayanların xəstəlik meyarlarına uyğun olaraq 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul olunmaqdadır. Barəsində yetkinlik yaşına çatmayanadək olan dövr ərzində qeyd edilən səbəblərə görə əlillik dərəcəsinin təyin olunması mümkün olmamışdır. Xəstəliyi isə əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq üçüncü dərəcə əlilliyə aid edilir. Bu məqsədlə ona yetkinlik yaşına çatdıqdan sonra DSMF tərəfindən üçüncü qrup əlilliyi təsdiq edən vəsiqə verilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına əsasən ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən olunur. İddiaçı hesab edir ki, onun yetkinlik yaşına çatanadək üçüncü dərəcə əlilliyi olmuşdur. Beləliklə o, fasiləsiz olaraq 15 ildən çox üçüncü dərəcəli əlil olduğundan ona “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi kabinet vasitəsilə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və “ona 31 may 2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraat qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. İddiaçının cavabdehə ilkin müraciət etdiyi zaman qüvvədə olmuş daha əvvəllər ona münasibətdə əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Həmin Əsasnamənin: 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır:

1. özünəqulluq bacarığı; 2. sərbəst hərəkətetmə bacarığı; 3. istiqamətseçmə bacarığı; 4. ünsiyyət bacarığı; 5. davranışına nəzarətetmə bacarığı; 6. öyrənmə bacarığı;

7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə eyni diaqnozla əvvəllər qüvvədə olmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin tələblərinə müvafiq olaraq 2014, 2015-ci illərdə bir il, 2016-cı ildən isə 5 il maddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçının diqanozu “Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli hemiparez. NSD kardial tipli.”, daha sonra “Spastik serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli yüngül hemiparez. Müştərək çəpgözlük” olmuşdur. Xəstəliyin kodu Xəstəliklərin beynəlxalq təsnifatı üzrə G80-G83, G80 Uşaq sarebral iflici, G80.0 Spastik serebral iflic olaraq göstərilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin ona orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəli əlillik təyin etməyə əsas verməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə eyni göndəriş əsasında ümumi xəstəlik səbəbindən bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. Bununla yanaşı iddiaçıda sağlamlıq imkanlarının məhdudluğunun (orqanizmin funksiyalarının pozuntusunun) uşaqlıqdan mövcud olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin sözügedən xüsusatı iddiaçıya münasibətdə rəsmiləşdirilmiş göndəriş, ona münasibətdə əvvəllər aparılmış təyinat qərarları, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasında iddiaçının əlilliyinə görə valideynlərinə ödəniş həyata keçirilməsini təsdiq edən əmanət kitabçası ilə də öz təsdiqini tapmışdır. İddiaçıya münasibətdə xx.xx.2923-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə status localis olaraq “sağ aşağı ətraflarda zəiflik, hərəkətin məhdudluğu, yaddaş zəifləməsi, yerişin çətinləşməsi, əsəbilik, ümumi zəiflik, tez yorulma, Göz bəbəkləri D bərabərdir S işığa reaksiya saxlanıb, göz almaların hərəkəti məhdudluğu, stabizm divergens q/o, konvergensiya və akkomodasiya pozulması.Keror nöqtələri ağnhdır.Burun dodaq büküşü assimetriyası.Vətər və sümüküstü refleks D böyükdür S canlıdır, əzələ gücü sağ ətraflarda 3.5 bal, sol 5 baldır, sağ ətraflarda hipertons və əzələlərin hipotrofiyası q/o, 1.5 sm, sağ a/ə 4 sm qısalıb, patoloji refleks sağ tərəfdə müsbətdir (Babinski), Romberq vəziyyət davamsızdır, uzadılmış əl barmaqların və göz qapaqları tremor q/o, xəstə astenikdir, emosional labildir” qeyd olunmuşdur. Göndərişdə diaqnozun ağırlaşması olaraq G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemiparez göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş əyani müayinənin nəticələrində qeyd edilmişdir ki, “... sağ aşağı ətrafda əzələlərin 1,5 (bir tam onda beş) sm atrofiya, aşıq-baldır oynağında hərəkət məhdudluğu izlənilmiş, Babinski “+” (müsbət), reflekslər D>S canlanmış, ..., pəncədə hərəkət həcmi tam olmadığından əzələ gücünü təyin etmək mümkün olmamışdır... Təqdim etdiyi sənədlər arasında, ... X2 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** arayışına əsasən diaqnoz “Uşaq serebral iflici. Sağ pəncənin ekvinovarus deformasiyasına görə cərrahi əməliyyatan sonrakı vəziyyət. Sağ-aşağı ətraf əzələlərinin atrofiyası, ikitərəfli birinci dərəcəli yastıpəncəlik. Sağ aşağı ətrafın 4 (dörd) sm qısalığı. Sağ pəncənin sallanması, daimi ağrı sindromu, yerişin pozulması” şəklində göstərilmişdir ...”. Məhkəmə iclasında iştirak edən iddiaçıda qeyd olunan orqanizm funksiyalarının pozuntularını vizual olaraq da müşahidə etmək mümkün olmuşdur. Belə olan halda cavabdeh iddiançının tibbi sənədlərini, əyani müayinəsinin nəticələrini və onun sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirərkən xəstəliyin mövcud olduğunu qəbul etsə də, heç bir əsas olmadan hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın digər bəndlərinin tələblərini nəzərə almadan 6.5.1.1-ci bəndi ilə bir il müddətinə ona münasibətdə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul etmişdir. Halbuki, Meyarların 6.5.1.3-cü bəndi eyni əsaslarla orqanizmin funksiyalarının pozulmasını müddətsiz müəyyən etməkdədir. Digər tərəfdən cavabdehin imtinası heç bir əsas olmadan əlavə müalicəyə ehtiyacın olması, səbəb stasionar müalicə müddəti yetərli deyil, reabilitasiya müalicəsinin davam etdirilməsi tövsiyə olunur kimi olmuşdur. Bununla bağlı məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçıda müşahidə olunan sağ aşağı ətrafın 4 sm qısalığından ibarət fiziki qüsur, orqanizmin funksiyasının elə bir pozuntusudur ki, onun hər hansı əlavə müayinə, müalicə və ya reabilitasiya müalicəsinin davam etdirilməsi yolu ilə aradan qaldırılması mümkün deyildir. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və ona təyinat aparılmasından imtina edilmişdir. İddiaçı məhkəmədən ona əlillik dərəcəsinin təyin edilməsi tələb edərkən, faktiki olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında cavabdeh tərəfindən qaydaların tələblərinə riayət edilməklə, Meyarların tələblərinə uyğun olaraq ona əlilliyin təyin olunmasını tələb etmişdir. Məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul etməsi isə mübahisəni aradan qaldıran və iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edən qərar kimi qəbul edilə bilməz. Bu hal məhkəmə tərəfindən iddiaçıda orqanizmin funksiyalarının pozuntusunun mövcud olması və həmin pozuntunun ona əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etməsi faktını təsdiq edən dəlil kimi qəbul edilməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddiaçının maraqlarına uyğun şəkildə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddia təmin edilsin. İddiaçı 31 may 2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 31-60% dərəcəsi ilə) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar