Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1888/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yerləşən 0.07 hektar sahəsi olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmaqla torpaq sahəsinə çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yerləşən 0.7 hektar sahəi olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət Reyesterində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmiş həmin bildirişdə göstərilmişdir ki, təqdim olunmuş yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur həmçinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Bu imtinada göstərilən hallar iddiaçının günahından olmamışdır və cavabdeh tərəfin bu uyğunsuzluğu aradan qaldıra bilər. Belə ki, iddiaçının həmin torpağa dair orderi vardır. Bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən verilmiş arxiv arayışında göstərilir ki, Azərbaycan SSR Bakı səhəri, Əzizbəyov rayon Binə qəsəbə XDS İcraiyyə Komitəsinin 8 saylı qərarından çıxarış; Abşeron rayon Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş müqavilənamə; Abşeron rayon Binə Donuzkökəltmə sovxozunun xx.xx.1990-cu il tarixli akt. Bütün bu sənədlərin mövcud olması Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilərək mənzilə dair çıxarışın verilməməsi vətəndaş kimi hüquqların pozulması deməkdir. İddiaçı lazımi sənədləri də təqdim etmişdir. Buna baxmayaraq əsassız imtina olunmuşdur. Ona görə də iddiaçı hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur, həmçinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda təqdim edilmişdir ki, İddiaçı Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0.7 ha sahəsi olan torpaq sahəsi üzərində mülkiyyət hüquqularının tanımaqla torpaq sahəsinə çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********01 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, , təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur, həmçinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunun “Sovxozda yaşayan fəhlə və qulluqçulara fərdi mənzil tikilməsi üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında” Müqavilənaməyə əsasən İddiaçı istifadə üçün 0,07 hehtar torpaq sahəsi təhkim olunmuşdur.
6. Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmrində qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. ...4. İddiaçı q....fəhlə
7. Abşeron rayon Binə Donuzkökəltmə sovxozunun xx.xx.1990-cu il tarixli Aktında qeyd olunmuşdur ki, Donuzkökəltmə sovxozunun 12 iyun 1990-cı il tarixli 135 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikilməkdən ötrü 0.07 hektar torpaq sahəsi Binə qəsəbəsinin sakini vətəndaş İddiaçı daimi istifadə üçün təhkim edilmişdir. Həyətyanı fondun ayrılmasına əsas: Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il 521 nömrəli qərarı
8. Azərbaycan SSR Bakı şəhəri Əzizbəyov rayonu Binə Qəsəbə XDS Komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli Qərarından Çıxarışa əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozunun işçisi İddiaçı 0,07 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun X5, həmkarlar komitəsinin 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarı və 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri məqsədəuyğun hesab edilərək təsdiq olunmuşdur.
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsi m/daş hasar daxilindədir. Bir tərəf dalan, üç tərəf qonşudur. Sahədə 1 mərtəbəli yaşayış evi və həyət tikilisi var. Torpaq sahəsinin yerləşməsinə dair cizgi təqdim edilməyib.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
21. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;
27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;
28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunun “Sovxozda yaşayan fəhlə və qulluqçulara fərdi mənzil tikilməsi üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında” Müqavilənaməyə əsasən İddiaçı istifadə üçün 0,07 hehtar torpaq sahəsi təhkim olunmuşdur. - Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmrində qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha. həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. ...4. İddiaçı q....fəhlə - Abşeron rayon Binə Donuzkökəltmə sovxozunun xx.xx.1990-cu il tarixli Aktında qeyd olunmuşdur ki, Donuzkökəltmə sovxozunun 12 iyun 1990-cı il tarixli 135 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikilməkdən ötrü 0,07 hektar torpaq sahəsi Binə qəsəbəsinin sakini vətəndaş İddiaçı daimi istifadə üçün təhkim edilmişdir (Həyətyanı fondun ayrılmasına əsas: Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il 521 nömrəli qərarı). - Azərbaycan SSR Bakı şəhəri Əzizbəyov rayonu Binə Qəsəbə XDS Komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli Qərarından Çıxarışa əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozunun işçisi İddiaçı 0,07 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun X5, həmkarlar komitəsinin 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarı və 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri məqsədəuyğun hesab edilərək təsdiq olunmuşdur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.5-ci bəndinin tələbinə uyğun olaraq iddiaçının adına sovxozun rəhbərinin əmri (Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmri) mövcuddur. Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Əmri və xx.xx.1990-cu il tarixli Akt əsasında İddiaçı sovxozda ən az 10 il işləməsi şərtilə 0,07 hektar torpaq sahəsi ayrılmışdır (iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək sovxozda işləmişdir).
30. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən sənədlər təqdim edilmişdir.
31. Məhkəmə digər tərəfdən müəyyən edir ki, Azərbaycan SSR Bakı şəhəri Əzizbəyov rayonu Binə Qəsəbə XDS Komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli Qərarına əsasən İddiaçı (Abşeron rayonu Donuzkökəltmə sovxozunun işçisi qismində) 0,07 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun X5, həmkarlar komitəsinin 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarı və 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri məqsədəuyğun hesab edilərək təsdiq olunmuşdur. İddiaçı ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib olunmuşdur.
32. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur, həmçinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir.
33. Məhkəmə bununla bağlı qeyd edir ki, cizgidə mütləq şəkildə koordinatların və ya istinad məsafələrinin göstərilməsi tələbi olmasa da, torpağın yerləşmə məkanını müəyyən etməyə imkan verən məlumatların olması zəruridir. İddiaçı tərəfindən təqdim edilmiş cizgidə torpaq sahəsinin yerini müəyyənləşdirmək üçün yetərli məlumatlar mövcuddur və torpaq sahəsinə dair müayinə aktı (yəni torpaq sahəsinin faktiki yerləşmə mövqeyini və texniki vəziyyətini əks etdirən sənəd) həmin cizgiyə uyğundur. Müvafiq hüquqmüəyyənedici sənədlərə (yerləşmə cizgisinə və müayinə aktına) əsasən torpaq sahəsi bir tərəf dalan və üç tərəf qonşu ilə əhatə olunmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi torpaqayırma prosesinin tamamlandığını təsdiq edən “prima facie” sübutdur. Təqdim edilən cizgi torpaq sahəsinin texniki vəziyyətini əks etdirə müayinən (baxış) aktı ilə təsdiqini tapmışdır.
34. Məhkəmə eyni zamanda nəzərə alır ki, torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur, iddiaçı həmin sovxozda vaxtilə işləmiş və həmin torpaq sahəsində inşa etdiyi birmərtəbəli evdə yaşayır. Odur ki, məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı münasibətdə torpaqayırma prosesi tamamlanmışdır.
35. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayonu Binə Qəsəbə XDS Komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli Qərarına əsasən ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva