Məhkəmə qərarları › İş №2-1(112)-1889/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1889/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1889/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları İddiaçı 09.04.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Tovuz regional “ASAN” Xidmət Mərkəzinə ərizə ilə müraciət etmiş, Mərkəz ərizə və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) göndərmişdir. Cavabdeh 29.04.2021-ci il tarixli, **********1 saylı məktubla iddiaçıya bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 15.05.1978-ci il tarixdə tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçının 06.05.1993-cü il tarixindən 30.04.1999-cu il tarixinədək “Xatınlı” savxozundakı və 10.06.2000-ci il tarixindən 01.01.2006-cı il tarixinədək X6ki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır, sözügedən araşdırma nəticələndikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Cavabdeh daha sonra 14.06.2021-ci il tarixli, **********3 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 15.05.1978-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçının 01.01.2006-cı il tarixinədək 23 il 5 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının 19.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 10.06.2000-ci il tarixindən 01.01 2006-cı il tarixinədək işlədiyi X9nin 23.12.2009-cü il tarixi üzrə əmr kitabları saxlanılmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Bundan sonra iddiaçı 09.08.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 10.06.2000-ci ildən 23.12.2009-cu ilə qədər Tovuz rayonu X6 işlədiyi illərin sığorta stajı kimi tanınmasının və iş stajı qəbul edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdr. Daha sonra iddiaçı 17.08.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə, 01.11.2021-ci il tarixdə isə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, tələbinin “iddiaçıya 62 yaşının tamam olduğu 10.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. 01.09.1975-ci il tarixdən başlayaraq Tovuz rayonu S.M.Kirov adına sovxoza işə qəbul olunaraq 30.04.1996-cı ilə qədər həmin sovxozda müxtəlif vəzifələrdə işləmişdir. 10.06.2000-ci il tarixdən 23.12.2009-cu il tarixə qədər X6 icraçı, katib və vergi toplayıcısı vəzifəsində işləmişdir. Hazırda iddiaçının pensiya yaşı çatdığı üçün sənədlərlə cavabdehə müraciət etsə də, 14.06.2021-ci il tarixli, **********3 saylı məktubla ona bildirilmişdir ki, 10.06.2000-ci il tarixdən 23.09.2009-cu il tarixə qədər X6 işlədiyi dövlərin sığorta stajına əlavə edilməsi qanuna uyğun hesab edilmir. Eyni zamanda həmin məktubla iddiaçıya bildirilmişdir ki, “İnzibati icraat haqqında” qanuna əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin inzibati məhkəməyə müraciət etmək hüququ var. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 12.01.2022-ci il, **********4 nömrəli Etirazda qeyd olunmuşdur ki, iddiaçı 01.04.2021-ci il tarixdə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və 14.06.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********3 nömrəli imtina məktubuna əsasən iddiaçının ******* İT nömrəli əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixinədək 23 il 5 ay sığorta stajı olmaqla tələb olunan (25 il) müddətdən azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı 10.06.2000-ci il tarixdən -23.12.2009-cu il tarixədək Tovuz rayonu Xatınlı bələdiyyəsində işlədiyini iddia edir. 10.06.2000-cı il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi X9 23.12.2009-cu il tarixi üzrə əmr kitabları saxlanılmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya 10.02.2016-cı il tarixindən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisənin məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsinin yoxlanılması məqsədilə DSMF-nin Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına sorğu ünvanlanmışdır. **********6 nömrəli cavab məktubunda 10.06.2000-ci il tarixdən 23.12.2009-cu il tarixədək Tovuz rayonu Xatınlı bələdiyyəsində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqı haqqında hesabatlarda iddiaçının məlumatları “Sığorta olunanların hesabları” bölümündə aşkar edilməmişdir. Qeyd olunanlar iddiaçının həmin müəssisədə işlədiyinə ciddi şübhə doğurur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin hər iki şərti ödənilməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci yarımbəndinə əsasən 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə qadınlara pensiya təyin edilməsi yaşı 62 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin fevral ayı üzrə qadınlara yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 62 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, onun 62 yaşı 10.02.2021-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 2021-ci ilin aprel ayında artıq 62 yaşı tamam olmuşdu. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İkinci şərtə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi 17.11.2021-ci il tarixli, **********6 saylı məktubdan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya alt sisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan X17 X2 surətindən görünür ki, yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün tələb olunan minimum pensiya kapitalı 28.800 manat olduğu halda, stajına əsasən iddiaçıya hesablanan pensiya kapitalı 17245.17 manat təşkil edir. Göründüyü kimi, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 01.09.1975-ci il tarixdən 28.05.1980-ci il tarixə kimi S.M.Kirov adına üzümçülük sovxozunun 4 nömrəli briqadasında fəhlə (4 il 8 ay 27 gün), 27.05.1980-ci il tarixdən 05.03.1985-ci il tarixə kimi X19 Deputatları Sovetinin İcraiyyə Komitəsinin katibi vəzifəsində (4 il 9 ay 9 gün) işləmişdir. 01.04.1985-ci il tarixdə S.M.Kirov adına üzümçülük sovxozuna aqronom vəzifəsinə təyin edilmiş, 08.05.1991-ci il tarixdə Kirov adına sovxozun ləğv edilməsi ilə əlaqədar yeni yaradılmış Xatınlı sovxozuna aqronom köçürülmüş, 10.03.1993-cü il tarixdə yeri ixtisara düşdüyünə görə yaşıllaşma aqronomu vəzifəsindən azad edilmiş (7 il 11 ay 10 gün), 06.05.1993-cü il tarixdə Xatınlı üzümçülük-heyvandarlıq sovxozuna texnik qəbul edilmiş, 17.01.1996-cı il tarixdə həmin sovxoza haqq-hesab mühasibi vəzifəsinə keçirilmiş, 30.04.1999-cu il tarixdə islahatla əlaqədar tutduğu vəzifədən azad edilmişdir (5 il 11 ay 25 gün). İddiaçı 10.06.2000-ci il tarixdə X8 icraçıkatib vəzifəsinə, 01.02.2005-ci il tarixdə X8 vergi toplayıcısı vəzifəsinə təyin edilmiş, 23.12.2009-cu il tarixdə Bələdiyyə seçkilərinə namizədliyini vermədiyinə görə bələdiyyə üzvlüyündən azad edilmişdir. İddiaçının müraciəti ilə bağlı aparılan inzibati icraat çərçivəsində cavabdeh ilkin olaraq iddiaçının 06.05.1993-cü il tarixindən 30.04.1999-cu il tarixinədək “Xatınlı” savxozunda və 10.06.2000-ci il tarixindən 01.01.2006-cı il tarixinədək X6ki əmək fəaliyyəti dövrünü araşdırmışdır. Belə ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialına 08.05.2021-ci il tarixdə **********3 saylı məktub ünvanlayaraq iddiaçının 06.05.1993-cü ildən 30.04.1999-cu ilədək Xatınlı sovxozunda və 10.06.2000-ci ildən 01.01.2006-cı ilədədək X6 işləməsi faktının (əmək haqqı alıb–almaması göstərilməklə) yerində araşdırılaraq akt tərtib edilməsini xahiş etmişdir. DSMF-nin 20 saylı regonal ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X10, 20 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X7 və Tovuz rayon X9nin sədri X5 iştirakı ilə tərtib edilmiş 19.05.2021-ci il tarixli Aktdan görünür ki, iddiaçının 10.06.2000-ci il tarixdən 01.01.2006-cı il tarixədək X6 işləməsi faktının düzgünlüyü bələdiyyənin əmr kitablarına əsasən yerində yoxlanılmış, yoxlama zamanı iddiaçının Xatınlı Bələdiyyəsinin 10.06.2000-ci il tarixli 2 nömrəli qərarı ilə Xatınlı Bələdiyyəsinin icraçı katibi təyin edilməsi faktı öz təsdiqini tapmışdır. Lakin işdən azad edilmə əmrini bələdiyyənin 2009-cu il üzrə əmr kitabı tapılmadığı üçün araşdırmaq mümkün olmamışdır. DSMF-nin 20 saylı regonal ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X10, 20 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X7 və Tovuz rayon Dövlət Arxivinin müdiri X3 iştirakı ilə tərtib edilmiş 21.05.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının 06.05.1993-cü ildə 77 nömrəli Əmrlə işə girməsi və 30.04.1999-cu ildə 11 nömrəli Əmrlə işdən çıxması araşdırılmış, araşdırma zamanı iddiaçının Xatınlı sovxozunda işləməsi öz təsdiqini tapmış, akt Xatınlı sovxozunun Tovuz rayon Dövlət Arxivində saxlanılan şəxsi hesab kitabları əsasında tərtib edilmişdir. Tovuz rayon Dövlət Arxivinin əmək haqqı haqqında təqdim etdiyi 21.05.2021-ci il tarixli 93 nömrəli Arayış akta əlavə olunmuşdur. Həmçinin işdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyətinin Tovuz rayon Dövlət Arxivinin 209 saylı, 23.09.2021-ci il tarixli arxiv arayışından görünür ki, Kirov adına sovxozun və Xatınlı sovxozunun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərinə əsasən vətəndaş İddiaçı 24.09.1975-ci il tarixdə 122 nömrəli əmrlə 01.09.1975-ci il tarixdən Kirov adına sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilmiş, 28.05.1980-ci il tarixdə 104 nömrəli əmrlə başqa işə getdiyinə görə 20 nömrəli briqadanın fəhləliyindən azad edilmiş, 01.04.1985-ci il tarixdə 127 nömrəli əmrlə Kirov adına sovxoza aqronom vəzifəsinə təyin edilmiş, 08.05.1991-ci il tarixdə 145 nömrəli əmrlə Kirov adına sovxoz ləğv edilməsi ilə əlaqədar yeni yaradılmış Xatınlı sovxozuna aqronom köçürülmüş, 10.03.1993-cü il tarixdə 38 nömrəli əmrlə yeri ixtisara düşdüyü üçün yaşıllaşma aqronomu vəzifəsindən azad edilmiş, 06.05.1993-cü il tarixdə 77 nömrəli əmrlə Xatınlı sovxozunda texnik təyin edilmiş, əmək haqqı 01 may 1993-cü ildən ödənilmiş, 17.01.1996-cı il tarixində 11 nömrəli əmrlə həmin sovxozda haqq-hesab mühasibi vəzifəsinə keçirilmiş, 30.04.1999- cu il tarixdə 11 nömrəli əmrlə islahatla əlaqədar azad edilməsi göstərilmişdir. Beləliklə, iddiaçının 1975-1999-cü illərdə işləməsi həm əmək kitabçasındakı konkret qeydlərlə, həm də arxiv arayışları ilə öz təsdiqini tapmışdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. ƏPQ-nin 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər arxiv arayışlarına əsasən təsdiqləndiyindən cavabdeh onun 1975- 1999-cu illərdəki iş stajını qəbul etmiş, mübahisələndirdiyi dövr iddiaçının 10.06.2000-ci il tarixdən 23.12.2009-cu il tarixədək Tovuz rayonu Xatınlı bələdiyyəsində işlədiyi dövr olmuşdur. Həmin dövrlə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı 10.06.2000-ci il tarixdə X8 icraçı-katib vəzifəsinə, 01.02.2005-ci il tarixdə X8 vergi toplayıcısı vəzifəsinə təyin edilmiş, 23.12.2009-cu il tarixdə Bələdiyyə seçkilərinə namizədliyini vermədiyinə görə bələdiyyə üzvlüyündən azad edilmişdir. Tovuz rayonu Xatınlı Bələdiyyəsinin 14.09.2021-ci il tarixli, 09 nömrəli məktubuna əlavə edilmiş 20.05.2000-ci il tarixli Xatınlı kənd bələdiyyə üzvlərinin yığıncağının 1 nömrəli Protokolundan görünür ki, İddiaçı digər iki şəxslə birlikdə seçicilərin tapşırıqlarına, ərizə və şikayətlərə nəzarət daimi komissiyasının üzvü seçilmişdir. 16.06.2000-ci il tarixli Xatınlı kənd bələdiyyə üzvlərinin yığıncağının 2 nömrəli Protokolundan görünür ki, İddiaçı uzun müddət kənd sovetində katib işləməsi, kargüzarlıq işini yaxşı bilməsi, sənədlərin hazırlanıb qaydaya salınmasında səriştəsinin olması nəzərə alınaraq X9nin icraçı katibi İddiaçı təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasınının 105 saylı X14 Dairə Seçki Komissiyasının 24.01.2022-ci il tarixli 14 nömrəli arayışından görünür ki, iddiaçı 105 saylı Tovuz seçki dairəsindən Xatınlı Bələdiyyəsinə 1999-cu il dekabr ayının 12-də və 2004-cü il dekabr ayının 17-də Bələdiyyə üzvü seçilmişdir, 2009-cu ilədək Bələdiyyə üzvü kimi fəaliyyət göstərmişdir. 18 aprel 2000-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsinin və onun səlahiyyətlərinə xitam verilməsinin əsasları “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 11-ci maddəsinə əsasən səlahiyyət müddətində bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarıla, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz. - 13-cü maddəsinə əsasən əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yerli bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətlərini həyata keçirərkən istehsal və ya xidmət, eləcə də elmi, təhsil və yaradıcılıq fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və ya onun daimi komissiyalarının iclasları zamanı öz daimi iş yerindəki vəzifələrinin yerinə yetirilməsindən azad olunur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. 30 noyabr 1999-cu ildə qəbul edilən “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. İşdən görünür ki, iddiaçı 105 saylı Tovuz seçki dairəsindən Xatınlı Bələdiyyəsinə 1999-cu il dekabr ayının 12-də bələdiyyə üzvü seçilmiş, 10.06.2000-ci ildə həmin bələdiyyədə həmçinin icraçı katib vəzifəsini yerinə yetirməyə başlamış, 2004-cü il dekabr ayının 17-də yenidən Bələdiyyə üzvü seçilmiş, 01.02.2005-ci il tarixdən isə vergi toplayıcısı vəzifəsini də icra etmişdir. Göründüyü kimi, iddiaçı Xatınlı bələdiyyəsinə üzv seçilməklə yanaşı orada müvafiq vəzifə tutmaqla bələdiyyə qulluqçusunun vəzifəsini də icra etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tovuz rayon İcra Hakimiyyətinin Tovuz rayon Dövlət Arxivinin 21.09.2021-ci il tarixli, 209 saylı Arxiv arayışından görünür ki, iddiaçıya Xatınlı Bələdiyyəsi tərəfindən 01.01.2001-31.12.2004-cü il tarixlərdə əmək haqqı ödənilmişdir. Məhkəmə bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərməsinə dair qadağanın 10.02.2005-ci il tarixdə qanunvericiliyə daxil edildiyini (30.12.2004-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 819-İİQD nömrəli Qanunu), həmçinin yuxarıda istinad olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının bələdiyyə üzvü olduğu və əmək haqqını bələdiyyədən aldığı dövrlər, yəni 01.01.2001-ci il tarixdən 31.12.2004-cü il tarixə qədər dövr də onun iş stajına daxil edilməlidir (4 il). Cavabdehin bu zaman həmin dövrün araşdırılmasının mümkün olmamasına və ya məcburi sosial sığorta haqlarının ödənilməməsinə istinad etməsi əsaslı olmamışdır. O da qeyd olunmalıdır ki, iddiaçıya 01.01.2005-ci ildən etibarən əmək haqqı ödənilməsi barədə hər hansı sübut olmadığından və bələdiyyə qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilmədiyi müəyyən edildiyindən, onun 01.01.2005-ci ildən 01.01.2006-cı il tarixədək Xatınlı Bələdiyyəsindəki işlədiyi dövr, ƏPQ-nin 21.1-ci maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi 01.01.2006-23.12.2009-cu illər arasındakı dövrü iddiaçının iş stajına daxil edilə bilməz. Beləliklə, iddiaçının işlədiyi və qanunvericiliyin tələblərinə əsasən onun sosial sığorta stajına daxil edilməsi mümkün olan dövrləri topladıqda aydın olur ki, iddiaçının 25 ildən artıq, 27 il 5 ay 10 gün sığorta stajı olmuşdur. Belə olan halda müəyyən edilir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün tələb olunan ikinci şərti, azı 25 il sığorta stajına malik olmasına dair tələbi də ödəyir. Lakin işdən görünür ki, cavabdeh bu halları nəzərə almamış, iddiaçının tələbini təmin etməkdən imtina edərkən haqlı olmamış, bu hal onun hüquqlarının pozulmasına səbəb olmuşdur. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu 10.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar