Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1890/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsi X2, cavabdehlərin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidməti X3 Baş İdarəsinə ("xxxx" MMC və Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə qarşı “tələb etmənin qadağan edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcların ödənilməsinin təmin edilməsinin başa çatdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim etmişdir. Məhkəmənin 21 avqust 2024-cü il tarixli qərardadı ilə dəqiqləşmə icraata qəbul edilmişdir. 12 sentyabr 2024-cü il tarixdə növbəti dəqiqləşmə təqdim edilmişdir. Məhkəmənin hüquqi yardımına uyğun olaraq növbəti dəqiqləşmənin təqdim edilməsi təklif edilmiş, dəqiqləşməyə əsasən məhkəmənin 10 fevral 2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidməti X3 Baş İdarəsinin üçüncü şəxsliyinə xitam verilməklə digər cavabdeh qismində, Dövlət Vergi Xidməti ilə birlikdə tanınmış, "xxxx" MMC-nin borcunun iddiaçıdan tələb edilməsinin cavabdehlərə qadağan edilməsi formasında iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə Dövlət Vergi Xidməti cavabdehlikdən çıxarılaraq üçüncü şəxs qismində tanınmışdır. Məhkəmənin qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu qanunvericiyin tələblərinə uyğun olmayaraq 2024-cü ildə də ondan tələb edilir. Halbuki, məhkəmə qərarlarına əsasən baş direktorluq səlahiyyətlərinə xitam verilmə, ölkədən getmək hüququnun ona tətbiq edilməməsi öz təsdiqini tapmışdır. İddiaçı qeyd edir ki, qanuni təmsilçi səlahiyyətlərinin müvəqqəti icrası üçün ona verilmiş etibarnamənin müddəti 2020-ci ildə başa çatdığından, buna dair sənədlər mövcud olduğundan faktiki məhkəmə qaydasında əlavə olaraq müəyyən edilməsinə zərurət müəyyən edilməmişdir. Cavabdeh isə MMC-nin borcu barəsində smslər göndərməklə ondan pulun ödənilməsini tələb edir. Halbuki, siyahıya alınmış əmlakın satışına dair məhkəmələ müraciətlər edilmiş, lakin dövlət büdcəsinə borcun ödənilməsinin təmini başa çatdırılmamışdır. Tərəflər və üçüncü şəxslərin izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndələri və üçüncü şəxsin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər və üçüncü şəxs tərəfindən iddianın mümkün sayılmaması barədə münasibət məhkəməyə təqdim edilsə də, məhkəmə hesab edir ki, hazırkı iddia AR İPM-nin 2.2.4-cü maddəsində nəzərdə tutulan inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddiadır(müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Adıçəkilən Məcəllənin 34-cü maddəsindən görünür ki, Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hazırkı halda da məhkəmə araşdırması ilə məlum olmuşdur ki, iddiaçı MMC-nin borcunun ondan tələb edilməsinin qadağan edilməsi adı ilə xüsusi ilə də borcun ödənilməsinin tələb edilməsi barədə SMS-lərin təqdim edilməsi də daxil olmaqla, hər hansı formada narahatlıq verilməsinin qadağan edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, iddia tələbinin qanuni və əsaslılığı ilə, onun mümkünlüyü ayrıayrı anlayışlardır. İddiaçı təbii ki, inzibati orqan və ya orqanlardan hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsini tələb etmək hüququna malikdir. Hazırkı halda da, iddiaçı ona xüsusi ilə borcla əlaqədar SMS-lərin gəlməsinin psixoloji vəziyyəti də daxil olmaqla mənfi nəticələrə səbəb olmasına istinad edir ki, cavabdehlərin həmin növ və MMC-nin borclarına münasibətdə iddiaçıdan şəxsən olmasa belə, MMC-nin rəhbəri kimi hər hansı hərəkətlərin edilməsinin gözlənilməsinin tələb edilməsinin qadağan edilməsinə dair iddianın qaldırılması istisna edilə bilməz. Bu zaman, məhkəmə həmin tələb etmənin qanuni olub-olmamasına qiymət verməlidir ki, qanuniliyə qiymət verilməsi iddianın mahiyyəti üzrə qiymətləndirilməsi deməkdir. Odur ki, SMS-lərin göndərilməsi də daxil olmaqla borca münasibətdə iddiaçıdan şəxsən olmasa belə, MMC-nin adından hər hansı tələbetmənin qanuniliyi mümkünlük qaydasında yox, mahiyyəti baxımından yoxlanılmalı, qərar məhz mahiyyət üzrə yekun nəticəni əks etdirməlidir. Əks halda maddədə istinad edilən və həmin növ iddianın verilməsi üçün əsas olan bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə anlayışının əhəmiyyəti qalmaz. Belə ki, müdaxilə qanunidirsə bu iddianın rəddinə, müdaxilə qanunsuzdursa bu da iddianın təmininə əsas verir. Lakin, qanuni və qanunsuzluğa qiymət verilmədən, faktiki olaraq cavabdehlər tərəfindən borcun ödənilməsinə yönələn müvafiq tədbirlər görüldüyü, iddiaçı da borcun ödənilməsinin tələb edildiyi hərəkətlərin mübahisələndirilməsi imkanı mümkünsüz olmaz. Nəzərə alınmalıdır ki, borcun tələb etməsini iddiaçı hüquqi şəxsin adından tələb etmir ki, iddiaçı burada hüquqi şəxs olsun, onun hüquqi marağı hüquqi şəxsin borcunun ondan şəxsən tələb etməsi ilə əlaqədardır və bunun ən ciddi elementini isə iddiaçı ona SMS-lərin atılmasında, onun hüququnun pozulmasında, özünün sözü ilə desək psixoloji sarsıntı keçirməsində görür və göstərilən istinadlar edildiyi bir halda iddia mahiyyəti üzrə qiymətləndirilməli olan iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddia ərizəsindən görünür ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin siyahıya alınmış əmlakının satılmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçının qanuni təmsilçi və baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsinə dair iddianın icraatına qəbulundan imtina onunla əsaslandırılır ki, tələb edilən faktlara dair zəruri sənədlər mövcuddur. Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabvdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının direktor kimi ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına dair iddia rədd edilmiş və hesab edilmişdir ki, iddiaçı ilə MMC arasında əmək müqaviləsinə xitam verilmişdir ki, onun icra orqanının rəhbəri kimi ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. SMS/MMS-lərə dair sistemdən çıxarışlardan görünür ki, MMC-nin icbari tibbi sığorta, digər borcları üzrə ödənişlərin edilməsi ilə əlaqədar smslər iddiaçıya göndərilmişdir. Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Cəmiyyətin icraçı direktoru İddiaçı üzərinə qoyulması qərara alınmışdır. Murphy Shipping and Commercial Services Azerbaijan” MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, iddiaçıya verilmiş həmin etibarnamənin müddəti hal-hazırda bitmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı və MMC arasında əmək müqaviləsinə 22 dekabr 2021-ci il tarixdə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının MMC-dən qanuni təmsilçiliyinin/baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması ilə əlaqədar dövlət reyestrində müvafiq qeyd/dəyişiklik etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmiş, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ilə MMC arasında əmək müqaviləsinə xitam verilmə, etibarnamənin qüvvəsinin itirilməsi, iddiaçının təmsil etmə səlahiyyyətinin olmaması əsası ilə AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə iş üzrə icraata xitam verilmişdir. Cavabdehin 25 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicisi kimi üçüncü şəxs MMC-nin vergi, sosial sığorta, işsizlikdən sığorta və digər xarakterli borcları hal-hazırda mövcuddur. Hüquqi şəxs haqqında məlumata dair sistemdən çıxarışdan görünür ki, MMC-nin rəhbərinin adı kimi İddiaçı qeyd edilmiş, eləcə də telefon və elektron ünvan haqqında məlumat qrafasında mobil telefon kimi ********** nömrə öz əksini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin Əsasnaməsi”nin: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X4 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 2.0. Baş idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Hesablanmış vergilər, sığorta haqları, torpaq icarə haqları, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə və aidiyyəti fondlara yaranmış borcların alınmasını təmin etmək (torpaq icarə haqları və vergi orqanlarının tətbiq etdiyi inzibati cərimələrə münasibətdə yalnız sms və zəng vasitəsilə xəbərdarlıq etmək); 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.4. Prioritetlər, mövcud resurslar və səmərəlilik nəzərə alınmaqla borcu və (və ya) təqdim edilməmiş bəyannamələri (hesabatları) olan vergi ödəyicilərinə qısa yazılı məlumatların (SMS-lərin) göndərilməsini təmin etmək; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – Baş idarə) vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra – sığorta haqları), həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 4.0.Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.0.20. Vergi ödəyicilərinin vergi öhdəliklərinin, habelə sığorta haqları və nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarəsi üzrə öhdəliklərinin icrasının monitorinqini həyata keçirmək; “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”nın: 3.2.1. Vergi orqanı tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri (səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti) nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcları barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsində nəzərdə tutulmuş bildirişlə yanaşı, bildirişin göndərildiyi tarixdə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndərilir (Əlavə 1); 3.2.3. Hesabat dövrü bitdikdən sonra 10 gün müddətində yaranmış vergi borcları barədə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndərilir (Əlavə 3); İşin faktiki hallarından da göründüyü kimi iddiaçı AR İPM-nin 2.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia ilə (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) üçüncü şəxs MMC-nin vergi və digər xarakterli borcunun ondan tələb edilməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir. Həmin növ tələb etmənin dəqiq siyahısı olmasa da, ümumilikdə qadağan edilmə barədə iddiaçının hüquqi marağının ən əhəmiyyətli tərkib hissəsi məhkəmə araşdırmasından görünür ki, ona borcun ödənilməli olması və digər xarakterli SMS-lərin göndərilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, MMC-nin borcuna görə həmin növ smslərin göndərilməsi, ümumiyyyətlə də MMC-nin borcuna görə hər hansı digər xarakterli tətbirlərin ona münasibətdə tətbiqi, ondan həmin məbləğin tələb edilməsi qadağan edilməlidir. Bunun əsası qismində isə iddiaçı məhkəmə qərarları və təqdim etdiyi sənədlərə istinadla hesab edir ki, iddiaçı MMC-nin qanuni təmsilçisi deyildir, onunla əmək müqaviləsinə xitam verilmişdir, etibarnamə müddəti də bitmişdir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə də qeyd olunan norma üzrə hesab edir ki, inzibati orqanlar müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir: 14.2.4. xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti, fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar. Üçüncü şəxs barəsində hüquqi şəxs haqqında dövlət reyestrindən əldə edilən məlumatlardan da göründüyü kimi iddiaçının adı həmin hüquqi şəxsin rəhbəri kimi göstərilmiş, eləcə də mobil nömrə üzrə də qeydiyyat hərəkətləri aparılmışdır. İddiaçı həmin hüquqi şəxslə hər hansı əlaqəsinin olmadığına istinad edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən də qəbul edilmiş qərarlardan görünür ki, məhkəmə və məhkəmə kollegiyası hesab etmişdir ki: ““Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Adeola Agbabiakanın üzərinə qoyulmuş, hazırki qərardan irəli gələn vəzifələrin həlli, o cümlədən Cəmiyyətin təsis sənədlərində müvafiq dəyişkliklərin edilməsi üçün sənədlərin tərtibi/imzası, vergi və digər dövlət qurumlarına təqdim edilməsi, hazır sənədlərin alınması və bununla bağlı bütün hərəkətlərin edilməsi etibarnamə əsasında bu Cəmiyyətin icraçı direktoru İddiaçı və yaxud onun təyin etdiyi səlahiyyətli nümayəndənin üzərinə qoyulması qərara alınmışdır. Sonradan qəbul olunmuş“Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Cəmiyyətin icraçı direktoru İddiaçı üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, ilkin olaraq "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ Adeola Agbabiakan tərəfindən, sonradan isə qəbul olunmuş qərar əsasında baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ Cəmiyyətin icraçı direktoru İddiaçı tərəfindən həyatı keçirilməsi qərara alınmışdır. İddiaçı bəyan edir ki, onun baş direktor vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ məhz "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilirdi ki, həmin etibarnamənin müddəti 3 il olduğundan, həmin müddət 14 iyun 2020-ci il tarixində tamamlanmışdır. İddiaçı hesab etmişdir ki, hazırda onun tərəfindən etibarnamənin ləğv edilməsi və uzadılması ilə əlaqədar hər hansı hərəkətin görülməsi mümkün olmadığından, dövlət reyestrində müvafiq qeyd/dəyişikliyin edilməsi zəruridir. Təkzib olunmaz haldır ki, "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin müddəti 14 iyun 2020-ci il tarixində bitmişdir. Lakin nəzərə alınmalıdır ki, hər nə qədər də etibarnamə üzrə İddiaçı səlahiyyətlərinin icra müddəti bitsə də, bu hal hazırki iddia tələbinin təmin edilməsinə imkan vermir. Çünki, İddiaçı baş direktor olması etibarnamə əsasında deyil, məhz "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, hər nə qədər həmin qərar ləğv olunmamış və qüvvədədir, İddiaçı "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrasını və qanuni təmsilçilik hüququna malik olan şəxs hesab olunur. Məhkəmə bir daha vurğulayır ki, İddiaçı adına verilmiş etibarnamənin müddətinin bitməsi cavabdeh barəsində hər hansı bir öhdəlik müəyyən etmir. Əks yanaşma cavabdehin müəssisənin biznes fəaliyyətinə müdaxiləsi deməkdir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçının müəssisənin qanuni təmsilçisi/baş direktoru olması müddəti müvafiq olaraq təsis sənədində (Nizamnaməsində) də göstərilməmişdir. Məhkəmə hesab edir ki, hər nə qədər faktiki direktor və onun direktorluğu ilə bağlı müəssisə arasında mülki mübahisə (qərarın ləğvi) həll edilmədən inzibati orqanın hər hansı bir öhdəliyi müəyyən olunmur. Hüquqi şəxsin hüquqi vəziyyəti, quruluşu, fəaliyyəti, hüquq və vəzifələri, idarə olunması, ləğvi, əmlakı, habelə qanunvericiliklə və hüquqi şəxsin səlahiyyətli orqanı tərəfindən müəyyən edilmiş digər məsələlərlə bağlı qayda və müddəaları özündə cəmləmiş, qanunla müəyyən olunmuş qaydada qeydə alınmış təsis sənədidir. Hazırki mübahisəli məsələ üzrə qeyd olunmalıdır ki, qanunvericilikdə və hüquqi şəxsin fəaliyyətini tənzimləyən təsis sənədinə əsasən dövlət reyestrində dəyişikliyin qeydə alınması üçün müəssisənin baş direktorunun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir. Buna baxmayaraq, "xxxx" MMC-nin yeni qanuni təmçilinin təyinatını təsdiq edən ümumi yığıncağının qərarı, həmçinin şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmamışdır. Göstərilən bu hal, bir daha ona dəlalət edir ki, hazırki mərhələdə iddiaçının tələbi üzrə qanuni təmsilçiliyinin/baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması ilə əlaqədar dövlət reyestrində müvafiq qeyd/dəyişiklik etmək vəzifəsinin cavabdehə həvalə edilməsi mümkün deyildir.”. Göründüyü kimi iddiaçının rəhbər şəxs kimi adının hüquqi şəxsə dair dövlət reyestrindən rəhbər kimi qeyddən çıxarılmasının istisna edilməsi müəyyən edilmişdir. Məhkəmə, iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, ona SMS və digər vasitələrlə ödənilməsi tələb edilən borc əlbətdə ki onun şəxsi borcu yox, hüquqi şəxs olan MMC-nin borcudur. Lakin, iddiaçı nəzərə almamışdır ki, iddiaçını xüsusi ilə də narahat edən SMS-lərlə borcun ödənilməsi onun şəxsi borcunun ödənilməsinin tələb edilməsi xarakteri daşımamaqla, həmin MMC-nin borcunun ödənilməsi üçün aparılan tam qanuni tətbirdir. Nəzərə alınmalıdır ki, cavabdehlərdən biri borcu hesablamaq və borcun ödənilməsinin təmini ilə əlaqədar müvafiq məlumatları sistem üzrə digər aidiyyəti orqanlara ötürmək, digər cavabdeh isə borcun ödənilməsi üçün tədbirlər görmək, eləcə də SMS-lər göndərmək kimi hüquqa malikdir ki, hazırkı iddia ilə həmin hüquqların realizəsinin istisna edilməsindən söhbət gedə bilməz. İddiaçı nəzərə almalıdır ki, həmin tələb etmə, onun şəxsi ilə bağlı yox, hüquqi şəxslə əlaqədar borcdur və nə qədər ki, reyestrdə iddiaçı rəhbər şəxs olaraq qalır və mobil nömrədə hər hansı dəyişiklik edilmir, ona SMS-lərin göndərilməsi və ya digər formada borcun mövcudluğunun bildirilməsi və ödənilməsinin MMC-nin adından tələb edilməsi qanuni və əsaslıdır, hər iki vergi orqanının səlahiyyətləri çərçivəsində edilən hərəkətlərdir. Lakin, iddiaçıya izah edilir ki, göstərilən və iddiaçı tərəfindən təqdim edilən sənədlər əsasında mülki icraat qaydasında MMC-yə qarşı iddia qaldırmaq və rəhbər olmamasını mübahisələndirmək hüququna malikdir ki, nə faktın təsdiqi qaydasında baxılan, nə də ölkədən gedişin müvvəqqəti məhdudlaşdırılmasına dair baxılmış mülki iş üzrə qərarlar iddiaçının müraciət etməli olduğu iddia üzrə baxılacaq işi və qəbul ediləcək qərarı əvəz etmir. Beləliklə, məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçıdan tələb edilən borc MMCnin borcudur və iddiaçıya şəxsən hər hansı aidiyyəti yoxdur. Lakin, nə qədər ki, iddiaçı hüquqi şəxslərin reyestrində rəhbər vəzifəli şəxsdir hüquqi şəxsin borcunun ödənilməsinin hüquqi şəxsin rəhbəri adı ilə ondan tələb edilməsi, SMS-lərin göndərilməsi qanuni hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1890/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1890/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver