Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18915/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pensiyanın bərpa edilməsi və dayandırıldığı tarixdən hesablanaraq ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “İİ qrup əlillik statusunun bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının əvvəlki həcmdə yenidən təyin edilməsi ya da, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində gizir rütbəsində işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxx 1983-cü il təvəllüdlü iddiaçı Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 2011-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində gizir rütbəsində xidmət etmişdir. 2016-cı ildə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim-Ekspertiza Komissiyası və Səhiyyə Nazirliyinin Psixiatriya Xəstəxanaları tərəfindən müayinə edilmiş və aşağıdakı diaqnozla əlillik kimi müəyyən edilmişdir: “Üzvi şəxsiyyət pozuntusu, təkrarlanan dekompensasiyalarla”, “Yüngül dərəcəli miopiya (OU-M- 1,OD)”, və bu xəstəliklərin hərbi xidmət dövründə yaranması tibbi sənədlərlə təsdiqlənmişdir. Bu əsasla iddiaçıya xəstəlik haqqında şəhadətnamə №2090 sayı şəhadətnaməyə əsasən İİ qrup əlillik təyin olunmuş və əlilliyə görə əmək pensiyası müəyyən edilmişdir (əlavə olunur: Xəstəlik haqqında şəhadətnamə №2090, stasionar epikrizlər, TSEK qərarları, FHN göndərişi və digər tibbi sənədlər). Lakin sonradan cavabdeh orqan — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Xüsusi şərtlərə təyinat üzrə mərkəzi filial) — tərəfindən qanunsuz şəkildə, hər hansı tibbi əsas və ya yeni ekspert rəyi təqdim edilmədən, iddiaçının əlilliyin dərəcəsi İİ qrupdan İİİ qrupa endirilmiş, daha sonra isə ona təyin edilmiş pensiya azaldılmış və ya tamamilə dayandırılmışdır. İddiaçıya yalnız elektron bildiriş vasitəsilə məlumat verilmiş, lakin bu qərarın hüquqi və tibbi əsaslandırılması təqdim edilməmişdir. Bu dəyişiklik nəticəsində vətəndaşın uzun illər ərzində aldığı əlillik pensiyası kəsilmiş, sosial müdafiə hüquqları pozulmuşdur. Əlilliyin ilkin müəyyən edilməsi hərbi xidmət dövründə yaranmış xəstəliklə birbaşa səbəb əlaqəsinə görə aparılmış və tibbi sənədlərlə təsdiqlənmişdir (FHN-in göndərişi, N saylı hərbi hissə üzrə şəhadətnamə №2090). Əlilliyin dəyişdirilməsi və yenidən qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 14-b maddəsinin İİİ qrafasının tələbləri pozulmuşdur. Yenidən ekspertiza və ya müstəqil tibbi rəy iddiaçının iştirakı olmadan, hüquqi əsaslandırma və tibbi göstəricilər təqdim edilmədən aparılmışdır. Əlillik dərəcəsinin dəyişdirilməsi “Əlilliyin müəyyən edilməsi meyarları haqqında Qaydalara" və “Əmək pensiyaları haqqında” Qanunun 19 və 25-ci maddələrinə zidd şəkildə həyata keçirilmişdir.
3. Cavabdehin etirazı onunla əsaslanmışdır ki, iddiaçının iddia tələbindən də göründüyü kimi İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun İİ qrup əlillik statusunun bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının əvvəlki həcmdə yenidən təyin edilməsi və ya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində gizir rütbəsində işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddia tələbi müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməmiş, başqa sözlə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməmişdir. Belə ki, müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin əyani müayinəyə cəlb olunması və şəxslərin tibbi ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatların araşdırılaraq əlilliklə bağlı müvafiq qərarın qəbul edilməsi, tibbi-sosial eksped komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməsi, həmçinin əlilliyə görə əmək pensiyasının əvvəlki həcmdə yenidən təyin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olmadığından müvafig iş üzrə Nazirlik cavabdeh qismində iştirak edə bilməz. X1 Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində gizir rütbəsində işə bərpa etmək Nazirliyin səlahiyyətində olmadığından bu hissə də iddia tələbi mümkün sayıla bilməz. İş materiallarına əlavə edilmiş 007370 nömrəli pensiya işindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq 2-ci qrup əlillik dərəcəsinin olması səbəbindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş TSEK müayinə nəticəsindən görünür ki, iddiaçıya üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, yaddaşın intetektin enməsi, psixota bənzər davranış və teztez baş verən dekompensasiyalarla əlillik diaqnozu qoyulmuş və əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2022-ci il tarixinədək göstərilmiş və əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədar xəstəlik olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 14/xx-xx/00123 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2016-cı il tarixli 0511/ş nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-10987/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, əlilliyi bərpası səbəbindən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 305,23 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunmuş TSEK müayinə nəticəsindən görünür ki, xx.xx.2025-ci il tarixində əlilliyin qiymətləndirilməsi həyata keçirilmiş və diaqnozun əlillik əlamətlərini təyin etməməsi, yəni əlillik əlamətlərinin aşkar edilməməsi səbəbindən əlillik statusunun verilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 11.1ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Yuxarıda qeyd olunan maddənin tələbindən də göründüyü kimi iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ya təyin edilmiş əmək pensiyasının ödənişinin davam etdirilməsi üçün şəxsin əlillik dərəcəsi qüvvədə olmalıdır. Əlillik dərəcəsi mövcud olmadığı, müddəti bitdiyi və ya qüvvəsi olmadığı təqdirdə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ya ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayımamasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. İddiaçı hazırda ona sağlamlıq vəziyyətinə görə təyin edilmiş pensiyanın bərpası barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı əlilliyinin dayandırıldığı tarixdən müəyyən edilməsinə yönəldiyindən və çatmaq istədiyi məqsəd əlilliyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi olduğundan hazırda tələb əlilliyin bərpa edilməsi olmaqla Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı yönəlməlidir.
12. Məhkəmə bununla bağlı qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
13. Belə ki, iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi və həmin iddiaya cavab verməli olan inzibati orqanın qeyd edilərək məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqana müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim olunaraq buna dair ona təklif məktubu ünvanlanmışdır. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
14. Eyni zamanda, tələb ikinci hissədə işə bərpa edilməklə bağlı olmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yönəldiyindən, iddiaçı Fövqəladə Hallar Nazirliyini cavabdeh qoymaqla məhkəmədə digər iddia qaldıraraq məqsədinə nail ola bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
16. Həmçinin, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır.
17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından - iddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinə cavab verən cavabdeh orqan və ona müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva