Məhkəmə qərarları › İş №2-1(112)-1892/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1892/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1892/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “X3” Şirkəti zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs “X3” Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “X3” Şirkəti zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağına plan ölçü və çıxarış verilməsinə kömək göstərilməsini xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 46 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Xocasən Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi olmuşdur. Həmin sənədlərə əsasən torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi-çıxarışı almaq üçün dəfələrlə müraciət etsə də, müraciəti cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “X3” Şirkəti, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxslərə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxslər - Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) və “X3” Şirkətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş “torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, həmçinin yerləşmə cizgisində istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. O cümlədən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Binəqədi Oyl) yerləşməklə yanaşı sahənin 59-60 metr məsafəsindən ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlar əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs “X5” Şirkətinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələri iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin “Binəqəddi rayon Xocəsən Bələdiyyəsinin ərazisində ayrı-ayrı vətəndaşlara faktiki istifadə etdikləri torpaq sahələrini alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli, 46 №-li qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Xocəsən bələdiyyə ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi İddiaçı ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 46 №-li qərarına əsasən İddiaçı ayrılmış Xocəsən bələdiyyə ərazisində 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsi tərəfindən tərtib olunaraq təsdiq olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-2F/2- 1597/2024 №-li məktubu ilə Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 46 №-li qərarı və torpaq sahəsinin yerləşmə cizgisi məhkəməyə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 49213/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədənmişdir. Faktiki sahəsi 630.0 kv.m təşkil edir. Üzərində birmərtəbəli yaşayış evi və su hovuzu mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sözügedən torpaq sahəsi X1dır kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin təqribi 88 metr yaxınlığında işlək, 91, 58 və 80 metr yaxınlığında isə ləğv olunmuş neft quyusu məlumatları mövcuddur. Bundan əlavə torpaq sahəsinə dair koordinatlar və ortofoto görüntüsünü məhkəməyə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6465/2025 №-li məktubu ilə təqdim edilmiş “Mütəxəssis rəyi”ndə qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 630.0 kv.m təşkil edir (30.0 kv.m artıqdır). Sahə dörd tərəfdən mişar daş hasarla və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Sahənin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Torpaq sahəsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və dəqiq istinad və məsafələr qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahənin təqribən 65.0 m, 90.0 m.92.0 m yaxınlığında quyu məlumatları mövcuddur. Sahə “X1” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahəyə digər fiziki şəxs müraciəti qeydə alınmayıb. Sahənin yaxınlığında qeydiyyata alınan reyestr nömrəli sahələr bunlardır: **********14, **********15,**********36. İdarənin arxivində mövcud olan sənədlərə əsasən bildiririk ki, yuxarıda qeyd olunan **********15 və **********36 reyestr nömrəli sahələr xüsusi mülkiyyət kimi bələdiyyə qərarları əsasında qeydiyyatdan keçmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 14248/20255 №-li məktubu ilə **********15 və **********36 reyestr nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlaklara dair arxiv qovluqlarında saxlanılan müvafiq sənədlərin və ortofotonun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə təyin edilmiş məhkəmə tikninti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/3921/2025 №-li cavab məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/3921 №li ekspert rəyində göstərilmişdir ki; Qərardadın birinci sualı üzrə: Bakı şəhəri Binəqədi Rayon Xocəsən qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunan torpaq sahəsinin faktiki ölçüsü 630 m2 təşkil edir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi” ilə üst-üstə düşür. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 46 №- li qərarına əlavə olunmuş cizgidə koordinat, perimetrik ölçülər, tərpənməz dayaq nöqtəsindən məsafələr qeyd olunmadığından həmin 600 m2 torpaq sahəsinin yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsi Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 46 №- li qərarına əlavə olunmuş cizgidə koordinat, perimetrik ölçülər, tərpənməz dayaq nöqtəsindən məsafələr qeyd olunmadığından, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin həmin 600 m2 torpaq sahəsinin cizgisinə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü və beşinci sualları üzrə: Bakı şəhəri Binəqədi Rayon Xocəsən qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyi müəyyən edildi (Binəqədi Oil). Qərardadın altıncı və yeddinci sualları üzrə: Torpaq sahəsinin neft quyularından hansı məsafədə yerləşdiyinin və həmin torpaq sahəsinin neft quyularının mühafizə zonasında yerləşib-yerləşmədiyinin müəyyən olunması və s. məsələləri xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Qərardadın səkkizinci və onuncu sualları üzrə: Bakı şəhəri Binəqədi Rayon Xocəsən qəsəbəsində yerləşən baxış zamanı təqdim olunan, eyni zamanda həmin torpaq sahəsinə bitişik, şimal, cənub, qərb və şərq sərhədlərində qonşu torpaq sahələrinin ətrafında yaşayış yerlərinin olduğunu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin torpaq sahələrinin “X1” kateqoriyasına aid olduğu müəyyən olundur Qərardadın doqquzuncu sualı üzrə: Tədqiqat obyektinin yerləşdiyi əraziyə dair baza məlumatları təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın on birinci və on ikinci sualları üzrə: Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 46 №- li qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığından, eyni zamanda iş materiallarına əlavə edilmiş **********14, **********15, **********36 reyestr nömrəli çıxarışların plan və ölçü sənədləri təqdim olunmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Məhkəmə ilk növbədə torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsinə məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, plan – ölçünün hazırlanması və s. torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid məsələdir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi, o cümlədən müvafiq rəylərin alınmaması, inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası qismində çıxış edə bilməz. Digər tərəfdən yerləşmə cizgisinin düzgün tərtib edilməməsi, istinad və məsafələrin qeyd edilməməsi, həmçinin torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi halları da iddianın təminini istisna etmir. Lakin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması iddianın mahiyyəti üzrə qiymətləndirilməsində mühüm rol oynayır. Belə ki, yuxarıda göstərilən qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi o istiqamətdə olmuşdur ki, bələdiyyə qərarı əsasında vətəndaşa ayrılmış torpaq sahəsi üzərində şəxsin mülkiyyət hüquqlarının qeydə alınması məsələsinə baxılarkən inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, o cümlədən rəylərin alınmaması özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz. Lakin bələdiyyə qərarı əsasında ayrılan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmalıdır. İş üzrə təqdim olunmuş ekspert rəyindən məlum olur ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi” ilə üst-üstə düşür. Torpaq sahəsinin yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin həmin 600 m2 torpaq sahəsinin cizgisinə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyi müəyyən edildi (Binəqədi Oil). Göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyə qərarı əsasında iddiaçıya ayrılsa da, iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamışdır. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir Məhkəmə bir daha qeyd edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərar yalnız o halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirə bilərdi ki, əgər qərar ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsun. Hazırki halda isə iddia olunan torpaq sahəsinin nə indiki halda, nə də ki torpaqayırma zamanı bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1085/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-247/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında da eyni mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2610/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdim edilmiş ekspert rəyində torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinadla iddianın təmini barədə məhkəmə qərarının ləğv edilməsi, araşdırmanın tam aparılmalı olması qərara alınmışdır. Nəzərə alınmalıdır ki, həmin qərarda mütəxəssis rəyində torpaq sahəsinin dövlət mülkiyyəti olmasına istinadla mövcud elektron bazaya malik olan qurumun rəyinin ekspert rəyi ilə ziddiyyət təşkil etməsinə istinadla torpaq sahəsinin dövlət, yoxsa xüsusi mülkiyyətdə olmasına istinad edilmişdir ki, hazırkı iş üzrə həmin ziddiyyət də mövcud deyildir. Belə ki, istər ekspert rəyi, istərsə də, torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasına münasibətdə mövcud elektron baza məlumatı olan qurumun mütəxəssis rəyində torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilir. Eləcə də, 2-1(102)-1376/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda da oxşar mövqedən çıxış edilmiş, torpaq sahəsinin Bələdiyyə ərazisi hüdudları daxilində olmasının araşdırılması zərurəti göstərilmişdir. Ali Məhkəmənin 2-1(102)-44/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında da torpaq sahəsinin Bələdiyyəyə ayrılmış torpaq sahəsi hüdudlarında olmasına münasibətdə araşdırmanın zəruriliyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-247/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bu isə onu qeyd etməyə əsas verir ki, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması yalnız bələdiyyə iclasının qərarı əsasında həyata keçirilə bilər. Məhkəmə araşdırması zamanı bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərara hüquqi qiymət verilməsi üçün eyni tarixdə bələdiyyə iclasının keçirilibkeçirilməməsi, həmin iclasda sözügedən məsələnin müzakirə olunub olunmaması və bu növ qərarın qəbul edilib-edilməməsi, bələdiyyənin iclasının protokolu, bələdiyyə iclasının qərarı və torpaqayırma sənədlərinin (torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxematik təsviri, cizgisi, alqı-satqı aktı və ya müqaviləsi, ödəniş qəbzi və s.) arxiv nüsxələrinin mövcud olub-olmaması araşdırılmış, lakin qeyd edilən bələdiyyə qərarı və ona məxsus inzibati icraat materialları nə bələdiyyənin arxivində, nə də digər arxiv idarələrində aşkar edilməmişdir. 2-1(102)-269/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarında da oxşar mövqedən çıxış edilərək bildirilmişdir ki, iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bələdiyyə qərarının qanuniliyini yuxarıda istinad olunan normaların tələbləri baxımından qiymətləndirməmişdir. Hazırkı iş üzrə göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, adıçəkilən bələdiyyə sənədləri müxtəlif qurumlardan tələb edilmiş, lakin bələdiyyə qərarının kollegial formada qəbulu barədə hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçıdan 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar