Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1893/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, X1, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X9 (iddiaçının anası) və X3 1956-cı ildə nikaha daxil olmuşlar. Həmin nikahdan oğulları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci ildə anadan olmuşdur. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 2574 nömrəli Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 54.1 kv.m olan fərdi yaşayış evinin iddiaçının anasının adına qeydiyyata alınması barədə qərar qəbul edilmiş və bu barədə Texniki İnventarlaşdırma qurumunun üzərinə vəzifə qoyulmuşdur. xx.xx.1993-cü ildə Texniki İnvertarlaşdırma Bürosu tərəfindən iddiaçının anasının adına fərdi yaşayış evinin Texniki Pasportu tərtib edilmişdir. İddiaçının anası xx.xx.2003-cü ildə isə vəfat etmişdir. Bakı şəhər 28 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçıya arayış və çıxarış verilməsi xahiş edilmişdir. İddiaçı həmin fərdi yaşayış sahəsinin anası X5 adına qeydiyyata alınmasına, həmin ünvan ilə bağlı anasının adına texniki pasportun torpaq sənədləri və cizginin tərtib edilməsinə dair sənədlərin surətlərinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda həmin fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində işin faktiki halları və maddi və prosessual hüquq normaları sadalanaraq iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən ünvana dair İdarənin arxivində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli texniki pasport mövcuddur və hüquq sahibi Mosyayeva Matafa göstərilmişdir. Belə ki, hüquq sahibi Mosyayeva Matafa və iddiaçı arasında əlaqəli sənəd İdarənin arxivində mövcud deyil. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka xx.xx.2023cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, əmlakın faktiki vəziyyəti xx.xx.1993-cü il tarixli mənzilə dair Texniki Pasporta uyğun olsa da, lakin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli texniki pasportla tamamilə fərqlidir. Bundan əlavə, mənzil bir mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və mənzilə bitişik sonradan inşa edilən eyvan sahəsi və mənzilin damında sonradan taxtadan quraşdırılmış sahələr mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli, 2574 nömrəli Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 54.1 kv.m olan fərdi yaşayış evinin iddiaçının anasının adına qeydiyyata alınması barədə qərar qəbul edilmiş və bu barədə Texniki İnventarlaşdırma qurumunun üzərinə vəzifə qoyulmuş, xx.xx.1993-cü ildə Texniki İnventarlaşdırma Bürosu tərəfindən iddiaçının anasının adına fərdi yaşayış evinin Texniki Pasportu tərtib edilmişdir. İddiaçının anası xx.xx.2003-cü ildə vəfat etmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin evin anasına məxsus olması barədə arayışın verilmə öhdəliyinin cavabdehə həvalə edilməsidir. Cavabdeh imtina məktubunda iddiaçının evə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməməsini göstərmişdir. Cavabdeh iddiaya verdiyi etirazda həmçinin qeyd etmişdir ki, sözügedən ünvana dair İdarənin arxivində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli texniki pasport mövcuddur və hüquq sahibi Mosyayeva Matafa göstərilmişdir. Belə ki, hüquq sahibi Mosyayeva Matafa və iddiaçı arasında əlaqəli sənəd İdarənin arxivində mövcud deyil. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, əmlakın faktiki vəziyyəti xx.xx.1993-cü il tarixli mənzilə dair Texniki Pasporta uyğun olsa da, lakin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli texniki pasportla tamamilə fərqlidir. Bundan əlavə, mənzil birmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və mənzilə bitişik sonradan inşa edilən eyvan sahəsi və mənzilin damında sonradan taxtadan quraşdırılmış sahələr mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə ilk növbədə imtinanın dəlili ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi Sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilən və “Bakı şəhəri, Buxta küçəsi 88 №-li özbaşına tikilmiş evin vətəndaş X4 adına şəxsi-mülkiyyət kimi qeydə alınması haqqında” adlanan Sərəncamın məzmununda qeyd edilmişdir ki, “rayon icra hakimiyyətinin idarələrarası komissiyasının xx.xx.1993-cü il tarixli yoxlaması zamanı müəyyən olunmuşdur ki, yuxarıda göstərilən ünvanda yaşayan vətəndaş Mosyayeva S.İ-in özbaşına tikilmiş evin sanitar-texniki vəziyyəti qənaətbəşxdir. Evin şəxsi mülk kimi Mosyayeva S.İ-in adına qeydə alınmasına razılıq verilsin və Buxta küçəsi 88 №-li evin yaşayış sahəsinin 1 (bir) otaq 19.3 kv.m, köməkçi sahənin 34.8 kv.m, torpaq sahəsinin 54.1 kv.m-dən ibarət olunması qəbul edilsin. Bakı şəhəri X2 xahiş edilsin ki, vətəndaş S.İ.Mosyayevanın adına qeydiyyat vəsiqəsi verilsin”. Məhkəmə qeyd edir ki, təqdim edilən inzibati aktın məqsədi özbaşına tikilmiş evin iddiaçının mərhum anasının adına şəxsi mülkiyyət hüququ kimi qeydə alınmasından ibarət olmuşdur. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir (Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). İddiaçının təqdim etdiyi Sərəncam (inzibati akt) forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.1) tələbləri baxımından fərdi yaşayış evinə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Belə ki, həmin Sərəncamın qəbul edilməsində məqsəd, iddiaçının anasının faktiki olaraq sahiblik və istifadəsində olan fərdi yaşayış evinin onun şəxsi mülkiyyəti kimi tanınmasından ibarət olmuşdur. Həmçinin həmin inzibati akt icra edilərək həmin dövrün səlahiyyətli qurumu tərəfindən evə dair texniki pasport tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, mərhum Saniya Mosyayevanın yerləşən fərdi yaşayış evini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Məhkəmə cavabehin etirazının dəlilləri kimi istinad edilən halları da əsassız hesab edir. Belə ki, iş materiallarına ünvan 2 ünvanına dair, yuxarıda qeyd edilən sənədlərlə yanaşı Matafa Mosyayevanın adına olan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasport da təqdim edilmişdir. Lakin həmin pasportun texniki göstəriciləri ilə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 2574 nömrəli Sərəncamında və xx.xx.1993-cü ildə Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportda olan göstəricilər (daşınmaz əmlakların sahəsi, konfiqurasiyası, ölçüləri və s.) fərqlidir. Məhkəmə iddiaçının iddia etdiyi evin hansı sənədə aid olması və təqdim edilən sənədlərin faktiki vəziyyəti uyğunluğunun yoxlanılması üçün mübahisəli evin yerində müayinəsini aparmışdır. Cavabdehin mütəxəssisin də iştirakı ilə aparılmış müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi, faktiki yaşadığı və mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi ev, mənzil deyil, fərdi yaşayış evidir və evin texniki göstəriciləri iddiaçının təqdim etdiyi Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 2574 nömrəli Sərəncamına və xx.xx.1993-cü ildə Texniki İnvertarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasporta uyğundur. Cavabdeh bu halı öz etiraz ərizəsində də qeyd etmişdir. Ona görə də, etirazda göstərilən dəlilləri məhkəmə əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün əsas olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın onun vərəsəsi İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1893/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1893/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver