Məhkəmə qərarları › İş №2-1(112)-18946/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18946/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18946/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların qadağan edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların qadağan edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1951-ci il təvəllüdlüdür və xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinin xx.xx.2014cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Pensiya işinizdə olan sənədlərin surətlərinə və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 01.01,2006-cı il tarixinədək 37 il 2 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 3316,45 manat (2014- cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq 07.11,2020-ci il tarixindən (müraciət etdiyiniz tarixdən 3 il əvvəl) 295,36 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 329,03 manata, 01.01,2022-ci il tarixindən 340,22 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla), xx.xx.2023-cü il tarixindən 409,34 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün 01.11,2014-cü il tarixindən işdən çıxdığınız tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 7501 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 543,21 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2025-ci il tarixindən 587,21 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Aktiv vergi ödəyicisi kimi fəaliyyətiniz (VÖEN: **********) dayandırılmadığı halda, pensiyanız Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixindən yenidən hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 il əvvəl) 30.11,2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır....”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasından tutulmaların qadağan edilməsi və tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq, xx.xx.2014-cü il tarixdən əmək pensiyası alır. 2023-cü ildə Ali təhsil haqda sənədini 4 saylı Bakı DOST mərkəzinə təqdim edib pensiyasına əlavələr edilməsini xahiş etmişdir. Nəticədə guya artıq pensiya aldığı bəhanə edilərək pensiyasından hər ay 20 manat tutulmuşdur. Yenidən şikayəti nəzərə alınaraq, pensiyası 340 manatdan 409 manata çatdırılmışdır. 2025-ci ilin pensiyasına 43 manat əlavədən 1 aylıq əlavə yenidən qeyriqanuni tutulmuşdur. Yenidən şikayət etdikdə və pensiyasından 43 manatın nə səbəbdən tutulduğunu soruşduqda ona qeyri-müəyyən cavab göndərilmişdir.... Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı Mərkəzi Filiala müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq xx.xx.2025-ci il tarixli 3-17-1/2-Q-196600/2025 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, iddiaçıya məxsus pensiya işində olan sənədlərin surətlərinə və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 37 il 2 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 3316,45 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixindən 3 il əvvəl) 295,36 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 329,03 manata, xx.xx.2022-ci il tarixindən 340,22 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla), xx.xx.2023-cü il tarixindən 409,34 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixindən işdən çıxdığı tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 7501 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 543,21 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2025-ci il tarixindən 587,21 manata çatdırılmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Buna baxmayaraq iddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyətinin (VÖEN: **********) dayandırılmadığı halda, əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixindən yenidən hesablandığı, nəticədə yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edildiyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2- ci və 67.7ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.Eyni zamanda bildiririk ki, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi tutma obyekti vergilərin müəyyən edilməsi şərtlərindən biridir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 16.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri də onun VÖEN almasıdır. 34-cü maddədə isə qeyd edilir ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Həmçinin analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-352/2024 nömrəli qərarında qeyd edilmişdir:

41. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin iddiaçıya ünvanlandığı 19.01,2022-ci il tarixli məktubu mövcuddur. Məktubda qeyd edilmişdir ki, 19.01,2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən X2 vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixindən uçota alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixindən 21,06.2017-ci il tarixinədək dayandırılması, xx.xx.2013-cü il tarixindən bərpa olunması, xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək dayandırılması, xx.xx.2018-ci il tarixindən vaxtı çatdığı üçün bərpa edilməsi, 05.01,2022-ci il tarixindən 01.01,2026-cı il tarixinədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. 42. Məktubdan iddiaçının xx.xx.2018-ci il tarixindən 30.11,2021-ci il tarixinədək olan fəaliyyəti ilə bağlı ətraflı məlumat təsvir edilməmişdir. Məktuba əsasən yalnız iddiaçının vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixindən vaxtı çatdığı üçün fəaliyyətinin bərpa edildiyini müəyyən etmək olur. Cavabdeh iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmasına görə müavinəti dayandırmışdır. Odur ki, növbəti apelyasiya baxışı zamanı iddiaçının xx.xx.2018-ci il tarixindən xx.xx.2021ci il tarixinədək aktiv vergi ödəyicisi olub olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması aydınlaşdırılmalıdır. 43. Bu halın müəyyən edilməsi “Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsinin tələbindən irəli gəlir. Qanunun tələbinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Başqa sözlə əgər şəxs işləyirsə, yəni hazırkı halda aktiv vergi ödəyicisidirsə, ona sosial müavinətin ödənişi dayandırıla bilər. 44. Odur ki, növbəti apelyasiya baxışı zamanı iddiaçının mübahisəli dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiqlənərsə, müvafiq vergi orqanına sorğular verilməklə həmin dövrlərdə iddiaçının vergi orqanına vergi hesabatları, bəyannamələr təqdim edib etməməsi, həmin hesabat və bəyannamələrdə təqdim olunan işlərin, əməliyyatların aparılması və s. araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, eləcə də yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı qanunvericilik normalarının tələbləri, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi nəzərə alınaraq, cavabdeh inzibati orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı yaşa görə pensiya məbləğindən hər hansı tutulma aparılmamışdır. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı maddəsinə əsasən İddiaçı pensiya məbləği yenidən indeksləşdirilərkən (xx.xx.2025-ci il tarixində 43.88 manat və xx.xx.2024-cü il tarixində 45.85 manat) artıqvermə məbləği həmin ötən dövr üzrə verilən fərq məbləğiylə əvəzləşdirilmişdir. Əlavə olaraq MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının qalıq borc məbləği 539.08 manat təşkil edir.....

Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçının pensiyasından tutulmalar aparır. Cavabdehin nümayəndəsi iddiaçıdan pensiyasında tutulma deyil, əvəzləşdirmələr aparıldığını qeyd etsə də, cavabdeh faktiki olaraq əvəzləşmə adı ilə iddiaçının pensiyasından tutulmalar edir. Nəticə etibarilə iddiaçının almalı olduğu pensiya məbləğindən az məbləğdə pensiya alır. Cavabdeh bunun onunla əsaslandırır ki, iddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyəti (VÖEN: **********) dayandırılmadığı halda, əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixindən yenidən hesablandığı, nəticədə yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı, onun pensiyasından tutulmaların aparılmasının qadağan edilməsinə və tutulmuş məbləğlərin ona geri qaytarılmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Baxılan işdə etimad hüququnu istisna edən Qanunu 67-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablaması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali X1 2-1(102)-2923/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2- 1(102)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli; 2-1(102)-1507/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 8/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı pensiyasından tutulmaların aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. İddiaçı pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar