Məhkəmə qərarları › İş №2-1(112)-1895/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1895/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1895/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin 08.04.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən 11.09.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək Samux rayon “Gəncə Üzümçülük” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyası hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməyə başlanıldığı günədək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1959-cu il tarixdə anadan olmuşdur. Əmək pensiyaları haqqında Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Əlavə etdiyi arxiv arayışlarından və əmək kitabçasının surətindən görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədləri cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat əmək pensiyası təyin etməkdən imtina etmişdir. Səbəbi isə sovxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması olmuşdur. Qeyd olunan səbəbdən işlədiyi həmin illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Bu faktlar onun hüquqlarını pozur. Sovxozlar hazırda fəaliyyət göstərmədiyindən həmin illəri əmək kitabçasına qeyd etdirmək mümkün deyildir. Buna görə də onun iştirakı olmadan ərizəyə məhkəmədə baxılması və Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin 08.04.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən 11.09.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək "Gəncə Üzümçülük" sovxozunda işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyasını almaq hüququnun yarandığı tarixdən yaşa görə pensiyanın təyin edilməsi və ödənilməyə başlanıldığı günədək ödənilməmiş məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulmasına dair qərarın qəbul edilməsi xahiş edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı ilə (iş 2-1(116)-1066/2021) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin 08.04.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən 11.09.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək Samux rayon “Gəncə Üzümçülük” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyası hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməyə başladığı günədək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin hazırlıq icraatı üzrə iclasında iddiaçının ərizəsi əsasında məhkəmənin 11.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “Samux Rayon İcra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin 08.04.2021-ci il tarixli 64 saylı arxiv arayışında göstərilən 11.09.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək Samux rayon “Gəncə Üzümçülük” sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyası hüququnun yarandığı 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

5. Cavabdeh qurumun iddiaçıya ünvanladığı 22 mart 2021-ci il tarixli imtinaya əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci ii iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim olunmuş ******* saylı əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 21 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zarnanda 01.01.2006- cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Samux Rayon icra Hakimiyyətinin Samux Rayon Dövlət Arxivinin 08.04.2021- ci il tarixli № 64 arxiv arayışında göstərilən 11.09.1974-cü il tarixindən 1978-ci ilin sentyabr ayınadək olan əmək fəaliyyəti əmək kitabçasında əks olunmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilmir.

6. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivinin 08 aprel 2021-ci il tarixli 64 saylı arayışına əsasən, X3 Samux rayon Gəncə üzümçülük sovxozunda işlədiyi iş stajı aşağıdakı kimidir: 11.09.1974-cü il tarixli 84 saylı əmrlə 8 saylı briqadaya fəhlə qəbul olunub. Qeyd: İşdən çıxma əmrinə rast gəlinmədi ancaq axırıncı əmək haqqısını 1978ci ilin sentyabr ayında almışdır. Əsas: Gəncə üzümçülük sovxozunun 1974-cü ilin əmr kitabları. Fond: 46.

7. İddiaçı tərəfindən təqdim edilmiş Samux Rayon Dövlət Arxivinin əmək haqqı və başqa gəlirlər barədə 63 saylı 08.04.2021-ci il tarixli arayışından görünür ki, X1 üzümçülük sovxozunun 1974-1978-ci illərdə işlədiyi müddətdə əmək haqqı aşağıdakı kimi hesablanmışdır: 1974-cü ilin sentyabr ayı üçün 138 manat, oktyabr ayı üçün 10 manat, noyabr ayı üçün 12 manat, dekabr ayı üçün 60 manat; 1975-ci ilin yanvar ayı üçün 62 manat, fevral ayı üçün 24 manat, mart ayı üçün 14 manat, aprel ayı üçün 13 manat, may ayı üçün 48 manat, iyun ayı üçün 123 manat, iyul ayı üçün 152 manat, avqust ayı üçün 50 manat, sentaybr ayı üçün 121 manat, oktyabr ayı üçün 30 manat, noyabr ayı üçün 90 manat, dekabr ayı üçün 55 manat; 1976-cı il üzrə yanvar ayı üçün 230 manat, fevral ayı üçün 55 manat, mart ayı üçün 77 manat, aprel ayı üçün 37 manat, may ayı üçün 45 manat, iyun ayı üçün 49 manat, iyul ayı üçün 41 manat, avqust ayı üçün 68 manat, sentaybr ayı üçün 74 manat, oktyabr ayı üçün 90 manat, noyabr ayı üçün 81 manat, dekabr ayı üçün 45 manat; 1977-ci il üzrə yanvar ayı üçün 30 manat, fevral ayı üçün 29 manat, mart ayı üçün 86 manat, aprel ayı üçün 36 manat, may ayı üçün 92 manat, iyun ayı üçün 103 manat, iyul ayı üçün 104 manat, avqust ayı üçün 52 manat, sentyabr ayı üçün 222 manat, oktyabr ayı üçün 27 manat, noyabr ayı üçün 22 manat, dekabr ayı üçün 28 manat; 1978-ci il üzrə yanvar ayı üçün 161 manat, fevral ayı üçün 72 manat, mart ayı üçün 83 manat, aprel ayı üçün 74 manat, may ayı üçün 66 manat, iyun ayı üçün 72 manat, iyul ayı üçün 134 manat, avqust ayı üçün 80 manat, sentaybr ayı üçün 32 manat kimi qeyd olunmuşdur.

8. Azərbaycan Respublikası Təhsil Nazirliyi Zaqatala Rayon Təhsil Şöbəsi Aşağı Tala Kənd 5 saylı tam orta məktəbin 54 saylı 07.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.10.1983-cü il tarixli 45 nömrəli əmrlə məktəbdə xadimə vəzifəsində işə qəbul edilmişdir. 05.01.2005-ci il tarixli 05a nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir.

9. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasını təsdiq edilmiş surətindən görünür ki, o, 01.10.1983-05.01.2005-ci il tarixlərində Aşağı Tala kəndi 5 saylı məktəbdə məktəbin xidmətçisi vəzifəsində işləmişdir.

10. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivinin 01 oktyabr 2021-ci il tarixli 180 saylı arayışına əsasən, X3 Samux rayon “Gəncə üzümçülük sovxozu”nda 11.09.1974-cü il tarixdən 1978-ci illərdə əmr və əmək haqqı kitablarında adına rast gəlinməmişdir.

11. Məhkəmə sorğusuna cavab olaraq Samux Rayon Dövlət Arxivi tərəfindən əmək haqqı və başqa gəlirlər barədə 63 saylı 08.04.2021-ci il tarixli arayışla bildirilmişdir ki, X1 üzümçülük sovxozunun 1974-1978-ci illərdə işlədiyi müddətdə əmək haqqı aşağıdakı kimi hesablanmışdır: 1974-cü ilin sentyabr ayı üçün 138 manat, oktyabr ayı üçün 10 manat, noyabr ayı üçün 12 manat, dekabr ayı üçün 60 manat; 1975-ci ilin yanvar ayı üçün 62 manat, fevral ayı üçün 24 manat, mart ayı üçün 14 manat, aprel ayı üçün 13 manat, may ayı üçün 48 manat, iyun ayı üçün 123 manat, iyul ayı üçün 152 manat, avqust ayı üçün 50 manat, sentaybr ayı üçün 121 manat, oktyabr ayı üçün 30 manat, noyabr ayı üçün 90 manat, dekabr ayı üçün 55 manat; 1976-cı il üzrə yanvar ayı üçün 230 manat, fevral ayı üçün 55 manat, mart ayı üçün 77 manat, aprel ayı üçün 37 manat, may ayı üçün 45 manat, iyun ayı üçün 49 manat, iyul ayı üçün 41 manat, avqust ayı üçün 68 manat, sentaybr ayı üçün 74 manat, oktyabr ayı üçün 90 manat, noyabr ayı üçün 81 manat, dekabr ayı üçün 45 manat; 1977-ci il üzrə yanvar ayı üçün 30 manat, fevral ayı üçün 29 manat, mart ayı üçün 86 manat, aprel ayı üçün 36 manat, may ayı üçün 92 manat, iyun ayı üçün 103 manat, iyul ayı üçün 104 manat, avqust ayı üçün 52 manat, sentyabr ayı üçün 222 manat, oktyabr ayı üçün 27 manat, noyabr ayı üçün 22 manat, dekabr ayı üçün 28 manat; 1978-ci il üzrə yanvar ayı üçün 161 manat, fevral ayı üçün 72 manat, mart ayı üçün 83 manat, aprel ayı üçün 74 manat, may ayı üçün 66 manat, iyun ayı üçün 72 manat, iyul ayı üçün 134 manat, avqust ayı üçün 80 manat, sentaybr ayı üçün 32 manat kimi qeyd olunmuşdur.

12. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivi tərəfindən 05 mart 2022-ci il tarixli 46 saylı arayışla bildirilmişdir ki, X3 Samux rayon Gəncə üzümçülük sovxozunda işlədiyi iş stajı aşağıdakı kimidir: 11.09.1974-cü il tarixli 84 saylı əmrlə 8 saylı briqadaya fəhlə qəbul olunub. Qeyd: İşdən çıxma əmrinə rast gəlinmədi ancaq axırıncı əmək haqqısını 1978-ci ilin sentyabr ayında almışdır. Əsas: Gəncə üzümçülük sovxozunun 1974-cü ilin əmr kitabları. Fond: 46.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və iddiaçının Samux rayon Gəncə üzümçülük sovxozunda işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim etdi və etirazın məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, iddiaçı F.Q.Həsənovanın təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajının müddəti 21 il 03 ay olmaqla, qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı müddətindən azdır. İddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivinin 08 aprel 2021-ci il tarixli 64 №-li arxiv arayışında qeyd olunan dövrlər (11.09.1974 - 09.1978) əmək kitabçasında əks olunmadığından həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Bununla da, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid ediməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2- 1-ci maddəsinə uyğun olaraq şortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı 01.10.1983-cü il tarixdən 05.01.2005-ci il tarixədək (21 il 03 ay) Zaqatala rayonu Aşağı Tala kənd 5 №-li tam orta məktəbində texniki xidmətçi vəzifəsində işləmişdir. Hazırda iş üzrə mübahisə predmetini iddiaçının Samux rayon “Gəncə üzümçülük” sovxozunda işlədiyi dövr təşkil edir. Bununla bağlı iki vacib məqamı nəzərinizə çatdırmaq istəyirik: 1. İş materiallarına əlavə olunmuş Samux Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya təqdim edilmiş 08 aprel 2021ci il tarixli 64 №-li arxiv arayışında qeyd olunur ki, iddiaçı 11 sentyabr 1974-cü il tarixdə sözügedən sovxozun 8 saylı briqadasına fəhlə qəbul edilmişdir. Lakin işdən azad edilmə əmrinə rast gəlinmədiyi üçün işdən azad olunma tarixi sonuncu əmək haqqı aldığı 1978-ci ilin sentyabr ayı ilə məhdudlaşdırılır. Beləliklə, həmin arxiv arayışına əsasən iddiaçının 04 il 01 ay (mübahisələndirilən) iş stajı vardır. 2. Eyni zamanda tərəfimizdən göndərilmiş 08 sentyabr 2021-ci il tarixli **********9 nömrəli sorğuya Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Samux rayon Dövlət Arxivindən gələn cavab məktubunda qeyd olunur ki, İddiaçı Samux rayon “Gəncə üzümçülük sovxozu”nun 11 sentyabr 1974-cü il tarixdən 1978-ci il tarixədək olan əmr və əmək haqqı kitablarında adına rast gəlinməmişdir. Beləliklə, eyni arxiv tərəfindən iddiaçıya və cavabdeh inzibati orqana bir-birinə zidd, tamamilə fərqli məzmunlu arxiv arayışları təqdim edilmişdir. Bu hal isə iddiaçının sığorta stajının təsdiq edilməsi məqsədi ilə məhkəməyə təqdim etmiş olduğu arxiv arayışına dair əsaslı şübhələr yaradır. Belə olduğu halda isə iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajının müddəti 21 il 03 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edliən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış "hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı naqqinda” Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyini müşahidə edirik. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaqdır. İstər qüvvədən düşmüş Qanunda, istərsə də hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajının olması tələb kimi qeyd edilmişdir. Lakin iddiaçının iş materiallarına əlavə edilmiş əmək kitabçasından göründüyü kimi onun mübahisəsiz qəbul edilən sosial sığorta stajı ümumilikdə 21 il 03 ay təşkil edir. Beləliklə, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Bununla da cavabdehin nümayəndəsi İddiaçı “sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil olunmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-9292/2021 nömrəli inzibati iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

15. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

16. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

21. Odur ki, bu qəbildən olan iddia nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun işlədiyi dövrlər əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneəçilik yaradır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

23. İddiaçı 11.09.1974-cü il tarixdən 1978-ci ilin sentyabr ayınadək olan dövrdə Samux rayonu Gəncə üzümçülük sovxozunda fəaliyyət göstərmiş dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1974-1978-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivinin 08.02.2021-ci il tarixli 64 saylı arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışı göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

24. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1974-1978-ci illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivinin 08.04.2021ci il tarixli arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1974-1989-ci illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon İcra Hakimiyyəti Samux Rayon Dövlət Arxivinin 08.04.2021-ci il tarixli arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

26. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 62-dir. İddiaçının inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 21 il 03 aydır. Yuxarıda qeyd edildiyi kimi 23 sentyabr 1992-ci il ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Həmin maddəyə əsasən, iş stajına daxil edilən əmək fəaliyyətinin növləri: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

27. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının sovxozda işlədiyi dövr minimum əmək iştirakı norması ilə deyil (kolxoz olmadığı üçün), təqvim ayları ilə nəzərə alınmalı və həmin dövr əmək stajına hesablanmalıdır.

28. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

29. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

30. Beləliklə, İddiaçı 1974-1978-ci illərdə Samux rayon Gəncə üzümçülük sovxozunda fəaliyyət göstərmiş dövrün 4 il 01 ay müddət kimi sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 1974-1978-ci illərdə Samux rayonu “Gəncə üzümçülük” sovxozunda fəaliyyət göstərdiyi dövr nəzərə alınmaqla 62 yaşının tamam olduğu 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar