Məhkəmə qərarları › İş №2-1(112)-1896/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1896/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1896/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb olunması barədə qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb olunması barədə qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavbdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı ********** VÖEN əsasında Bakı şəhəri, Azadlıq prospekti, 190 ünvanda yerləşən mağazada telefon aksesuarlarının satışı ilə məşğul olurdu. 27 aprel 2022-ci il tarixdə iddiaçının qadaşı X8 təsadüfən həminmağazaya gəlmişdir. Həmin vaxt iddiaçı şəxsi işi ilə əlaqədar başqa yerə getmiş və qardaşına mağazada onu gözləməsini xahiş etmişdir. Bundan sonra vergi orqanı tərəfindən mağazada operativ vergi nəzarəti tədbiri keçirilmiş və obyektdə onun qardaşı X2 və nəzarət-kassa aparatının olmaması aşkar olunmuşdur. Vergi orqanı iddiaçının qardaşı Mətin Əbdülsoyun mağazada olması faktını əsassız olaraq onun mağazada işlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirərək, fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qənaətinə gələrək bu barədə 28 aprel 2022-ci il tarixdə DVX seriyalı 006002 nömrəli və obyektdə nəzarətkassa aparatının olmamasına görə isə DVX seriyalı 013864 nömrəli aktlar tərtib etmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və həmin tarixli **********2019 nömrəli qərarlar ilə razılaşmamış, həmin qərarların ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş idarəsinə şikayət vermişdir. İnzibati şikayətlərə baxaraq, Baş idarə şikayətin təmin olunmaması barədə 05 iyul 2022-ci il tarixli **********984600 nömrəli qərar qəbul etmiş, həmin qərar iddaçının ünvanı üzrə poçt şöbəsinə 18 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Lakin iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş idarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul edilmiş 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarları ilə razılaşmır, onları əsassız və qanunsuz sayır və hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. Cavabdeh 2022-ci ilin aprel ayının 27 günü qardaşı X2 iddiaçının iş yerində olmasını hər hansı sübut əldə etmədən onun mağazada işlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirə və fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gələ bilməzdi. Çünki qardaşı Mətin Əbdülsoy sadəcə olaraq mağazada oturub iddaçının mağazaya qayıtmasını gözləyərək heç bir iş yerinə yetirməmiş və hər hansı satış əməliyyatı aparmamışdır. Cavabdeh isə Mətin Əbdülsoyun mağazada hər hansı işi yerinə yetirməsini müəyyən etməməklə, bu halı sübuta yetirməmişdir. Bununla yanaşı mağazada nəzarət-kassa aparatının quraşdırılmamasına gəldikdə qeyd olunmalıdır ki, bu, iddaçının iradəsindən asılı olmamışdır. Onun bu sahədə vəzifəsi nəzarət-kassa aparatının dəyərini ödəmək və quraşdırılmasını təmin etməkdən ibarət olmuşdur ki, iddiaçı da bunun üçün dəfələrlə “Paşabank”a müraciət edərək nəzarət-kassa aparatının quraşdırılmaması xahiş etmişdir. Lakin bank tərəfindən ona həlilik onlarda nəzarət-kassa aparatının olmadığı bildirilmiş və gətirilənədək gözləmək tövsiyyə olunmuşdur. Bu hal iddiaçının bankla istifadəsində olan ********** nömrəli mobil telefon vasitəsi ilə apardığı danışıqlarla təsdiq edilə bilər. Göründüyü kimi, yuxarıda istinad edilən hallar cavabdehin iddiaçının barəsində maliyyə sanksiyalarının təbiq edilməsinə dair qəbul etdiyi 9 iyun 2022-ci il tarixli **********1985 və **********2019 nömrəli qərarlarının əsassız olduğunu təsdiq edir. Göstərilənlərə və İPM-in 33.1-ci maddəsinə əsaslanaraq, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 26 sentyabr 2022-ci il tarixli məktubunda (etirazında) iddia ilə bağlı bildirilir ki, İddiaçı iddiasına etiraz olunur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli **********3851 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 190 ünvanda yerləşən “Telefon aksesuarları mağazası”nda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, 28 aprel 2022-ci il tarixli DVX seriyalı 006002 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, həmçinin obyektdə nəzarət-kassa aparatı təbiq edilmədən əhali ilə nağd pul hesablaşmalarının aparıldığı müəyyən edilərək “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 28 aprel 2022-ci il tarixli DVX seriyalı 013864 nömrəli akt tərtib edilmişdir. İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə tərtib edilmiş aktları imza etməkdən imtina etmiş, aktların bir nüsxəsini imza etməklə qəbul etdiyi, bundan əlavə operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı izahat verərək mağazada olmadığı müddət ərzində satışa nəzarəti qardaşı X8 tərəfindən həyata keçirildiyini, Mətin Əbdülsoyun gün ərzində 9 saat mağazada olduğunu bildirmişdir. Bundan əlavə, izahatında nəzarət-kassa aparatının quraşdırılması üçün müvafiq servisə müraciət etdiyini, həmin qurum da respublikada nəzarət-kassa aparatı (token) olmaması səbəbindən nəzarət-kassa aparatım quraşdıra bilməyəcəklərini bildirdiklərini qeyd etmişdir. Fiziki şəxs Mətin Əbdülsoy izahatında 2 – 3 günlük müddətdir ki, qardaşı İddiaçı olmadıqda onu əvəz etdiyini bildirmişdir. Tərtib edilmiş akt əsasında Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 1.000 manat məbləğində, 9 iyun 2022-ci il tarixli **********2019 nömrəli qərara əsasən 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamələr Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 9 iyun 2022-ci il tarixli **********943100 nömrəli və **********118600 nömrəli məktubları ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktublar poçtdan geri qayıtmamış və elektron qutuda isə 12 iyun 2022-ci il tarixdə saat 13:34-də və 13:50də oxunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarlarından 18 iyun 2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********746600 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 5 iyul 2022-ci il tarixli **********984600 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İnzibati şikayətin araşdırılması ilə bağlı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 araşdırmaya təqdim etdiyi 30 iyun 2022-ci il tarixli izahatında İddiaçı və Mətin Əbdülsoyun onun oğlanları olduğunu, ailəsinin başqa dolanışıq yeri olmadığını, üç övladı olduğunu, lakin üçünün də işsiz olduqlarını, özünün 1-ci Qarabağ müharibəsinin iştirakçısı olaraq 2-ci qrup əlilik qazandığını, bütün bunların nəzərə alınmasını və tətbiq edilmiş 3.000 manat maliyyə sanksiyasını ləğv edilməsini xahiş etmişdir. İzahatında həmçinin operativ vergi nəzarəti tədbirinədək təxminən 5 gün olar ki, İddiaçı vacib işləri olduğundan mağazanı tərk etmək məcburiyyətində qalarkən qardaşı Mətin Əbdülsoyun onu hər dəfə 2 – 3 saat olmaqla əvəz etdiyini, Mətin Əbdülsoyun gün ərzində 9 saat İddiaçı əvəz etməsi halının hər dəfə baş vermədiyini, bu halın bəzi vaxtlarda baş verdiyini, bu səbəbdən İddiaçı izahatında belə qeyd etdiyini, qanunvericiliyin tələbləri barədə məlumatlı olmadıqları üçün, həmçinin obyekti yeni icarəyə götürdükləri üçün oğlu X4 Əbdülsoy arasında əmək müqaviləsi bağlanmadığını, qısa müddət ərzində əmək müqaviləsinin bağlanılmasının təmin ediləcəyini bildirərək, bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İzahatında həmçinin nəzarət-kassa aparatının quraşdırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq nəzarət-kassa aparatının və token aparatının olmadığı bildirdiklərini qeyd etmiş, lakin bu barədə araşdırmaya sübut təqdim edə bilməmişdir. Bundan əlavə, izahatında operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicisinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən VÖEN dəyişmə sxemindən istifadə edilməklə vergidən yayınma üstünlüyünün əldə edilməsinə cəhd edilməsi halı aşkar edildiyi və bu barədə həyata keçirilmiş müşahidə baxışın nəticələrinin 7 fevral 2022-ci il tarixli **********580300 nömrəli xüsusi forma ilə rəsmiləşdirildiyi, bundan əlavə İddiaçı “Nəzarətkassa aparatının tətbiqi barədə” 16 fevral 2022-ci il tarixli **********940400 nömrəli və “Təsərrüfat subyektində (obyektində) yeni nəsil nəzarət-kassa aparatının quraşdırılmaması barədə” 8 aprel 2022-ci il tarixli **********582900 nömrəli məktublar göndərildiyi, məktubların poçtdan geri qayıtmadığı, elektron qutuda isə müvafiq olaraq 17 fevral 2022-ci il tarxidə saat 19:51 və 12 aprel 2022-ci il tarixdə saat 18:00-da oxunduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, həmçinin Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cu və 2-3.5-ci bəndlərinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədyi qeyd edildiyi halda X. Əbdülsoy tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmışdır. Bundan əlavə, İddiaçı “Nəzarət-kassa aparatının tətbiqi barədə” 16 fevral 2022-ci il tarixli **********940400 nömrəli və 8 aprel 2022-ci il tarixli **********582900 nömrəli “Təsərrüfat subyektində (obyektində) yeni nəsil nəzarət-kassa aparatının quraşdırılmaması barədə” məktublar göndərildiyinə və ona xəbərdarlıq edilməsinə baxmayaraq nəzarət-kassa aparatı quraşdırılmamışdır. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilməsinə baxmayaraq İddiaçı tərəfindən Vergi Məcəlləsinin qeyd olunan tələblərinə əməl edilməmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunlarınverilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə, (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, (58.7.2) təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, (58.7.3) təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göstərilənlərə və İPM-in 35.1, 68.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-3, 4, 5, 7, 49-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarının, 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarının, 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarının müddəalarına əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; - (58.7.2) təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində; - (58.7.3) təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 45-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının (cavabdehin) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 190 ünvanında yerləşən təsərrüfat subyektində (“Telefon aksesuarları” mağazasında) operativ vergi nəzarəti keçirilmişdir. Vergi nəzarəti həyata keçirilərkən həmin obyektində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmamaması və 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən olunması barədə aktlar tərtib edilmiş və həmin aktlar əsasında Vergi Məcəlləsinin 58.7.1 və 58.10-cu maddələrinə müvafiq olaraq 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarlar qəbul edilərək, ümumilikdə iddaçıya 3.000 manat (1.000 manat + 2.000 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 9 iyun 2022-ci il tarixli həmin qərarlarını mübahisələndirir. İddiaçının dəlilləri – müvafiq tarixdə həmin fakt iddiaçının obyektində sahibkar kimi onun müvəqqəti olmadığı və başqa şəxsin (qardaşının) həmin obyektdə olduğu bir şəraitdə baş vermişdir. Vergi orqanının əməkdaşları hər hansı işi yerinə yetirmədiyi, xidmətə cəlb olunmadığı halda, həmin şəxsi əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirməyə cəlb olunmuş kimi qiymətləndirərək, akt tərtib etmişlər. Eləcə də, obyektdə nəzarət-kassa aparatının qoyulmaması sahibkar kimi iddaçının iradəsindən asılı olmadığı halda (aidiyyət quruma bu barədə dəfələrlə müraciət etsə də, müsbət nəticə olmamışdır), bu halla bağlı da akt tərtib edilmişdir. Hər iki faktla bağlı aktlar əsasında qəbul olunmuş 9 iyun 2022-ci il tarixli qərarlar qanunsuzdur və ləğv edilməlidir. Cavabdehin dəlilləri – müvafiq tarixdə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən, obyektdə əhali ilə pul hesablaşmalarının pozulması və əmək müqaviləsi olmadan 1 nəfər şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması faktları aşkar olunmuşdur. Faktlar barədə tərtib olunmuş aktları imzalamaqdan imtina oluns da, iddiaçının nümayəndəsi vergi orqanında verdiyi izahatında hər iki faktı təkzib etməmşdir. Aktıar əsasında qəbul olunmuş 9 iyun 2022-ci il tarixli qərarlar qanunidir. İddia tələbi əsassızdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının dəlilləri mahiyyətcə hər iki faktın (əmək müqaviləsi olmadan işçinin işə cəlbi və nəzarət-kassa aparatı olmadan fəaliyyət göstərilməsi) mövcudluğunun inkarına deyil, onların baş vermə səbəblərinin “üzürlü sayılması”na yönəlmişdir. Halbuki, həmin dəlillər xüsusat kimi faktın hər ikisinin təkzibinə xidmət edə bilməz. Eləcə də, nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsinin vergi orqanında inzibati şikayət üzrə verdiyi izahatında hadisəni inkar etməmiş və şikayətini iddiaçının qanunvericiliyin tələblərini bilməməsi, ailəsininmaddi durumunun yaxşı olmaması və s. məsələlərlə əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqanın 9 iyun 2022-ci il tarixli qərarlarının qəbulu üçün şərtlər toplanmış olur. Hətta məhkəmə hər iki faktın təsdiqi üçün əlavə sübutların təqdim olunmasını zəruri saymır. Bununla da məhkəmə İPM-in 58.7 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın 9 iyun 2022-ci il tarixli **********1985 nömrəli və **********2019 nömrəli qərarları qanuna zidd sayılmamalı və onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X7 cavabdeh İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb olunması haqqında qərarların ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb olunması haqqında qərarların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar