Məhkəmə qərarları › İş №2-1(112)-1897/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1897/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1897/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X5, Cavabdehlərin nümayəndələri X6 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə qarşı “hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetində doktaranturası üzrə əyani təhsilini başa çatdırıb müvafiq elmi dərəcəni alanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2011-ci ildə Bakı şəhəri, Nizami rayonu, K.Əyyubov adına 12 saylı tam orta məktəbin İX sinfini əla qiymətlərlə bitirərək xüsusi nümunəli şəhadətnaməyə, 2013-cü ildə isə Xİ sinfini qızıl medalla bitirərək xüsusi nümunəli attestata layiq görülmüşdür. Adı məktəbin “Şərəf kitabı”na daxil edilmiş, 2013-cü ildə mümkün 700 baldan 677 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında X2 Siyasi İdarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olunmuş, 2017ci ildə bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2017-2019-cu illərdə ADA Universitetinin “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə ingilis dilində təhsil alaraq magistr elmi ixtisas dərəcəsinə layiq görülmüşdür. Təhsil müddətində göstərdiyi yüksək nəticələrə görə “Yüksək performans siyahısı”na daxil edilmişdir. Təhsil almaqla yanaşı universitetin ictimai həyatında fəal iştirak etmiş, 2017-2018-ci illər ərzində X9 çərçivəsində göstərdiyi fəaliyyət ADA Universitetinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, təltif olunmuşdur. 2020-ci ilin may ayından 2022-ci ilin oktyabr ayına qədər AMEA-nın Hüquq və X7 “5608.01 - Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisası üzrə əyani doktorantıdır. 2022-ci ilin oktyabr ayından isə həmin institutun fəaliyyət istiqaməti dəyişdirildiyindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı Dövlət Universitetinə keçirilmişdir. Hazırda Bakı Dövlət Universitetinin doktorantı olaraq təhsilini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev tərəfindən xüsusi sertifikatla təltif olunmuşdur. Qanunvericiliklə doktorantura təhsili çərçivəsində üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmiş, elmi tədqiqat işini bitirmiş və “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün elmi tədqiqat işinin müdafiəsinə başlamış, dissertasiya işini ilkin müzakirəyə təqdim etmişdir. Dissertasiya işi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının 13 dekabr 2023- cü il tarixli 04 saylı iclasında ilkin müzakirə olunmuş, “Fəlsəfə doktoru” elmi dərəcəsi almağa layiq olmağı və növbəti mərhələ olaraq işin Dissertasiya Şurasına təqdim edilməsi barədə qərar qəbul edilmişdir. Dissertasiya işi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasına təqdim edilmiş və hətta 06 iyun 2024-cü il tarixində sözügedən Dissertasiya Şurası elmi seminarın keçirilməsinə dair qərar qəbul etmişdir. Bütün bu proseslərdə Nizami rayon idarəsi ilə davamlı əsasda kommunikasiyada olmuş, zəruri arayışları təqdim etmişdir. Hazırda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məktuba istinad edərək Nizami rayon idarəsi tərəfindən onun möhlət hüququ olmadığı bildirilmişdir. Bununla bağlı etibarnamə əsasında atası tərəfindən cavabdeh orqanların rəhbərliyinin qəbuluna düşərək müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli cavab məktubla ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehlər iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehlərin nümayəndələri ayrı-ayrılıqda iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və X7 xx.xx.2020-ci il tarixli 40/k nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “5608.01 Mülki hüquq, ailə hüququ, sahibkarlıq hüququ, beynəlxalq xüsusi hüquq ixtisası” üzrə 1 may 2020-ci il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya 3 il müddətinə qəbul edilmişdir. İşdə olan Bakı Dövlət Universitetinin xx.xx.2024-cü il tarixli 32 saylı arayışından görünür ki, İddiaçı Hüquq fakültəsinin Mülki hüquq kafedrasının 5608.01 - “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisası üzrə 2023-cü il 01 may tarixinədək əyani doktorantı olmuş və “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri" adlı dissertasiya mövzusunu “Fəlsəfə doktoru” elmi dərəcəsi alması üçün Dissertasiya Şurası müdafiəyə təqdim edilməsi barədə yekun qərar qəbul etmiş və dissertasiya işi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasına müdafiə üçün təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2024-cü il tarixdə Xidmətə ünvanladığı məktubdan görünür ki, bildirilmişdir ki, Xidmətin Bakı şəhəri Nizami rayon idarəsində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. İddiaçı 2014-cü ilin yanvar çağırışına cəlb edilmiş, lakin Azərbaycan Diplomatik Akademiyasının bakalavr pilləsində təhsil alması barədə Forma 10 arayışına əsasən rayon çağırış komissiyası tərəfindən “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 maddəsilə xx.xx.2014-cü il tarixdən xx.xx.2017- ci il tarixədək çağırışdan möhlət hüququ qazanmışdır. Verilmiş təhsil möhləti bitdiyi üçün 2017-ci ilin iyul çağırışına cəlb edilmiş, Azərbaycan Diplomatik Akademiyasının magistr pilləsində təhsil alması barədə arayışa əsasən rayon çağırış komissiyası tərəfindən “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 maddəsilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çağırışdan möhlət hüququ qazanmışdır. Təhsil möhləti bitdiyi üçün 2019-cü ilin iyul çağırışına cəlb edilmiş, səhhətilə bağlı müayinə olunması üçün xx.xx.2019-cu il tarixdə 202-li göndəriş verilmişdir. Respublika Dəri Zöhrəvi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 1188 nömrəli aktına əsasən (diaqnoz- çoxsaylı konglobat aknelər) çağırışçı İddiaçı rayon çağırış komissiyasının qərarı İlə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62b maddəsinin İ qrafasma əsasən, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı “ hesab edilmişdir. Lakin, rayon çağırış komissiyasının xx.xx.2019-cu il tarixli 6-27/277 nömrəli qərarı Mərkəzi Çağırış Komissiyasının xx.xx.2019-cu il tarixli 3/53 nömrəli protokolu ilə ləğv edilmiş, çağırışçı İddiaçı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilərək “Çoxsaylı gənclik sızanaqları. Vulqar aknelər” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin “Xəstəliklər cədvəli” nin 63-cü maddəsinin İ qrafasma əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. Çağırışçı İddiaçı 02 iyun 2020-ci tarixdə “Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının hüquq və X7 təqdim etdiyi əmrdən çıxarışa əsasən “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 maddəsilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək çağırışdan möhlət hüququ qazanmışdır. Çağırışçı 2024-cü ilin iyul çağırışına cəlb edilmiş, dəfələrcə çağırışçıya və valideyininə məlumat verilməsinə baxmayaraq, hərbi-həkim komissiyasına gəlməkdən boyun qaçırmış, Bakı Dövlət Universitetinin Dissertasiya Şurasında iştirakı barədə xx.xx.2024-cü il tarixli 32 nömrəli arayış təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsində aparılmış araşdırma nəticəsində 1996-cı il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ müəyyən olunmamışdır. Bununla bağlı çağırışçının ümumi əsaslarla çağırışa cəlb edilməsi, çağırışdan yayındığı təqdirdə isə əməlinə hüquqi qiymətin verilməsi üçün toplanmış sənədlərin aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilməsi təmin edilsin. Görülmüş işlərin nəticəsi barədə Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinə məlumat verilsin. İşin hallarından görünür ki, iddiaçı dissertasiya işini müdafiə üçün təqdim etdiyini, doktorantura üzrə təhsilini başa vurmadığını bildirməklə cavabdehlərdən hərbi xidmətə çağırışdan möhlət verilməsini xahiş etmiş, lakin cavabdehlər iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ müəyyən olunmadığından onu çağırışa cəlb etmişlər. İddiaçı hazırda cavabdehlərin bu hərəkətini mübahisələndirərək, ona hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun 12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları. Qanunun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər) gəlməlidirlər. Qanunun 13.1-ci maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda də çağırış komissiyaları yaradılır. Qanunun 14.1-ci maddəsinə görə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: ...14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; ...14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. Həmin Qanunun 18.1-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Qanunun 18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Qanunun 21-ci maddəsinə görə: Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə. 21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir. 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır. 21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir. 21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir. Qeyd:

1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

2. Bu Qanunun 21.1.2 – 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur. Qanunun istinad edilən normalarından görünür ki, möhlət hüququ olmayan kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququ isə Qanunda göstərilən konkret əsaslardan biri olduqda verilir. İşdən görünür ki, iddiaçı hazırda doktoranturada təhsil aldığını, bu təhsilini bitirmədiyini iddia edərək, Qanunun 21.1.4-cü maddəsinə əsasən onun çağırışa möhlət hüququnun olduğunu bildirir. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Qanun əsasən: - Maddə 1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs; - Maddə 1.0.13. doktorantura - ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması; - Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na görə: - Bənd 1.4. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. - Bənd 1.7. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. -bənd 1.9. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir. - Bənd 3.25. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir. - Bənd 3.27. Doktorant təhsil müddətində: peşə biliklərinə dərindən yiyələnməli; müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli; elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli; fərdi iş planını tam yerinə yetirməli; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq imtahanlar verməli; elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli; elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; elmi tədqiqat işini bitirməlidir. - Bənd 3.34. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə görə: - Bənd 1.1. Bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir. - Bənd 1.3. Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - Bənd 2.1. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçılarının xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında həyata keçirilir. - Bənd 2.3. Elmi rəhbərlər (fəlsəfə doktoru dissertasiyası üzrə) və ya iddiaçının istəyinə uyğun olaraq elmi məsləhətçilər (elmlər doktoru dissertasiyası üzrə) müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq edilir. Dissertasiya ilə bağlı tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi dərəcəsi olan iki rəhbər təyin oluna bilər. - Bənd 2.4. Dissertasiyaların mövzularını müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının təqdimatı əsasında Azərbaycan Respublikası Elmi X1 hər bir iddiaçı üçün ayrılıqda təsdiq edir və ya dəyişdirir. İstinad olunan normalardan görünür ki, qanunverici doktoranturanı ali təhsilin ən yüksək səviyyəsi olaraq qəbul edərək, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığının forması kimi müəyyən etmişdir. Qanunverici doktoranturada təhsilalma ilə fəlsəfə doktoru elmi dərəcəsi almanı fərqləndirmiş, elmi dərəcənin alınmasını təhsilalma müddətinə daxil etməmişdir. Belə ki, yuxarıda istinad olunan normalardan görünür ki, doktoranturada əyani təhsil müddəti 3 ildir, həmin müddət bitdikdən sonra şəxs fəlsəfə doktoru sayılmır. O şəxslər fəlsəfə doktoru elmi dərəcəsi alır ki, onlar xüsusi elmi hazırlığı - doktorantura təhsilini bitirirlər, daha sonra isə fəlsəfə doktoru dissertasiyasının müdafiəsini həyata keçirirlər. Hazırkı işdə olan Bakı Dövlət Universitetinin xx.xx.2024-ci il tarixli, 03-5/929 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən 2022-ci il 3 oktyabr tarixindən Bakı Dövlət Universitetinin (BDU) Mülki hüquq kafedrasının 5608.01 - “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisasında dövlət hesabına fəlsəfə doktoru proqramı üzrə əyani doktorantıdır. İddiaçı 5608.01 - “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisasında hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini yerinə yetirmişdir. Dissertasiya işi Mülki hüquq kafedrasının 2023-cü il 13 dekabr tarixli genişləndirilmiş iclasında müzakirə edilmiş və müdafiəyə buraxılması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2019-cu il 29 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimafa uyğun olaraq, iddiaçının dissertasiya işinin müdafiəsi üzrə sənədləri BDU-nun nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya şurasına təqdim olunmuşdur. FD 2.44 Dissertasiya şurasının nəzdindəki elmi seminarın 2024-cü il 28 oktyabr tarixli iclasının qərarı ilə dissertasiyanın müdafiəyə buraxılması haqqında qərar qəbul olunmuşdur. Təlimatın 4.10-cu bəndinə uyğun olaraq, FD 2.44 Dissertasiya şurası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.22-ci bəndi ilə nəzərdə tutulmuş qaydada rəsmi opponentlər və müdafiənin keçirilməsi tarixi müəyyən ediləcəkdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı Dövlət Universitetinin arayışından müəyyən olunur ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq” kafedrasının əyani doktorantı İddiaçı 5608.01 - "Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” ixtisasında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işi xx.xx.2025-ci il tarixində Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasında müdafiə edilmişdir və dissertasiya işi ilə bağlı sənədlər fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndəriləcəkdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi internet saytından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə müdafiə etmiş X4 fəlsəfə doktoru elmi dərəcəsi alması üçün Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işi Komissiyada müdafiə olunmuş dissertasiya və avtoreferatların siyahısına daxil edilmişdir. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə görə: -bənd 5.58. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında müsbət qərar qəbul etdikdən sonra iki ay müddətində iddiaçının elmi dərəcə almaq üçün Komissiyanın müəyyən etdiyi qaydada tərtib olunmuş sənədlərini, dissertasiyanın bir nüsxəsini və onların elektron versiyasını Komissiyaya təqdim edir. -bənd 6.1. Fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X3 baxılır və qərar qəbul edilir. - bənd 6.3. Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. -6.5. Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya dissertasiya işinin ekspertizasını dayandırır və iddiaçıya elmi dərəcə verilməsindən imtina barədə qərar qəbul edir. - bənd 6.7. Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən üç ay, elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə isə daxil olduğu gündən beş ay müddətində baxılır. -bənd 6.8. Dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya, səbəbini əsaslandıraraq, bu müddəti üç aya qədər artıra bilər. - bənd 6.11. Elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılmış birgə dissertasiya şuralarının fəaliyyətində Komissiya azı bir il müdafiə prosedurlarının, elmi etikanın pozulması, elmi plagiat halları aşkar etmədiyi təqdirdə, həmin dissertasiya şuralarının vəsatəti əsasında elmi dərəcə verilməsi haqqında birbaşa (ekspertizasız) qərar qəbul edə bilər. İstinad olunan normalardan görünür ki, qanunverici Fəlsəfə doktoru elmi dərəcəsinin verilməsini Komissiyanın Kollegiyasının səlahiyyətlərnə aid etmiş və Komissiya azı bir il müdafiə prosedurlarının, elmi etikanın pozulması, elmi plagiat halları aşkar etmədiyi təqdirdə, həmin dissertasiya şuralarının vəsatəti əsasında elmi dərəcə verilməsi haqqında birbaşa (ekspertizasız) qərar qəbul etmək hüququ vermişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 23-cü maddəsinə əsasən: 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; 23.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; 23.1.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər. 23.2. Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar: 23.2.1. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar; 23.2.2. ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar; 23.2.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər. Qeyd: Bu Qanunun 23.1.1-ci və 23.1.5-ci maddələrində nəzərdə tutulan vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər Məhkəmə işin istinad olunan hallarını və qanunvericiliyin normalarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçı hazırda elmi dərəcəsi olan vətəndaş olmasa da, fəlsəfə doktoru dissertasiyasının müdafiəsini həyata keçirmiş, bu mərhələni yekunlaşdırmışdır. Ona elmi dərəcənin verilməsi məsələsinə isə artıq baxılmaqdadır. Məhkəmənin mövqeyinə görə bu hal “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.7-ci maddəsində nəzərdə tutulan hala ekvivalent kimi qiymətləndirilməlidir. Çünki istər Qanunun 21.1.7-ci maddəsi, istərsə də 23.1.1-ci maddəsində şəxsin hərbi xidmətinə möhlət verilməsi və ya hərbi xidmətdən azad edilməsində qanunvericinin məqsədi elmi fəaliyyətlə, yəni elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi ilə məşğul olan şəxsləri fəaliyyətindən uzaqlaşdırmamaq, onlar üçün azad, ədalətli, bərabərhüquqlu, sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin yaradılması, elmi qabiliyyəti olan hər bir vətəndaşa elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək və yaradıcılığını təkmilləşdirmək üçün şəraitin yaradılması, son nəticədə isə elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyini, elmi araşdırmaların, o cümlədən fundamental və tətbiqi tədqiqatların inkişafının stimullaşdırılmasını təmin etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı halda qanunvericiliyə daxil edilmiş müddəanın hərfi təfsiri dövlətin bu zaman güddü məqsədə zidd ola və yekunda hədsiz formalizmlə nəticələnə bilər. Buna görə də məhkəmə istinad olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə dair qərar qəbul edənədək İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə dair qərar qəbul edilənədək İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsi cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar