Məhkəmə qərarları › İş №2-1(112)-1898/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1898/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1898/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı2 iştirakı ilə, iddiaçılar Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, 1 May y/yaşayış sahəsi döngə 4, 20 saylı evə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə olunası barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı2 uzun illər hüquq mühafizə orqanlarında işləmişdir. Hal-hazırda isə təqaüddə olan polis polkovnikidir. Dövlət tərəfindən ona ev verilmədiyi üçün 2000-ci il tarixdə Binəqədi rayon İcra hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi 548 saylı, xx.xx.2000-ci il tarixli məktubla RİH etdiyi müraciətinə əsasən, Nəsimi rayonu Cəbiyev küçəsi ev 4 a, mənzil 27-də yaşayan arvadı, iddiaçı Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızının və onların mənzil şəraitinin ağır olmasını nəzərə alaraq, Biləcəri qəsəbəsində uzun müddət bağ-bostan kimi istifadə etdikləri torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını xahiş etmişdir. Bakı şəhər XDS İK-nin fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında xx xxxxxx 1989-cu il tarixli 13/713 nömrəli qərarının 1.2-ci bəndindəki Binəqədi rayonunun qəsəbələrində məhəllədaxili ərazilərdə sərbəst torpaqayırma hüququna malik olmasını, Bakı şəhər İcra hakimiyyəti başçısının xx xxxxxxxx 1999-cu il tarixli, 821 saylı Sərəncamı əsas götürülərək, Biləcəri qəsəbəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv. metr ayrılmış torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi ev tikilməsi üçün Binəqədi rayon İcra hakimiyyətinin xx xxxxxxx 2000-ci il tarixli 1605 nömrəli Sərəncamı ilə arvadı-Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızına verilmişdir. Həmin torpaq sahəsində verilmiş Sərəncamın bəndlərinə uyğun olaraq 2000-ci ildə fərdi ev tikilmiş, Binəqədi rayonu 1 May y/yaşayış sahəsi döngə 4 ev 20 ünvanı verilmişdir. Onların 4 nəfərdən ibarət ailələri vardır. Onlar artıq 20 ildir ki, həmin evdə qeydiyyatsız olaraq yaşayırlar. Evə aid bütün kommunal xərcləri, torpaq vergisi tərəflərindən ödənilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarışın verilməsi üçün müraciət etmələrinə baxmayaraq, imtina məktubu verilmişdir. Fərdi evə qeydiyyata düşmələri ilə bağlı Bakı şəhəri Binəqədi rayon polis idarəsinə dəfələrlə müraciət olunmuşdur, 059-32129Kol-3210 saylı xx.xx.2020ci il tarixli imtina ərizəsində Binəqədi rayon polis idarəsi məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçılar Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızı, İddiaçı3 və İddiaçı4 və cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30.4 və 62.3cü maddələrinə əsasən cavabdehin və digər iddiaçıların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; xx.xx.1969-cü il təvəllüdlü X2 məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 4 A, 27/27A ünvanında qeydiyyatdadır. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2 məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 4 A, 27/27A ünvanında qeydiyyatdadır. xx.xx.1994-ci il təvəllüdlü İddiaçı4 məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 4 A, 27/27A ünvanında qeydiyyatdadır. xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3 məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 4 A, 27/27A ünvanında qeydiyyatdadır. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (Vİ JQ seriyalı 381566 №li) müəyyən olunur ki, İddiaçı2 ilə X3 1993-cü ilin noyabr ayının 11-ci günündə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışla müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1969-cu il təvəllüdlü X4, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1994-cü il tarixli İddiaçı4, ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1605 №-li Sərəncamından ilə müəyyən olunur ki, 4-cü mikrorayon, Cəbiyev küçəsi, ev 4a, mənzil 27 ünvanında yaşayan X1 ağır mənzil şəraitini nəzərə alaraq, Biləcəri qəsəbəsində uzun müddət bağ-bostan kimi istifadə etdiyi torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmasını xahiş etmişdir. Qeyd edilənləri və Bakı şəhər XDS İK-nin fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarının 1.2-ci bəndindəki Binəqədi rayonunun qəsəbələrində məhəllədaxili ərazilərdə sərbəst torpaq ayırma hüququna malik olmasını, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 821 saylı sərəncamını əsas götürərək, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında, fərdi yaşayış evinin tikintisi üçün Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızına ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu, Binəqədi İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2008-ci il tarixli aktdan müəyyən olunur ki, BRİH-i Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi S.Quliyev, qəsəbə nümayəndəsinin müavini H.Muğallı və qəsəbə nümayəndəsində məsləhətçi O.Qasımovun iştirakı ilə həmin aktı tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Nəsimi rayonu, Cəbrayıl küçəsi, ev 4 “A” saylı mənzil 27-də yaşayan X1 ”inşa etdirdiyi evinin sənədləşdirilməsi barədə” yazdığı ərizəsi əsasında ona məxsus olan torpaq sahəsində oldular. Məlum oldu ki, torpağın mülkiyyətə verilməsinə dair Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti başçısının 1605 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün A.İ.Ələkbərovaya 600,0 kv.met torpaq sahəsi ayrılmışdır. Həmçinin yerində aparılan yoxlama zamanı məlum oldu ki, həqiqətən də A.İ.Ələkbərovaya ayrılmış 600,0 kv.metr torpaq sahəsində evin inşası başa çatdırılmışdır. Ev istismara yararlıdır və bütün sanitar-texniki normalara cavab verir. Ev Biləcəri qəsəbəsi, 1 X7 massivi 4-cü döngə, 20 saylı ünvanda yerləşir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********83 №-li məktubunda qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi, döngə 4, 20 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı Vəliyeva ( Ələkbərova) Aygün İsrafil qızının hazırki tələblə bağlı müraciətinə cavabdehin 059-32129K01-3220 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə imtina edilmiş və imtinada Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onların, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 4 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etmələri bildirilmişdir. Eyni zamanda Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun və ailə üzvlərinin göstərilən ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafiq olmadığı, bu məsələ ilə bağlı onun məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu qeyd olunmuşdur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Normanın məzmunundan göründüyü kimi qanunverici yaşayış yeri üzrə qeydiyyata alınmaq istəyən şəxs üçün alternativ hüquqi imkanlar nəzərdə tutur: (a) yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya (b) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim olunması. Həmin alternativ imkanlardan hər hansı birinin mövcudluğu şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas verir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədikləri ünvan 5 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədləri olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar Vəliyeva (Ələkbərova) Aygün İsrafil qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı ünvan 6 ünvanına qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar