Məhkəmə qərarları › İş №2-1(112)-1899/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1899/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1899/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən, sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağa dair İddiaçı adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyinin o zamanki direktoru T.Allahverdiyevlə bağladıqları “Bağın icarəyə verilməsi haqqında” xx xxxxx 1999-cu il tarixli, 2239 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahəsi 0.095 ha təşkil edən 213 A saylı bağ sahəsini götürmüşdür. Yuxarıda qeyd etdiyi müqavilənin şərtlərinə tam əməl etmiş, torpaq sahəsində abadlıq işləri aparmış, ağaclar əkmiş və s. işlər görmüşdür. Ona məxsus bağ sahəsi ilə eyni ərazidə və yerdə X5 məxsus 273 saylı bağ evi və sahəsi yerləşir. Həmin bağ evinə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına xüsusi mülkiyyət hüququna dair ******* nömrəli çıxarış verilmişdir. O, da ona və ailə üzvlərinə məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən 213 A saylı bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi xahşi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********26 saylı məktubu ilə onun qanuni və əsaslı xahişinin yerinə yetirilməsindən imtina etmişdir. Qeyd etdiyi qurum tərəfindən onun təqdim etdiyi sənədlər xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. Onun qanuni tələbinin icra edilməməsini cavabdeh əsassız olaraq onunla əsaslandırmışdır ki, “sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 273 a saylı bağın ərazisinə uyğun gəlir. O, belə hesab edir ki, cavabdehin qeyd etdiyi xahişinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, “Bağın icarəyə verilməsi haqqında” xx xxxxx 1999-cu il tarixli, 22390 saylı müqavilədə də onlara məxsus 213 A saylı bağ sahəsi göstərilmişdir. Onun günahı deyildir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi kimi həmin sahə 273 A göstərilməyib. Həmçinin bağ sahəsinin 273 A və ya 213 A göstərilməsini o, xahiş etməmiş və bu fakt məsələnin qanun çərçivəsində həllinə heç bir təsir göstərmir. Ona görə də, o, tam əmindir ki, təqdim etdiyi sənədlərə əsasən onun adına 213 A saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina edilməsi heç bir hüquqi fakta əsaslanmır. Bu səbəbdən də, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən, sahəsi 0.095 ha təşkil edən, 213 A saylı bağ sahəsinə onun adına dövlət reyestri xidmətindən mülkiyyət hüququna dair çıxarışın verilməsi məhkəmə qərarına əsasən 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi qonşu bağ sahəsi ilə eyni hasar daxilindədir və bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 273 saylı bağın əraizinə uyğun gəlir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********26 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, **********26 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinin qonşu bağ sahəsi eyni hasar daxilindədir və bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəriyə əsasən göstərilən sahəsi 273 A saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən İdarənin arxivində mövcud olan keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.1999-cu il tarixli, 22390 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixli və həmin nömrəli müqaviləyə əsasən İddiaçı ilə X2 və İstismarı Birliyi arasında “Bağın icarəyə verilməsi haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən birlik Nardaran qəsəbəsində 0.095 hektarlıq torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Müqavilədə bağın nömrəsi 213 A qeyd edilmişdir. İşdə olan “xxxxxxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının ona məxsus bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonaları ilə bağlı arayış verilməsinə dair ərizəsinə əsasən bildirilmişdir ki, həmin bağ torpaq sahəsinin çölündən, yolun digər tərəfindən keçən 6 kV-luq xəttin istismarında çətinlik yaranmadığı üçün ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Məhkəmə cavabdehin həmin məktubda əks olunan əsaslarla bağlı məhkəmə qeyd edir ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin torpaq sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunluşdırılmaqla plan ölçünün verilməsi də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 22390 saylı, xx xxxxx 1999-cu il tarixli müqaviləsinə əsasən Nardaran qəsəbəsi ərazisindəki X6 və İstismarı Birliyi tərəfindən 0.095 ha torpaq sahəsində yerləşən «213A» nömrəli bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. Beləliklə, İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə qanunda nəzərdə tutulmuş mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmasının mövcud olması zəruridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh imtinasında mübahisəli torpaq sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini bildirsə də, “xxxxxxxx” ASC tərəfindən həmin torpaq sahəsinin çölündən, yolun digər tərəfindən keçən 6 kV-luq xəttin istismarında çətinlik yaratmadığını, mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmadığından, iddia təmin edilməli Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyi tərəfindən müqaviləyə əsasən Nardaran qəsəbəsindəki bağlar sahəsində ölçüsü 0,095 ha torpaq sahəsi olan, 213 a saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyinin 22390 saylı, xx xxxxx 1999cu il tarixli müqaviləsinə əsasən ayrılmış Nardaran qəsəbəsi bağlar sahəsində ölçüsü 0,095 ha torpaq sahəsi olan, 213 A saylı bağ sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar