Məhkəmə qərarları › İş №2-1(112)-1899/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1899/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1899/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı "85500 manat əldən çıxmış fayda qismində vəsaitin və 80000 manat dəyərində obyektin dəyərinin, cəmi 165600 manat vəsaitin tutulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş “ƏMX Qaya” İKF 6 saylı ticarət obyektinin 2001-ci il tarixindən kirayəyə verildiyi nəzərə alınaraq 85500 manat əldən çıxmış faydanın, 80000 manat dəyərində ticarət obyektinin real bazar qiymətlərinə uyğun dəyərinin, ümumilikdə 165500 manat dəyərində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən “ƏMX Qaya” İKF-nin 6 saylı emalatxanasının sahibi olmuşdur.Həmin obyekt cavabdeh tərəfindən 2001-ci ildə sökülmüşdür.İddiaçı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh obyektin bərpa edilməsi barədə tədbir görməmişdir.Həmin obyektin söküldüyü 2001-ci ildən bu günə qədər iddiaçının təqribi qazancı 85500 manat təşkil edəcəkdi. Lakin iddiaçı həmin qazancdan məhrum olmuşdur.Həmçinin sözügedən ticarət obyektinin bu günə bazar qiyməti 80000 manat təşkil edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində sözügedən qeyri-yaşayış sahəsinin 2001-ci ildə söküldüyünü göstərmişdir, lakin iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət edərək hüququnun pozulduğunu bildirmişdir.Məlumat üçün bildiririk ki,qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı iddia hüququnun əmələ gəldiyi gündən başlanır və iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Eyni zamanda Xətai rayonu, Q.Yəhya küçəsi,28 ünvanında yerləşən “ƏMX Qaya” İKF 6 saylı emalatxanaya dair rayon İcra Hakimiyyətində heç bir məlumat aşkarlanmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

7.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: xx.xx.1997-ci il tarixli notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən X1 Əmlak Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli şəhadətnaməsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Q.Yəhya küçəsi, 28, 6 ”a” №li emalatxananı (sahəsi 12 kv metr) iddiaçıya satmışdır; "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyinə əsasən İddiaçı sahiblik hüququ olan Xətai rayonu, İnqilab İsmayılov (keçmiş Qulam Yəhya) küçəsi, 28-də sökülənə qədər yerləşmiş Xətai rayon ƏMX “Qaya” İKF-nin 6a saylı emalatxanasının və qeyri-yaşayış sahəsinin vahid əmlak olaraq xx.xx.2022-ci il tarixinə mövcud olduğu halda bazar dəyəri 78000 manat təşkil edir; Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, qeyd olunan ünvanda ona məxsus ticarət xidməti obyektinin olması və ya həmin obyektin sökülməsi barədə rayon icra hakimiyyətində hər hansı məlumat qeydə alınmamışdır; xx.xx.2000-ci il tarixli iddiaçı ilə Xətai rayon MKTB arasında bağlanmış “Qeyriyaşayış sahələri üzrə istismar xərclərinin yığım haqqı üçün birtipli müqavilə”yə əsasən iddiaçı Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən obyektə görə illik ümumi istismar yığımı haqqı olan 31500 manat məbləğini sonuncuya ödəməyi öhdəsinə götürmüşdür; Bakı şəhəri 12 saylı Dövlət Notariat Ofisinin 3M-6-1073 nömrəli notariat işində olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməsinə və 1187 №li, xx.xx.1996-cı il tarixli alqısatqı müqaviləsinə əsasən əsasən Bakı şəhəri, Q.Yəhya küçəsi, 28-də yerləşən 6a №li emalatxana və 12 kv metr qeyri-yaşayış sahəsini X2 Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən satın almış, alınmış əmlakın tərkibinə Xətai rayon ƏMX “Qaya” İKFnın 6/a saylı emalatxanası və 12 kv metr qeyri-yaşayış sahəsi daxil olmudur, X2 12 kv metr qeyri-yaşayış sahəsini iddiaçıya xx.xx.1997-ci ildə alqı-satqı müqaviləsi əsasında satmışdır.

İV. Məhkəmənin mövqeyi

8.Məhkəmə, iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir.

11. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;.. 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir; Həmin Qanunun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 13.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 15.İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonunun ərazisində daşınmaz əmlakın mülkiyyətçisi olmuşdur və həmin əmlak cavabdeh tərəfindən Bakı şəhərinin Xətai rayonunun ərazisinin abaşdlaşdırılması işlərinin həyata keçirilməsi zamanı sökülmüşdür, bu zaman iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının mülkiyyətində olmuş əmlakınqeyri-yaşayış sahəsinin ölçüsü 12 kv metr olmuşdur, qeyd edilən hal Bakı şəhəri, 12 saylı Dövlət Notariat Ofisinin 3M-6-1073 nömrəli işində olan xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi ilə təsdiqlənir, belə ki, məhz həmin müqavilə əsasında iddiaçı Bakı şəhəri Xətai rayonu ərazisində qeyri-yaşayış sahəsini əldə etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 1695 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən həmin rayon ərazisində köçürülmə ilə əlaqədar qeyri-yaşayış sahələrinin hər bir kv metr sahəsinə görə 2500 manat məbləği ödənilmişdir, belə olan halda 12 kv metr qeyri-yaşayış sahəsinin sökülməsinə görə cavabdeh tərəfindən iddiaçıya 30000 manat kompensasiya ödənilməlidir.

16. Eyni zamanda iddiaçı ticarət obyektinin 2001-ci ildən kirayə veriləcəyi təqdirdə 85500 manat gəlir əldə edəcəyini göstərərək 85500 manat əldən çıxmış faydanın da cavabdehdən tutulmasını tələb edir. Lakin iddiaçı tərəfindən ticarət obyektinin 2001-ci ildən kirayə verəcəyi təqdirdə 85500 manat məbləğində gəlir əldə edəcəyinə dair sübutları – həmin ərazidə eyni sahəyə malik qeyri-yaşayış sahəsinin ayda 300-350 manat kirayəyə verilməsinə dair kirayə (icarə) müqavilələrini və s. məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının iddiasını 85500 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya sökülmüş ƏXM ”Qaya “İKF-nin 6 saylı ticarət obyektinin dəyəri 30000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 19.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı sökülmüş ƏXM ”Qaya “İKF-nin 6 saylı ticarət obyektinin dəyəri 30000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar