Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18995/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, mərhum atası X1 doğum haqqında akt qeydi ilə bağlı yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Atası 1953-cü il 13 may tarixində Bakı şəhərində anadan olmuşdur. Onun doğum faktı Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 935 saylı, xx.xx.1953cü il tarixli doğum haqqında akt qeydi ilə rəsmiləşdirilmiş və həmin qeyddə atasının soyadı “Məmişov” kimi göstərilmişdir. Sonrakı illərdə məlum olur ki, atasının atası – iddiaçının babası - ailə soyadını dəyişdirərək “Məmişov” soyadını “Neymətov” soyadı ilə əvəz etmişdir. Bu dəyişiklik ailənin bütün üzvləri tərəfindən qəbul olunmuş və həmin dövrdən etibarən ailə məişətində, rəsmi yazışmalarda və dövlət qeydiyyat sənədlərində “Neymətov” soyadı ilə istifadə edilmişdir. Babanın soyad dəyişikliyi ilə bağlı inzibati qaydada aparılmış dəyişiklik nəticəsində, atasının sonrakı bütün rəsmi sənədlərində onun soyadı artıq “Neymətov” kimi rəsmiləşdirilmişdir. Bu fakt aşağıdakı rəsmi sənədlərlə təsdiqlənir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2113 saylı, xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydi, burada atasının soyadı “Neymətov” kimi göstərilmişdir. xx.xx.2007-ci il tarixli, 1167 saylı ölüm haqqında akt qeydi - burada da atasının soyadı “Neymətov” kimi qeyd olunmuşdur. Atasının əmək kitabçası, şəxsiyyət vəsiqəsi, hərbi bilet, pensiya sənədləri, nikah və ailə tərkibi haqqında arayışları da daxil olmaqla bütün digər rəsmi sənədlərində onun soyadı “Neymətov” kimi istifadə olunmuşdur. Beləliklə, atasının faktiki şəxsiyyəti və bütün həyat fəaliyyəti “Neymətov” soyadı ilə hüquqi və inzibati sənədlərdə rəsmiləşdirilmiş, bu soyadla dövlət qeydiyyatlarında iştirak etmişdir. Lakin hazırda arxivlərdə saxlanılan 1953-cü il tarixli ilkin doğum haqqında akt qeydində soyad hissəsinin “Məmişov” kimi qalması, ailəsində aparılan hüquqi əməliyyatlarda — o cümlədən miras məsələlərinin rəsmiləşdirilməsi, varislik sənədlərinin toplanması, nəsil əlaqələrinin təsdiqlənməsi və rəsmi arxiv müraciətlərində şəxsiyyətin eyniləşdirilməsi proseslərində ciddi ziddiyyətlər və hüquqi çətinliklər yaradır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək atasının doğum haqqında 935 saylı akt qeydində soyad hissəsinin “Məmişov”dan “Neymətov”a dəyişdirilməsi barədə vəsatət vermişdir. Cavabdeh orqan tərəfindən onun müraciəti xx.xx.2025-ci il tarixli, 3-16- 5/7-10-2525/25 nömrəli rəsmi məktubla cavablandırılmışdır. Həmin cavabda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün “kifayət qədər əsasların olmadığı” müəyyən edilmişdir. Eyni zamanda, məktubda ona məhkəmə qaydasında müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunan imtina qərarı onun fikrincə əsassız və hüquqa zidd xarakter daşıyır. Çünki atasının doğum haqqında ilkin qeydində göstərilən “Məmişov” soyadı sonrakı dövrlərdə bütün dövlət qeydiyyat sənədlərində rəsmi şəkildə “Neymətov” soyadı ilə əvəz olunmuş, bu soyadla o, həm dövlət orqanlarında qeydiyyatdan keçmiş, həm ailə üzvləri və varisləri ilə hüquqi münasibətlərdə iştirak etmiş, həm də ölüm haqqında şəhadətnaməsində eyni soyadla göstərilmişdir. Belə bir vəziyyətdə ilkin akt qeydi ilə sonrakı rəsmi sənədlər arasında yaranmış ziddiyyətin aradan qaldırılması üçün doğum haqqında akt qeydində soyadın “Neymətov” kimi dəyişdirilməsi hüquqi zərurətə çevrilmişdir. Cavabdeh orqanın imtina qərarı nəticəsində iddiaçı və digər ailə üzvləri bu ziddiyyət səbəbindən miras hüquqlarını həyata keçirməkdə, notariat əməliyyatlarında sənədlərin uyğunlaşdırılmasında və atalıq əlaqəsini təsdiq edən hüquqi sənədlərin eyniləşdirilməsində faktiki çətinliklərlə üzləşir. Bu səbəbdən, yuxarıda göstərilən hallar və təqdim edilmiş sənədlər əsasında məhkəmə qaydasında atasının doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün bu iddia ərizəsi ilə çıxış edir. İş materiallarından göründüyü kimi, doğum haqqında şəhadətnaməsində soyadın “Məmişov” kimi qeyd edildiyini, lakin onun bütün digər rəsmi sənədlərində - o cümlədən şəxsiyyət vəsiqəsində, nikah və ölüm şəhadətnamələrində, əmək kitabçasında və digər dövlət orqanları tərəfindən verilmiş sənədlərdə soyadın “Neymətov” kimi göstərildiyini əsas gətirərək, doğum haqqında akt qeydində soyadın “Neymətov” kimi dəyişdirilməsi barədə inzibati orqana müraciət etmiş, lakin həmin orqan onun müraciətini əsassız olaraq təmin etməmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/7-10-2525/2025 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 935 saylı xx.xx.1953-cü il tarixli doğum haqqında akt qeydinin uşaq və ata haqqında məlumat bəndində soyad “Məmişov" qeyd olunsa da, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1167 saylı xx.xx.2007-ci il tarixli ölüm haqqında akt qeydinin, ata haqqında məlumat bəndində, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2113 saylı xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydinin uşaq və ata haqqında məlumat bəndində soyad “Neymətov” qeyd olunmuş və ziddiyət təşkil edir. Bildirirk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.”
4. Cavabdehin iddiaya dair münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı atası Neymətov (Məmişov) Tahir Ziyatxan oğlun 935 saylı aktla xx.xx.1953-cü il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış doğum haqqında akt qeydində soyadının “Məmişov”dan “Neymətova” düzəliş edilməsilə bağlı müraciət etmiş, lakin kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. Həmçinin, xx.xx.2026-cı il tarixdə keçiriləcək işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur.
12. AZ-İ 268617 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Şəhadətnamədə şəxsin soyadı “Neymətov” kimi göstərilmişdir. Şəhadətnamə Suraxanı rayonu VVAQ şöbəsi tərəfindən verilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin 1 saylı bölməsi tərəfindən xx.xx.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilən X2 xx.xx.1953-cü il tarixli 935 saylı doğum haqqında akt qeydinin surətinə əsasən X4 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Aktda şəxsin soyadı “Məmişov” kimi göstərilmişdir.
IV. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
16. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
17. İddia tələbi iddiaçının mərhum atasına məxsus olmuş doğum akt qeydində soyad qrafasının “Məmişov” əvəzinə “Neymətov” kimi düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
19. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.
20. Məhkəmə qeyd edir ki, iddiaçının AA******* nömrəli şəxsiyyət vəsiqəsində atasının adının Tahir olması iş materialları ilə müəyyən edilir. İddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur, şəhadətnamədə atasının adı “X3” kimi, xx.xx.1953-cü il tarixli 935 saylı doğum haqqında akt qeydində isə onun adı “X4” olaraq göstərilmişdir.
21. İddiaçının mərhum atasına məxsus olmuş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən edir ki, Suraxanı VVAQ tərəfindən tərtib edilən AZ-İ 268617 saylı ölüm haqqında şəhadətnamə onun soyadı “Neymətov” kimi qeyd edilmişdir.
22. Nəzərə alınmalıdır ki, iddiaçının atasına məxsus olmuş sənədlərdə “adı, “soyadı”, “ata adı” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər, eyni zamanda iddiaçının doğum haqqında şəhadətnaməsində “ata, anası haqqında” məlumatlar eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin tam adının “X3”, milliyətinin azərbaycanlı, doğulduğu tarixin xx.xx.1953-cü il olduğu aydın görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.
23. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının atasının soyadının “Neymətov” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının atasının doğum haqqında akt qeydində düzəliş edilməli və onun soyadı “Məmişov” deyil, “Neymətov” kimi göstərilməlidir.
24. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Qərara aldı:
İddia təmin edilsin. İddiaçının atası X1 xx.xx.1953-cü il tarixli 935 saylı doğum haqqında akt qeydində soyad qrafasında “Məmişov” əvəzinə “Neymətov” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva