Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və Bakı şəhəri Səbail rayon Bələdiyyəsi) «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və Bakı şəhəri Səbail rayon Bələdiyyəsi) «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 131 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Səbail rayon Bələdiyyəsinin 131 saylı, 15 dekabr 2005-ci il tarixli Qərarı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqısatqı qaydasında mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə adına çıxarış alınması üçün sənədlərini AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim etmiş. Sənədlərini qəbul etdilər. Lakin bir müddət sonra reyestr xidməti ona imtina məktub ünvanlayaraq ona məxsus olan torpaq sahəsinin digər bir fiziki şəxsin mülkiyyətində olduğunu bildirmişdir. Həmçinin məktubda ona məlum olmayan məhkəmə bildirişinə də istinad edilmişdir. Ona məxsus olan torpaq sahəsinin digər şəxsin mülkiyyətinə necə verilə bilər. Ona ayrılmış torpaq sahəsinin hansı fiziki şəxsin mülkiyyətində olduğunu soruşduqda ona, X7 mülkiyyətindədir deyə cavab vermişlər. Ona məxsus torpaq sahəsi Salyan 32 ünvanda yerləşir və qonşuluğunda X8, X3 və başqaları var ki, onların bu yaxın zamanlarda torpaq üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Onun torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından yuxarıda qeyd olunan şəxsin adına reyestrdən çıxarış verildiyi üçün imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və Bakı şəhəri Səbail rayon Bələdiyyəsi) «çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. (hakim A.Oruczadə) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1895/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün məhkəməyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1895/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə, iddiaçıya ayrılan torpaq sahəsinin bələdiyyəyə, yoxsa, dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğunu aydınlaşdırmadan, öz qərardadı ilə təyin etdiyi məhkəmə ekspertizasını başa çatdırmadan, və iş üçün əhəmiyyət kəsb edən sübutları toplayıb onları hərtərəfli araşdırıb hüquqi qiymət vermədən iddianın rədd olunması barədə əsalandırılmamış nəticəyə gəlmişdir. (qərardadın 3-cü səhifəsinin 7-ci abzası) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə prosessual hərəkətlər davam etdirilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak eymədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir, həmçinin konfiqurasiya fərqləri mövcuddur və perimetrik ölçülər göstərilməyib. Həmçinin keçmiş DTXK-İ tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Eyni zamanda sözügedən torpaq sahəsi X6 mülkiyyətindədir. Torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)5405/2014 saylı inzibati işi ilə bağlı bildirişi daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********15 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əsasən ünvan 6 X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. AN -J № 0579909, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X11 tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi ona qarşı hazırlanmış, hüquqlarını həyata keçirtməyə imkan verməmək üçün edilmiş qərəzli hərəkətdir. Belə ki, o, 1 saylı Bakı İnzibati- İqtisad məhkəməsinə hazır ki, iddiaçının qohumu 3-cü şəxs X4 və Səbail Bələdiyəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsinin vətəndaş X4 Bakı şəhəri Səbail rayonu Salyan yolu şosesi 32 ünvanda 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair 15 oktyabr 2005-ci il tarixli 142 saylı Qərarının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İnzibati iş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində (hakim Miminat Hacıbəyova, iş N- 2-1(81)-2976/2019) araşdırılmış və iddia tələbi təmin olunmuş, Səbail Bələdiyyəsinin qeyd olunan qərarı ləğv olunmuşdur. Lakin sonradan hazırki iddia ilə iddiaçı qərəzli olaraq məhkəmədə iddia qaldırmışdır ki, ona mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını həyata keçirə bilməsin. İş materiallarından da görünür ki, Səbail Bələdiyyəsinin iki qərəzli Qərarı vardır. Eyni yerə iki müxtəlif şəxsə 15 oktyabr tarixdə bir, 16 oktyabr 2005-ci ildə ikinci Qərarı vermişdir. Məhkəmə baxışı zamanı Səbail Bələdiyyəsinin nümayəndəsi bildirmişdir ki, qərarlar saxtadır. Bələdiyyədə bu qərarlar barədə məlumat yoxdur. Məhkəmənin Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş üzrə İdarəsindən də bildirilmişdir ki, onlarda belə qərarlar barədə məlumat yoxdur. İddianın rədd olunması, Səbail Bələdiyyəsi və iddiaçı barədə xüsusi qərardad çıxarılaraq Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edəsini xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir, həmçinin konfiqurasiya fərqləri mövcuddur və perimetrik ölçülər göstərilməyib. Keçmiş DTXK-i tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Eyni zamanda sözügedən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5405/2014 saylı inzibati işi ilə bağlı bildirişi daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, uzun müddət bundan əvvəldən abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi, Salyan şossesi, 32 ünvanda 600 kv.m torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinə torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin inzibati ərazisində 600 m2 torpaq sahəsinin satılması barədə 15 dekabr 2005-ci il tarixli 131 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin hesabına 2496 manat torpaq haqqı ödənilmişdir. - Səbail rayonu, Səbail bələdiyyəsi (VÖEN **********) tərəfindən verilmiş № 170045 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən torpaq alqısı üçün iki min dörd yüz doxsan altı manat ödənilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli № 1971 saylı sərəncamının surətindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X2 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X1 adına rəsmiləşdirilmiş və bu barədə ona qeydiyyat nömrəsi ********** saylı xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. - AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini X9 50.000 (əlli min) manat qiymətinə satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X6 adına rəsmiləşdirilmiş və bu barədə ona qeydiyyat nömrəsi ********** saylı xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********19 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən mübahisəli torpaq sahəsi üç tərəfdən mişar daşından hasarla , bir tərəfdən müəyyən hissəsi uçurulmuş mişar daşından hasar və qalıqları ilə sərhədlənib. Sahənin giriş qapısı qoyulmadığından girişçıxış sərbəstdir. Sözügedən ərazinin üzərində tikili yoxdur. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi **********82 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5287 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: Qərardadın birinci sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 və Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3- cü yaşayış massivi ərazilərinin sərhədləri barədə məlumat elektron kadastr bazasında aşkar edilmədi. Qərardadın ikinci sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X7 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli, RX- ******* saylı çıxarışa əsasən hasara alınmış 600 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisi olub-olmaması barədə elektron kadastr bazasında məlumat aşkar edilmədi. Həmçinin qeyd olunur ki, qonşu torpaq sahələri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisi kimi qeydiyyatdan keçmişdir. Qərardadın üçüncü sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X7 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli, RX- ******* saylı çıxarışın əlavəsi olan "torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlar və naturada ölçülmüş ərazinin döngə nöqtələrinin koordinatlarına əsasən hasara alınmış 600 kv.m torpaq sahəsinin yerləşmə mövqeyi, konfiqurasiyası, ölçüləri və digər parametrləri uyğun gəlir. Miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə, hasara alınmış 600 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədləri ilə uyğun gəlibgəlməməsini müəyyən etmək olmur. Qərardadın dördüncü sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən, sözügedən torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə X2 (hal-hazırda **********82 reyestr nömrəli çıxarışa əsasən X11 tərəfindən hasara alınmış 600 kv.m torpaq sahəsi) ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5287 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: Göstərilən mübahisəli 600,0 kv.m torpaq sahəsi (darvaza qapısı qoyulmadığından giriş-çıxış sərbəst olmaqla) üç tərəfdən mişar daş hasarla, bir tərəfdən bir hissəsi uçurulmuş mişar daş hasar və qalıqları ilə sərhədlənib. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi X6 adına xüsusi mülkiyyətdədir. Torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə heç bir məlumat aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əsassız olması ilə bağlı qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. ... Maddə 8. Hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasinin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddia tələbindən müəyyən edilir ki, iddiaçı öz tələbini Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı ilə əsaslandırmışdır. Həmin qərarla Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, bələdiyyəyə, yoxsa, dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğunu aydınlaşdırmaq məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5287 nömrəli Ekspert Rəyinin nəticə hissəsindən müəyyən edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi X6 adına xüsusi mülkiyyətdədir. Torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olmasını Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı ilə əsaslandırsa da, həmin torpaq sahəsinin bələdiyyə ərazisi olması işin məhkəmə araşdırılması öz təsdiqini tapmamışdır. Həmçinin, işin hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ********** qeydiyyat tarixli xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X6 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüququ qeydə alındığından və eyni torpaq sahəsinə dair təkrar qeydiyyatın aparılması yolverilməz olduğundan, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış şəxslərin həmin hüququları ləğv edilmədiyindən, habelə torpaq sahəsi iddiaçının əsaslandırdığı kimi bələdiyyə ərazisi olmadığından hazırki iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi digər vətəndaşların artıq mülkiyyətlərində olan torpaq sahələri ilə üst- üstə düşür. Yəni digər şəxslərin həmin torpaq sahəsinə dair (və ya onun bir hissəsinə) mülkiyyət hüquqları artıq qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni torpaq sahəsinə təkrarən müxtəlif şəxslərin hüquqları dövlət qeydiyyatına alına bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prossesual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prossesual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prossesual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və Bakı şəhəri Səbail rayon Bələdiyyəsi) «çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev