Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1900/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7, X6 və X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair 2-1(112)-1900/2022 saylı inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci massivdəki 22 nömrəli evdən orada qeydiyyatda olan X5, X3 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh 069-12550Q nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, həmin şəxslərin iddiaçının ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyil və qeyd olunan iddia ilə bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. İddiaçıya məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
3. Bundan sonra xx.xx.2021-ci il tarixdə İddiaçı cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5, X3 və X2 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivin 22 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə öhdəliyin Qaradağ rayon Polis idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. xx.xx.2021-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “X7, X6 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2ci massiv, 22 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis idarəsinə həvalə olunması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7, X6 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivindəki 2 saylı ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən xx.xx.1980-cı il tarixdə onun adına tam mülkiyyət kimi qeydiyyata alınmışdır. X7 iddiaçının bacısı, digər üçüncü şəxslər isə onun oğlu və nəvəsi olmaqla ona məxsus evdə qeydiyyatdadırlar. Bu ev iddiaçıya ərindən qalma evdir və iddiaçı bacısını onun işi ilə bağlı müvəqqəti olaraq öz evinə qeydiyyata salmışdır. Digər üçüncü şəxslər isə yəqin ki, birbaşa qeydiyyata alınmışlar. Lakin üçüncü şəxslər bir gün də olsun, iddiaçıya məxsus evdə yaşamamışlar, onların özlərinin evləri var. Üçüncü şəxlərin ona məxsus mənzildə qeydiyyatda qalması iddiaçı üçün bir sıra problemlər yaradır. Belə ki, iddiaçının mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır.
8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh xx.xx.2022-ci il tarixdə, ***-**** saylı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
11. 17 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs A.Quliyeva mübahisəli ünvanda yaşamadığını, oğlu Rəşad Baloğlanovun isə işləmək üçün xarici ölkəyə getdiyini bildirdi, eyni zamanda iddiaya etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər Ramiz Baloğlanlı və Rəşad Baloğlanov məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
15. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.1980-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46.7 kv.metr olan 3 otaqlı 22 nömrəli fərdi yaşayış evini 15000 rubla İddiaçıya satmışdır.
16. Bakı şəhər X1 Bürosu tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, 47 nömrəli Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv küçəsi, 22 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçının adına qeydiyyata alınmışdır.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, 002A3/1910 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi, 2-ci massiv, 22 nömrəli fərdi yaşayış evi üzərində İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01L/B nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış, əmlak üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır.
18. İş materiallarından görünür ki, X7 xx.xx.1982-ci il tarixdən, X6 xx.xx.1997-ci ildən, X4 isə xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi, 2-ci massiv, 22 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar.
19. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********58 nömrəli məktubundan görünür ki, X7, X6 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ərazi Dairəsi, Lökbatan qəsəbəsi, 2-ci massiv, 22 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
20. Beləliklə, işin sadalanan hallarından məlum olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 22 saylı fərdi yaşayış evi 1980-ci ildən İddiaçının mülkiyyətindədir, üçüncü şəxslər həmin tarixdən sonra iddiaçının ərizəsinə əsasən həmin ünvana qeydiyyata alınmışlar, hazırda həmin ünvanda yaşamırlar.
21. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
22. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
23. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
25. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
26. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə qeydiyyata alınmış şəxsin digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
27. İşdən üçüncü şəxslərin mübahisəli əmlaka əşya hüququ kimi istifadə hüququnun olması müəyyən olunmur.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
30. İş materiallarında müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli evdə qeydiyyatda olsalar da, onların həmin əmlaka dair mülkiyyətçinin razılığı ilə qeydə alınmış məhdud əşya hüququ yoxdur.
31. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.
32. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir.
33. Eyni zamanda məhkəmə iclasında üçüncü şəxs A.Quliyeva mübahisəli evdə yaşamadıqlarını bildirmişdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
35. Beləliklə, iş materialları ilə üçüncü şəxslərin mübahisəli evə dair heç bir hüquqlarının olmaması, hazırda həmin evdə yaşamamaları tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, onların mübahisəli evdən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Buna görə də iddia tələbi təmin edilməlidir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. xx.xx.1955-ci il təvəllüdlü X5, xx.xx.1980-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 2ci massiv, 22 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova