Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1901/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı3 üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 oglunun iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Xucu qızının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “xx.xx.2014-cü il tarixli 410 saylı sərəncamın ləğv edilməsi, dəymiş ziyanın ödənilməsi, sökülən mənzillərin yerlərinin abadlaşdırılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Xucu qızı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 410 saylı sərəncamının ləğv edilməsi, mənzillərə dəymiş ziyanın həcmini obyektiv olaraq ekspert ilə müəyyən edib sakinlərə şirkət tərəfindən ödənilməsi, həmçinin sökülən mənzillərin yerlərinin abadlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2016-cı ildən iddiaçıların yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov 21, Süleyman Rüstəm 66 və Qulu Quluyev küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən fərdi mənzillərin alınıb qanunsuz olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin mövcud normalarını pozaraq insanları təhlükə altında qoyaraq sökülməsi prosesinə başlanmışdır. Dəfələrlə sökülmə prosesində hazırda köçürülməyən mənzilərdə yaşayan sakinlərin divarlarında uçqun olmuş və sakinlər müəyyən xəsarətlər almış, bununla bağlı aidiyyəti orqanlara müraciətlər olsa da, problemin həllinə laqeyid yanaşılmışdır. Artıq 4 ildən çox müddətdir ki vətəndaşlar bu vəziyyətdə yaşamağa qəsdən məcbur edilir ki, sonda vətəndaşın iradəsini sındıraraq şirkətin təklif etdiyi məbləğə qane olsun və ərazini sakinlər tərk etsin. Ərazidə olan 39 ailədən 28 ailə müxtəlif yollarla şirkət tərəfindən köçürülmüşdür. Şirkət ilə razılaşmayan 11 ailənin yaşadığı mənzillər isə tikinti şirkəti tərəfindən qəsdən qəzalı vəziyyətə salınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iş materiallarından görünür ki, iddiaçılara hüquqi yardım haqqında sərəncam və məktublar təqdim edilərək, iddia tələbində qaldırdıqları tələblərin dəqiqləşdirilməsi, mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilməsi izah edilmişdir. Lakin, iddiaçılar qanunvericiliyə uyğun olaraq məhkəmənin hüquqi yardımına münasibət bildirməmişlər. Məhkəmənin 2-1(112)-6758/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, digər iddiaçıların və cavabdehin nümayəndəsini iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Keçirilmiş hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələbinin məzmununda alternativliyə yol verildiyindən, yəni iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən və iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, Bakı şəhərinin baş planına əsasən paytaxtı daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların sökülərək onların yerində çoxmənzilli çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 410 saylı sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsindəki 983-cü məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi, vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MMC-yə tapşırılmışdır. MMC Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilən sərəncamının icrası ilə əlaqədar mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirib və keçirir. Binanın bir çox sakinləri ilə qəzalı vəziyyətdə olan evlərdən köçürülmələri barədə razılığa gəlinib, sakinlər öz əşyalarını çıxarıb, mənzilləri boşaldıb. 2014-cü ildən tikinti işlərinin başlanması və iddiaçılarla danışıqlar aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan məlumatlı olduqlarını göstərir. İddiaçıların müddəti ötürməklə iddia verdiyini nəzərə alaraq iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 410 saylı sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsindəki 983-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. İddiaçıların tələbi bir neçə tələbdən ibarətdir. Birincisi, iddiaçılar Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 410 saylı sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPMin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, yaşadıqları mənzilin yaxınlığında 2016-cı ildən davam edən söküntü tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrini kobud şəkildə pozularaq edilir. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçıların nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 410 saylı sərəncamı xx.xx.2014-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 7 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı 3-cü şəxsin nümayəndəsi mübahisələndirilən sərəncam əsasında tikinti işlərinin sərəncamın verildiyi vaxtdan başlanıldığını bildirmiş və bununla əlaqədar hələ 2014-cü ildən mülkiyyətçilərlə danışıqlar aparıldığını, sakinlərin köçürüldüyünü bildirmişdir. İşdən görünür ki, iddiaçılar mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olması ilə bağlı konkret mövqe göstərməmiş, lakin iddia ərizəsindən də göründüyü kimi yaşadıqları mənzilin yaxınlığında 4 ildir ki, davam edən söküntü tikinti işlərindən məlumatlı olmuşlar. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunubolunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçılar mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq oldugundan İnzibati Prossessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçiya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. Hazırkı iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Əlavə olaraq, məhkəmənin qənaəti belədir ki, iddiaçıların məhkəməyə təqdim etdiyi ərizədə cavabdeh inzibati orqan kimi göstərilən Bakı şəhər İcra Hakimiyyətinə qarşı yönələn tələblər üzrə cavabdeh orqan olmadıgından, iddia mümkün sayılmamalıdır. Odur ki, iddiaçılara izah edilir ki, iddia ərizəsində qaldırılan “dəymiş ziyanın ödənilməsi, sökülən mənzillərin yerlərinin abadlaşdırılması” tələbləri ilə bağlı tikinti şirkətinə qarşı ümumi yurisdiksiyalı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1901/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1901/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver