Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1901/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən 3-cü dərəcəli Müharibə əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla həmin tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş, müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 7 (yeddi) nəfər (özü, həyat yoldaşı, iki oğlu, iki qızı və bir nəvəsi) ailə üzvləri ilə birlikdə daxil edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixində anadan olmuşdur. İki il Sovet Ordusunda, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmdir. xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixədək 2-ci dərəcə və xx.xx.2021-ci ildən 3-cü dərəcə müddətsiz müharibə əlilidir. Binəqədi rayon icra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlillərinin siyahısına Ağdam rayon İcra Hakimiyyətində xx.xx.2019-cu il tarixdən növbədə olması nəzərə alınmaqla əlavə edilməsinə, mənzillə təmin olunmasına köməklik edilməsi barədə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinə elektron və yazılı müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinada bildirmişdir ki, o, 7 ildən az olmayaraq Bakı şəhərində qeydiyyatda olmalıdır və bu səbəbdən mənzil növbəsinə götürülməkdən imtina edilir. Hesab edir ki, Binəqədi rayon İcra Hakimiyyətinin hərəkəti qanunsuz və əsassızdır. Belə ki, o, Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundda gedən döyüşlərdə iştirak etmiş, xəstələnmiş, xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək 2-ci dərəcə və xx.xx.2021-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazandığı xəstəliklərdən səhətində olan dəyişikliklə bağlı ona 3-cü dərəcə müddətsiz müharibə əlili təyin edilmişdir və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamında Binəqədi rayon İcra Hakimiyyətinin ona qarşı hərəkətizliyi haqqında heç bir qanunun tələbləri öz əksini tapmamışdır. Hazırki mübahisə ilə bağlı analoji qərarları iddia ərizəsinə əlavə edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. İddiaçı və onun ailə üzvlərinin şəxsiyyət vəsiqələri və iddiaçının əmək kitabçası iş materiallarına əlavə edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” arayışa əsasən İddiaçı əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona müddətsiz üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir.
8. Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58.9 kv.m təşkil edən mənzil xüsusi mülkiyyət hüququ ilə X1 məxsusdur.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 5-10/2-C-26- 068/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, qüvvədə olan Bakı şəhər X2 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillilərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bildirirlər ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə qeydiyyatının Ağdam rayonunda olduğu, lakin, Bakı şəhəri, Binəqədi rayonunda yaxın tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Onun Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müraciəti əsasında məsələyə yenidən baxıla bilər.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 5- 10/2-2120/2024 nömrəli məktubla İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Ağdam rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2025-ci il tarixli, 5-31/2/1-66/2025 nömrəli məktubla Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 115 nömrəli sərəncamının surəti və həmin sərəncamın siyahısından çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli sərəncama əsasən Ağdam rayonu üzrə Qarabağ müharibəsi əlillərinin, Şəhid ailələrinin mənzillə təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiyanın 12 saylı protokolu təsdiq edilmişdir. İddiaçı mənzil növbəsində 32-ci sıradadır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlill olmaqla, əvvəlki yaşayış yerində uçota alındığı tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən xx.xx.2024cü il tarixli məktubla imtina edilmişdir. İmtinaya əsas kimi “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olmamasına istinad olunmuşdur.
20. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
21. Belə ki, qüvvədə olan Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır.
22. Lakin, Yeni Mənzil Məcəlləsi adıçəkilən Qaydalardan fərqli tənzimləmə müəyyən etmişdir.
23. Belə ki, Adıçəkilən Məcəllənin: 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.
24. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir.
25. Bu baxımdan qeyd olunmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüuqqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.
26. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsi 51.3-cü maddəsi).
25. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisndə olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
27. Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
28. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da, buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 7 illik şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir.
29. Əlavə olaraq məhkəmə cavabdehin imtinasında göstərilən hal ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu olduğundan, yaşayış sahəsi olmadığı üçün, seçdiyi yaşayış yerində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququna malik olmuşdur.
30. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
31. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
32. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz.
33. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də, göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayıb-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir.
34. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq şikayət edə bilər.
36. Göründüyü kimi mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də, göründüyü kimi iddiaçı mənzil növbəsinə ehtiyacı olan şəxsdir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlil İddiaçı 7 (yeddi) nəfər (özü, arvadı, iki oğlu, iki qızı və bir nəvəsi) ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva