Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1902/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən müəssisədə yoxlama keçirilmiş, lakin akt tərtib edilməmişdir. Aktla əlaqədar müəssisənin nümayəndəsi vergi orqanına dəvət edilmiş, sonradan yenə eyni məzmunlu yoxlama keçirilmiş, akt tərtib edilməmiş, lakin yeni qərarlara əsasən akt tərtib edilmişdir. Aktla razılaşmadığımızdan imza etməkdən tərəfimizdən imtina edilmişdir. Bununla əlaqədar şikayətlərə dair vergi orqanı tərəfindən yoxlama aparıldığı bildirilmiş, aktın tərtib ediləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən yoxlama əsasında tərtib edilmiş akt və akta əsasən qəbul edilmiş qərarın təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə müraciət edərək iddiaçının akt və qərarın təqdim edilməsi barədə iddia ərizəsinə baxıldığını və Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmadığını bildirmişdir. Sonradan iddiaçı iddia tələbinə növbəti dəqiqləşmə verərək cavabdeh tərəfindən operativ vergi nəzarəti qaydasında keçirilmiş yoxlamanın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əsasən iddiaçı barəsində malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, malların əvvəlcədən isfariş edilmədən təqdim edilməsi üçün nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-faktura tərtib edilməsinə nəzarət və s məqsədlə yoxlamanın aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin yoxlamanın aparılması qeydiyyata alınmışdır. Aktda əsasən operavit vergi nəzarətinin nəticələri əsasında maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi ödəyicinin məsuliyyətə cəlb edilməsi haqqında 10 fevral 2022-ci il tarixli qərarlara əsasən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti qaydasında keçirilmiş yoxlamanın qanunsuz hesab edilməsini tələb edir. Halbuki iddiaçının hüquqi marağı yoxlamanın qanunsuz hesab edilməsi və ya yoxlamanın həyata keçirilməsinə əsas olmuş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi ilə bağlı olmayıb, onun vergi məsuliyyətinə cəlb edilməsinə əsas olmuş inzibati akt və ya aktların ləğvi ilə bağlıdır. Belə ki, iddiaçı məhz ona məsuliyyət müəyyən edən həmin qərarların ləğvində maraqlıdır. Belə ki, məhz həmin qərarlar iddiaçı üçün vergi borcu yaradır. İddiaçının dəqiqləşmədə qeyd etdiyi kimi yoxlamanın qanunsuz olması və ya yoxlamanın keçirilməsi haqqında qərarın, yoxlama aktının ləğv edilməsi kimi tələbləri təmin edilsə belə onun çatmaq istədiyi məqsədə çatmaq üçün kifayət etmir. Doğrudur məhkəmə həm akt, həm yoxlama qərarının, həmçinin də bütünlükdə yoxlamanın qanunsuz keçirilməsinə münasibət bildirməkdə haqlıdır. Lakin iddia məsuliyyətə cəlb etmə barədə qərar və ya qərarların ləğvi ilə bağlı olduğu halda həmin qərarların qəbul edilməsi ilə nəticələnən inzibati icraatın qanunsuz hesab edilməsinə münasibət bildirilməsi məhkəmə üçün zəruridir. Digər halda isə hüquqi marağın təmininə yönəlməyən iddiada hər hansı hüquqi nəticə olmayacağı halda yoxlamanın qanunsuz hesab edilib-edilməməsi, akt və yoxlama keçirilmə barədə qərarın qanunsuz olubolmaması heç bir əhəmiyyət daşımır. Qeyd olunur ki, məhkəmədə bu istiqamətdə iddiaçı ilə müzakirənin aparılmasını zəruri hesab etmiş və inzibati aktların mübahisələndirilməli olması ilə bağlı tələbin dəqiqləşdirilməsi təklif edilmişdir ki, iddiaçının dəqiqləşdirdiyi iddia yoxlamanın qanunsuz hesab edilməsi ilə bağlı olmuşdur ki, məhkəmə həmin tələbin mümkünlük şərtini ödəmədiyi qənaətindədir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəməsinin isə bir sıra qərarlarında məsuliyyətə cəlb etmə barədə qərarın ləğv edilməsi tələbi olmadan yoxlama aktının və ya yoxlamanın başlanılmasına əsas olmuş qərarların mübahisələndirilməsinə dair iddialarda həmin iddiaların mümkünlük şərtini ödəməməsi və həmin iddiaların mümkün hesab edilməməsi ilə bağlı kifayət qədər mövqe qoyulmuşdur. Belə ki, Ali Məhkəmənin 2-1(102)-383/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarda qeyd edilmişdir ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan səyyar vergi yoxlaması aktı və imtina aktı inzibati icraat çərçivəsində (əlverişsiz) inzibati akt olmadığından və iddiaçı barəsində hər hansı vəzifə yaratmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında isə qeyd edilmişdir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. 2-1(102)-1754/2022 iş üzrə qəbul edilmiş xx.xx.2022 -ci il tarixli qərar, 2-1(102)- 900/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarlarda da məhkəmə oxşar mövqedən çıxış etmişdir. Qanunvericiliyin, o cümlədən kassasiya instansiyası məhkəmisinin məhkəmə təcrübəsi də nəzərə alınmaqla məhkəmə hesab edir ki, inzibati akt mübahisələndirilmədən yoxlamanın qanunsuz hesab edilməsi və ya yoxlamanın keçirilməsinə dair qərar və ya yoxlama aktının qanunsuz hesab edilməsi formasında tələblər müstəqil iddia predmeti olmadığından həmin formada iddialar iddiaçının hüquqi marağına uyğun gəlmədiyindən hazırkı iddia mümkünsüz iddiadır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1902/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1902/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver