Məhkəmə qərarları › İş №2-1(112)-1902/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1902/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1902/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X9 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinə qarşı “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq”ölüm haqqında tibbi şəhadətnamə”nin tərtib edilərək ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin əsl cavabdeh “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir.

İddianın əsaslandırılması:

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Ölüm haqqında tibbi arayışın (şəhadətnamənin) alınmaq üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin müraciəti təmin etməməsi barədə imtinası qanunsuzdur.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə cavavdehdən iddiаyа dаir münasibətin (еtirаz) bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

Tərəflərin iştirakı və izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar: - AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. - B394458 №-li doğum haqqında şəhadətnamədən (tərcümə və təsdiq olunmuş surəti) görünür ki, İddiaçı xx.xx.2002-ci ildə Türkmənistan Respublikası Aşqabad şəhərində doğulmuşdur. X7, anası X3r. “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 35 №-li Şəhər Poliklinikasının 169 №-li, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 ərizədə qeyd etdiyi ünvanda yaşasa da, Binəqədi şəhər 35 №-li Şəhər Poliklinikasına müraciəti olmamış, adına ambulator kart açılmamış və hər hansısa xəstəliyi barədə Poliklinikada məlumat yoxdur. Bu səbəbdən 35 №-li Şəhər Poliklinikası tərəfindən qanun daxilində ölüm haqqında arayışın yazılması mümkün deyildir. Məhkəmənin müvafiq sorğusuna əsasən, “Bakı şəhər Təcili və X10 Stansiyası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-87/2-662/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:03-də “103” xidmətinə ünvan 2 ünvanından Nəsibə adlı şəxsin (54 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 9 saylı bölmənin həkimi Şahbaz Muradov icra edərək, X1 məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Qadın cinsli meyit.” Diaqnozu qoyulmuşdur. Hadisə barədə 43-cü polis bölməsinə məlumat verilmişdir. Təcili və X10 Stansiyasının xx.xx.2023-cü il tarixli “ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xidmət edən 9 saylı bölmənin təcili tibbi yardım briqadası (həkim Muradova Ş.) xx.xx.2023-cü il tarixdə çağırış üzrə ünvan 3 ünvanına getmiş, 55 yaşlı X2 “Həkimə qədər ölüm. Qadın cinsli meyit” faktı müəyyən edilmişdir. Xəbərdarlıq vərəqədə qeyd edilmişdir ki, 3 gün ərzində sahə poliklinikasına müraciət edilməlidir. Binəqədi rayonu X5 02/B-1425 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü ildə Binəqədi qəsəbəsinin təzə kənd qəbristanlığında X2 dəfni icra olunmuşdur. “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin iddiaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsində X2 ölüm faktı qeydə alınmamışdır. Məhkəmənin müvafiq sorğularına əsasən, - “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində xx.xx.1968-ci il təvəllüdlü X4 “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsin Poliklinika şöbəsinə ambulator müraciət etmişdir. Həkim-cərrah baxışı zamanı dəri və görünən selikli qişaların sarı rəngdə olduğunu nəzərə alaraq xəstənin hər tərəfli tam müayinəsi məsləhət görülmüşdür. Xəstədə mexaniki və ya parenximatoz (infeksion hepatitlər) sarılığı dəqiqləşdirmək üçün infeksionistin baxışı məsləhət görülmüşdür. Həkim-terapevt baxışı: 1968-ci il təvəlüdllü X4 xx.xx.2022- ci il tarixində “Ə.D.Məlikov adına X13" publik hüquqi şəxsin Poliklinika şöbəsinə müraciət etmişdir. Müayinə olunmuş. “Dəqiqləşdirilməmiş anemiya” diaqnozu təyin edilmişdir. Şikayətləri: baş gicəllənmə, baş ağrısı, ürəkdöyünmə, tezyorulma, halsızlıq. Lakin xəstə təyin olunmuş müayinələrdən keçməyib və sonralar bir daha müraciət etməyib. Həkim-infeksionist baxışı: 1968-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsin Poliklinika şöbəsinə müraciət etmişdir. Müayinə olunmuş “B19 Dəqiqləşdirilməmiş virus hepatiti və R17 Dəqiqləşdirilməmiş sarılıq” diaqnozu təyin edilmişdir. Şikayətləri: halsızlıq, zəiflik, qaşınma, başdönməsi, dəri və görünən selikli qişaların subikterik olmasındandır. xx.xx.2023-cü il tarixində xəstə xx.xx.1968- ci il təvəllüdlü X4 müayinə nəticələrinin izahı üçün müraciət etmişdir. Xəstənin müayinə cavablarına əsasən “Virus hepatiti” olmadığı təsdiqlənmiş əsas şikayəti olan subikterik sarılığın baxılan digər müayinə cavablarına və toplanan anamnez məlumatlarına əsasən xəstəyə “D59 Qazanılmış hemolitik anemiya” diaqozu qoyulmuşdur. “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubu ilə hazırki iş üzrə bütün tələb olunan sənədlər (iddiaçının müraciəti, imtina məktubu, sorğulara cavablar və diaqnozlar) məhkəməyə təqdim edilmişdir.

Məhkəmənin mövqeyi.

9. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsasılıdır.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə[194] 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydası:

8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. 8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər. 8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir. 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir.

12. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasl Qanunu: Maddə 39. İnsanın ölüm anının müəyyən edilməsi İnsanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 №-li qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na əsasən: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X10 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə). 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X6 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X8 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.

14. Məhkəmə hazırki iş üzrə qeyd edir ki, iddiaçının anası xx.xx.2024-cü il tarixində saat 22-00 radələrində ölmüşdür. Bu fakt Təcili və X10 Stansiyasının “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndə əks olunub. Yuxarıda qeyd edilmiş normativ hüquqi aktında “Xəbərdarlıq vərəqəsi” ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur.

15. Məhkəmə gedişatı zamanı müəyyən edilmişdir ki, iddiaçının anası xx.xx.2022-ci ildə tibbi müəssisəsi olan – cavabdeh “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinə müraciət etmiş, həmin tibbi müəssisəsi tərəfindən müayinə edilmiş və ona müayinə cavablarına əsasən “D59 Qazanılmış hemolitik anemiya” diaqozu qoyulmuşdur.

16. Hazırki işin hallarından görünür ki, Təcili və X10 Stansiyasının (TTTYS) həkimi iddiaçının anasının ölüm hadisəsini təsdiq etmiş, bu barədə “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi” iddiaçı tərəfindən anasının ölüm haqqında tibbi şəhadətnaməsi alınması üçün cavabdeh- tibbi müəssisəsinə təqdim etmişdir. Qanunvericilik normalarından da görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik xidməti göstərən tibb müəssisələri tərəfindən verilməlidir. Belə olan halda iddiaçının anasının “ölüm haqqında şəhadənamə”si verilməsi vəzifəsi ona ambulator xidməti göstərmiş (müayinə etmiş və diaqnoz qoymuş ) cavabdehin üzərinə düşür.

17. Lakin cavabdeh publik hüquqi şəxs iddiaçının müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, iddiaçının xeyrinə olan halları nəzərə almadan əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı anasının (X2) “ölüm haqqında tibb şəhadətnamə”sinin tərtib edilərək ona verilməsi öhdəliyi cavabdeh “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.

21. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

23. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı anasının (X2) “ölüm haqqında tibbi şəhadətnamə”sinin tərtib edilərək verilməsi öhdəliyi cavabdeh “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar