Məhkəmə qərarları › İş №2-1(112)-1904/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1904/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1904/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 №-li protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi olan 5138 “p” №-li bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli 2-1(82)- 2943/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli sərəncamının 266 nömrəli protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha sahəsi olan 5138 “p” nömrəli bağ sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2- 1(103)-219/2020 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2943/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3-cü bəndinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, həmin sərəncamın 1.2-ci bəndinə əsasən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bu Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Təşkilatı tədbirlər ilə əlaqədar olaraq hazırki inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli 2-1(112)-6768/2020 saylı qərardadı ilə X12, 26.08.2021-ci il tarixli 2-1(112)-1904/2021 saylı qərardadı ilə "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və Park–X5 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 №li protokolu əsasında «Ləhiş» bağlar massivi ərazisində 0.12 ha torpaq sahəsi olan 5138 "p" №-li bağ sahəsi 36102 №li müqavilə ilə iddiaçının istifadəsinə verilib.22 aprel 2017-ci il tarixdə ********** №li ərizə ilə Azərbaycan Respubliksı ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 5138 “p" saylı bağı Dövlət Reyestr Xidmətində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir.Cavabdehin 11 may 2017-ci il tarixli **********96 saylı cavab məktubunda 5138 “p” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil etməsi və sxematik xəritəyə əsasən göstərilən 5138 "p” saylı bağ sahəsinin 5148 “b” saylı bağın ərazisində yerləşməsi bildirilir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi bu uyğunsuzluğu əsas gətirərək 5138 “p” saylı bağı Dövlət Reyestr Xidmətində qeydiyyata alınmasından imtina etmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-c il tarixli, 2186 №-li Sərəncamı ilə X3 və İstismarı Birliyinin Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyəti ləğv edildiyindən səhv yazılmış bağ nömrələrini dəyişdirmək mümkünsüz hesab edilir.Cavabdeh ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş imtina cavabı ilə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 8 və 10-cu maddəsində qeyd edilən sənədlərin təqdim olunması (olunmaması) ilə bağlı iddiaçıya heç bir irad (etiraz) bildirməmiş, eləcə də cavabdeh 36102 saylı müqavilənin mötəbərliyini mübahisə etməmiş, sözügedən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil edərək qonşu bağların ərazisinə düşdüyünü bildirməsinə baxmayaraq, bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta sxematik xəritə ilə uyğunsuzluq varsa belə, bu iddiaçının təqsiri ilə bağlı olmayan haldır və onun tərəfindən təqdim olunmuş bağ sahəsinə dair sənədlərin mötəbərliyini şübhə altına almır. Bu hallar qanunvericiliklə mübahisəli bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmaqdan imtinaya əsas verən hallar kimi də təsbit olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 29 mart 2018-ci il tarixdə məhkəməyə **********46 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5138 “p” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət restrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 22.04.2017-ci il tarixli ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “5148b” saylı bağın ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 11.05.2019-cu il tarixli, **********96 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə “5138p” saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 09.09.2021-ci il tarixə təyin edilmişdir. Üçüncü şəxs X10 və "xxxx" MMC-yə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, X12 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 №-li protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi olan 5138 “p” №-li bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsini xahiş edir. Cavabdeh inzibati orqan imtinasında bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, göstərilən sahənin “5148b” saylı bağın ərazisinə düşdüyünü qeyd edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2- 1(103)-219/2020 saylı, 13 mart 2019-ci il tarixli qərardadı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli 2-1(82)-2943/2019 saylı qərarı ləğv edilərək, iş birinci instansiya məhkəməsinə göndərilərkən, iş yenidən baxılarkən mübahisənin mahiyyəti üzrə məhkəmənin araşdırmalı olduğu hallar kimi-mübahisəli bağ sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edibetməməsi, 5148 “b” nömrəli bağın ərazisinə düşüb-düşməməsinin dəqiqləşdirilməsi üçün çoxsaylı sübutların toplanılması və araşdırılması, o cümlədən iş üzrə ekspertiza təyin edilməsi qeyd edilmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya məhkəməsinin qeyd edilən mövqeyini nəzərə alaraq, Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iş üzrə “5138p” saylı bağın “5148b” saylı bağla üst-üstə düşübdüşməməsi, “5138p” saylı bağın arxiv sənədlərinin İdarə arxivində mövcud olub-olmaması, həmçinin, “5148b” saylı bağa dair hüquqların qeydiyyatdan keçib-keçməməsi və “5138p” saylı bağın “Nardaran MMC”-nin ərazisinə düşüb-düşməməsi ilə bağlı araşdırma aparmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - 36102 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli 266 nömrəli sərəncamı, yaxud Birliyin protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi olan 5138 “p” nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 may 2021-ci il tarixli **********65 nömrəli məktubla təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən araşdırma aparılmışdır. Ölçülmüş ərazinin faktiki sahəsi 1851 kv.m təşkil edir. Ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən naturada ölçülmüş əraziyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. Müraciətə əlavə edilmiş sxematik plana (sxematik plandanda koordinat, miqyas stiusiya hər hansı bir istinad nöqtəsindən məsafə və sair olmadığından) əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 nömrəli protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində İddiaçı istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi olan 5138p bağ sahəsinin sxematik xəritəyə əsasən harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə həmin bağ sahəsinin naturada yeri müəyyən edildi, elektron kadastr baza məlumatlarına əsasən ölçülmüş əraziyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi və başqa şəxsin adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi. Müraciətə əlavə edilmiş sxematik plana (sxematik plandanda koodinat, miqyas stiuasiya hər hansı bir istinad nöqtəsindən məsafə və sair olmadığından) əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 nömrəli protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi olan 5138 p nömrəli bağ sahəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m ölçüdə olan 5148b saylı bağ sahəsinin qeyd edilən sənədlər üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Müraciətə əlavə edilmiş sxematik plana (sxematik planda da koordinat, miqyas stiusiya hər hansı bir istinad nöqtəsindən məsafə və sair olmadığından) əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X7 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsünün”də göstərilən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1200 kv.m ölçüdə olan 5148b saylı bağ sahəsinin koordinatları ilə bağların sxematik xəritəsinə əsasən 5148b saylı bağın koordinatlarının eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin müraciətə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X7 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsün”də göstərilən koordinatlara əsasən “Torpaq sahəsinin planı və ölçüsün”də qeyd edilən torpaq sahəsi başqa ərazidə yerləşir."xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə aşağıda qeyd edilən sənədlərin təqdim edilməməsi səbəbindən İddiaçı istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi olan 5138p bağ sahəsi ilə 20.06.2007-ci il 285 saylı sərəncam ilə verilmiş 11\178 saylı ayrıc aktına 2011-ci ildə verilmiş əlavəyə əsasən “Nardaran MMC-nin ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatında bildirilir: Sxematik xəritədə 5138p nömrəsi yoxdur. Göstərilən sahə sxematik xəritəyə əsasən 5148b bağın ərazisinə uyğun gəlir. Lakin 5148b saylı bağ bu sahədən aralıda qeydiyyatdan keçib. Sahə "xxxx" MMC-nin ərazisinə düşür. (baza məlumatlarına əsasən). Məhkəmə araşdırması zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1904/2021 saylı 18.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2021-ci il tarixli 04 iyun 2021-ci il tarixli 10/805 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, sxematik plandanda koordinat, miqyas stiuasiya hər hansı bir istinad nöqtəsindən məsafə və sair olmadığından Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 nömrəli protokolu əsasında Ləhiş bağlar massivi ərazisində İddiaçı istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi olan 5138p bağ sahəsinin sxematik xəritəyə harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinarları müəyyən edilməklə həmin bağ sahəsinin naturada yeri müəyyən edildi, elekron kadastr baza məlumatlarına əsasən ölçülmüş əraziyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi və başqa şəxsin adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi. Mütəxəssis rəyinə əsasən, sxematik plandanda koordinat, miqyas stiuasiya hərhansı bir istinad nöqtəsindən məsafə və sair olmadığından Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 nömrəli protokolu əsasında “Ləhiş” bağlar massivi ərəzisndə 0,12 ha torpaq sahəsi olan 5138 p nömrəli bağ sahəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m ölçüdə olan 5148b saylı bağ sahəsinin qeyd edilən sənədlər üzrə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, “Torpaq sahəsinin planı və ölçüsün”də göstərilən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1200 kv.m ölçüdə olan 5148b saylı bağ sahəsinin koordinatları ilə bağların sxematik xəritəsinə əsasən 5148b saylı bağın koordinatlarının eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X7 adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsün’də göstərilən koordinatlara əsasən “Torpaq sahəsinin planı və ölçüsün”də qeyd edilən torpaq sahəsi başqa ərazidə yerləşir. Mütəxəssis rəyinə əsasən, “Nardaran" MMC-yə torpaq sahəsinin ayrılması barədə qeyd edilən sənədlərin təqdim edilməməsi səbəbindən İddiaçı istifadəsinə verilmiş 0.12 ha torpaq sahəsi olan 5138p bağ sahəsi ilə 20.06.2007- cı il 285 saylı sərəncam ilə verilmiş 11 \178 saylı ayrıc aktına 2011-ci ildə verilmiş əlavəyə əsasən “Nardaran" MMC-nin ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mütəxəssis rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən, sxematik xəritədə 5138p nömrəsi yoxdur. Göstərilən sahə sxematik xəritəyə əsasən 5148b saylı bağın ərazisinə uyğun gəlir. Lakin 5148b saylı bağ bu sahədən aralıda qeydiyyatdan keçib. Sahə "xxxx" MMC-nin ərazisinə düşür. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşma və X1 Departamentinin nizamnaməsi əsasında fəaliyyət göstərən X6 və İstismarı Birliyinin 12 oktyabr 2005-ci il tarixli Sərəncamının 266 №-li protokolu əsasında “Ləhiş” bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi olan 5138 “p” №-li bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsini xahiş etmiş, lakin Bakı şəhər Ərazi İdarəsi 11 may 2017-ci il tarixdə **********96 saylı məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “5148b” a saylı bağın ərazisinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli 08.08.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində mülkiyyətində olan 0.100471 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.1 kv.m yaşayış, 144.1 kv.m köməkçi sahədən ibarət 5148b nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3870 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 25.09.2020-ci il tarixli **********99 saylı sorğuya cavab məktubdan görünür ki, İdarənin arxivində saxlanılan sənədlər içərisində Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5138p saylı bağ sahəsinə dair 36102 nömrəli müqavilə, İddiaçı bağ növbəsinə götürülməsinə dair arayış təqdim edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 25-ci maddəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpalara da şamil edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, Məhkəmə araşdırması zamanı təqdim edilmiş sorğulara cavab məktublarından, həmçinin, mütəxəssis və ekspert rəylərindən də aydın görünür ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair müqavilə İdarənin arxivində saxlanılır, lakin bağın nömrəsi ilə bağlı uyğunsuzluq mövcuddur. İddiaçı “5138p” saylı kimi iddia etdiyi bağ sahəsinin sxematik xəritədə nömrəsi yoxdur. Göstərilən sahə sxematik xəritəyə əsasən “5148b” saylı bağın ərazisinə uyğun gəlir. Keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Məhkəmə iddia olunan “5138p” saylı bağ sahəsinin sxematik xəritəyə əsasən “5148b” saylı bağ sahəsinin ərazisinə düşməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir və bunu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis və ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X7 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsün”də göstərilən “Torpaq sahəsinin planı və ölçüsün”də qeyd edilən torpaq sahəsi başqa ərazidə yerləşir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 5148b nömrəli bağ evi inşa edilmişdir. Halbuki, iddiaçının iddia etdiyi “5138p” saylı bağ sahəsində isə heç bir tikili mövcud deyildir, bağ sahəsi mişar daşları ilə hasara alınmışdır. İddiaçının iddia etdiyi “5138p” saylı bağ sahəsinə dair hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Bakı Apelyasiya Məhkəməsində 10 oktyabr 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 izahatında ona məxsus torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşdiyini bildirərək, mülkiyyətində olan torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarışını məhkəməyə təqdim etmişdir. Bundan əlavə cavabdeh inzibati orqan iddiaçının iddia etdiyi bağ sahəsinin "xxxx" MMC-nin ərazisinə düşməsinə dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Bakı ŞİH X2 İnşikafı və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5138 “p” saylı bağ sahəsinə dair İddiaçı ilə bağlanmış müqavilədəki qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, müqavilə mübahisələndirilmədiyindən, ləğv olunmadığından, etibarsız sayılmadığından, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların X8 ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bir halda əsas vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işin hallarından da göründüyü kimi Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən “5138”p saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olan sənəd 36102 nömrəli bağın icarəyə verilməsi barədə müqavilə mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunsuz olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə “5138p” saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırılmaqla İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə xərcləri ilə bağlı Məhkəmə İnzibati Prosessual Məcəlləsinin Xİİİ fəslini rəhbər tutur. Belə ki, İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən, proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərində, prosessual xərclərin ödənilməsi, prosessual xərcin yaranmasında təqsiri olan proses iştirakçısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. İşdə olan ekspertiza xərclərinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2021ci il tarixli bildirişindən görünür ki, hazırkı iş üzrə ekspertiza xərci müvafiq olaraq 50 (əlli) manat təşkil edir. Mütəxəssis rəyi ilə əlaqədar 01/20/148 saylı smetadan görünür ki, mütəxəssis rəyi ilə əlaqədar prosessual xərclər 311 (üç yüz on bir) manat təşkil edir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci, 85-ci və 110-cu maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə “5138p” saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 (üç yüz on bir) manat məbləğində prosessual xərcin "xxxx" MMC-nin hesabına və Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərcin X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar