Məhkəmə qərarları › İş №2-1(112)-1904/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1904/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1904/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) 2019-2020-ci illərdə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 58 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2019-cu il tarixli məktubunda yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığını, xx.xx.2020-ci il tarixli məktubunda əlavə olaraq Bakı ŞİHB-nın xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv edildiyini, xx.xx.2021-ci il tarixli məktubunda isə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsinin digər şəxsin istifadəsinə verilmiş ərazi daxilində olduğunu bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsinə dair İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Neft Akademiyasının “Gülüstan” bağçılıq yoldaşlığı cəmiyyəti üzvlərinin 10 sentyabr 1989-cu il tarixli 03 saylı protokoluna əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 500 kv.m. olan 58 saylı bağ sahəsi daimi istifadə etmək üçün iddiaçıya verilmiş, bu hal lazımi qaydada rəsmiləşdirilmiş və iddiaçıya 58 saylı üzvük kitabçası verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Sözügedən bağ sahəsinin kimə, nə vaxt, hansı sənədlərə əsasən keçməsi iddiaçıya məlum deyildir və cavabdeh bu sənədlərin surətlərini onlara verməkdən imtina etmişdir. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsinin başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə əsas olmuş sənədləri və mülkiyyəti təsdiq edən sənədin surətinin ona təqdim olunması üçün müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********81 saylı iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı müvafiq tələblə ********** nömrəli xx.xx.2020-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bundan əlavə, Bakı ŞİHB-nın xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçalar və orderlər ləğv edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya müvafiq cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki: - Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 6/255 nömrəli, 21 iyul 1989-cu il tarixli qərarı ilə rayon şuraları icraiyyə komitələri yanında işçi komissiyalar tərəfindən baxılmış materiallara əsasən qeyd olunan rayonlarda idarələr, təşkilatlar və müəssisələr tərəfindən kollektiv bağların yaradılması üçün Lenin rayonunun Nardaran qəsəbəsinin şimal-qərbində bağçılıq ortaqlıqlarının ayrılmış massivi ərazisində Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna ortaqlığın 150 üzvü üçün torpaq sahələri ayrılmışdır. - Azərbaycan Dövlət Neft X1 Yoldaşlığı Üzvlərinin “Gülüstan – 1” sahəsi üzrə siyahısından görünür ki, bağ sahəsi sahibləri qrafasında İddiaçı adı 58-ci sırada olmuşdur. - Azərbaycan Neft və Kimya İnstitunun rektorluğunun Həmkarlar İttifaqının komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışın (dublikat) surətindən görünür ki, “Gülüstan-1” bağ sahəsində 58 saylı torpaq sahəsi (500 kv.m) İddiaçı hesab olunmuş və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Protokol Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Universitetin Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 58 nömrəli üzvlük kitabçasının (dublikat) surətindən görünür ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1989-cu il tarixli 3 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları sahəsi bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 58 nömrəli bağ sahəsi xx.xx.1989-cu il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün ona verilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Universitetin Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Həmkarlar İttifaqı Komitəsi “Gülüstan-1” Bağçılıq-yoldaşlığının üzvü İddiaçı məxsus 58 nömrəli torpaq sahəsinin cizgisindən görünür ki, həmin torpaq sahəsi 500 kv.m-dir, torpaq sahəsi şimaldan – 59 saylı, cənubdan 57 saylı, qərbdən 29 saylı torpaq sahəsi və şərqdən isə keçidlə əhatə olunmuşdur. İddiaçı hazırda ona Azərbaycan Dövlət Neft X1 Yoldaşlığı Üzvlərinin “Gülüstan-1” sahəsi üzrə verilən 500 kv.metr sahəsi olan 58 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçıya 1989-cu ildə torpaq ayrılarkən qüvvədə olan (1971ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin əlində hər hansı bir hüquqmüəyyənedici sənədin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşdən görünür ki, iddiaçı 58 saylı bağ sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etsə də, ona ayrılmış torpaq sahəsini naturada göstərə bilməmişdir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktından görünür ki, daşınmaz əmlaka baxış keçirilməsi məqsədilə iddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman bağ sahəsinin yerini tanımadığını bildirmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi mübahisəli bağ sahəsinin yerini naturada göstərə biləcəyini qeyd etmiş, həmin ərazinin koordinatlarının müəyyən edilməsi məqsədilə cavabdehin mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilməsi üçün müddət verilmiş, həmin baxışın nəticəsi olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mübahisəli ünvana keçirilmiş baxışda mütəxəssisin iştirakı təmin edilmiş, iddiaçının istifadəsində bağ sahəsinin olmaması səbəbindən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçıya ayrılan 58 saylı bağ sahəsinin digər şəxslər tərəfindən bir sıra bağ sahəsi ilə birlikdə ümumi hasara alındığını və bununla əlaqədar mütəxəssislərin həmin bağ sahəsində ölçü işlərini aparmasının mümkün olmadığını bildirmişdir. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 58 saylı bağ sahəsi digər şəxsin istifadəsinə verilmiş ərazi daxilindədir. Həmin şəxslə bağlı məlumatın əldə edilməsi məqsədilə verilmiş məhkəmə sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından qeyd olunan hissənin hansı bağ sahəsinin ərazisi olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçıya bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı hazırkı tarixədək həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan göstərdiyi torpaq sahəsi isə digər şəxslər tərəfindən hasara alınmaqla onların istifadəsində olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahəsinin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Neft və Kimya İnstitunun rektorluğunun Həmkarlar İttifaqının komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışın (dublikat) və Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 58 nömrəli üzvlük kitabçasının (dublikat) surətindən görünür ki, həmin sənədlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin möhürü ilə təsdiqlənmişdir. Lakin işdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli 06-228 saylı məktubundan görünür ki, Universitetin arxivində yalnız “Azərbaycan Dövlət Neft X1 yoldaşlığı üzvülərinin Gülüstan-1 sahəsi üzrə siyahısı” mövcuddur. Həmin siyahının surəti məktuba əlavə edilmiş və o dövrün arxiv sənədləri isə 1989-cu ildə dövlət arxivinə göndərildiyi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı nə qədər ki, ona ayrıldığını iddia etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılması aparılmamışdır, belə bir halda cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, torpaq sahəsini naturada mərzləşdirdikdən sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar