Məhkəmə qərarları › İş №2-1(112)-1905/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1905/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1905/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı torpaq sahəsinə dair plan - ölçü verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 1991-ci il tarixli, 123 №-li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarı ilə Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 16 iyun 1992-ci il tarixli, 44 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün onun adına ayrılmış Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi, 1-ci kvartal, sahə 141 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsini və çəkilmiş plan sxemin təsdiqlənməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991 -ci il tarixli 293 saylı qərarı ilə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 16 iyun 1992-ci il tarixli, 44 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün onun adına Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 1-ci kvartal, sahə 141 ünvanında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt hal-hazırda da qüvvədədir. Lakin, onun adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 1-ci kvartal, sahə 141 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. O, xx.xx.2022-ci il tarixdə Sabunçu RİH başçısına H-211-091 № li ərizə ilə müraciət edərək, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 1-ci kvartal, sahə 141 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sxeminin tərtib edərək, ona təqdim olunmasını xahiş etmişdir. Cavabdeh Sabunçu RİH xx.xx.2022-ci il tarixli, H-211-091 saylı məktubu ilə torpaq sahəsinin sxeminin tərtib edərək ona verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmağın mümkün olmaması qeyd edilmişdir. Onun adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 1-ci kvartal, sahə 141 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi onun təqsiri deyildir. Belə ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 1ci kvartal ərazisində yerləşən bir çox torpaq sahələrinə elə Sabunçu RİH tərəfindən tərtib edilərək təsdiq edilmiş yerləşmə sxemləri verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçı nümayəndəsi X2 iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X4 izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi, döngə 4 ünvanında qeydiyyatdadır. Maştağa qəsəbə X6 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 44 №-li 16 iyun 1992-ci il tarixli qərarından çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci tarixli 293 №-li qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq, Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq İddiaçı Cabir oğluna fərdi yaşayış evi tikintisi üçün 0,12 hektar hesabı ilə (1-ci kvartal 141) həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhər Cavabdeh tərəfindən verilmiş H-211-091 №-li 07 iyul 2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində vətəndaşlara verilən torpaq sahələrinə aid rayon icra hakimiyyətində heç bir arxiv sənədi olmadığından, həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar torpaq sahəsinin sxemini tərtib edərək təsdiq edilməsi imkanları xaricindədir. Məhkəmənin müvafiq (Maştağa qəsəbə X6 İcraiyyə Komitəsinin 44 №-li 16 iyun 1992-ci il tarixli qərarının və həmin qərarın verilməsinə əsas olan sənədlərin təqdim olunmasına dair) sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05258-2022 saylı 24 avqust 2022-ci il tarixli cavab məktubunda keçmiş Maştağa qəsəbə XDS İK-in 1992-ci ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər X6 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Hazıra qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). Həmin Məcəlləyə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Əsasnamənin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair Maştağa qəsəbə X6 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 44 №li xx.xx.1992-ci il tarixli qərarında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 1991-ci il tarixli 293 №li Qərarından və ona əlavə olunmuş “Siyahı”dan isə müəyyən olunur ki, qeyd olunan qərarla fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin Bakı şəhər XDS icraiyyə komitəsinə (hazırda yerli İcra hakimiyyətlərinə) ayrılması nəzərdə tutulmuşdur. Məhkəmənin müvafiq sorğusuna verilmiş cavab məktubundan isə Maştağa qəsəbə XDS İK-in 1992-ci ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi müəyyən olunmuşdur. Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən Maştağa qəsəbəsi, Savalan yaşayış massivində vətəndaşlara verilən torpaq sahələrinə aid rayon icra hakimiyyətində heç bir arxiv sənədinin olmadığı üçün, həmin sənədlərin qanuna uyğunluğunun araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar