Məhkəmə qərarları › İş №2-1(112)-1905/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1905/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1905/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağ sahəsinə dair mərhum X2 adına arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayon, Şıxlar bağ massivində yerləşən 140 saylı bağ sahəsinin mülkiyyət hüquqlarına dair mərhum X2 adına arayışın verilməsi verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, mərhum X4 iddiaçının həyat yoldaşıdır. O, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun mərhum həyat yoldaşı X7 rayon, Şıxlar bağ massivində yerləşən 140 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi "Neftçilər" (köhnə az Neft) bağçılıq yoldaşlığı üzvlərinə ayrılmış bağ sahələrindən biri idi. Mərhumun adı "Nefçilər" bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda da qeyd edilmişdir. Həmin bağ sahəsi 1989-cu ildən mərhum həyat yoldaşının istifadəsində olmuş, onun vəfatından sonra isə iddiaçı qulluq edir. Həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət olunsa da, cavabdeh təşkilat tərəfindən bundan imtina olunmuşdur. İmtinanın əsası kimi isə kollektiv bağçılıq yoldaşlıq üzvlərinin üzvlük kitabçası və üzvlərinin iclasının protokolundan çıxarışının təqdim edilməməsi göstərilmişdir. Həmin sənədlər o vaxtı iddiaçıya təqdim olunmamışdır. Həmin sənədlərin əldə olunması ilə bağlı dövlət arxivinə müraciət etdikdə isə oradan yalnız iddiaçıya Qaradağ rayonu XDS İK-nin xx.xx.1989-cu il tarixli Sərəncamı təqdim olunmuşdur. Həmçinin bu sərəncamla yanaşı həmin bağçılıq yoldaşlılıq kollektivinin xx.xx.1990-cı il tarixli arayışı da mövcuddur ki, həmin arayışda da sözügedən bağ sahəsinin mərhuma verilməsi təsdiq edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********93 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəli qərarı ilə 280 bağçılıq üzvlərinə Şıxlar bağ massivindən torpaq sahəsinin ayrılması qərara alınmışdır. İV ЖГ 266850 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X4 ilə X5 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır. AZ-İİ №235685 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bağçılıq yoldaşlılıq kollektivinin xx.xx.1990-cı il tarixli arayışına əsasən Qaradağ rayon, Şıxlar bağ massivində yerləşən sahəsi 0,5 ha olan 140 saylı bağ sahəsi X3 ayrılmışdır. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 1172 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixdə ölmüş mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2022-ci ildə onun vərəsələrindən İddiaçı Bakı şəhər 8 saylı notariat ofisinə müraciət etmiş və 137/2022 nömrəli vərəsəlik işi açılmışdır. Miras əmlakı ünvan ünvanda yerləşən 0.05 ha torpaq sahəsi təşkil edir. SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2/2-Y-xx-xx/2023-3204 nömrəli məktuba əsasən SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlər arasında vətəndaş X3 Qaradağ rayonu Qobustan-Şıxlar qəsəbəsində yerləşən “Neftçilər” bağçılıqyoldaşlıq təsərrüfatında bağ sahəsinin ayrılması barədə məlumat aşkar edilmədiyindən, bu məsələ ilə bağlı köməklik göstərilməsi imkan xaricindədir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********82 nömrəli imtina məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Neftçilər” bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Yusibov Mahmud (siyahıda olduğu kimi) adı qeyd edilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi göstərilməmişdir. Həmçinin, “Neftçilər” bağçılıq yoldaşlığı nəzdində Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 140 saylı bağ sahəsinin ayrılmasına dair X2 adına hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar olunmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********93 nömrəli imtina məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bundan başqa, təqdim olunan sənədlər digər şəxsin X2 adınadır və bununla bağlı əlaqəli sənəd sənəd (vərəsəlik işinin açılması ilə bağlı məktub) təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********43 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Bir tərəfdən yol, üç tərəfdən qonşularla əhatə olunmuşdur. Faktiki sahəsi 0.0496 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin qeydiyyatı və ya digər fiziki şəxslərin müraciəti barədə bazada məlumat yoxdur. Eyni zamanda torpaq sahəsi “Neftçilər” bağçılıq yoldaşlıq ayrıcı daxilində yerləşir. Sənədlər toplusuna əlavə edilmiş bağçılıq yoldaşlıq bölgüsünə uyğun gəlir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1394/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsinin qonşuluğunda **********92 (********** qeydiyyat nömrəli), **********93 (********** qeydiyyat nömrəli) və **********06 (********** qeydiyyat nömrəli) reyestr nömrəli torpaq sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Məhkəmə cavabdehin imtina əsasına münasibətdə bildirir ki, iddia predmetini təşkil edən bağ sahəsi iddiaçının mərhum əri X3 ayrılmışdır. Bu fakt, İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı ilə təsdiq olunur. Siyahıda mərhumun adının əks olunması, bağ sahəsinin ona ayrıldığını təsdiq edən mühüm hüquqi dəlil kimi çıxış edir. Belə olan halda, üzvlərin siyahısında mərhumun adının olmasına baxmayaraq, üzvlərin iclasının protokolundan çıxarışın və ya üzvlük kitabçasının təqdim edilməməsi iddianın təminini istisna edə bilməz. Çünki qüvvədə olan qanunvericiliyin, xüsusilə də Qanunun 8.0.7-ci maddəsinin tələblərindən aydın olur ki, həmin sənədlər məhz üzvlərin siyahısı əsasında tərtib edilir. Buna görə də, üzvlərin iclasının protokolundan çıxarışın və ya üzvlük kitabçasının olmaması, üzvlərin siyahısının hüquqi qüvvəsini və orada əks olunmuş məlumatların etibarlılığını şübhə altına almaq üçün əsas vermir. Cavabdehin imtinasının digər hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, üzvlərin siyahısında iddiaçının mərhum ərinin adı qarşısında bağ sahəsinin nömrəsinin göstərilməməsi, nə iddiaçı, nə də mərhumun məsuliyyət sferasına aid olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, İdarənin arxivində saxlanılan həmin siyahıda nəinki mərhuma, ümumiyyətlə, bağçılıq-yoldaşlıq təsərrüfatının heç bir üzvünə ayrılan bağ sahələrinin nömrələri qeyd edilməmişdir. Bununla yanaşı, 140 nömrəli bağ sahəsinin mərhuma ayrıldığını təsdiq edən sənəd kimi bağçılıq-yoldaşlıq təsərrüfatının arayışı mövcuddur. Həmin arayışda 140 nömrəli bağ sahəsinin mərhum X3 ayrıldığı açıq şəkildə göstərilmişdir ki, bu məlumatlar məhkəmə üçün hər hansı şübhə doğurmur. Bu baxımdan, cavabdehin irəli sürdüyü imtina əsasları əsassız hesab edilməli, iddianın təmin edilməsinə hüquqi maneə kimi qəbul olunmamalıdır. Bağçılıq yoldaşlılıq kollektivinin xx.xx.1990-cı il tarixli arayışına əsasən Qaradağ rayon, Şıxlar bağ massivində yerləşən sahəsi 0,05 ha olan 140 saylı bağ sahəsi X3 ayrılmışdır. Həmçinin məhkəmə araşdırması ilə, cavabdehin müvafiq rəy və məlumatına əsasən müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin qeydiyyatı və ya digər fiziki şəxslərin müraciəti barədə bazada məlumat yoxdur. Eyni zamanda torpaq sahəsi “Neftçilər” bağçılıq yoldaşlıq ayrıcı daxilində yerləşir. Sənədlər toplusuna əlavə edilmiş bağçılıq yoldaşlıq bölgüsünə uyğun gəlir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddiaçıya münasibətdə bərabər rəftar müəyyən edilməməkdədir, oxşar hüquqmüəyyənedici sənədlər əsasında digər şəxslərin hüquqları qeydiyyata alındığı halda iddiaçıya münasibətdə göstərilən imtina dəlilinə istinadı məhkəmə konstitision hüquqların pozuntusu kimi qiymətləndirməkdədir. Lakin, məhkəmə hesab edir ki, iddia torpaq sahəsinin hansı ölçüsü ilə bağlı arayışın verilməsi hissəsində qismən təmin edilməli, cavabdehin bir hissədə imtinasının qanuniliyi tanınmalıdır. Belə ki, sənəd üzrə 0,05 ha torpaq sahəsi ayrılsa da, iş materiallarından görünür ki, faktiki olaraq 0,0496 ha torpaq sahəsi iddiaçının, ondan əvvəl isə iddiaçının mərhum ərinin istifadəsində olmuşdur. Bu səbəbdən də iddiaçı 0,05 ha torpaq sahəsinə münasibətdə yox, məhz 0,0496 ha torpaq sahəsinə münasibətdə iddianı irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı faktiki istifadəsində olan, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən, faktiki ölçüsü 0,0496 ha olan 140 saylı bağa dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar