Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1907/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən verilmiş orderə və məhkəmə qətnaməsinə əsaslanaraq mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnun olduğunu bəyan edir. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Qeyd olunanlara əsas cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:
1. Bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərinin təqdim edilməməsi:
2. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən sərəncamın və ya orderin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabının, həm də etirazının dəlillərindən göründüyü kimi mübahisəli bağ sahənin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, müvafiq bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim olunmamış, həmçinin bağ sahəsinin bağların sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsidir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktublarından məlum olur ki, iddiaçının adına 152 nömrəli BTK nəznində Göradil bağ massivində 321 m saylı bağ sahəsinin ayrılmasına dair b/s nömrəli order, həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli, 1/16 nömrəli qərarı aşkar edilməmişdir. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində orderin surətini və tərtib olunmuş plan-sxemi təqdim edir. Təkzib olunmaz haldır ki, torpaq sahəsinin planı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən ərizə verən şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizəyə əlavə edilən texniki sənəddir. Hazırki mübahisə üzrə bağ sahəsinə münasibətdə tərtib olunmuş “torpaq sahəsinin planı” bilavasitə iddianın həllində mühüm rol oynayır. Çünki, torpaq sahəsinin planı məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsasında tərtib olunmuşdur ki, məhkəmə iddiaçının bağ sahəsinə münasibətdə orderə malik olduğunu müəyyən etmişdir.. Bununla bağlı, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq araşdırma aparmış və müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin bağ sahəsinə münasibətdə cavabdeh tərəfindən “torpaq sahəsinin planı” verilmişdir. Məhkəmə sorğusu əsasında tələb olunmuş mülki icraat materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul olunmasının əsasında məhz Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 152 saylı kooperativinin notarial qaydada təsdiq olunmuş B/S saylı orderi əsas durur. Məhkəmə qeyd edir ki, həmin dövrdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən mübahisəli bağ sahəsi ilə bağlı “torpaq sahəsinin planı”nın verilməsinə dair qətnamə qəbul edilərkən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməyərək, bağ sahəsinin iddiaçıya ayrıldığını öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Həmçinin, cavabdeh hazırda orderin mövcudluğunu mübahisələndirsə də, mülki məhkəmə mübahisəsi zamanı bu məqama toxunmamış, imtina sxematik xəritə ilə uyğunsuzluqla bağlı olmuş, iddiaçının xeyrinə məhkəmə qərar qəbul etdikdə isə, əksinə məhkəmə qətnaməsini mübahisələndirməyək icra etmiş və “torpaq sahəsinin planı”nın verilməsini həyata keçirmişdir. Diqqətəlayiq hal olaraq qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında tələb olunmuş mülki icraat materiallarında mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən notarial qaydada təsdiq olunmuş order aşkar edilmişdir. Məhkəmə bir daha vurğulayır ki, Binəqədi rayon Məhkəməsi tərəfindən məhkəmə mübahisəsi qiymətləndirilərkən sözügedən order nəzərə alınmaqla məhkəmə qərar qəbul etmişdir. Bu istiqamətdə aparılmış zəruri araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin orderin surətinin təsdiq edilməsi Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən həyata keçirilmiş və müvafiq olaraq reyestr kitabında qeydə alınmışdır. Məhkəmə bildirir ki, hazırda mülki mübahisə zamanı qəbul edilmiş məhkəmə qətnaməsi qüvvədə olduğundan, həmçinin həmin dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qətnamə əsasında bağ sahəsi ilə bağlı iddiaçıya “torpaq sahəsinin planı”ı verildiyindən, o cümlədən də sözügedən orderin notarial qaydada təsdiq edilmiş nüsxəsi mülki iş materiallarında olduğundan, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən iddiaçının adıına verilmiş orderin mövcudluğu şübhə doğurmamalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-cı maddəsinin tələbləri baxımından bağ sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərə sahib olmudur. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, mülki mübahisə də olduğu kimi, hazırki mübahisə üzrə cavabdeh bağ sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluq olduğunu bildirmişdir. Buna münasibətdə məhkəmə bildirir ki, cavabdehin bağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun olmasına dair irəli sürdüyü mülahizələr təkzib olunur. Çünki, məhz məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən “torpaq sahəsinin planı”nın verilməsi həyata keçirilmişdir ki, bu da onu göstərir ki, cavabdeh inzibati orqan tərəfindən bağ sahəsinin ölçüsü və naturada yeri təhkim olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki halları və işin faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyət hüqunun qeydə alınmasından imtinanın əsası kimi bağ sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluğun mövcud olmaması xüsusi əhəmiyyət daşıyır. Çünki, baxılmış mülki mübahisənin nəticəsində qəbul edilmiş məhkəmə qətnaməsi əsasında iddiaçıya “torpaq sahəsinin planı”nın verilməsi qət edilmişdir ki, bu da həm orderin mövcudluğu, həmçinin sxematik xəritədə olan uyğunsuzluqlar ilə bağlı cavabdehin irəli sürdüyü mülahizələri aradan qaldır. Belə olan halda Məhkəmə hesab edir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən X1 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” sahəsinə dair çıxarışın, plan və ölçüsünün X2 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən X1 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” sahəsinə dair çıxarışın, plan və ölçüsünün X2 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov