Məhkəmə qərarları › İş №2-1(112)-1909/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1909/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1909/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı ev verilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı ona məcburi köçkün kimi ev növbəsinə yazılaraq ev verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixində Füzulidə doğulmuşdur. 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün olmuşdur. 28 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, M.M.Araslı küçəsi-1/3 79 saylı bağçanın altında yerləşən evdə yaşamışdır. Bağça köçürüldükdən sonra bağçanın damı çökmüş, orada yerləşən evlər yararsız hala düşmüşdür. Evlərində yaşamaq olmur. Qarşıdan soyuq qış ayları gəlir, evin üstü tamamilə açıqdır, yağış birbaşa evlərinə vurur. Artıq evlərinə dolan suyun qarşısını almağa vedrələr də çatmır. Yaşadıqları ev zirzəmi kimi olmuşdur, daima nəmişlikdən uşaqları xəstəlik tapmışdır. Oğlu və o, ikinci qrup əlildirlər. Uçuq-dağınıq, yararsız halda olan divarlar hər gün biraz da uçur. Evlərində yayda bütün günü ağcanqadlar, ilanlar olur. Qışda isə evin damı olmadığından su birbaşa evə tökülür. Ev deşiklərlə doludur, hər an uçma təhlükəsi vardır. Evi təmir etdirməyə maddi imkanları çatmır. Əlilliyə görə pensiya alır, başqa gəlirləri yoxdur. Oğlu da, o, da işləmirlər. Oğlu da, ailəsi ilə birlikdə o, evdə yaşayır. Onların artıq otaqları da, yoxdur, yalnız özünün və oğlunun normal şəraitdə yaşaması üçün ayrı-ayrılıqda hər birilərinə 1 otaqlı ev istəyirlər. Qeyd edir ki, Mənzil Kommunal İstismar İdarəsi tərəfindən də, gəlib evinə baxış keçiriblər və bu barədə akt tərtib edilmişdir. Həmçinin, onlara bildirilmişdir ki, o evdə yaşamayın, hər an evin uçaraq onların ölməsi ehtimalı vardır. Onlara məcburi köçkün kimi ev verilməsi üçün dəfələrlə müxtəlif orqanlara müraciət etmişlər. Dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq tədbirlərinə əsasən 27.11.2019-cu il tarixində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi onun adını növbədənkənar mənzillə təmin ediləcək məcburi köçkünlərin siyahısına salmışdır. Lakin, bununla bağlı sonuncu dəfə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etdikdə, 22.09.2020-ci il tarixli, 01/21172 saylı cavab məktubu ilə bildirilmişdir ki, məskunlaşdığı ərazi köçürülmə obyekti olduğu zaman, onun da, yeni yaşayış sahəsinə köçürülmə məsələsinə baxılacaqdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi özü də, 27.11.2019-cu il tarixində onları ev növbəsinə yazmasına baxmayaraq, hazırda bu hərəkətlərindən boyun qaçırır. Cavabdeh müvafiq tədbirləri etməkdən boyun qaçıraraq onu, ev nöbəsinə yazmır. Məcburi köçkün ailəsi kimi onların hüquqlarını tapdalayır, onlar öz hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəmə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edilərək bildirilmişdir ki, İddiaçı Komitəyə daxil olmuş müraciətinə Komitə tərəfindən 27.11.2019-cu il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, mənzilməişət şəraitinin ağırlığı nəzərə alınaraq onun adı mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına salınmışdır. Növbəti mərhələdə Bakı şəhəri ərazisində istifadəyə veriləcək qəsəbələrdə mənzillə təmin edilmə məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Yenidən İddiaçı 02.06.2020-ci il tarixli ərizə ilə Komitəyə müraciət edərək, oğlu ilə ayrı-ayrı mənzillərdə yerləşdirilməsini, hər iki qızının onun qeydiyyatında olduğunu bildirərək ev verilməsi zamanı bu halların nəzərə alınmasını xahiş etmişdir. Komitə tərəfindən 26.08.2020 və 22.09.2020-ci il tarixli məktublarla iddiaçıya bildirilmişdir ki, məcburi köçkün ailələrinin yeni yaşayış sahələrinə köçürülməsi Azərbaycan Respublikası Prezidentinin 01,07.2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin Dövlət Proqramına 31.10.2007-ci il tarixli 2475 nömrəli və 21.02.2011 -ci il tarixli 1346 nömrəli Sərəncamlarla edilmiş Əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Məskunlaşma obyekti köçürülmə obyekti olduğu zaman iddiaçının da yeni yaşayış sahəsinə köçürülməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, həmçinin qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ii 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı, müvafiq Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Komitə tərəfindən bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Qaydanın 2.2-ci bəndinə əsasən, yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Qaydanın 2.3-cü bəndinə əsasən, rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Qeyd edirlər ki, Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə işğaldan sonra köçürülmə obyektlərinə əvvəldən müvəqqəti qeydiyyata düşərək məskunlaşmış və faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulur və onların siyahıları bir neçə il əvvəl müəyyənləşdirilir. Sonradan həmin obyektlərə köçmüş şəxslərin mənzillə təmin edilmə məsələsinə baxılmır və onların adları siyahıya daxil edilmir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikiniti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin köçürülməsi mümkün deyil. Məhkəmənin diqqətinə çatdırırlar ki, İddiaçı Füzuli şəhərindən məcburi köçkündür və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Bununla yanaşı, sosial rifahının yaxşılaşdırılması məqsədilə iddiaçıya 60 manat məbləğində vahid aylıq müavinət ödənilir. Bildiriririk ki. İddiaçı adı, mənzillə təmin etmə məqsədilə Komitə tərəfindən tərtib olunmuş məcburi köçkünlərin siyahısına daxil edilmişdir. Lakin hazırda Komitənin balansında boş mənzil fondu olmadığından və Dövlət Proqramına uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi”nə dair Qaydasına uyğun olaraq məcburi köçkünlərin yerləşdirilməsi həyata keçirildiyindən iddaçının mənzillə təmin edilməsi Komitənin imkanı xaricindədir. Gələcəkdə İddiaçı müvəqqəti məskunlaşdığı ünvan 1 üzrə Dövlət Proqramına uyğun olaraq yerləşdirilmə prosesi həyata keçirildiyi halda onun ailəsinin də yaşayış sahəsi ilə təmin edilməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. Nəzərə çatdırırlar ki, ümumiyyətlə məcburi köçkünlərin Dövlət Proqramında nəzərdə tutulandan başqa fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi Komitə tərəfindən həyata keçirilmir və Komitənin imkani xaricindədir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının iddia tələbinin “ev növbəsinə yazılaraq evlə təmin olunma" olduğunu və iddiaçının adının Komitə tərəfindən artıq mənzillə təmin edilməsi məqsədilə tərtib olunmuş siyahıya daxil edildiyini bildirərək, Komitə tərəfindən müvafiq öhdəliyin icra olunduğunu diqqətə çatdırırlar. Odur ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı ev növbəsinə yazılaraq ev verilməsi tələbi əsassız olduğu üçün rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə şifahi məhkəmə baxışı iclasınının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını, tərəflərin mülahizələrini və dəlillərini araşdıraraq, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.11.2019-cu il tarixli, 01/15975 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, mənzilməişət şəraitinin ağırlığı nəzərə alınaraq adı növbədənkənar mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına salınmışdır. Növbəti mərhələdə Bakı şəhəri ərazisində istifadəyə veriləcək qəsəbələrdə mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.09.2020-ci il tarixli, 01/21172 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, məcburi köçkün ailələrinin yeni yaşayış sahələrinə köçürülməsi Azərbaycan Respulikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il tarixli, 2475 nömrəli və 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Məskunlaşdığı ərazi köçürülmə obyekti olduğu zaman onların da, yeni yaşayış sahəsinə köçürülməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edildi ki, iddiaçı Füzuli şəhərindən məcburi köçkündür və hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Bununla yanaşı, sosial rifahının yaxşılaşdırılması məqsədilə iddiaçıya 60 manat məbləğində vahid aylıq müavinət ödənilir. İddiaçının yaşadığı mənzil yararsız vəziyyətə düşdüyü üçün onun adı növbədənkənar mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına salınmışdır. Lakin, hazırda Komitənin balansında boş mənzil fondu olmadığından iddiaçının tələbinin təmin edilməsi imkan xaricindədir. Bu səbəbdən də, iddiaçının artıq adının Komitə tərəfindən mənzillə təmin edilməsi məqsədilə tərtib olunmuş siyahıya daxil edildiyini bilərək, hazırda ona Komitə tərəfindən ev verilməsi barədə tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının tələblərinə əsasən məcburi köçkünlər məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramına və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini mərhələli qaydada həyata keçirir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahısı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçilir. Təqdim edilmiş siyahı, müvafiq Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 58-ci, 68-69-cu, 73-cü, 75-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar