Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-191/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) “çıxarışın və texniki pasportun dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) “çıxarışın və texniki pasportun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X12 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpağa dair 12 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın və 09 mart 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3479/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. (hakim R.Daşdəmirov) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2784/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə X8 apellyasiya şikayəti təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3479/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilərək, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında X5 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.metr sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış yalnışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X3 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəminin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X8 hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı X12 əsl iddiaçı (X8 vərəsəsi) İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayonu Sabunçu Bələdiyyəsinin 25 may 2018-ci il tarixli, 34 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmış və Bakı şəhəri Sabunçu Rayonu Sabunçu Bələdiyyəsi tərəfindən müvafiq şəhadətnamə verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsi cavabdeh X5 tərəfindən zəbt edilmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərinə son qoymur, ona məxsus torpaq sahəsini geri qaytarmır. Bakı şəhəri Lenin Rayon Xalq Məhkəməsinin 31 mart 1969-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1\2 hissədə bölünməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda yaşayış evi torpaq sahəsi bərabər bölünsə də 09 mart 2018-ci il tarixli texniki pasporta əsasən iddiaçıya 652,5 kvadrat metr yox, cəmi 435 kvadratmetr torpaq sahəsi düşmüşdür. Bu qeyd olunan torpaq sahəsinin 1/2 deyil 1/3 hissəsini təşkil edir. Cavabdehə isə 870,4 kv.m torpaq sahəsi düşmüşdür. Bundan başqa Bakı şəhəri Sabunçu Rayonu Sabunçu Bələdiyyəsinin 25 may 2018-ci il tarixli, 34 nömrəli sərəncamı ilə ona verilmiş ünvan 2 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi qanunsuz olaraq 09 mart 2018-ci il tarixli texniki pasportda X4 aid hissədə göstərilmişdir. Halbuki həmin torpaq sahəsi ona məxsusdur, sərhədləri məlumdur və hasara alınmışdır. Məhkəmə qətnaməsi ilə evin bölgüsü hissəsində göstərilmişdir ki, evin eyvanının sonundan düz xətt üzrə bölünməlidir. Lakin həmin hissədə də səhv bölünmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə qərarının elan edilməsi xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiklərini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2- 207/1969 nömrəli qətnaməsinin surəti. - Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının surəti. - Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)-637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnamənin surəti. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər, xx.xx.2020-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər, xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - xx.xx.2020-ci il tarixli AZ-İİ 127392 nömrəli Ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surəti. - xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969cu il 31 mart tarixli, 2-207/1969 nömrəli qətnaməsi ilə iddiaçı X12 iş üzrə cavabdeh X13 qarşı nikahın pozulması və əmlakın bölünməsi tələbi təmin edilərək onların nikahları pozulmuş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B saylı ev bölünərək evin yan sağ hissəsi, yəni sahəsi 13,6 və 13,33 kv.m olan iki otaq, sahəsi 7,36 kv.m olan otaq, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X9, evin yan sol hissəsi, yəni, sahələri 13,28 kv.m və 20,91 kv.m iki otaq, sahəsi 7,48 kv.m olan mətbəx, sahəsi 2,3 kv.m olan vanna otağı, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X11 istifadəsində saxlanılmışdır. (Qətnamənin hal-hazıradək qanuni qüvvədə olması işin mübahisələndirilməyən halıdır.) İşin faktiki hallarından görünür ki, Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2-207/1969 nömrəli qətnaməsi ilə X12 və X16 arasında bölünmüş daşınmaz əmlak hal-hazırda X11 vəfatından sonra ona məxsus hissə vərəsəlik qaydasında üçüncü şəxs X3 adına, X8 vəfatından sonra isə ona məxsus hissə İddiaçı Qismət qızının adına keçmişdir. Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2-207/1969 nömrəli qətnaməsi ilə X12 və X16 arasında bölünmüş daşınmaz əmlakla bağlı tərəflər arasında dəfələrlə məhkəmə mübahisələri olmuşdur. İddia tələbindən görünür ki, hal-hazırda mübahisənin predmetini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin bağlı eyvanının 13,8 kv.metr sahəsi və həmin sahəyə dair cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş texniki pasport və çıxarış təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “X2 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində X12 tərəfindən tikilmiş birmərtəbəli, kürsülü, üç yaşayış otağından sahəsi 47.8 kv.m, köməkçi sahəsi 31.7 kv.m, bağlı eyvan sahəsi 22.8 kv.m, torpaq sahəsində tikili qaraj sahəsi 275 kv.m, ayaqyolu sahəsi 4.0 kv.m,torpaq sahəsi 1305.4 kv.m. olan yaşayış evinin Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25 b saylı yerdə hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)-637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X8 iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evin eyvan hissəsi cavabdeh X6 tərəfindən boşaldılması və həmin eyvanın cavabdeh tərəfindən giriş hissəsinin bağlanaraq təcrid olunması qət edilmişdir. Qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)- 637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsində göstərilmişdir: “Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli 2(008)-1711/2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X5 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25b saylı evin 22.80 kv.m sahəsi olan bağlı eyvanın vanna otağı ilə birləşdirərək 2/3 hissəsinin özünə aid etməsi ilə əlaqədar tikdiyi hörgünün sökülməsi qət edilmişdir. Həmin qətnamə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2011-ci il tarixli 2(103)-886/2011 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2011-ci il tarixli 2(102)-2243/2011 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır.” (qətnamənin 3-cü səhifəsinin yuxardan 4-cü və 5-ci abzasları) Həmçinin, həmin qətnamədə göstərilmişdir: “Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi və Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 118 saylı 28 fevral 2005-ci il tarixli sərəncamı ilə mübahisəli bağlı eyvanın X9 məxsus olması öz təsdiqini tapmışdır.” (qətnamənin 5-ci səhifəsinin yuxardan 1-ci abzası) Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iddianın predmetini təşkil bağlı eyvanın tam olaraq, yəni 22.80 kv.m sahəsinin X9 məxsus olması müəyyən edilmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “X2 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən sərəncam sübut kimi mötəbər qiymətləndirilir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)-637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi işin mübahisəsiz halıdır. İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, ünvan 4 ünvanda yerləşən evin bağlı eyvanının 22.80 kv.m sahəsinin X9 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli X1 payı qeyd edilən hissədə bağlı eyvanın sahəsi 22.8 kv.m göstərilmişdir. Lakin, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 190679 nömrəli, Çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, ev 25B (yeni qaydalarla: AZ1034, ünvan 5 ünvanda yerləşən daşınmaz əmlaka dair hüquq sahiblərinin payları aşağıdakı kimi göstərilmişdir: X5 – ü/s 59.3 kv.m (1,3,5,6 saylı sahələr, 8 saylı sahədən 13.8 kv.m) və 0.06527 ha torpaq sahəsi (********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli), İddiaçı (ü/s 43.1 kv.m (2,4, 7 saylı sahələr, 8 saylı sahədən 9.0 kv.m) və 0.06527 ha torpaq sahəsi (********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli). Göründüyü kimi, mübahisə predmeti olan bağlı eyvanın 13.8 kv.m hissəsi üçüncü şəxs X3 adına qeydiyyatdan keçmişdir. Lakin, həmin hissənin hansı hüquqmüəyyənedici sənəd əsasında X3 adına qeydiyyat keçməsinə dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2-207/1969 nömrəli qətnaməsinin qanuni qüvvəyə minməsi, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “X2 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının hazırda qüvvədə olması, Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin 2(011)-637/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi, həmçinin ünvan 4 ünvanda yerləşən evin bağlı eyvanının 22.80 kv.m sahəsinin X9 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.metr sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı aparılmış yalnışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X3 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25b saylı evin iddiaçının mülkiyyətində olan bağlı eyvanın 13,8 kv.metr sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı aparılmış yalnışlığın düzəldilməsi, bağlı eyvanın həmin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının bərpa olunması, X3 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun dəyişdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev