Məhkəmə qərarları › İş №2-1(112)-19100/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19100/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19100/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumatların təqdim edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (imtina cavabını imzalayan vəzifəli şəxsin) sorğuya cavab verilməsindən imtina edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, YUANDA BOİLER istehsalçısına məxsus YD1 - 750 markalı, 20250201 seriya nömrəli İnsinerator Sobasının "xxxx" MMC (VÖEN **********) tərəfindən ölkə ərazisinə idxal edilib edilməməsi, idxal edilmişdirsə həmin sobanın hansı tarixdə ölkə ərazisinə daxil olması - yəni qeyd edilən sobanın hansı tarixdə müvafiq rəsmiləşdirilmə aparılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə məlumat verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Vəkil Bürosunun vəkili İddiaçı "xxxx" MMC ilə hüquqi xidmətlərin göstərilməsinə, hüquqi şəxsin adından müvafiq sənədlərin əldə edilərək məhkəmədə iddia irəli sürülməsinə dair müqavilə bağlamışdır. Həmin müqavilə əsasında ******* nömrəli vəkil orderi əldə etmişdir. Hüquqi Xidmət göstərilməsi üçün sorğu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək icraatında olan iş üzrə araşdırılma aparılması zərurətini nəzərə alaraq YUANDA BOİLER istehsalçısına məxsus YDE-750 markalı İnsinerator Sobasının "xxxx" MMC (VOEN **********) tərəfindən ölkə ərazisinə idxal edilib edilməməsi, idxal edilmişdirsə həmin sobanın hansı tarixdə ölkə ərazisinə daxil olması barədə məlumat verilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin xx.xx.2025-ci il tarixli, 3-33/2-012935\2025 nömrəli cavab məktubu ilə sorğusuna cavab verilməsindən imtina edilmişdir. Sorğuya cavab verilməsindən imtina edilməsini qanunsuz və əsassız hesab etdiyi üçün yenidən 2-ci dəfə sorğu ilə Dövlət Gömrük Komitəsinə müraciət elmişdir. Lakin 2-ci dəfə də təkrar sorğuya cavab verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Belə ki, sorğuya imtina edilməsi barədə cavabda göstərilmişdir ki, tələb olunan məlumat konfidensial məlumatlardır. Nəzərə alsaq ki, ünvanlanmış sorğuda konfidensial məlumat tələb edilməmişdir. Sadəcə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Gömrük orqanının fəaliyyətinə aid məlumatların verilməsini xahiş etmişdir. Məlumat üçün bildirir ki, sorğuda qeyd edilmidir ki, "xxxx" MMC (VÖEN **********) YUANDA BOİLER istehsalçısına məxsus YDE-750 markalı 20250201 seriya nömrəli İnsinerator Sobasını istifadə edir və həmin soba vasitəsi ilə xidmətlər təklif edir. Qeyd edilən sobanın adı, modeli, istifadə təyinatı, mülkiyyətçisinin adı və göstərdiyi xidmətlərin siyahısı sirr deyil və bu məlumatlar aidiyyalı internet səhifələrində mövcuddur. Sorğunun “GSL Service" MMC ilə bağlı olan hissəsində ona məlum olmayan və konfidensial hesab edilən heç bir məlumat mövcud deyil. Sorğunun qalan hissəsi isə Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlıdır və bu hal isə heç bir formada konfidensial ola bilməz. Bu səbəbdən də hesab edir ki, Dövlət Gömrük Komitəsi sorğuya cavab verməməklə onun vəkillik fəaliyyətinə mane olur, həmçinin qanunvericiliyin tələblərini pozmaqla süni şəkildə süründürməçiliyə şərait yaradır. “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinin tələblərinə əsasən təşkilali formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Göründüyü kimi Dövlət Gömrük Komitəsi təşkilali hüquqi formasına görə vəkillərin peşə borcunu yerinə yetirməsində köməklik etməyə borclu olan təşkilatlardan biridir. Həmin qanunun 15-ci maddəsinin tələblərinə əsasən vəkil peşə fəaliyyətini həyala keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, məlumatlarının alınması ilə bağlı yazılı sorğular vermək hüququna malikdir. İşin faktiki hallarından da görünür ki, verilmiş sorğuda vəkil kimi fəaliyyət istiqamətlərindən kənara çıxmamış və sadəcə məlumat verilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər X2 27 sentyabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi (bundan sonra - order) - müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (1 nömrəli Əlavə). Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən order vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) və təqdim olunacaq təşkilatda qalmaq şərtilə 2 (iki) nüsxədə tərtib olunmaqla vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin imza və möhürü ilə təsdiqlənir. Vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) qalacaq orderin ikinci nüsxəsi əsl nüsxənin surətinin çıxarılması yolu ilə vəkil qurumunun rəhbəri (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən imza və möhürlə təsdiqlənir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən orderdə qeyd olunan tapşırığın məzmunu göstərilməklə onların qeydiyyatı vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təmin edilir. “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə, informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə, sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir. Əlavə olaraq bildiririk ki, sorğunun icrasından imtinaya əsas verən hallar aradan qaldırıldıqdan sonra sorğunuza müvafiq qaydada baxılacaqdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən dövlət və ya kommersiya sirrinin, yaxud qanunla qorunan digər konfidensial məlumatların yayılmasına görə gömrük orqanının vəzifəli şəxsləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmçinin Gömrük Məcəlləsinin 16.2-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada üçüncü şəxslərə verilir. Gömrük Məcəlləsinin 41.2ci maddəsinə əsasən gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə, informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə, sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının normalarının tələblərinə əsasən bildiririk ki, sorğuda qeyd olunan məlumatlar "xxxx" MMC ilə bağlı olduğundan, sorğuda qeyd olunan məlumatların "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və 28 iyul 2025-ci il tarixli 552 nömrəli vəkil orderi üzrə hüquqi şəxsin adından sənədlərin əldə edilərək məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilən şəxs "xxxx" ASCnin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron rayon Vəkil bürosunun vəkili İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunması barədə məhkəmə qərarı olduğu təqdirdə, yalnız qərarda qeyd olunanlara münasibətdə sorğu olunan məlumatların Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilməsi mümkün olacaqdır. Eyni zamanda bildiririk ki, bu sorğudan əvvəl Dövlət Gömrük Komitəsinə ünvanladığınız 28 iyul 2025-ci il tarixli 230/552 nömrəli sorğunuza imtina verilməsinin səbəbi sorğunuza cavab məktubumuzda qeyd etdiyimiz hüquqlarını təmsil etdiyiniz hüquqi şəxslə bağlı vəkil orderinin təqdim edilməməsi olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini nəzərə almağınız xahiş olunur.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. Qanunun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri dedikdə hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülür. 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə (mühasibat) hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ; 4.1.13. ekoloji və rəqabət qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar; 4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar. 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Qanunun 17.2-ci maddəsinə əsasən dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borcludurlar. Bu məlumatlar ancaq müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən dövlət və ya kommersiya sirrinin, yaxud qanunla qorunan digər konfidensial məlumatların yayılmasına görə gömrük orqanının vəzifəli şəxsləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 16.2-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada üçüncü şəxslərə verilir. Gömrük Məcəlləsinin 41.2-ci maddəsinə əsasən gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz. Gömrük Məcəlləsinin 280.1-ci maddəsinə əsasən isə hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi prosesi: Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə ərizə ünvanlayır; 1. Dövlət Gömrük Komitəsi ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və malların reyestrə daxil edilməsi barədə qərar qəbul edir; 2. Dövlət Gömrük Komitəsi ərizəyə dair qəbul edilmiş qərar barədə şəxsi məlumatlandırır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə, informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə, sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir. İddia ərizəsindən görsənir ki, "xxxx" MMC Dövlət Gömrük Komitəsinə müraciət edərək digər xarici ticarət iştirakçılarına aid olan kommersiya sirrini özündə daşıyan gömrük bəyannamələrini(və ya sorğu nömrələri) əldə etmək məqsədi məhz iddia etdiyi ona məxsus olan əqli mülkiyyət hüquqlarının obyektləri olan malların qorunmasıdır. Həmin hüquqların qorunmasının isə qanunvericiliklə müəyyən edilən proseduru mövcuddur. Bundan əlavə konkret olaraq “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində kommersiya sirrini istisna edən hallar müəyyən edilmişdir. Həmçinin iddiaçı əsassız olaraq ərizəsində qeyd etmişdir ki, onun əqli mülkiyyət hüququnu müdafiə hüququ məhdudlaşdırılmışdır. Dövlət Gömrük Komitəsi öz rəsmi internet resursu üzərindən bütün xarici ticarət iştirakçılarına öz hüquqlarının qorunması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada imkan yaratmışdır. (https://customs.gov.az/az/sahibkarlar-ucun/eqli-mulkiyyet) İşin mübahisəsiz hallarından görünür ki, Komitə tərəfindən şəxsin müraciəti araşdırılmış, ona gömrük və digər sahəvi qanunvericilik aktlarına istinad edilməklə əsaslandırılmış imtina barədə cavab məktubu verilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

10. Məhkəmə müəyyən edir ki, İddiaçı cavabdehə müraciət edərək, YUANDA BOİLER istehsalçısına məxsus YDE-750 markalı İnsinerator Sobasının "xxxx" MMC (VOEN **********) tərəfindən ölkə ərazisinə idxal edilib edilməməsi, idxal edilmişdirsə həmin sobanın hansı tarixdə ölkə ərazisinə daxil olması barədə məlumat verilməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

11. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. 2.0.1. kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar; 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ; 4.1.13. ekoloji və rəqabət qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar; 4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar. 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.

12. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.2. Dövlət və ya kommersiya sirrinin, yaxud qanunla qorunan digər konfidensial məlumatların yayılmasına görə gömrük orqanının vəzifəli şəxsləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

13. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçı cavabdehə müraciət edərək digər ticarət iştirakçısına aid olan kommersiya sirrini özündə daşıyan məlumatları əldə etmək istəmişdir.

14. Məhkəmə xüsusilə nəzərə alır ki, həmin məlumatlar konfidensial fərdi məlumatlardır və üçüncü şəxsə verilməsinə yalnız barəsində məlumat tələb olunan şəxsin razılığı olduğu təqdirdə yol verilir. Hazırkı iş üzrə barəsində fərdi məlumatlar tələb olunan şəxsin müvafiq məlumatların verilməsi ilə bağlı razılığı və razılıq olmadan da məlumatın verilə bilməsi üçün əsaslar olduğu aşkar edilmir.

15. Məhkəmə hesab edir ki, iddiaçı gələcəkdə qaldırılan iddiada vəsatət verərək həmin məlumatların əldə edilməsini xahiş edə bilər, məhkəmə isə icraatda olan işlə bağlı vəsatətə münasibət bildirər.

16. Beləliklə İddiaçı hazırki iddia tələbini (digər şəxslər barəsində fərdi məlumatların təqdim edilməsi) irəlini sürməyə subyektiv hüququ yoxdur.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar