Məhkəmə qərarları › İş №2-1(112)-1912/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1912/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1912/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, X2nun və onun vəkili-11 saylı Vəkil Bürosunun vəkili X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X16 və Murad-X6, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi Filialın nümayəndəsi X7 iştirakları ilə, X2nun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi və həmin (istifadə etmədiyi növbəti məzuniyyət) günlərinin xidmət illərinə əlavə olaraq, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi Filialına əlavə məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi Qulluqçuların statusu haqqında” Qanununun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli qərarının tələblərinə müvafiq hesablanaraq, birdəfəlik ödənilməsi və həmin (istifadə etmədiyi növbəti məzuniyyət) 90 (doxsan) günlərin xidmət illərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi Filialına əlavə məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 21 il 5 ay 21 gün təqvim müddəti olmaqla xidmət etmişdir. 1999-cu ilin iyul ayından 2017-ci ilin 17 yanvar tarixinədək zabit heyətində xidmət edərək, Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Tərxis olunarkən N nömrəli hərbi hissənin 1-ci X3 İşləri üzrə müavini vəzifəsində xidmət etməklə mayor rütbəsində olmuşdur. Lakin, hərbi hissədən tərxis olunarkən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş 3 aylıq növbəti məzuniyyət verilməmiş, həmin müddət məlumat vərəqinə daxil edilməmiş və bu səbəbdən də pensiya düzgün hesablanmamış və pensiya təyin olunarkən bu hallar nəzərə alınmamışdır. Hesab edir ki, Qanunvericiliyin tələblərinə əsasən pensiya təyin olunarkən şəxsin hərbi xidmət dövrü və döyüşlərdə iştirakı, həmçinin də məzuniyyət müddətləri nəzərə alınmalı və təyin olunmuş pensiya yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti xx.xx.2020-ci il tarixli 10/107 saylı imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının məzuniyyətdə olub-olmaması məsələsi araşdırılmalıdır və əgər hüququ olarsa kompensasiya ödənilməsi təmin olunacaqdır. Eyni zamanda inzibati orqan qeyd edir ki, əgər hərbi xidmət dövründə istifadə edilməmiş məzuiyyət günləri olduğu müəyyən edilərsə yalnız bundan sonra bu məsələyə baxıla bilər. Hesab edir ki, inzibati orqanın imtinaya bərabər dəlilləri qanunsuz və əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, həmçinin də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin tələblərinə görə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xətəliyinə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətinə verilir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməmiş və pensiya təyin olunması üçün ƏƏSMN yanında DSMF-nin X11 İdarəsinə göndərilmiş məlumat vərəqəsinə daxil edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF X11 üzrə Mərkəzi Filialı) təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddiaya dair etirazını təqdim edərək, göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad edərək ona növbəti məzuniyyətin verilmədiyini və buna görə də kompensasiyanın birdəfəlik ödənilməsini göstərmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: növbəti məzuniyyət; qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədris-təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa görə qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Sözügedən əsasnamənin 120-ci maddəsinə görə növbəti məzuniyyətin aşağıdakılara verilməsi göstərilmişdir: müddətli həqiqi hərbi xidmət qulluqçularına-müddətli həqiqi hərbi xidmət ərzində- bir dəfə 10 gün; müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına- hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara- hər təqvim ili üçün 35 gün; q) zabitlərə- hər təqvim ili üçün 45 gün. Silahlı qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyət 3 ay müddətinə verilir. Qeyd olunan Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (divizya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı xidmət yeri olan N nömrəli hərbi hissəyə göndərilmiş sorğuya cavab olaraq sonuncunun hərbi xidmətdən ehtiyata buraxılarkən 2016-cı ilin hesabına növbəti məzuniyyət müavinatını alması, həmçinin ona təqvim ili ərzində birdəfəlik pul müavinatının tam həcmdə ödənilməsi bildirilmişdir. “Hərbi vəzifə və hərbi Xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların dairəsi müəyyən edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı sözügedən Qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2016-cı il tarixli, 2346 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılsa da xidməti vəzifələrinin təhvil-təslimi ilə əlaqədar o, xx.xx.2017-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış və həmin tarixədək olan müdət onun xidmət illərinə hesablanmışdır. Bundan başqa sabiq hərbi qulluqçu Y.Baxşıyev Silahlı Qüvvələrin ehtiyata buraxılan zaman qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət etmiş hərbi hissəyə müraciət etməmişdir. İddiaçının Xidmətə ünvanladığı müraciətinə Maliyyə-Plan İdarəsi tərəfindən baxılmış və ona istifadə etmədiyi məzuniyyətə görə 1.452.51 AZN məbləğində pul xx.xx.2021-ci il tarixdə Beynəlxalq Bankda adına olan hesab nömrəsinə köçürülmüşdür. Hesab edirlər ki, iddiaçının iddiası əsassızdır. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş DSMF X11 üzrə Mərkəzi Filialının iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X16 və X10 oğlu iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs DSMF X11 üzrə Mərkəzi Filialının nümayəndəsi X14 mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki iddiaçının iddiа tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx xxxxx 2016-cı il tarixli 085 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı xx xxxxx 2016-cı il tarixdən xx xxx 2016-cı il tarixədək 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış hesab edilmiş, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 7-ci bəndinə əsasən 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı məzuniyyətə çıxması ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinat ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hssə komandirinin nizami hissə üzrə xx xxx 2016-cı il tarixli 0124 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı xx xxx 2016-cı il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hssə komandirinin nizami hissə üzrə xx xxxxxx 2016-cı il tarixli 0299 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək 3 (üç) gün müddətinə növbəti məzuniyyətə buraxılmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hssə komandirinin nizami hissə üzrə xx xxxxxx 2016-cı il tarixli 0302 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı xx xxxxxx 2016-cı il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hssə komandirinin nizami hissə üzrə xx xxxxxx 2017-cı il tarixli 015 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 1-ci sərhəd komendantlığının təminat üzrə müavini mayor İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq vəzifəsindən azad olunmaqla xx.xx.2017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminatdan çıxarılaraq, Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir (Əsas DSX rəisi-X4 xx.xx.2016-cıil tarixli 2346 ş/h nömrəli əmri). İddiaçıya aid pensiya işinin surətindən görünür ki, Dövlət Sərhəd Xidmətinin 001012 nömrəli “Məlumat vərəqəsi”nə əsasən DSMF Hərbi Qulluqçular və X12 İş İdarəsi tərəfindən İddiaçı xx.xx.2017-cı ildən yaşa görə pensiya təyin edilmiş, pensiya xx.xx.2017ci il tarixdən ömürlük 758 manat 84 qəpik müəyyən olunmuşdur. Məlumat vərəqəsində iddiaçının təqvim illəri 21 il 5 ay 21 gün, cəmi iş stajı və xidmət illəri 29 il 11 ay 11 gün, xidmətdən ehtiyata buraxıldığı tarix isə xx.xx.2017-ci il qeyd olunmuşdur. İddiaçı hazırki tələblə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət etmiş, onun müraciətinə xx.xx.2020-ci il tarixli 10/107 saylı məktubla cavab olaraq bildirilmişdir ki, həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri aidiyyəti üzrə araşdırılır. Həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Əsasnamənin 120-ci maddəsində göstərilmişdir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Əsasnamənin 121-ci maddəsində göstərilmişdir ki, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda (41.0.2); xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda (41.0.3); öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlət (41.0.9). Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən hallarından müəyyən olunmuşdur ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2016-cı il tarixli, 2346 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılsa da xidməti vəzifələrinin təhvil-təslimi ilə əlaqədar o, şəxsi heyətin siyahısından xx.xx.2017-ci il tarixdə çıxarılmış, ehtiyata buraxılmamışdan əvvəl, yəni xx xxxxx 2016-cı il tarixdən xx xxx 2016-cı il tarixədək 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, məzuniyyətə çıxması ilə əlaqədar ona bir vəzifə maaşı məbləğində müavinat ödənilmiş, qeyd olunan dövr onun xidmət illərinə hesablanmaqla, məlumat vərəqəsinə daxil edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə istifadə etmədiyi məzuniyyətə görə 1.452.51 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətində növbəti məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Lakin işin araşdırılan hallarından da göründüyü kimi, hazırki iş üzrə iddiaçı qeyd olunan (yaşa və ya xəstəliyə) əsaslarla deyil, öz arzusu ilə ehtiyata buraxılmışdır və belə olan halda qanunvericilikdə ona 3 ay müddətində növbəti məzuniyyət verilməsi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçı Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. Belə olan halda qanunvericilikdə hazırki iş üzrə iddiaçıya onun tərəfindən tələb olunan 3 ay müddətində növbəti məzuniyyətin verilməsi nəzərdə tutulmadığından, həmin müddət də məlumat vərəqəsinə daxil edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar