Məhkəmə qərarları › İş №2-1(112)-19122/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19122/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19122/2025 25.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Bələdiyyəsinə qarşı iddia tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş oğlu X8 adına baş plana uyğun olaraq tikinti altı 137 kvadrat metr, boş sahə 223 kvadrat metr olmaqla cəmi 360 kvadrat metr tikintinin təsviri qeyd olunmuş və 25 aprel 2013-cü il tarixdə Pirallahı Bələdiyyəsi tərəfindən sənədləşdirilmiş torpaq sahəsini özəlləşdirmək üçün mərhum oğlu X8 həyat yoldaşı X5 adına Pirallahı Bələdiyyəsi tərəfindən ilkin sənədlərin verilməsi haqqında Qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X13 10 yanvar 2017-ci il tarixdə vəfat edəndən bir müddət sonra evdə sənədlərin arasından onun adına Pirallahı bələdiyyəsi tərəfindən rəsmiləşdirilmiş baş plana uyğun olaraq tikinti altı 137 kvadratmetr, boş sahə 223 kvadratmetr olmaqla cəmi 360 kvadratmetr sahədə özbaşına tikintinin təsviri qeyd olunmuş və 25 aprel 2013-cü il tarixdə 22 manat 71 qəpik dövlət rüsumu ödənilmiş "Hesabat cədvəli"nə rast gəlmişdir. Bir neçə ildən sonra (artıq Bələdiyyə sədri M. X7 əvəz edilmişdi) Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmov qarışıq ailə üzvləri ilə birlikdə torpaq sahəsinin yerini müəyyənləşdirə bilmişdir. Oğlunun adına sənədləşdirilmiş torpaq sahəsində vaxtilə Şəmsəddin Səfərov adlı birisi, onun oğlu Anar və qardaşı Cəmaləddin, onun oğlu Vüsal narşərab istehsal edirmişlər. Sexi 2013-cü ildə Qəbələ rayonuna köçürərkən Şəmsəddin kişi yaşadıqları binanı, işlətdikləri sex qarışıq həyətyanı sahəsini də oğlu X9 vermişdir. Oğlu yaşayış binasını yenicə ailə qurmuş bibisi nəvəsi, halhazırda 10 saylı Pirallahı xəstəxanasında tibb bacısı işləyən X2 verərək hər ay satılmış əmlakın pulunu poçt vasitəsilə X1 göndərilməsini təmin etmişdir. Narşərab istehsal edilən sexqarışıq həyətyanı sahəsini isə oğlu X8 adına rəsmiləşdirmişlər. Şəmsəddin kişi ilə oğlunun ölümü demək olar ki, bir-birinə qarışdı. Oğlunun qanuni torpaq sahəsinin, narşərab istehsal edilən binaların yerləşdiyi ərazinin darvaza qapısına qıfıl vurarkən Pirallahı Rayon İcra Hakimiyyətinin Pirallahı qəsəbə nümayəndəsi Həsən Niftəliyev (tel:***- ***-**-**), onun müavini Mübariz Mahmudov (tel: ***-***-**-**), Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmov (tel: ***-***-**-**), Xaqaninin torpaq sahəsinin Bələdiyyə sənədlərini hazırlayan Abuzər Novruzov (tel: ***-**-** və ***-***-**-**) orada olmuşlar. 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən aldığı xx.xx.2023-cü il tarixli, 897 saylı arayışdan müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-228 nömrə altında qeydə alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə" əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsələri kimi mərhumun arvadı-X10, övladları-X3 və X6 tanınmışlar. O, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsaslanaraq vəfat edən oğlunun valideyni kimi gəlini X4 etibarnamə alaraq miras torpaq payını onun adına özəlləşdirib vərəsə oğlu ilə qızının, nəvələrinin əmlakına çevirməyi bir ağsaqqal kimi vicdan borcu bilib qabağa düşüb bu çətin və yorucu işi başa çatdırmağa səy göstərir. Lakin qarşısına süni maneələr çıxmışdır. Belə ki, Pirallahı Bələdiyyəsinin indiki X18 06 oktyabr 2025-ci il tarixdə yazdığı ərizədə xahiş etmişdir ki, oğlu X8 adına rəsmiləşdirilmiş "Hesabat cədvəli" sənədi sahəni özəlləşdirmək üçün bəs etmir. Bunun üçün ilkin sənədlər tələb olunur. Xahiş etmişdir ki, bu işdə ona köməklik göstərilsin. X15 müəllim cavab yazaraq -"Pirallahı Bələdiyyəsinin arxiv sənədlərində və protokol kitabında məlumat aşkar olunmadı"-bildirir. O, İddiaçı torpaq sahəsinin qanuni sahibi X8 atasıdır. Belə olan halda, vəfat edən şəxsin bütün hüquqları onun 1-ci dərəcəli vərəsələrinə, o cümlədən ona, atasına keçir. Odur ki, qüvvədə olan qanunvericiliyə əsasən X8 hazırki iş üzrə ona məxsus torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə sənədləşmə işində tələb etmək hüququ vardır. 5 saylı Bakı "Asan Xidmət" mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılarkən vərəsə qismində tanınmağı, lakin oğlunun mülkiyyətinə (evinə, maşınına) dair heç bir tələbi olmadığını, oğlunun mülkiyyətindən ona çatası paydan oğlunun həyat yoldaşının, yəni gəlini X5 və nəvələrinin xeyrinə imtina etdiyini yazılı surətdə bildirməsinə baxmayaraq 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin verdiyi Şəhadətnaməyə əsasən onu vərəsə qismində tanınmamışdır. Göründüyü kimi "Asan Xidmət" Mərkəzi düzgün anlamadan hüquqlarını pozmuş, onu vərəsə kimi tanımamışdır. Ona görə də gəlini X4 etibarnamə alaraq nəvələrinin xatirinə bu ağır zəhmət tələb edən işin altına girmişdir. Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İddia tələbindən də göründüyü kimi, iddiaçı vəfat etmiş oğlu X8 adına baş plana uyğun olaraq tikinti altı 137 kvadratmetr, boş sahə 223 kvadrat metr olmaqla cəmi 360 kvadrat metr tikintinin təsviri qeyd olunmuş və 25 aprel 2013-cü il tarixdə Pirallahı Bələdiyyəsi tərəfindən sənədləşdirilmiş torpaq sahəsini özəlləşdirmək üçün mərhum oğlu X8 həyat yoldaşı X5 adına Pirallahı Bələdiyyəsi tərəfindən ilkin sənədlərin verilməsini xahiş edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 oktyabr 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum X8 adına Pirallahı rayonu dəniz kənarında tikinti altı 137 kvadrat metr və 223 kvadrat metr boş sahə olmaqla ümumi sahəsi 360 kvadrat metr torpaq sahəsi olması barədə arxiv sənədlərində və protokol kitabında məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış 24 deakbr 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X9 bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə məlumat Pirallahı bələdiyyəsinin arxiv sənədlərində aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində mərhum oğluna məxsus torpaq sahəsinə dair ilkin sənədlərin verilməsini tələb edir. Halbuki, iş materiallarından görünür ki, iddiaçının mərhum oğluna cavabdeh tərəfindən hər hansı torpaq sahəsinin ayrılması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazır ki iddia tələbinə hüquqi marağı və subyektiv hüququ müəyyən edilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı tələbində Pirallahı Bələdiyyəsi tərəfindən onun hansı hüququnun pozulmasını, Bələdiyyənin hansı hərəkət və ya hərəkətsizliyinin onun hüquq və vəzifələrinə toxunmasını əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar