Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19123/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həm milli qanunvericilik, həm də beynəlxalq hüquq üzrə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, sosial müdafiə, bərabərlik, təhlükəsizlik və mənzil hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib tədbir görülməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İ qrup əlildir, fiziki imkanları məhdud olduğundan daim xüsusi qayğıya ehtiyacı olan, sosial baxımdan həssas kateqoriyaya daxil edilən şəxsdir. O, 44 günlük Vətən Müharibəsi iştirakçısının qaynanasıdır və himayəsində iki azyaşlı uşaq, həmçinin talassemiya daşıyıcısı olan, əlillik dərəcəsi müəyyən edilmiş qızı vardır. İddiaçı eyni zamanda şəhid ailəsi üzvü kimi dövlətin xüsusi sosial müdafiə dairəsinə daxil olan şəxslərdəndir. Yuxarıda qeyd edilən bütün sosial statuslar onun dövlət orqanları tərəfindən daha yüksək səviyyədə müdafiə olunması zərurətini birbaşa doğurur. İddiaçı 2003-cü ildən davamlı olaraq ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 170 kv.m olan yaşayış evində ailəsi ilə birlikdə yaşayıb. Bu evin tikintisi, təmiri və abadlaşdırılması tam şəkildə iddiaçının ailəsinin şəxsi vəsaiti hesabına aparılmışdır. Evin tikintisi və orada yaşayış hüququnu təsdiqləyən bələdiyyə sənədi, torpaq sahəsinin ayrılmasına dair sənədlər mövcuddur. Bundan əlavə, yaşayış evinə aid kommunal xidmətlərin (elektrik, su, qaz və s.) hamısı illər boyu iddiaçının adma rəsmiləşdirilmiş və dövlət qurumları tərəfindən qəbul olunmuşdur. Bu faktlar iddiaçının həmin ünvanda 22 il ərzində fasiləsiz və rəsmi tanınan formada yaşadığını təsdiq edir. 2024-cü il 15 dekabr tarixində gecə saat 03:00 radələrində iddiaçının yaşadığı evdə qəfil yanğın baş verib. Yanğın qısa müddətdə bütün evə yayılıb və ailə üzvləri həyati təhlükə altında qalıblar. Onlar evdən yalnız mobil telefonlarını götürərək çətinliklə çıxa biliblər. Yanğın nəticəsində yaşayış evi tamamilə yanaraq yararsız hala düşmüşdür. Evin konstruksiyası tam zərər görmüş, təqribən 25 min manat məbləğində nağd pul yanmış, qızıl-zinət əşyaları, məişət texnikası, mebel, geyim və digər bütün əşyalar məhv olmuşdur. İddiaçının qızı yanğın zamanı yaranmış psixoloji şok səbəbindən yıxılaraq hər iki qolunu qırmış və tibbi müdaxiləyə məruz qalmışdır. Hadisə nəticəsində ailə tam olaraq evsiz və əşyasız qalmışdır. Baş vermiş yanğın faktı və nəticələri FHN tərəfindən tərtib olunmuş rəsmi aktla təsdiqlənmişdir. Hadisə barədə dərhal məlumat verilsə də, FHN-in yanğınsöndürmə briqadası hadisə yerinə təxminən 40-45 dəqiqə gecikmişdir. İlkin müdaxilənin gecikməsi alovun daha geniş yayılmasına və evin tamamilə yanaraq məhv olmasına səbəb olmuşdur. Əgər briqada vaxtında hadisə yerinə çatsaydı, əmlakın tam məhv olunması baş verməyə bilərdi. Bu məsələ ayrıca inzibati araşdırma predmeti olmaqla yanaşı, iddiaçının faktiki vəziyyətini daha da ağırlaşdıran mühüm amildir. İddiaçının yaşadığı ərazi 2014-cü ildən dövlət tərəfindən rəsmi qaydada “söküntü zonası” elan olunmuşdur. Bu ərazidə illərdir davam edən yenidənqurma layihəsi çərçivəsində onlarla yaşayış evi sökülmüş və sakinlərə ya alternativ mənzil, ya da kompensasiya verilməklə təminat yaradılmışdır. İddiaçının yaşadığı ünvan da bu layihənin hədəf obyektlərindən biri olmuşdur və ailəsinə dəfələrlə həmin ərazidə yaşayan digər sakinlər kimi mənzil veriləcəyi barədə məlumat verilib. Lakin müxtəlif gecikmələr və qeyrimüəyyənliklər səbəbindən iddiaçının ailəsi söküntü zamanı təmin olunmamış, evi yanıb tam yararsız vəziyyətə düşdükdən sonra belə heç bir dəstək göstərilməmişdir. Bu hal eyni hüquqi statusda olan və eyni ərazidə yaşayan şəxslər arasında bərabərlik prinsipinin pozulması deməkdir. Yanğından sonra iddiaçının sosial vəziyyəti son dərəcə ağırlaşmışdır. О, İ qrup əlil kimi tam evsiz qalmış, himayəsindəki azyaşlı uşaqlar və əlillik dərəcəsi olan qızı ilə birlikdə qohum evlərində məcburi şəkildə sığınacaq tapmışdır. İddiaçı hüquqi, sosial, tibbi və maddi baxımdan xüsusi qayğıya ehtiyacı olan şəxs olsa da, cavabdeh qurum tərəfindən nə müvəqqəti mənzil, nə yaşayış şəraitinin bərpası, nə də yanğın qurbanı kimi hər hansı sosial müdafiə tədbiri göstərilmişdir. İddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə, FHN-ə və digər aidiyyəti qurumlara dəfələrlə yazılı müraciətlər ünvanlanmışdır. Xüsusilə Səbail Rayon İcra Hakimiyyətinə edilən müraciətdə iddiaçıdan və ailəsindən ibarət sosial həssas qrup üçün müvəqqəti mənzilin ayrılması, alternativ mənzillə təmin olunması və yanğın səbəbindən müvafiq kompensasiya mexanizmlərinin tətbiq edilməsi tələb edilmişdir. Lakin cavabdeh qurum müraciətin mahiyyətinə cavab verməmiş, əvəzində müraciəti tam əlaqəsiz şəkildə tikinti icazəsi və sığorta ilə əlaqələndirərək əsassız cavab təqdim etmişdir. Halbuki müraciətdə tikinti, icazə, tikinti niyyəti və ya sığorta barədə heç bir məlumat mövcud olmamış, müraciət sırf sosial müdafiə xarakteri daşımışdır. Cavabdeh qurumun məsələdən yayınaraq mahiyyəti üzrə cavab verməməsi İnzibati icraat haqqında Qanunun, “Vətəndaşların müraciətləri haqqında” Qanunun və Konstitusiyanın müvafiq maddələrinin tələblərinə ziddir və açıq inzibati fəaliyyətsizlik təşkil edir. Bütün göstərilən hallar sübut edir ki İddiaçı söküntü zonası sakini kimi alternativ mənzil hüququna malik idi.Yanğın qurbanı kimi təcili sosial müdafiəyə ehtiyacı var idi.Əlilliyi olan şəxs kimi dövlətin xüsusi himayəsində olmah idi. Şəhid ailəsi üzvü kimi əlavə təminat mexanizmlərinə çıxışı olmalı idi. Lakin cavabdeh qurum tərəfindən bu hüquqların heç biri təmin edilməmiş, iddiaçının hüquqları kütləvi şəkildə pozulmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin yuxarıda göstərilən faktiki halları iddiaçının bir neçə istiqamətdə - sosial müdafiə hüququ, vətəndaşın təhlükəsiz yaşayış mühiti hüququ, inzibati orqanın vəzifələrinin icra edilməməsi, bərabərlik hüququnun pozulması, və söküntü zonası sakini kimi təminat hüququnun pozulması - üzrə qanunvericiliklə ona verilmiş hüquqlarının kobud şəkildə pozulduğunu göstərir. Aşağıda hər bir hüquqi əsas konkret işin halları ilə əlaqədə geniş şəkildə izah olunur: İşin mövcud halları bir daha sübut edir ki, iddiaçının uzun illərdir yaşadığı və rəsmi şəkildə söküntü zonası elan olunmuş ərazidə digər sakinlərə dövlət tərəfindən mənzil, kompensasiya və ya müvəqqəti yerləşdirmə verildiyi halda, iddiaçı tamamilə diqqətdən kənarda saxlanılmışdır. Bu, eyni hüquqi vəziyyətdə olan şəxslər arasında əsassız fərqləndirmə aparılması deməkdir və Konstitusiyanın 25-ci maddəsi ilə təmin edilmiş bərabərlik hüququnun birbaşa pozulmasıdır. İddiaçı 22 il ərzində həmin evdə yaşamış, kommunal xidmətlər göstərilmiş, bələdiyyə sənədi ilə faktiki istifadə hüququ formalaşmış, lakin söküntü zonasında digər şəxslərə tətbiq olunan təminat tədbirləri onun üçün tətbiq edilməmişdir. Konstitusiyanın 38-ci maddəsinə uyğun olaraq, dövlət sosial cəhətdən həssas qrupları— əlilliyi olan şəxsləri, sağlamlıq imkanları məhdud uşaqları olan ailələri, şəhid ailələrini xüsusi himayə etməlidir. İddiaçı İ qrup əlildir, talassemiya xəstəsi olan qızma baxır, həmçinin şəhid ailəsinin üzvüdür və yanğın nəticəsində tamamilə evsiz qalmışdır. Bu statusların hər biri dövlətin onunla bağlı sosial təminat tədbirləri görməsini zəruri edir. Lakin cavabdeh qurum iddiaçıya nə müvəqqəti yaşayış sahəsi təqdim etmiş, nə də sosial yardım, psixoloji dəstək və ya fərdi situasiyanın qiymətləndirilməsi üçün akt tərtib etmişdir. Bu, Konstitusiyanın 38-ci maddəsinin və “Sosial xidmət haqqında” Qanunun 5 və 6-cı maddələrinin pozulması deməkdir. Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının gecikməsi (təqribən 40-45 dəqiqə), nəticədə evin tamamilə yanaraq yararsız hala düşməsi və iddiaçının qızının panika içində yıxılaraq iki qolunun sınığı ilə xəstəxanaya düşməsi göstərir ki, dövlətin təhlükəsiz yaşayış mühitinin təmin edilməsi üzrə pozitiv öhdəlikləri yerinə yetirilməmişdir. Konstitusiyanın 41-ci maddəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun bu istiqamətdə dövlətin məsuliyyətini müəyyən edir və bu öhdəliklər faktiki olaraq pozulmuşdur. İddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə edilən müraciət mahiyyətcə təcili sosial müdafiə, müvəqqəti yaşayış yeri və söküntü zonası sakini kimi təminat hüquqlarının təmin edilməsi ilə bağlı olduğu halda, icra hakimiyyəti müraciətin mahiyyətinə qiymət verməmiş, tamamilə əlaqəsiz mövzuya—tikinti icazəsi və sığorta məsələlərinə—istinad etməklə formal cavab təqdim etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10, 11 və 12-ci maddələrinə əsasən müraciətə mahiyyəti üzrə, əsaslandırılmış şəkildə cavab verilməlidir. Eyni zamanda İnzibati İcraat Haqqında Qanunun 10, 12, 13 və 14-cü maddələrinə uyğun olaraq inzibati orqan faktiki vəziyyəti araşdırmalı, müraciətin hüquqi mahiyyətini müəyyən etməli və səlahiyyəti daxilində tədbirlər görməlidir. Lakin cavabdeh nə yerində baxış keçirmiş, nə ailənin faktiki sosial vəziyyəti üzrə akt tərtib etmiş, nə də müvafiq qərar vermişdir ki, bu da açıq inzibati fəaliyyətsizlikdir. “Yaşayış fondunun idarə edilməsi haqqında” Qanunun 3 və 4-cü maddələri dövlətin əhaliyə təhlükəsiz yaşayış şəraiti yaratmaq, həyati təhlükə yaranmış hallarda isə müvəqqəti sığınacaq təmin etmək öhdəliyini müəyyən edir. Yanğın nəticəsində mənzil tam yararsız hala düşdüyündən, dövlət qurumları iddiaçını müvəqqəti yerləşdirmə fondundan mənzillə təmin etməli idilər. Lakin bu təminatın heç biri həyata keçirilməmişdir. İddiaçının evi yerləşən ərazinin rəsmi sənədlərlə söküntü zonası elan edilməsi faktı nəzərə alınmaqla, həmin zonada yaşayan və uzun illər faktiki istifadə hüququ formalaşmış şəxslərin alternativ mənzillə, kompensasiyalarla və ya müvəqqəti yaşayış yeri ilə təmin edilməsi dövlətin mütləq öhdəliyidir. İddiaçının evi yanaraq tamamilə məhv olduğundan, bu öhdəlik daha da aktuallaşmışdır, lakin cavabdeh qurum bu istiqamətdə də heç bir addım atmamışdır. Azərbaycanın beynəlxalq öhdəliklərinə gəldikdə, BMT-nin “Əlillərin hüquqları haqqında Konvensiyasf’mn 28-ci maddəsi əlillərin adekvat yaşayış səviyyəsinə, mənzilə və sosial müdafiəyə çıxışını dövlətin təmin etməli olduğunu müəyyən edir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən, dövlət şəxsin mənzil hüququnun faktiki olaraq məhv olduğu hallarda (məsələn, yanğın nəticəsində) həmin hüququ bərpa etmək üçün pozitiv öhdəlik daşıyır. İddiaçı evsiz qaldığı halda dövlət orqanı tərəfindən heç bir tədbir görülməməsi bu beynəlxalq sənədlərin də pozuntusu kimi qiymətləndirilir.. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçının diqqətinə çatdırıldı. İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. əlavə olaraq izahatında bildirdi ki, məhkəmədən xahişi ondan ibarətdir ki, cavabdehin üzərinə onun yanmış evinin sökülməsi və əvəzində kompensasiya verilməsi öhdəliyinin qoyulmasından ibarətdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının iahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İş materiallarından müəyyən edilir ki, 15 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, nəticədə əmlaka maddi ziyan dəymişdir. İddiaçı iddia ərizəsində cavabdehin həm milli qanunvericilik, həm də beynəlxalq hüquq üzrə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, sosial müdafiə, bərabərlik, təhlükəsizlik və mənzil hüquqlarının ciddi şəkildə pozulduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə yönələn tələbinin konkret olaraq nədən ibarət olması və hüquqi marağı aydın deyildir. İddiaçı cavabdeh inzibati orqanın qərarını və ya hüquq və mənafeyinə toxunan hərəkət və ya hərəkətsizliyini mübahisələndirə bilər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da evinin yerləşdiyi ərazidə söküntü işlərinin aparıldığını, ona da kompensasiya verilməsini istədiyini bildirmiş sonra isə fikrini dəyişərək köçürülməyə də razı olacağını qeyd etmişdir. İddia tələbinə nəyə görə məhz Bakı şəhər İcra Hakmiyyətinə yönəltməsi sualına isə bunun səbəbini bilmədiyini, iddia ərizəsinin tərtibi zamanı anlaşılmazlıq olması ilə izah etmişdir. İddiaçıya məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşdirməsi təklif olunsa da, o, məhkəməyə bununla bağlı ərizə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının məhz cavabdeh inzibati orqan tərəfindən pozulmasını, tələbini məhz nəyə görə cavabdeh kimi qoyduğu həmin quruma qarşı qaldırmasını əsaslandırmamış, hansı hüququnun cavabdeh orqan tərəfindən pozulduğunu sübuta yetirə bilməmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-19123/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19123/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver