Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1915/2022 21.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə” çalışan şəxs kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” X8 rabitə qovşağında müxtəlif vəzifələrdə işləmiş, 08.06.2006-cı il tarixdən isə rabitə qovşağının mühəndisi vəzifəsinə keçirilmiş və halhazırda da həmin vəzifədə çalışır. Ümumi iş stajı 40 (qırx) ildən artıqdır. Bunun 15 (on beş) ilini isə “Gəncə” X8 rabitə qovşağında “rabitə qovşağının mühəndisi” vəzifəsində çalışmış və hal-hazırda da həmin vəzifədə işləyir. Hal-hazırda 60 yaşının tamam olmasını, 25 ildən artıq sığorta stajına malik olduğunu və bu müddətin 15 (on beş) ilini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən “əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə” çalışdığını və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını nəzərə almaqla, ona pensiya təyin edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə cavab olaraq Filial rəhbərliyindən ona göndərilən məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci “Nəqliyyat bölməsi”nin 21.3-cü “Mülki aviasiya” bəndində güzəştli şərtlərlə pensiya hüququ “aviasiya mühəndisləri”nə məxsus olduğu qeyd edilmiş, bununla ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın ona pensiya təyin edilməsindən imtinası əsassız və qanunsuz sayılmalı, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə vəzifə olaraq qoyulmalıdır. Belə ki, cavabdeh orqanın imtina məktubundan göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq Qərarının məzmunu təhrif edilmiş, pensiya hüququndan istifadəni məhdudlaşdıran yanaşma ilə yanlış nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci “Nəqliyyat bölməsi”nin 21.3-cü “Mülki aviasiya” bəndində “Bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və “Bütün adlarda mühəndislər” vəzifələri nəzərdə tutulmuşdur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci “Nəqliyyat bölməsi”nin 21.3-cü “Mülki aviasiya” bəndində “Bütün adlarda mühəndis” vəzifələri “əmək şəraiti xüsusilə zərərli və ağır olan peşə” kimi sayılır. Qeyd olunan filial tərəfindən 01.07.2021-ci il tarixli **********5 saylı məktubda isə “Bütün adlarda mühəndislər” sözü “Aviasiya mühəndisləri” sözü kimi təqdim edilərək, guya onun əmək kitabçasında qeyd edilən “Mühəndis” vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə sahəsi olmadığı bildirilir. Lakin Qərarın məzmununda aşkar surətdə “bütün adlarda mühəndislər” yazılışı, Qərarın Nəqliyyat (21) bölümünün Aviasiya (21.3) yarımbölümündə nəzərdə tutulan peşə sahəsinin onun çalışdığı vəzifə ilə eynilik təşkil etdiyini göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) mülki aviasiya bəndində (21.3) müvafiq olaraq bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə “Gəncə” X8 05.01.2000-07.06.2006-cı il tarixləri arasındakı dövr ərzində Rabitə qovşağında texnik, 08.06.2006-cı il tarixindən bugünədək Rabitə qovşağında mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun rabitə qovşağında işlədiyi texnik və mühəndis vəzifələri yuxarıda göstərilən bütün adlarda aviasiya texnikləri və aviasiya mühəndisləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili X3 21.01.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИB 040324 nömrəli diplomun surətinə əsasən İddiaçı 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və ona 21.06.1983-cü ildə mühəndis mexaniki ixtisası verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25.02.1984-cü il tarixli, ИT ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 20.02.1984-cü ildə Billurzavodda mühəndis-texnoloq vəzifəsinə qəbul edilmiş, 01.04.1991-ci ildə işdən azad edilmişdir. 03.04.1991-ci ildə Aznian assosiasiyasının Gəncə filialına baş direktor müavini təyin edilmiş, 07.10.1993-cü ildə “Orxan” İKF-nin direktoru təyin edilmiş, 24.08.1995-ci ildə işdən azad edilmişdir. 25.08.1995-ci ildə X17 hərəkət xidməti şöbəsinə operator təyin edilmiş, 01.06.1996-cı ildə işdən azad edilmişdir. 02.06.1996-cı ildə X16 UVD Xidmətinə operator vəzifəsinə qəbul edilmiş, 03.01.2000-ci ildə işdən azad edilmişdir. 05.01.2000-ci ildə X15 Qovşağına növbətçi texnik təyin edilmiş, 08.06.2006-cı ildə Rabitə Qovşağına rabitə mühəndisi vəzifəsinə keçirilmiş, hal hazırda həmin vəzifədə işləyir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin “Gəncə” X9 09.02.2021-ci il tarixli, 2- 49 nömrəli arayışına əsasən arxiv sənədlərinə əsaslanaraq, verilir İddiaçı, xx xxxxxx 1961ci il təvəllüdlü, ondan ötrü ki, o həqiqətən 05 yanvar 2000-ci il tarixli 01/ş nömrəli əmrə əsasən «Gəncə» Hava Limanına rabitə qovşağına növbətçi texnik vəzifəsinə qəbul edilib. 08.06.2006-cı il tarixindən 13/ş nömrəli Əmrə əsasən Rabitə qovşağının mühəndisi vəzifəsinə keçirilib. Hal-hazırda həmin vəzifədə çalışır. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının 21.3. Mülki Aviasiya üzrə səhifə 152 əsaslanaraq bütün adlarda Mühəndislər zərərli peşə kimi sayılır. 2002-ci ilin noyabr ayından başlayaraq və 2020-ci ilin may ayına kimi 8% zərərli əmək şəraitində işlədiyi üçün əlavə haqq alıb. "xxxx" Dövlət Konserni "xxxx" Qapalı Səhmdar Cəmiyyəti «Gəncə» X13 adına çevrilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.04.2008-ci il tarixli 105 №-li Qərarına əsasən arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhər Kəpəz rayonu şöbəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin “Gəncə” X9 şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rabitə mühəndisi vəzifəsində 08.06.2006-cı ildən hal-hazıra kimi işləyir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - rabitə mühəndisi kimi yüksəklikdə iqlim şəraitini nəzərə alaraq Rabitə yeraltı kabellərin birləşməsində qurğuşun və qalay tərkibli mufta tətbiq etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 21.3-cü yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin “Gəncə” X9 10.09.2021-ci il tarixli, 1-372 nömrəli məktubunda qeyd edilmişdir ki, «Gəncə» X13 hüquqi şəxs olmadığına görə barəsində sorğu etmiş olduğunuz İddiaçı dair məlumatların verilməsi qurumun imkanı xaricindədir, belə ki, bu məlumatlar hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş ofisində saxlanılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müvafiq məlumatların əldə edilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədə müvafiqdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13.10.2021-ci il tarixli, 12/4850 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 25.08.1995ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda «Gəncə» X8 Rabitə qovşağının mühəndisi vəzifəsində çalışır. «Azəraeronaviqasiya» müəssisəsində 02.06.1996-cı ildən - 03.01.2000-ci ilədək çalışdığı hərəkət xidmətin operatoru vəzifəsi və «Gəncə» X8 05.01.2000-ci ildən rabitə texniki və rabitə mühəndisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»na daxil deyildir. Qeyd edinləri əzərə alaraq, bildirilir ki, İddiaçı əmək funksiyalarında hava gəmilərinə xidmət üzrə heyətə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlandığı 01.07.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) mülki aviasiya bəndində (21.3) müvafiq olaraq bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə “Gəncə” X8 05.01.2000- 07.06.2006-cı il tarixləri arasındakı dövr ərzində Rabitə qovşağında texnik, 08.06.2006-cı il tarixindən bugünədək Rabitə qovşağında mühəndis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi Rabitə qovşağında işlədiyiniz texnik və mühəndis vəzifələri yuxarıda göstərilən bütün adlarda aviasiya texnikləri və aviasiya mühəndisləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia tələbinin iddia olunan məzmunda təmin edilməsi və iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 il ümumi iş stajı toplaması, bunun 12 il 06 ayını ilini əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi tələb olunur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşını 24.02.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya məxsus diplom, əmək kitabçasına əsasən 01.09.1978-21.06.1983-cü ilədək təhsil müddəti 04 il 09 ay 21 gün, 20.02.1984-01.04.1991-ci ilədək 07 il 01 ay 12 gün, 03.04.1991-24.08.1995-ci ilədək 04 il 04 ay 22 gün, 25.08.1995-01.06.1996-cı ilədək 09 ay 07 gün, 02.06.1996-03.01.2000-ci ilədək 03 il 07 ay 02 gün, 05.01.2000- 24.02.2021-ci ilədək 21 il 01 ay 20 gün (60 yaşı tamam olanadək) nəzərə alındıqda iddiaçının ümumi iş stajı 41 il 09 ay 24 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 24.02.2021-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Güzəştli iş stajına gəldikdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırkı iş üzrə iddiaçı 05.01.2000-07.06.2006-cı il tarixinədək “Gəncə” X8 Rabitə qovşağında texnik və 08.06.2006-cı il tarixdən hal-hazıradək Rabitə Qovşağında işlədiyi mühəndis vəzifəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən zərərli iş hesab edir. Bununla bağlı iddiaçı iddia ərizəsinə “Gəncə” X9 09.02.2021-ci il tarixli, 2-49 nömrəli arayışını əlavə etmişdir. Qeyd edilən DSMF Gəncə şəhəri Kəpəz rayonu şöbəsinə təqdim etmək üçün verilmiş arayışda iddiaçının işlədiyi texnik və mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21 Nəqliyyat bölməsi, Mülki aviasiya adlanan 21.3-cü yarımbölməsində nəzərdə tutulmuş bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər vəzifələri olaraq zərərli peşə sayıldığı qeyd edilmişdir. Hazırkı işə baxılarkən məhkəmə iddiaçının işlədiyi vəzifələrin zərərli işlərə aid olubolmaması ilə bağlı sorğu ilə “Gəncə” X11 müraciət etmiş, “Gəncə” X13 sorğuya mahiyyəti üzrə cavab verməyərək müvafiq məlumatların "xxxx" QSC-də olmaqla sonuncuya müraciət edilməsini uyğun hesab etmişdir. "xxxx" QSC-nin təqdim etdiyi məhkəmənin sorğusuna cavabda isə iddiaçının “Gəncə” X8 05.01.2000-ci ildən rabitə texniki və rabitə mühəndisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”na daxil olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21 Nəqliyyat bölməsi, Mülki aviasiya adlanan 21.3-cü yarımbölməsində mülki aviasiya sahəsində zərərli olan işlərin siyahısı göstərilmiş, eyni zamanda həmin yarımbölmədə siyahı üzrə göstərilən işçilərin yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmasının müvafiq müəssisə, idarə və təşkilat tərəfindən verilən arayışlar üzrə təsdiq olunduğu qeyd edilmişdir. Beləliklə, işçinin işlədiyi vəzifənin zərərli olması ilə bağlı işəgötürənin bilavasitə arayışı tələb olunduğu halda hazırkı iş üzrə işəgötürən müvafiq müəssisə iddiaçının işlədiyi vəzifələrin zərərli iş hesab edilməsi barədə belə bir güzəştli arayışı təqdim etmir, həmin vəzifənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”na daxil olmadığını bildirir. İşçinin işləmiş olduğu vəzifənin zərərli hesab edilməsi barədə güzəştli arayışın təqdim olunmaması güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün birinci əsasdır. Bundan əlavə, məhkəmə güzəştli arayış təqdim edilmədiyini nəzərə alıb, eyni zamanda iddiaçının iddia etdiyi texniki və mühəndis vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nda Mülki aviasiya adlanan 21.3-cü yarımbölməsinə uyğun olubolmamasına da qiymətləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə görə aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu; -1.0.13-cü madəsinə görə hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat; -1.0.19-cu maddəsinə əsasən hava hərəkətinə xidmət - hava hərəkətinə uçuşinformasiya, aerometeoroloji, məsləhət xidmətlərinin göstərilməsi, hava hərəkəti xidmətinin qəza haqqında xəbərdarlıq edilməsi, hava hərəkətinin idarə edilməsi, hava hərəkətinə dispetçer, o cümlədən rayon dispetçer, yaxınlaşma dispetçer və ya aerodrom dispetçer xidmətlərinin göstərilməsi; -1.0.20-cu maddəsinə əsasən hava hərəkətinin idarə edilməsi (hava hərəkətinə dispetçer xidmətinin göstərilməsi) - hava gəmilərinin bir-biri ilə və ya manevretmə meydanında olan maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinə göstərilən xidmətdir. Göründüyü kimi aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və bunun üçün hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 24 fevral 2017-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan vəzifələrin Vahid X4”na əsasən Kitabça mülki aviasiya sahəsində çalışan işçilərin əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisas və vəzifəsindən asılı olaraq onlardan düzgün istifadə edilməsində, işçilərin attestasiyalarının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanmasında əsas normativ sənəd kimi tətbiq edilir. Cihazlar və elektrik avadanlıqları üzrə aviasiya texniki - işin хüsusiyyəti: Briqadirin rəhbərliyi altında bir və daha çox təyyarə və vertolyot növlərinin cihazları və elektrik avadanlığında bütün növ reqlament işləri üzrə texniki xidmət. Uçuş aparatının uçuş sınağı üçün hazırlanması, uçuş aparatının havada sınağı yerinə yetirildikdən sonra bütün sistemlərin düzgün quraşdırılmasının yoxlanması. Nasazlıqların baş vermə səbəblərinin müəyyən edilməsi və onların aradan qaldırılması. Nəzarət-ölçü aparatları ilə, habelə stendlərdə və qurğularda iş aparır. Aviacihazlara və elektrik avadanlığına texniki xidmət göstərilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi. Cihazlar və elektrik avadanlıqları üzrə aviasiya texniki - işin xüsusiyyəti: Briqadirin rəhbərliyi altında təyyarə və ya vertolyot tiplərindən birinin və ya təyyarə və ya vertolyotların ən azı iki tipinin cihazları və elektrik avadanlığında bütün növ reqlament işləri üzrə texniki xidmət. Eyni tip uçuş aparatlarının baza yerləşməsi və ya təhkim edilmə metodu zamanı müvafiq hava limanında enən baza və ya təhkim edilmiş təyyarə və ya vertolyotlarda bütün növ reqlament işləri üzrə texniki xidmət, aşkar edilən nasazlıqların aradan qaldırılması. Qəza-xilasetmə vasitələri üzrə aviasiya texniki - işin xüsusiyyəti: Qəza-xilasetmə vasitələrinin eksperimental nümunələrinə texniki xidmət, onların yerüstü və uçuş sınaqlarına hazırlanması. Planer və mühərriklər üzrə aviasiya texniki - işin xüsusiyyəti: Təyyarələrin və ya vertolyotların bir və daha çox növünə, yaxud təyyarələrin və ya vertolyotların ən azı iki növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Uçuş aparatlarının birtipli baza yerləşməsi və ya təhkim etmə üsulunun tətbiqi zamanı təyyarələrin və ya vertolyotların bir və daha çox növünə, yaxud təyyarələrin və ya vertolyotların ən azı iki növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Radiоavadanlıqlar üzrə aviasiya tехniki - işin xüsusiyyəti: Rеqlamеnt işlərinin bütün növləri üzrə təyyarə və vеrtоlyоtların ikidən az оlmayaraq tipindəki radiо avadanlığına tехniki хidmət göstərilməsi. Yanacaq-sürtgü materialları üzrə aviasiya texniki - işin xüsusiyyəti: Aviayanacaq təminatı obyektlərinin qurğularına və hava gəmilərinə mərkəzləşdirilmiş aviayanacaq doldurulması üçün avtomatlaşdırılmış sistemlərə texniki xidmət və onların istismarı. Aviasiya tехnikasının və оnun kоmpоnеntlərinin zəmanət istismarı üzrə mühəndis əmək funksiyası: Zəmanət istismarı nəzarətində olan nasaz aviasiya texnikası və sıradan çıxmış komponentlərinin təmirdən qayıdan hissələrinin təmir sənədlərini nəzarətdən keçirir. Aviasiya və radiоеlеktrоn avadanlığı üzrə mühəndis - əmək funksiyası: Aviasiya və radiоеlеktrоn avadanlığı üzrə хidməti təşkil еtməlidir Planеr və mühərriklərin kеyfiyyəti üzrə mühəndis; Aviasiya və radiоеlеktrоn avadanlıqlarının kеyfiyyəti üzrə mühəndis - əmək funksiyası: Aviasiya tехnikasına хidməti təşkil еdir. Uçuşların еlеktrоtехnika təminatı üzrə mühəndis - əmək funksiyası: Uçuşların еlеktrоtехnika təminatı vasitələrinin tехniki istismarını təşkil еdir və s. Göründüyü kimi vahid tarif sorğu kitabçasında adları yuxarıda çəkilən mülki aviasiya sahəsində texnik və mühəndis vəzifələrinin əmək funksiyaları daha çox uçuş aparatları, hava gəmiləri texnikasına xidmət edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21 Nəqliyyat bölməsi, Mülki aviasiya adlanan 21.3-cü yarımbölməsində zərərli işlərin siyahısı aşağıdakı kimi nəzərdə tutulmuşdur: -ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon, köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri); -bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular); -bütün adlarda mühəndislər; -bütün adlarda ustalar; -hava gəmilərinə və digər uçuş aparatlarına texniki xidmət üzrə sex, növbə, sahə, xidmət və qrup rəisləri və onların müavinləri; -müəssisələrdə, aviasiya-idman təşkilatlarında, həmçinin aviasiya təhsil müəssisələrinin tədris uçuş dəstələrində hava gəmilərinə operativ və dövri (zəmanət) texniki xidmət üzrə (xüsusi avadanlıqla təchiz olunmuş aerodromdan kənar şəraitdə işləyənlərdən başqa) tam iş günü ərzində bu Siyahıda sadalanan işlərdə bilavasitə çalışan işçilər yaşa görə əmək pensiyası hüququna malikdirlər; -hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilir; -hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi; -hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperator. Göründüyü kimi Siyahının “Mülki aviasiya” yarımböməsində aviasiya vəzifələrin təsnifatından müəyyən olunur ki, yarımbölmədə göstərilən vəzifələr, bilavasitə hava gəmilərinə xidmət, hava uçuşunun idarə edilməsi ilə bağlıdır. Bu mənada iddiaçının işlədiyi vəzifələr yalnız adlarına görə eyni yarımbölmədə nəzərdə tutulmuş “bütün adlarda aviasiya texnikləri”, “bütün adlarda mühəndislər” vəzifələrinə uyğun hesab edilməklə həmin təsnifata aid edilə bilməz. Çünki Siyahıda adları qeyd edilən texnik və mühəndislər təyinatına görə bilavasitə hava gəmilərinə xidmətlə bağlı vəzifələrdir. İddiaçı barəsində verilmiş “Gəncə” X9 arayışında onun işlədiyi vəzifələrin xüsusiyyətləri kimi hava limanında rabitə mühəndisi olaraq rabitə kabellərinin birləşməsini həyata keçirdiyi göstərilmişdir. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin arayışında iddiaçının işlədiyi vəzifələrin hava gəmilərinə xidmətlə əlaqəli olmadığı qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifənin yalnız adına görə Siyahıda qeyd edilən vəzifələrlə eynilik təşkil etməsinə əsaslanaraq onun güzəştli iş stajı toplaması nəticəsinə gəlinə bilməz. İddiaçının işlədiyi vəzifələrin təyinatı Siyahıda göstərilən vəzifələrlə uyğunluq təşkil etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay güzəştli iş stajına malik deyildir. Bu əsasdan, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan üçüncü şərt - güzəştli iş stajı ödənilmədiyindən pensiya təyini üçün tələb olunan 4-cü şərtə iddiaçının pensiya təminatına əsas verən pensiya kapitalına malik olması ilə bağlı şərtinə cavab verməsinin yoxlanılmasına zərurət görməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1915/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1915/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver