Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1916/2023 12.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 17 saylı evin 6 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********00 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilmədiyini bildirmişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1, 6 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, onun Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 47.2 kv.metr sahəsi olan 3 otaqdan ibarət 6 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 17 saylı evin 6 saylı mənzili 30 iyul 1962-ci il tarixdə order əsasında 4 nəfər ailə üzvü olan atası X3 veriİmişdir. Hazırda iddiaçı qızı ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin kirayə müqaviləsinin adına dəyişdirilməsi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmiş, Qaradağ RİH-nin 21 iyul 2014-cü il tarixli 75 nömrəli sərəncamına əsasən mənzilin kirayəçisi hesab edilməsinə razılıq verilmiş və yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunması tövsiyə edilmişdir. Mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almaq məqsədi ilə cavabdehə müraciət etmiş, oradan isə ona imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmiş və əlavə olaraq göstərmişdir ki, müvafiq mənzillə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin 75 saylı sərəncamı xx.xx.2014-cü il tarixdə verilmişdir. Bundan başqa, məhkəmə mübahisəsi dövründə idarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mənzildə rekonstruksiya işləri aparılmış, 26.6 kv.m əlavə sahə inşa edilmişdir. Aparılmış rekonstruksiya işləri ilə bağlı iddiaçı tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən müəyyən edilir ki: - Qaradağ rayon İcraiyyə Komitəsinin Mənzil İdarəsi tərəfindən verilmiş 30 iyul 1962ci il tarixli, 12 nömrəli orderin surətindən görünür ki, X3 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında yerləşən 26 kv.metr olan iki otağı tutmaq hüququ verilmişdir. - Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 129 saylı Mənzil Kommual İstismar sahəsinin 208 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Qaradağ rayonu, ünvan 4 ünvanında 1962-ci il tarixdən qeydiyyatda olmaqla yaşayır. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 75 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı kommunal mənzilin kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı X10 və qızı X11) ünvan 1, 3 otaqlı, sahəsi 46,08 kv.m. olan 6 saylı mənzildə yaşayır və qeydiyyatdadır. Əvvəllər bu mənzildə onun atası X4 5 nəfər ailə tərkibi ilə yaşamışdır. Halhazırda həmin mənzildə X2 oğlu İddiaçı ailəsi ilə birgə yaşayır və faktiki olaraq 3 otaqlı, 6 saylı mənzil uzun müddətdir bu ailənin istifadəsindədir. Qeyd olunanlara əsasən həmin sərəncamla ünvan 1, 3 otaqlı, sahəsi 46,08 kv.m. olan 6 saylı mənzilin kirayəçisi vətəndaş İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı X10 və qızı X11) hesab edilməsi və onunla mənzil kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. - X8 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2014-cü ildə verilmiş 75 saylı sərəncama əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 46,08 kv. metr olan 6 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir. - X6 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1-də yerləşən 6 saylı mənzilin atası İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşadığı və qeydiyyatda olduğu mənzil Qaradağ Rayon İcra Hakimiyyətinin balansındadır və dövlət mənzil fonduna daxildir. Qeyd olunan mənzil xüsusi təyinatlı mənzil olmamışdır. Vətəndaş İddiaçı və X7 rayon icra hakimiyyətində mənzil növbəsinə götürülməmişdir. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1-də yerləşən 6 saylı mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Hüquqmüəyyənedici sənəd üzrə otaqların sayı 3, yaşayış sahəsi 46,08 kv.m., faktiki otaqların sayı 3, ümumi sahəsi 70,0 kv.m., yaşayış sahəsi 47,2 kv.m., köməkçi 22,8 kv.metrdir. Qeyd: Faktiki vəziyyətə uyğun icra olundu, 26,6 kv.m. əlavə balkon sahələri inşa olunmuşdur. Beləliklə, işin istinad olunan hallarından görünür ki, 6 saylı mənzil 1962-ci il tarixli orderlə iddiaçının atası Cavanşir Həsənova verilmiş, daha sonra 2014-cü ildə mənzilin kirayə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. İddiaçı hazırda həmin sənədlərə istinad edərək 6 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının təqdim etdiyi sərəncamın xx.xx.2014-cü il tarixli olmasına, buna görə də hüququnun xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq orderi və sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin 1962-ci ildə iddiaçının atasına verilməsini, iddiaçının həmin tarixdən mübahisəli mənzilə qeydiyyata alınmasını, həmin mənzildə yaşayıb birgə təsərrüfat aparmasını, daha sonra isə müvafiq dövlət orqanı tərəfindən mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsi iddiaçının atasına ayrılarkən qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin (Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin xx.xx.1923-cü il tarixli 3-cü sessiyasında qəbul edilmiş) “Əmlak kirayəsi” adlı üçüncü fəslinə əlavəsi ilə müəyyən edilmişdir ki, yerli sovetlərin evlərindəki boş yaşayış binaları, ancaq yerli sovetin kommunal təsərrüfat şöbəsi mənzil idarəsinin sərəncamlarına (orderlərinə) əsasən vətəndaşların istifadəsinə verilir. Eyni zamanda xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə qeyd edir ki, 2009-cu ilədək mənzilin icarədarı Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1962-ci il tarixli orderi əsasında iddiaçının atası Cavanşir Həsənov müəyyən olunsa da, iddiaçı 1962-ci ildən etibarən həmin mənzildə qeydiyyatda olmaqla yaşamış, mənzildə birgə təsərrüfat aparmışdır. Bu isə iddiaçının icarədarla eyni hüquqlara, o cümlədən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili özəlləşdirmək hüququna malik olması deməkdir. Çünki həmin Qanuna əsasən mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 2009-cu ilədək yaranmış hüquqlarının 2014-cü ildə rəsmiləşdirməsi onun hüquqi vəziyyətini pisləşdirən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, cavabdeh etirazında əlavə 26.6 kv.metr inşa edilməsinə istinad etmişdir ki, məhkəmə aşağıda qeydə olunanlara əsasən hesab edir ki, bu iddianın təmin edilməməsi üçün əsas deyildir. Belə ki, xx.xx.2014-cü il tarixli sərəncamda iddiaçı 3 otaqlı 46,08 kv.metr sahənin icarəçisi sayılmışdır. xx.xx.2022-ci il tarixli müayinə aktından və əlavə edilmiş mənzilin planından görünür ki, əlavə sahə 26.6 kv.metr balkondan ibarət olmaqla sonradan inşa olunmuş, otaqların sahəsində dəyişiklik olmamışdır (yaşayış sahəsində cəmi 1,14 kv.metr fərq var ki, bu da ölçü zamanı yaranmış fərqdir). Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 23.2-ci, 27.1-ci maddələrinə əsasən bu özbaşına yenidən planlaşdırmadır ki, Həmin Məcəllənin 27.2-ci maddəsinə görə razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçı etdiyi bu özbaşına yenidən planlaşdırmanı müvafiq səlahiyyətli orqanla razılaşdırdıqdan sonra həmin sahəyə hüququnun qeydə alınmasını tələb edə bilər. Əks halda, yəni pozuntu aşkar edildikdə isə sökməklə, əvvəlki vəziyyəti bərpa etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının 6 saylı mənzilə hüququ 3 otağa yarandığından, əlavə sahəyə münasibətdə isə hüququnun qeydə alınmasını tələb etmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda bu əsas iddiaçının artıq yaranmış hüquqlarının həyata keçirilməsi üçün mane təşkil edən hal sayıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1 qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında yerləşən 47.2 kv.metr sahəsi olan 3 otaqdan ibarət 6 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1916/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1916/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver