Məhkəmə qərarları › İş №2-1(112)-1916/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1916/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1916/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində mövcud olan ümidsiz borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə (bundan sonra mətndə X2 Baş İdarəsi) qarşı “şəxsi hesab vərəqəsində mövcud olan ümidsiz borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsində mövcud olan 24430,96 manat ümidsiz borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sahibkar olaraq vergi orqanında uçota duraraq fəaliyyət göstərmişdir və vaxtı-vaxtında bütün vergi öhdəliklərini yerinə yetirmişdir. Lakin fəaliyyəti olmadığı dövrdə vergi orqanı tərəfindən anoloji qaydada 2017ci ilin yanvar ayı, iyul ayı üzrə ƏDV, 2017-ci il üzrə mənfəət vergiləri hesablanmışdır. Həmin hesabatlardan gec xəbər tutduğuna görə, müddət ötdüyündən mübahisələndirə bilməmişdir. Bununla belə, həmin hesabatlardan 5 ildən artıq müddət ötməsinə baxmayaraq vergi orqanına 2 dəfə ərizə ilə müraciət etsə də ümidsiz borclar qeyrimüəyyən səbəblərdən silinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan X2 Baş İdarəsi tərəfindən verilmiş iddaya dair **********868500 №-li, xx.xx.2023-cü tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir, iddiaçıya müvafiq dövr üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən xx.xx.2017-ci il tarixli **********725700 nömrəli qərarla həmin ilin yanvar ayı üzrə 7729,99 manat əlavə dəyər vergisi, həmçinin, xx.xx.2017-ci il tarixli **********468200 nömrəli qərarla həmin ilin iyul ayı üzrə 7897,81 manat əlavə dəyər vergisi hesablanmışdır. Bununla yanaşı, iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumatlar əsasında xx.xx.2018-ci il tarixli **********203500 nömrəli qərarla 2017-ci il üzrə 2900 manat gəlir vergisi hesablanmışdır. Qərar vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Qeyd etmək zəruridir ki, vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə ümumiyyətlə bəyannamə təqdim edilməmişdir. Bu isə vergi qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: rezident müəssisələr; Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyrirezident şəxsin təyin etdiyi vergi agenti; xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları. Həmin Məcəllənin 149.1 -ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 177.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən, ƏDVnin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi qanunla üzərinə düşən vəzifələri yerinə yetirməmiş, buna görə də vergi orqanı tərəfindən müvafiq dövrlər üzrə anoloji qaydada vergi məbləğləri hesablanmışdır. Müvafiq qərarlar qəbul olunduqdan sonra vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, lakin onun tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli **********405800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarla İddiaçı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə uyğun olaraq 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Göründüyü kimi, iddia tələbi əsassızdır və təmin edilməməlidir. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X2 Baş İdarəsinin nümayəndəsi X3 yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş: “Vergilərin hesablanması barədə” **********5725700 №-li, xx.xx.2017-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı yanvar 2017-ci il əlavə dəyər vergisi ilə bağlı bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7729,99 manat borc hesablanmışdır. “Vergilərin hesablanması barədə” **********468200 №-li, xx.xx.2017-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı iyul 2017-ci il əlavə dəyər vergisi ilə bağlı bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7897,81 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyinə görə isə 8495,91 manat borc hesablanmışdır. “Vergilərin hesablanması barədə” **********203500 №-li, xx.xx.2018-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı 2017-ci il gəlir vergisi ilə bağlı bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2900,00 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyinə görə isə 19727,90 manat borc hesablanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” **********405800 №-li, xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı Faqi oğlu tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış “Tələbin icraya yöndəldilməsi haqqında” **********186700 №-li, xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən 17824,88 əsas, 6.506,08 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 24430,96 manat faiz, 100,00 manat maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********468200 nömrəli, xx.xx.2020-ci il tarixli **********405800 nömrəli, xx.xx.2017-ci il tarixli **********725700 nömrəli, xx.xx.2018-ci il tarixli **********203500 nömrəli qərarlarının xx.xx.2020-ci il tarixdən icraya yöndəldilməsi qərara alınmışdır. Tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********462700 №li “Tələbin icraya yönəldilməsi haqqında Qərarın təqdim edilməsi haqqında” məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli **********186700 saylı “Tələbin icraya yönəlilməsi haqqında Qərar” Binəqədi rayon icra şöbəsinə təqdim olunmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx/xx-1746-16 saylı, xx.xx.2021-ci il tarixli və xx/xx-7987-16 saylı, xx.xx.2021-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********86700 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1.2-ci və 9-cu maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmışdır. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş icra materiallarında tələbin icraya yöndəldilməsi barədə qərarla inzibati orqanın qərarı arasında uyğunsuzluq və ziddiyyət var. İddiaçı tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, vergi orqanına ünvanladığı ümüdsiz borcun silinməsi barəsində müraciətinə xx.xx.2023-cü il tarixli **********633500 nömrəli məktubla cavab verilsə də konkret cavabın nədən olduğu ona aydın deyil, ona görə də həmin borcun şəxsi vərəqədən silinib - silinməyəcəyi barədə ona konkret cavab verilməsini xahiş etmişdir. X1 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış “Müraciətə baxılması haqqında” cavab məktubunda qeyd olunmuşdur ki, onun dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********487500 nömrəli) aidiyyəti üzrə X1 Baş İdarəsində baxılır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda ümidsiz borclar vergi orqanları tərəfindən silinə bilər. Dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqəli vergi orqanında araşdırma aparılır. Odur ki, qanunamüvafiq araşdırmalar yekunlaşdıqdan sonra ümidsiz borclarının silinməsi məsələsinə baxıla bilər. X1 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış “Araşdırma müddətinin uzadılması haqqında” cavab məktubunda qeyd olunmuşdur ki, onun vaxtı ötmüş borcun silinməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətinə X1 Baş İdarəsində baxılır. Müraciəti ilə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadılmışdır. Müraciətinə baxılmasının nəticəsi barədə ona qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab veriləcəkdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X2 Baş İdarəsinə qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən cavabdeh X2 Baş İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPM-nin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh X2 Baş İdarəsinə 15 (on beş) gün müddət təyin edilmişdir. X1 Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Məhkəmə qərardadının icrası barədə” məktubda göstərilmişdir ki, qərardadda göstərilən cavabdeh tərəfindən araşdırılmış və aşağıdakı hallar müəyyən edilmişdir: Dövlət Vergi Xidmətinin mövqeynə əsasən, borcların alınması istiamətində tədbirlər həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Bununla yanaşı, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə, qanunla müəyyən edilmiş qaydada silinə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 93. Ümidsiz borcların silinməsi. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 88.1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin Əsasnaməsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X1 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur (bənd 1.1). Baş idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır (bənd 2.0.): Borcların silinməsi işini təşkil etmək (2.0.4.). Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə araşdırması zamanı iş materiallarından, müəyyən olunmuşdur ki, İddiaçı (VÖEN: **********) iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 24430 (iyirmi dörd min dörd yüz otuz) manat, 96 (doxsan altı) qəpik təşkil etmiş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 Baş İdarəsinin üzərinə İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 24430 (iyirmi dörd min dörd yüz otuz) manat, 96 (doxsan altı) qəpik ümidsiz borcun silinməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin üzərinə İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 24430 (iyirmi dörd min dörd yüz otuz) manat, 96 (doxsan altı) qəpik ümidsiz borcun silinməsi öhdəliyi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar