Məhkəmə qərarları › İş №2-1(112)-1917/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1917/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1917/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin bərpa edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əlilliyin bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının dayandırılmış ödənişinin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi tərəfindən 24 avqust 2018-ci il tarixdə ona ikinci dərəcə əlillik qrupu verilmişdir. Mərkəz tərəfindən ikinci dərəcə əlillik 5 illik müddətə təyin olunmuş və təkrar müayinə tarixi 24 avqust 2023-cü il olaraq müəyyən edilmişdir. Həmin ikinci dərəcə əlilliyə görə Nazirlik tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmiş və o, əlilliyə görə əmək pensiyası almağa başlamışdır. Nazirlik yanında Cavabdeh1 Biləsuvar rayon şöbəsindən ona ünvanlanmış 18 may 2020-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzində yenidən müayinədən keçməsi xahiş olunmuşdur. Məktubdan sonra ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının may ayından etibarən ödənişlər onun hesabına köçürülməmişdir. O, əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırılmasının səbəbini müəyyənləşdirmək üçün Cavabdeh1na məktubla müraciət etmişdir. Məktub Cavabdeh1 5 iyun 2020-ci il tarixdə qəbul edilsə də, bu vaxta kimi ona cavab verilməmişdir. O, məsələ ilə bağlı əlavə olaraq Fondun Biləsuvar rayon şöbəsinə də müraciət etmişdir. Şöbənin cavab məktubunda bir qrup əlilliyə görə əmək pensiyası alan şəxsin təkrar müayinəyə cəlb olunması və zəruri tədbirlərin görülməsinin həmin quruma tapşırıldığı qeyd edilmiş və onun (iddiaçının) təkrar müayinədən keçməli olduğu bildirilmişdir. Əlavə olaraq, AR Nazirlər Kabinetinın 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnaməyə və «Əmək pensiyaları haqqında» AR Qanununun 41.1-ci maddəsinə əsasən pensiyanın verilməsinin dayandırılması barədə qərar verildiyi bildirilmişdir. Qeyd edilən qərar isə, ona təqdim olunmamışdır. DSMF Biləsuvar rayon şöbəsindən onun ünvanına daxil olan 29 iyul 2020-ci ıl tarixli məktubda göstərilənlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan cavab məktubunda istinad olunan «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamə AR Nazirlər Kabinetinin «Əlilliyin qiymətləndirilməsi qaydası»nın təsdiq edilməsi barədə müvafiq qərarı ilə ləğv edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununda pensiyanın ödənilməsinin dayandırılması halları konkret olaraq göstərilmişdir. Qeyd olunan Qanunun 36.2-ci maddəsinə əsasən təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən əlil, sağlamlıq imkanları məhdud şəxs təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Qeyd olunan Qanunun müddəalarından da göründüyü kimi, təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması üçün o, ya əmək qabiliyyətli nesab edilməli, ya da qanunla təkrar müayinə üçun təyin edilmiş vaxtda, yəni 24 avqust 2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanına gəlməməlidir. Qanunda göstərilən əsaslardan heç biri mövcud olmadığı halda, ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması barədə əsassız olaraq qərar qəbul edilmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilən “Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarış"dan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tıbbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi tərəfindən 24 avqust 2018-cı il tarixdə ona ikinci dərəcə əlillik 5 il müddətə təyin olunmuş və təkrar müayinə tarixi 24 avqust 2023-cü il olaraq müəyyən edilmişdir. Avqust ayınadək “esosial.gov.az” portalında əlillik dərəcəsi qüvvədə olsa da, sonradan portalda şəxsi kabinetdə əlillik məlumatları heç bır əsas göstərilmədən silinmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 11.1-ci maddələrinə, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 3.1-ci maddəsinə, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.1, 3.3-cü bəndlərinə, İPM-in 2.2, 34.1, 68-ci maddələrinə əsaslanaraq, cavabdeh AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Mərkəzinin onu (iddiaçını) vaxtından əvvəl təkrar müayinəyə çağırması barədə hərəkətlərinin qanunsuz sayılması, ona verdiyi ikinci qrup əlilliyin həmin cavabdeh tərəfindən bərpa olunması, əlilliyə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF-yə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Cavabdeh1 Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X2” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Cavabdeh1, X4, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Cavabdeh1 nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında aşağıdakılar bildirilir: - «Əlilliyin qiymətləndirilməsi Qaydası»na əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əliliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. İddiaçıya 24 avqust 2018-ci il tarixli 88 saylı forma arayış ilə qiymətləndirmə əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə üzrə əlillik qrupu təyin edilmiş və əlillik etibarlı olduğu müddət ərzində ödənilmişdir. İddiaçının əlilliyi 18 may 2020ci il tarixdə aparılan yoxlamalar nəticəsində şəxsə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla DSMF tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar aşkar olunmuş, stasionar və ambulator müalicə tarixlərində şəxsə əmək ödənilməsi əsası ilə etibarsız hesab edilmiş və həmin tarixdən DSMF tərəfindən ödənilən pensiyanın ödənişi dayandırılmışdır. Pensiyanın təyin edilməsinin iki şərti var: 1) şəxsin əlilliyi olmalıdır; 2) şəxsin əmək pensiyasına hüququ olmalıdır. Bu iki şərt eyni vaxtda ödənilməlidir. DSMF tərəfindən işin obyektiv araşdırılması məqsədi ilə AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza ə Reabilitasiya Agentliyinə 7 oktyabr 2020-ci il tarixli sorğu yazılmışdır. Agentlikdən 21 oktyabr 2020-ci il tarixli verilən cavab məktubuna əsasən araşdırılma aparılmış həmin şəxslərə dair məlumatlar X1 “Sığorta edənlər tərəfindən göndərişlər haqq-hesab cədvəllərinin emalı” və “Sığorta" altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla DSMF tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar aşkar olunmuş, stasionar və ambulator müalicə tarixlərində şəxslərə əmək haqqı ödənilmişdir. TSEK-in qərarından narazı olan şəxslərin müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Nazirliyin müəyyən etdiyi qaydada Xidmət tərəfindən aparılır. TSEK-in və Xidmətin qərarlarından «İnzibati icraat haqqında» AR Qanununa və İPM-in tələblərinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. TSEK-in qərarları inzibati aktdır və həmin qərarlara münasibətdə «İnzibati icraat haqqında» AR Qanununun 65-ci maddəsi qüvvədədir. Həmin maddəyə əsasən hazırkı münasibət üzrə TSEK-in qərarının etibarsızlığı əsası müəyyən edilməmişdir. İnzibati mübahisə üzrə cavabdeh vətəndaşın əmək fəaəliyyəti ilə məşğul olduğu müəssisə və etibarlılığı şübhə doğuran göndərişi vermiş tibb müəssisəsidir. AR Ali Məhkəməsinin oxşar mübahisə üzrə çıxarılmış 17 mart 2020-ci il qərarına əsasən iddiaçıya ödəniş təyini üçün əsas müvafiq göndərişə əsasən təyin edilmiş əlillikdir. İddiaçıya təyin edilmiş pensiya onun əlilliyi ilə bağlı olmuşdursa, bu halda cavabdehin (DSMF) hərəkətləri qanunsuz sayıla bilməz. Beləliklə hazırki halda forma 88 göndərişi və əlilliyi təsdiq edən sənəd etibarsız hesab edildiyindən bu iş üzrə cavabdehə qarşı iddia mümkün sayıla bilməz. İddiaçıya izah edilir ki, müvafiq orqana müraciət edib, həmin sənədləri əldə etdikdən sonra yenidən DSMF-ə müraciət edə bilər. Ali Məhkəmənin mövqeyinə istinad edərək, məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınması və İddiaçı ‘‘hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin və əlilliyə görə əmək pensiyası verilməsinin bərpa edilməsi” tələbinə dair iş üzrə iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddia tələbinin «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə əlilliyinin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi» kimi qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tərəf məhkəməyə həmçinin DSMF-nin cavabdehlər sırasından çıxarılması barədə də ərizə təqdim etmişdir. Məhkəmənin qərardadı ilə DSMF-nin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim etdiyi yazılı etirazda aşağıdakılar bildirilir: - Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 11 iyul 2018-ci il tarixdə baxılmış və “Göndərişin natamam doldurulması - Səbəb: göndərisin natamam doldurulmasi - xəstənin adina əmək müqaviləsi olduğu halda - 1 gün də olsun xəstəlik vərəqəsi təqdim etməmiş - hec bir stasionar müalicə almamişdir” əsası ilə imtina verilmişdir. Bundan əlavə, Xəstəxananın göndərişi əsasında 16 avqust 2018-ci il tarixdə baxılmış və “Ümumi xəstəlik – Gözdən əlil” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Lakin 17 iyul 2020-ci il tarixdə **********1 ESDAS nömrəsi ilə imtina verilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, vətəndaş ona əyani müayinədən keçməyə dəvət edilməsi barədə müraciətin daxil olduğunu və əmək pensiyasının verilməməsi barədə qərarın olduğunu və həmin qərarın ona təqdim olunmadığını qeyd etmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR ƏƏSM Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə», AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamə və digər aidiyyəti qanunvericiliyə əsasən istifadəçilərin rahat istifadəsi üçün elektron portal hazırlanmış və MEİS- in 2.1.5-ci bəndinə əsasən “Əlillik (TSERAS) altsistemi” MEİS-in strukturuna daxildir. «İnzibati icraat haqqında» AR Qanununun 62.2-ci maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edildiyi kimi, vətəndaş əyani müayinəyə dəvət edilsə də, getməmiş və nəticə etibarilə əlillik dərəcəsinin verilməsi barədə altsistemdə qeyd edilmiş qərar ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 24 avqust 2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik verilmiş və bununla əlaqədar ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. DSMF orqanı tərəfindən ona 18 may 2020-ci il tarixli məktub ünvanlanmış və məktubda onun təkrar müayinəyə cəlb olunmalı olduğu bildirilmişdir. Bundan sonra ona pensiya ödənişi dayandırılmışdır. Məlum olmuşdur ki, iddiaçının əlillik dərəcəsinin verilməsi barədə “altsistem”də qeyd edilmiş qərar cavabdeh tərəfindən ləğv edilmişdir. Buna səbəb kimi göstərilir ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla DSMF tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar aşkar olunmuş, stasionar və ambulator müalicə tarixlərdində ona əmək haqqı ödənilmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və onun əlilliyinin bərpa olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi AR Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə iddiaçının əlilliyinin ləğvi üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - ikinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi bununla bağlı müvafiq əsaslar olduqda, bu barədə qərarla rəsmiləşdirlir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) ləğv etsə və ya etibarsız saysa da, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın ləğv edilməsini və ya etibarsız sayılmasını, buna əsaslar olub-olmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmamış və rəsmiləşdirməmişdir. İddiaçıya əlilliklə bağlı ödənilmiş vəsaitin geri alınması «İnzibati icraat haqqında» AR Qanununun 67.7-ci maddəsində göstərilən qaydada rəsmiləşdirildiyindən, bu norma da əlverişli inzibati aktın ləğvinin müvafi qərarda əks olunmasını zəruri edir. - iddiaçıya əlillik dərəcəsinin verilməsi barədə əlverişli inzibati aktın ləğv edilməsi və ya etibarsızlığı üzrə qanunvericiliklə («Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndi) nəzərdə tutulan əsasların mövcudluğu hazırkı işdə müəyyən edilmir. Əlilliyin təyn olunması üzrə sənədlərdəki uyğunsuzluq, yəni əməık haqqı ödənilməsi, müalicə tarixlərinin uyğun gəlməməsinin hansı səbəbdən əlilliyin qanunsuz olmasına səbəbdir, məlum deyil. Həmin halların iş yeri tərəfindən verilmiş əmək haqqının qaytarılmasına, xəstəlik dövrü kimi təqdim olunmuş müddətlərdə əsassız işburaxma kimi nəticələrin istisna təşkil etməsi aparılmış inzibati icraatda araşdırılmamışdır. Həmin inzibati aktın ləğvinə və ya etibarsızlığına gəldikdə isə, «İnzibati icraat haqqında» AR Qanununun 67.5-ci maddəsinə görə maraqlı şəxs kimi iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu akt kimi ləğv oluna bilməz. Nəzərə alınmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinə göstəriıən hallar da hazırkı iş üzrə müəyyən edilmir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti 24 avqust 2023-cü il tarixdə başa çatır; - iddiaçıya onun təkrar müayinəyə cəlbi barədə bildiriş (müraciət) digər qurum DSMF Biləsuvar rayon şöbəsi tərəfindən verilmişdir, halbuki belə xəbərdarlığın verilməsi inzibati icraatda aparılmalı hərəkətlərdən biridir və hazırkı cavabdeh tərəfindən həyata keçirilməli idi; - cavabdehin hərəkətləri «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib də sayıla bilməz. Bundan başqa, inzibati orqan tərəfindən inzibati icraat iddiaçının iştirakı olmadan, iş üzrə bütün, o cümlədən iddiaçının xeyrinə olan hallar tam araşdırılmadığından, bu icraat «İnzibati icraat haqqında» AR Qanununun 15.1, 24.1, 24.2-ci maddələrinin tələbləri pozulmaqla aparılmış sayılır. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə qənaətə gəlir ki, iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedur qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Lakin nəzərə alınmalıdır ki, məhkəmənin bu mövqeyi inzibati icraatın sadalanan pozuntu və nöqsanları aradan qaldırılmaqla iddiaçının əlilliyin ləğvi və ya etibarsızlığı məsələsinə yenidən baxılmasına maneə deyil. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddıəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması (ləğvi) ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması (ləğvi) ilə bağlı hərəkətləri qanunsuz sayılsın və İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar