Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1917/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evlərinə və yerləşdiyi torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evlərinə və yerləşdiyi torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 oktyabr 2002-ci il tarixli 253 saylı qərarı ilə iddiaçıya yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində yerləşən 350 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində iddiaçı 2002-ci ildə ikimərtəbəli iki fərdi yaşayış evi inşa etmişdir. Tikilmiş fərdi yaşayış evlərinin layihəsi işlənib hazırlanmışdır. Fərdi yaşayış evlərinə ünvan nömrə verilmişdir. Evlərin hündürlüyü 8 metr təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2584/2006 saylı iş üzrə 11 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçının və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal, 7 saylı evə yaşayış huquqları tanınmış və onlar həmin ünvana qeydiyyata alınmışlar. İddiaçı tərəfindən fərdi yaşayış evinə aid kommunal xərclər ödənilir. Fərdi yaşayış evlərinə işıq, qaz və su xətləri çəkilmişdir və bütün ödənişlər iddiaçı tərəfindən ödənilir. Göründüyü kimi, fərdi yaşayış evi uzun müddət bundan əvvəl – 2002-ci ildə inşa edilmişdir və 20 ildir ki yaşayış sahəsi kimi istifadə edilir. İddiaçı fərdi yaşayış evləri və torpaq sahəsi üzrərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq tədbir görülməmişdir, ərizəyə cavab verilməmişdir. İddiaçı ərizəni cavabdeh tərəfə poçt vasitəsilə 02 iyun 2022ci il tarixdə göndərmişdir. Artıq ərizənin göndərilməsindən 35 gün keçmişdir, lakin ərizəyə cavab verilməmişdir. İPM-in 68, 33.1, 33.2 və 39.1 maddələrinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə, 71-ci maddəsinin İ hissəsinə əsaslanaraq, ünvan 2 ünvanda yerləşən həri iki fərdi yaşayış evlərinin və yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 10 mart 2021-ci il və 1 iyul 2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bütünlüklə neft kəmərinin mühafizə zonasında yerləşir və dövlət mülkiyyətindədir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********61 saylı 18 may 2021-ci il tarixli və **********87 saylı 22 iyul 2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvvədə olmuş "Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları»nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8.0.9.1.2, 8.0.10, 8.0.10.2 və 11.1-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşdiyindən, işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunamüvafiqdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair; (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı Qaydaları»nın müddəalarına görə: - (5-ci bənd) «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. - (8-ci bənd) Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. Rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Qaydalara əlavə olumuş “Torpaqların alqı-satqısına dair akt”ın formasında aktın rayon (şəhər) torpaq şöbəsində qeydiyyata alınması barədə məlumatın əks olunması üçün qrafa nəzərdə tutulmuşdur. İPM-in 1.2-ci maddəsinə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunmalıdır ki, İddiaçı ona ünvan 2 ünvanda yerləşən həri iki fərdi yaşayış evlərinin və daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasını cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi aşağıda sadalanan xüsusatlarla əsaslandırmışdır: - iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olması; - iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşməsi; - torpaq sahəsinə dair alqı-satqı aktının müvafiq qaydada təsdiqlənməməsi, həmçinin, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin 13 dekabr 2022-ci il və 20 aprel 2023-cü il tarixli qərardadları ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə məhkəmə ekspertizasının keçirilməsi qərara alınmış və aşağıdakı məsələlər üzrə rəyi alınması qərara alınmışdır: - (1-ci sual) ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın yeləşdiyi torpaq sahəsinin məqsədli təyinatının müəyyən edilməsi; - (2-ci sual) ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın yeləşdiyi torpaq sahəsinin ayrılan dövrdə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətində olan, habelə Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə adıçəkilən bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında yerləşib-yerləşməməsinin müəyyən edilməsi; - (3-ci sual) ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın yeləşdiyi torpaq sahəsinin tam və ya hər hansı hissədə müvafiq ərazidəki neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsinin, eləcə də başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşü-düşməməsinin müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqinin 13 aprel 2023-cü il tarixli və 20 iyul 2023-cü il tarixli məktubları ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəylərində aşağıdakılar bildirilir: - ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddidir; - Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir; - Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 31 oktyabr 2002-ci il tarixli 253 nömrəli qərarını təqdim etmişdir. Lakin işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, həmin qərar ilə ayrılan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlardandır. Bundan başqa, torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşməsi də təsdiqini tapır. Məhkəmə işin bu xüsusatı ilə bağlı mütəxəssis rəyinin əsassız olması barədə əlavə hal müəyyən edilmədiyindən, belə qənaətə gəlir ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi sahə kimi Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və onun əsasında torpaq sahəsinə hüququn qeydiyyatından «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq imtina olunmasında cavabdeh inzibati orqan haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olması ilə yanaşı neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdeh inzibati orqanın imtinasındakı digər dəlillərlə bağlı isə, məhkəmə vurğulayır ki, bələdiyyənin torpaq ayırması üzrə “Torpaq sahəsinin alqı-satqı aktı”nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (yerli qurumu) tərəfindən təsdiqlənməməsi və digər aidiyyəti orqanlardan rəy alınması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edir. Belə xüsusatla imtina verilməsi formal mülahzələrə söykənmiş kimi qiymətləndirilir. Torpaq sahəsində inşa edilmiş fərdi ya.ayış evlərinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi şəxsin (iddiaçının) mülkiyyəti kimi qeydiyyat alınmadığı halda, onun üzərində 1 yanvar 2013-cü il tarixədək inşa edilmiş fərdi yaşayış evinə də mülkiyyət hüququ qeydiyyata alına bilməz. Bununla belə məhkəmənin qənaətinə görə İddiaçı ünvan 2 ünvanda yerləşən hər iki fərdi yaşayış evləri – daşınmaz əmlak və daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh tərəfindən imtina olunması qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evlərinə və yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evlərinə və yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1917/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1917/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver