Məhkəmə qərarları › İş №2-1(112)-19171/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19171/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19171/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kayanı İsmail Tarıqın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Kayanı İsmail Tarıq cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X8 barəsində 05 noyabr 2025-ci il tarixli, 10243751-L saylı müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi barədə qərarın və 05 noyabr 2025-ci il tarixli 315/D saylı X3 Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 1 il müddətinə məhdudlaşdırılması barədə qərarların qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 noyabr 2025-ci il tarixli, 10243751-L saylı qərarı ilə Pakistan İslam Respublikası vətəndaşı X6 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, Pakistan İslam Respublikası vətəndaşı X4 üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 noyabr 2025-ci il tarixli 315/D saylı qərarı ilə Pakistan İslam Respublikası vətəndaşı (HS4107103) X8 Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılsın, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmış Pakistan İslam Respublikası vətəndaşı (HS4107103) X4 Azərbaycan Respublikasına gəlmək hüququ 1 il müddətinə məhdudlaşdırılsın. Qərarda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən şəxsə verilmiş MYİ-seriyalı 0****** nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin xx.xx.2025-ci il tarixdə ləğv edildiyi müəyyən edilmişdir. Belə çıxır ki, guya bu səbəbdən xx xxxx 1987-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı (HS4107103) X4 Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması məsələsinə baxılması zərurəti yaranmışdır. Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 10243751-L nömrəli Qərarına əsasən Pakistan İslam Respublikası vətəndaşı X6 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında” Qərarına əsasən Pakistan Respublikası vətəndaşı (HS4107103 nömrəli Pasport) X9 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışdır. X5 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı müraciətinə dair inzibati icraat materialları iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı müraciətə dair inzibati icraat materiallarında (müraciətə dair bildirişdə və ərizə-anketdə) istifadə olunan imzalarda (X10 adından) aşkar fərqlilik müəyyən edilmişdir. Nəticədə, iddia ərizəsinin X10 tərəfindən imzalanmasına münasibətdə məhkəmədə əsaslı şübhələr yaranmışdır. Məhkəmə nəzərə alır ki, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası hüdudlarında kənara çıxarma haqqında qərar qəbul edildiyi müəyyən edilmişdir. Belə olan təqdirdə, iddia ərizəsinin həqiqətən X10 tərəfindən imzalandığını təsdiq etmək mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır və iddianın X10 tərəfindən qaldırılmasına dair aşkar şübhə var. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar