Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1918/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-162611/2023 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1984-cü il tarixli ИТ-11053353 nömrəli əmək kitabçasının surətində və "xxxx" ASC-nin iddiaçıya dair 23 sentyabr 2022-ci il tarixli 01/05 nömrəli arayışında xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin evtikmə kombinatında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, 02.11,1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 9 iyun 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də ümumi iş stajı 25 ildən az (20 il 2 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə cəmi 3 il 4 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16828,23 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1980 - xx.xx.1982-cü illərdə hərbi xidmətdə (2 il 1 ay 8 gün) olmuşdur. xx.xx.1983 xx.xx.1984-cü illərdə (1 il 0 ay 4 gün) Cəlilabad rayonu, K.Marks adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1984 - xx.xx.1984-cü illərdə (5 ay 21 gün) “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında elektrik qaynaqçısı, xx.xx.1984 - xx.xx.2004-cü illərdə (20 il 2 ay 17 gün) “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. 1 saylı Evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-yə çevrilmişdir. Ümumi iş stajı xx.xx.1984-cü il tarixdə açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. 2006 - 2023-cü il tarixlərdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu dövrə görə 3 il 4 ay sosial sığorta stajı vardır.“BBTİ”-nin 1 saylı Evtikmə kombinatında xx.xx.1984 - xx.xx.1984-cü illərdə (5 ay 21 gün) və xx.xx.1984 - xx.xx.2004cü illərdə (20 il 2 ay 17 gün) işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 35. Ümumi peşələr bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğundur. Elektrik qaynaqçısı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajı 20 il 8 ay 6 gün təşkil edir. Beləliklə, 27 il 1 ay 28 gün ümumi iş stajı, 20 il 8 ay 6 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Qeyd edilənlərə əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir və məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi;
3. azı 12 il 6 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin 12 yanvar 2024-cü il tarixli 3-29-63/2- 27/2024 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixində 108 nömrəli Texniki Peşə Məktəbinin "Elektrik-qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş və xx.xx.1980-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış В №127421 diplom Elm və Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan ИТ-İ №1053353 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Karl Marks adına üzümçülük sovxozunda, xx.xx.1984-xx.xx.1984-cü illərdə Azərkəndtikinti trestinin 35 nömrəli X1 elektrik qaynaqçısı, xx.xx.1984-xx.xx.2004-cü illərdə 1 nömrəli evtikmə kombinatında əl ilə elektrik qaynaqçısı işləmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göstərilən normaların tələblərini işçin hallarına tətbiq etdikdə aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 26 il 8 ay 26 gün sığorta stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının işlədiyi bu dövrlərdən xx.xx.1994-xx.xx.1994cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğunu əsas gətirərək həmin dövrləri onun ümumi sığorta stajına daxil etməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin sabiq əməkdaşı İddiaçı Qafar oğlunun müəssisədə işlədiyi dövrə dair ümumi iş stajının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli aktından görünür ki, cavabdehin nümayəndəsi Kamran Cümşüdlü və "xxxx" ASC-nin baş mühasibi X3 yerində yoxlama ilə müəyyən etmişlər ki, "xxxx" ASC-nin sabiq işçisi İddiaçı Qafar oğlunun adına verilmiş 01/05 nömrəli xx.xx.2022-ci il tarixli arayışda qeyd olunan müəssisədə işlədiyi dövrə dair məlumatlar yoxlanılmış, yoxlama müəssisədə saxlanılan İddiaçı dair T-2 şəxsi hesab əsasında aparılmış, T-2 şəxsi hesabda adıçəkilən şəxsin qeyd olunan müəssisədə işlədiyi dövrdə aşağıda göstərilən tarixlərdə öz hesabına məzuniyyətdə olması aşkarlanmışdır: xx.xx.1994-xx.xx.1994; xx.xx.1995-xx.xx.1995; xx.xx.1998-xx.xx.1998; xx.xx.1998-xx.xx.2004. Əmək haqqı cədvəlləri tapılmadığından əmək haqqı əsasında yoxlama mümkün olmamışdır. Eyni zamanda işdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı Qafar oğlu "BBTİ"-nin 1 saylı Evtikmə kombinatında 03 sentyabr 1984-cü il tarixindən quraşdırma sahəsinə 2-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. 01 sentyabr 1985-ci il tarixindən quraşdırma sahəsində dəmir-beton konstruksiyalar üzrə 2-ci peşə kimi 2-ci dərəcəli quraşdırıcı keçirilmişdir. İddiaçı Qafar oğlu "BBTİ"-nin 1 saylı Evtikmə kombinatında 01 oktyabr 1985-ci il tarixindən 20 dekabr 2004-cü il tarixinədək quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə əl ilə elektrik qaynaqçısı peşəsin də işləmişdir. İddiaçı Qafar oğlunun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda
35. "Ümumi peşələr" bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğundur və güzəştli sayılır. 1 saylı Evtikmə kombinatında işləyən İddiaçı Qafar oğlunun əl ilə elektrik qaynaqçısı kimi əsas funksiyası həmin dövrdə tikilən doqquz mərtəbəli binalarm titkintisində istifadə olunan dəmir-beton konstruksiyaların hazırlanması və quraşdırılmasından ibarət olmuşdur, zərərli şəraitdə qaynaq işləri aparmışdır. İddiaçı Qafar oğlu işlədiyi müddətdə ağır və zərərli əmək şəraitinə görə əlavə məzuniyyət verimiş, onun əmək haqqma artım tətbiq edilmişdir. İddiaçı Qafar oğlu xx.xx.1994 -xx.xx.1994, xx.xx.1995 - xx.xx.1995, xx.xx.1998 xx.xx.1998, xx.xx.1998 - xx.xx.2004-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. 90cı illərdə yaranmış vəziyyətlə əlaqədar istehsalat prosesində dayanmalara səbəb olmuşdur. İxtisaslı işçiləri itirməməyə görə məcburiyyətdən işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. 1 saylı Evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" Açıq Səhmda: Cəmiyyətinə çevrilmişdir. Struktur dəyişikiyi ilə əlaqədar 1 saylı Evtikmə kombinatmu sənədləri qorunub saxlanılmamışdır. Ona görə də hal-hazırda İddiaçı Qafa oğluna aid tələb olunan sənədlərin təqdim edilməsi qeyri-mümkündür. İddiaçı Qafar oğlunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquc verən güzəştli əmək stajı 20 il 8 ay 6 gün təşkil edir”. Beləliklə, qeyd olunanlardan aydın olur ki, iddiaçı "xxxx" ASC-də işlədiyi xx.xx.1984xx.xx.2004-cü illərdə ümumilikdə 6 il 10 ay 7 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının məzuniyyətə çıxdığı dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qanunun 29-cu maddəsinə görə qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdu. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göründüyü kimi, qanunverici xx.xx.1999-cu il tarixədək ödənişsiz məzuniyyətin müddətini tənzimləməsə də, sonradan həmin məzuniyyətin 6 aydan artıq olmamasını müəyyən etmişdir. Eyni zamanda obyektiv səbəblər olduğu halda işin dayandırılması ilə əlaqədar olaraq işçi ödənişsiz məzuniyyətə göndərildikdə bu məzuniyyətin müddətinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1995-xx.xx.1995-ci illərdə və xx.xx.1998-xx.xx.2004-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 6 ayı onun ümumi iş stajına daxil edilə bilər. İddiaçının işləmədiyi yerdə qalan 5 il 7 ay 19 günlük müddətin isə onun ümumi stajına daxil edilməsi mümkünsüzdür (bax: oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1823/2020, 2- 1(102)-1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işlərinə). Belə olan halda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 9 gün ümumi sığorta stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunverici xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən müəyyən edilir ki, iddiaçının işlədiyi 2006-2023-cü illərdə məcburi dövlət sosial sığorta haqları ödənilmiş 3 il 4 ay sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2022-ci il tarixə ümumilikdə sığorta stajı 24 il 5 ay 9 gün təşkil edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının ümumi iş stajı xx.xx.2022-ci il tarixə 25 ildən azdır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəasından görünür ki, şəxsin ya azı 25 il sığorta stajı olmalı, ya da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının azı 25 il sığorta stajına malik olmaması yuxarıda qeyd edilənlərlə öz təsdiqini tapmışdır. Onun pensiya kapitalına gəldikdə, işdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16828,23 manat olmuşdur. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyə əsasən ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərti ödəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır (iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci tələbə (xüsusi staj) qiymət verilmə zərurəti aradan qalxır). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova