Məhkəmə qərarları › İş №2-1(112)-192/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-192/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-192/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçıya maddi və mənəvi əvəzinin ödənilməsi kimi 300.000(üç yüz min) manat civarında pulun ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə,yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi barədə qərar qəbul olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 1999-cu ilin may ayında cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Azercell Telekom MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbig edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" Telekom MMC-nin Baş ofisi ünvanı,Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdığımız 10 sot torpağımızı və evimizi, 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. 1999-cu il iyulun 17- də söküntü aparılan ərazidə çəkilmiş video əlavə olunur. Azərbaycan Şəhərsalma va Tikinti məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraglı tərəfin müraciəti üzrə gəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli Q-520/2 saylı X4 ünvanlandığı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən evin sökülməsini təsdiqləyən rəsmi məktubu bunun təsdiqidir. (əlavə olunur) Bu illər ərzində dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək,vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat,cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsi,yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi xahiş olunmuşdur.Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli Q-498-152 saylı məktubla məsuliyyətdən yayınaraq,Yasamal rayon İcra Hakimiyyəti başçısına müraciətin aidiyyəti üzrə baxılması üçün göndərir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair iş üzrə icraat şəxsin hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı X6 onun hüquq varisi olan İddiaçı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış xx.xx.2020-ci il tarixli şikayət ərizəsi; - Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubu; - Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2003-cü il tarixli məktub; - Azercell Telekom MMC tərəfindən idddiaçıya ünvanlanmış xx.xx.2010-cu il tarixli məktub; -Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2010-cu il tarixli məktub; -Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 599 saylı Sərəncamı; xx.xx.2001-ci il tarixli 0020 nömrəli torpaq sahəsinin icarəyə verilməsinə dair “Torpaq icarə” Müqaviləsi; - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 239 nömrəli Sərəncamı; - 1 saylı “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 12208 saylı Arayış; - Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış X6 barədə şəxsi məlumat; - AZ-İİ seriyalı 228818 nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti; - 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2268 saylı məhkəmənin sorğusuna cavab məktubu;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Tbilisi prospektində (indiki Azercellin yerləşdiyi ünvan) siz qanunsuz olaraq 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədi ilə ev sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən humanistlik göstərilərək və həyat yoldaşınızın xəstəliyi nəzərə alınaraq Bakı-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün Sizə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi yoldan aralı olduğu üçün, Siz başqa sahə ilə əvəz edilməsini tələb edirsiniz. Bildirilir ki, Sizin üçün əlverişli olan ərazilər yol ətrafı meşə zolağıdır və fərdi yaşayış evi tikmək üçün ayrılması qeyri-mümkündür. Bu barədə Suraxanı RİH-in təqdim etdiyi 480 saylı, xx.xx.2003-cü il tarixli rəsmi arayışda da bildirilir. İş materiallarında olan, AZERCELL Telekom MMC-nin iddiaçıya ünvanladığı cavab məktubunda qeyd edilmişdir: Bakı şəhəri, Tbilisi prospekti, 61-A ünvanında yerləşən müəssisəmizin baş ofisi üçün torpaq sahəsi 2001-ci ilin iyul ayında Bakı şəhəri İcra Hakimiyyəti ilə müəssisəmiz arasında imzalanan icarə müqaviləsi əsasında növbəti 49 il müddətinə istifadəmizə verilmişdir. Həmin müqavilədə xüsusi qeyd edilib ki, icrarəyə verilən bu torpaq sahəsinin üzərində heç bir obyekt tikilməyib. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, göstərilən torpaq sahəsinin bizə icarəyə verilməsindən əvvəl istifadənizdə olan daşınmaz əmlakın sökülməsindən irəli gələn münasibətlər ilə bağlı istənilən tələb müəssisəmizə aid edilə bilməz. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 599 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166-cı məhəllədə yerləşən 1.0 hektar torpaq sahəsi "xxxx" LTD Şirkətinə “Özəl xəstəxana tikintisi üçün” ayrılmışdır. Həmin torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02/91 saylıxx.xx.2002-ci il tarixli Ayrıc Aktı və ayrılmış torpaq sahəsin Cizgisi verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166-cı məhəllədə yerləşən 0.8 hektar torpaq sahəsi "xxxx" LTD Şirkətinə “ofis binasının tikintisi üçün” ayrılmışdır. Həmin torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 99/179 saylı xx.xx.1999-cu il tarixli Ayrıc Aktı və ayrılmış torpaq sahəsin Cizgisi verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166cı məhəlləd yerləşən 8000 kv.m torpaq sahəsi 49 illik müddətinə “torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və “AZERCELL Telekom” LTD arasında xx.xx.2001-ci il tarixli 0020 saylı Müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166cı məhəlləd yerləşən 10000 kv.m torpaq sahəsi 49 illik müddətinə “torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və “AZERCELL Telekom” LTD arasında xx.xx.2002-ci il tarixli 0088 saylı Müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi 4 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Arayışda qeyd edilmişdir: xx.xx.2021-ci il tarixdə vəfat etmiş ananız X2 adına xx.xx.2021-ci il tarixdə V-732/2021 saylı vərəsəlik işi açılmışdır. X1 xx.xx.2021-ci il tarixdə 8İ/27890 reyestr N-İi mirasın qəbulundan imtinaya dair ərizəsi qeydiyyatdan keçmişdir. Sizin xx.xx.2021-ci il tarixli 8İ/27891 reyestr nömrəli mirasın qəbuluna dair ərizəniz qeydiyyatdan keçmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin X8 Hospitalı tərəfindən verilmiş EPİKRİZ-dən görünür ki, X6 «Covid 19, ikitərəfli pnevmoniya, ARDS, sepsis, septik şok» diaqnozu təyin edilmiş və ölüm tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 228818 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11 ayının 29 günündə 1226 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi 4 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli 2268 nömrəli məktubunda qeyd edilmişdir ki, miras qoyanın oğlu X7 xx.xx.2021-ci il tarixdə mirasdan İddiaçı xeyrinə imtina etmiş və bu barədə 8İ/27890 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək təsdiq edilmişdir. Miras qoyanın oğlu İddiaçı xx.xx.2021-ci il tarixdə müraciət edərək mirası qəbul etmiş və bu barədə ərizəsi 8İ/27891 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək təsdiq edilmişdir. Məhkəmə iş üzrə toplanmış və iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı onun əmlakına maddi zərər dəydiyini iddia etsə də, həmin zərərin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı bu hallarla bağlı hər hansı xüsusat aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi iddia edilən mübahisəli yaşayış sahəsinin sökülməsinə dair heç bir göstəriş (sərəncam) verildiyi öz təsdiqini tapmamışdır. İşin araşdırılmış hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia tələbinin əsas dəlili ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşadığı ev sökülərək onun yaşayış sahəsindən məhrum edilməsinə səbəb olmuşdur. İddia dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qanunla ona verilən səlahiyyət çərçivəsində torpaq sahəsini sərəncam əsasında “Azercell Telecom” müəssisəsinə icarəyə vermişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, əmlak üzərində hüquq həmin əmlakın əldə edilməsi barədə hüquqmüəyyənedici sənəd, o cümlədən müqavilə əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ tanınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə cavabdehin hüququnun tanınmasına da aid edilməlidir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, sökülmüş evin yerləşdiyi torpaq sahəsində iddiaçı tərəfindən qanunsuz olaraq tikinti aparılmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığı, onun həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olmadığı, (hüquqmüəyyənedici sənədin olmadığı) bunun üzərindən tələb hüququnun da istisna edildiyi nəzərə alındıqda, iddiaçı hazırkı kompensasiya tələbində haqlı sayıla bilməz. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsində qanunsuz tikililərin inşa edilməsi və qanunsuz davranışın hüquqi nəticələri ilə bağlı risklər iddiaçının məsuliyyət sferasına aid olunmalıdır. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus sökülmüş evin yerləşdiyi torpaq sahəsində qanunsuz olaraq tikinti aparıldığından, torpaq sahəsi onun qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığından, onun həmin torpaq sahəsi və tikilinin üzərində hər hansı hüququ mövcud olmadığından, həmçinin zərərin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyi sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçıya maddi və mənəvi zərərin əvəzinin ödənilməsi kimi 300.000 (üç yüz min) manat civarında pulun ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə,yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar