Məhkəmə qərarları › İş №2-1(112)-192/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-192/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-192/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X3, "Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti) «torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barəd arayışın və plan ölçünün tərtib olunaraq verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı səhəri, Ləhic qəsəbəsi, 4564 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X2 adına çıxarışın və naturada yerləşmə mövqeyinə əsasən plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6023/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının "Bakı səhəri, Ləhic qəsəbəsi, 4564 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın, bağ sahəsinin naturada yerləşmə mövqeyinə əsasən plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxslərin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi mümkün sayıla bilməz. Belə ki, iş materiallarında olan -**********16 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan "X1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan ünvanında yerləşən 0,17 ha torpaq sahəsinin satılmasına dair X3 və "Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanılmışdır. - **********16 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan "Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2266/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 4564 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X5 arasında bağlanılmış xx.xx.1987-ci il tarixli, 15563 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Həmin müqaviləyə 1432/4564 nömrə adı ilə cizgi əlavə edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs X3 izahatında qeyd etmişdir ki, ona məxsus olmuş bağ sahəsi ilə iddiaçının iddia ərizəsində göstərilən bağ sahəsi tam fərqli bağ sahələridir, bir-birinə qonşuluqda yerləşir. Məhkəmənin qənaətinə görə, iddiaçının mərhum atası X4 20 may 1987-ci il tarixli 15563 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında (qəsəbəsində) ayrılmış 0.25 ha sahəsi olan 4564 saylı bağ sahəsi ilə X1 xüsusi mülkiyyətində olmuş, daha sonra X3 tərəfindən "Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış və **********16 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən hazırda "Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan nin faktiki olaraq eyni bağ sahəsi olub-olmaması, üst-üstə düşüb-düşməməsi halının araşdırılması mübahisənin ədalətli həlli baxımından əhəmiyyətli olduğundan iddianın mümkün sayılmaması barədə məhkəmənin qərardadı ləğv edilməklə, iş göstərilən halın araşdırılmaqla iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İddiaçının vəkili məhkəmənin əvvəlki iclaslarında iddianın mümkün hesab edilərək baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iddianın mümkünsüz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmənin xx.xx.2024-cü il tarixli iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarına görə, iddiaçının hüquqi marağı, iddiaçının mərhum atası X2 adına arayışın və naturada yerləşmə mövqeyinə əsasən plan və ölçünün verilməsilə bağlıdır və həmin tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq həmin bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınması ilə bağlı imtina cavabı ünvanlamışdır. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd edilmiş göstərişlərin icrası ilə bağlı, yəni iddiaçının iddia etdiyi torpaq sahəsi ilə cavabdehin imtinasında göstərilən və üçüncü şəxs "Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan torpaq sahələrinin eyni, yaxud ayrı-ayrı torpaq sahələri olub-olmaması, torpaqların üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün cavabdeh təşkilatdan mütəxəssis rəyinin alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0,2365 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Torpaq sahəsinə (bağ sahəsinə) dair hüquqmüəyyənedici sənəd təqdim olunmayıb (vətəndaşın bildirdiyinə əsasən sözugedən bağın nömrəsi Ləhiş 4564 saylı bağdır). Faktiki olaraq göstərilən 0,2365 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazinin böyük bir hissəsi **********16, bir hissəsi **********25, yerdə qalan hissə isə **********01 reyestr nömrəsi ilə Nardaran İnvestin istifadəsində olan ərazilər ilə üst-ustə düşür. Torpaq sahəsi 4564 nömrəsi ilə araşdırıldıqda bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu var. Rəydən görünüyü kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı iddia etdiyi, mülkiyyət hüququna dair mərhum atasının adına arayışın verilməsini tələb etdiyi torpaq sahəsinə dair üçüncü şəxs MMC-nin adına dövlət reyestrində qeydiyyatın aparılması öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxslərin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi mümkün sayıla bilməz. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilk növbədə iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydi mübahisələndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə isə iddiaçıya izah edir ki, iddiaçı üçün uyğun iddia növü hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin etibarlılığını (əsaslılığını) mübahisələndirməkdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar