Məhkəmə qərarları › İş №2-1(112)-1920/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1920/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1920/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət qulluğu pensiyasının ləğv edilmiş 21 saylı region üzrə X5 bazasında yaradılmış Gəncə regional şöbəsinin baş məsləhətçisinin - baş əmək müfəttişinin əmək haqqına əsasən yenidən hesablanması və 2019-cu ilin dekabr ayından alınan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin 21 saylı region üzrə X3 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsindən dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün öz arzusu ilə 26 iyul 2019-cu il tarixdən onun dövlət qulluğunda fəaliyyətinə xitam verilmişdir və həmin tarixdən ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Ona təyin edilmiş pensiya Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən yenidən hesablanaraq 720,16 manat təyin edilmişdir. 2019-cu ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə onun dövlət qulluqçusu kimi pensiyaya çıxdığı 21 saylı region üzrə X6 Gəncə regional ərazi şöbəsi adlandırılmışdır. Bunun nəticəsində onun dövlət qulluqçusu kimi pensiyaya çıxdığı 21 saylı region üzrə X4 baş məsləhətçisinin - baş əmək müfəttişinin əsas vəzifə maaşı 475 manatdan 480 manata qaldırılmışdır. Ləğv edilmiş 21 saylı region üzrə X3 çalışdığı baş məsləhətçinin-baş əmək müfəttişinin əsas vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli sərəncamı ilə təsdiq edilimiş 2 nömrəli əlavənin 7-ci təsnifatı üzrə 1.7.7.2.2 sıra nömrəsi ilə Gəncə şəhəri üçün təyin edilmiş tələbi pozularaq 480.00 manat əvəzinə 1.7.7.2.3 sıra nömrəsi ilə əhalisinin sayı 100 min nəfərdən çox olan şəhər kimi götürülərək 475.00 manat müyyən edilmişdir. Bu hal 21 saylı region üzrə X6 Gəncə regional ərazi şöbəsi adlandırılarkən 2019-cu ilin dekabr ayında aradan qaldırılaraq 1.7.7.2.2 sıra nömrəsi ilə 480 manat müyyən edilmişdir. Onun ləğv edilmiş 21 saylı region üzrə X3 işləmiş olduğu baş məsləhətçinin - baş əmək müfəttişinin işini onun bazasında yaradılan Gəncə regional şöbəsində işləyən baş məsləhətçi - baş əmək müfəttişi yerinə yetirir. Onun pensiyası işləmiş olduğu baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinin əsas vəzifə maaşı artdığı üçün yenidən hesablanmadığından cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı 09 mart 2021-ci ildə iddia tələbi ilə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh orqan tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya Dövlət Sosial X8 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X3 baş əmək müfəttişi vəzifəsində işlədiyi üçün vəzifə maaşı 475 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrində (əhalisinin sayı 100.000 nəfərdən çox olan) işləyən dövlət qulluqçularının vəzifə maaşları artırıldıqda müvafiq olaraq iddiaçının əmək pensiyası yenidən hesablanacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 9 mart 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Sizə Dövlət Sosial X8 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəniz 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 217,70 manat olmaqla orta aylıq əmək haqqınız 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, Siz X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X3 baş əmək müfəttişi vəzifəsində işlədiyiniz üçün vəzifə maaşınız 475,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən Sizə ünvanlanmış 29 aprel 2021-ci il tarixli **********3 nömrəli məktuba əlavə olaraq bildiririk ki. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrində (əhalisinin sayı 100.000 nəfərdən çox olan) işləyən dövlət qulluqçularının vəzifə maaşları artırıldıqda müvafiq olaraq emək pensiyanız yenidən hesablanacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı 9 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə iddiaçıya 29 aprel 2021-ci il tarixli **********3 nömrəli “Əmək pensiyasının hesablanması haqında” cavab məktubu göndərilmişdir. Belə ki, vətəndaş İddiaçı Dövlət Sosial X8 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxs X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X3 baş əmək müfəttişi vəzifəsində işlədiyi üçün vəzifə maaşı 475,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1-maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. 2-1-ci bəndinə əsasən dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı X6 Xidmətinin 21 saylı region üzrə X3 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləmiş, xx.xx.2019-cu ildə dövlət qulluğuna xitam verilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi, ixtisas dərəcəsinə görə əlavəsi, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi nəzərə alınmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmiş, bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi - 720,16 manat məbləğində müəyyən edilmişdir. Daha sonra xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin 21 saylı region üzrə X6 X6 Xidmətinin Gəncə regional ərazi şöbəsi adlandırılmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə əsasən Nazirliyin yanında X6 Xidmətinin 21 saylı region üzrə X4 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləyən əməkdaşlar həmin vəzifədən Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə keçirilmişlər. Göründüyü kimi, iddiçının işlədiyi və əmək pensiyasının hesablandığı vəzifə hazırda Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi adlanır. Bu səbəbdən də qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən iddiaçıya təyin edilmiş pensiya məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalı və yaranmış pensiya məbləği fərqi hesablanaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişinin dövlət məvacibinin məbləğinə əsasən yenidən hesablanması və xx.xx.2019-cu il tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar