Məhkəmə qərarları › İş №2-1(112)-1920/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1920/2023

09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1920/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı nümayəndəsi X2, İddiaçı nümayəndəsi X2 vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (üçüncü şəxslər X14 və X18) “mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 34 saylı ev, 25 saylı mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 34 saylı ev 25 saylı mənzil əvvəllər ona məxsus olmuş, 2007-ci ildən oğlu X9 bağışlanmışdır. 2008-ci ilin dekabr ayının 13-də binada baş vermiş partlayış nəticəsində ətraf mənzilllər və onların mənzilinin bir hissəsi dağılmışdır. Dövlət tərəfindən bina tam sökülmüş və yaxın ərazidə, əvvəlki yerdən arxa tərəfdə yeni bina tikilmişdir. Yeni mənzil onlara 2009-cu il tarixdə dekabrın 30-da təhvil verilmişdir. Oğlu X21oğlu 2012-ci il tarixdə Rusiyada vəfat etmişdir. Yeni mənzil və əvvəlki mənzilin ölçüləri fərqlidir. Cavabdehə mənzilinə dair reyestrdə qeydiyyatın ləğv edilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq **********03 saylı, 19 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququ mülkiyyətçinin ərizəsi ilə ləğv edilir. Sözügedən mənzilin 1/3 hissəsinin iddiaçıya məxsus olduğu nəzərə alınaraq, yerdə qalan hissəyə münasibətdə vərəsəlik qaydasında mülkiyyət hüququ tanındıqdan sonra müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmənin 09 dekabr 2022-ci il tarixli qərardadı ilə X14 və X18 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndənin vəkili iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, № 02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-212/2009 saylı, 02 noyabr 2009-cu il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2, 131.1 və 187.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187.3 maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab edilmiş və 6 (altı) ay sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4071/2015 saylı, 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə X4 ünvan 1 ünvanından çıxarılması, X14 və X15 həmin mənzilə köçürülələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2471/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4071/2015 saylı, 24 dekabr 2015-ci il tarixli qətnaməsi X4 ünvan 1 ünvanından çıxarılması hisəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5244/2016 saylı, 04 noyabr 2016-cı il tarixli Qərarına əsasən Qocayeva Nərgiz Əsgər qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2471/2016 nömrəli iş üzrə 14 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-38/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Rusiya Federasiyası Maqadan şəhər notariat idarəsinin notariusu tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* nömrəli və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 09 iyul 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3028/2018 saylı, 25 aprel 2018-ci il tarixli Qərarına əsasən X6 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X8 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası – İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə X11 verilmiş **********19-05101-093014 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,95 kv.m, 3 otaqlı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlər reyestrindən əldə edilmiş xx.xx.2022ci il tarixli qeydiyyat nömrəsi **********GV75801 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil yüklü deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən ünvan 1 İddiaçı (1/3 hissə), X8 (2/3 hissə açıq qalır) paylı (xüsusi) mülkiyyətindədir. IV.Məhkəmənin mövqeyi İş üzrə müəyyən edilir ki, sözügedən mənzil məhv olmuşdur. İddiaçı mənzilin 1/3 hissədə mülkiyyətçisidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinəı əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Hazırkı halda da iddiaçı mülkiyyət hüququnun mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsini tələb edir ki, işin halları ilə müəyən edilir ki, əmlak məhv olmuş və sökülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı həmin əmlakın 1/3 hissədə müəliyyətçisi olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada müraqlı şəxsdir. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən, ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (üçüncü şəxslər X14 və X18) “mənzilə dair reyestrdə qeydiyyatın ləğv edilməsi” barədə iddiası təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə araşdırması məhv olmuş əmlaka dair kompensasiya və ya məhv olmuş, sökülmüş, yenidən inşa edilmiş binada yeni mənzilin verilməsi ilə bağlı məsələləri əhatə etmədiyindən iş üzrə qəbul ediləcək qərar üçüncü şəxslərin məhv olmuş əmlaka münasibətdə kompensasiya hüquqlarına və ya digər qanunla qorunan maraqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 68, 69, 73, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 34 saylı evin ümumi sahəsi 62,95 kv.m olan 25 saylı mənzilinə (daşınmaz əmlakın reyestr nömrəsi **********19-05101- 093014) dair reyestrdə qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar