Məhkəmə qərarları › İş №2-1(112)-1920/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1920/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1920/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəiyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən 14 iyun 2024-cü il tarixli məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, xx xxxxxx 1964cü ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 2 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra Bakı şəhər 117 nömrəli X9 məktəbində 01 sentyabr 1979-25 avqust 1982ci il tarixlərində mexaniki yığma çilingəri ixtisası üzrə əyani təhsil almışdır. 07 may 1982 – 15 may 1984-cü il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 06 iyun 1986-cı il tarixində "xxxx"nın X2 Deposunda dizel avadanlıqlarının cari təmiri üzrə təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. 13 noyabr 1985-ci ildə elə orada refrijerator qatar mexaniki keçirilmişdir. 15 aprel 1986-cı ildə işdən çıxmışdır. 17 aprel 1986-cı ildə "xxxx"nın Bakı şöbəsində Dezineksiya sənaye stansiyasında çilingər vəzifəsinə işə qəbul edilmiş və 13 iyun 1986-cı ildə işdən çıxmış, 18 iyun 1986-cı ildə "xxxx"nın X7 Vaqon Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 28 mart 1988-ci ildə refrijerator seksiya rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 07 fevral 2018-ci ildə işdən azad edilmişdir. 07 fevral 2018-ci il tarixində X8 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 24 sentyabr 2018-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. 04 avqust 2018-ci ildə "xxxx" MMC-nin X8 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 05 avqust 2019-cu ildə X8 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmişdir. 03 oktyabr 2023-cü il tarixində işdən çıxmışdır. 04 oktyabr 2023-cü ildə "xxxx" QSC-də X8 Xİdməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə qəbul edilmiş, hal-hazıradək işləyir. O, iddia ərizəsi əsasında əmək fəlaiyyəti dövründə 29 iyun 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. O, 29 iyun 2022-ci il tarixinə kimi ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində qeyd edilən “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdehin imtina məktubundan görünür ki, onun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olması cavabdeh tərəfindən qəbul edilməyərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 33-19 nömrəli, 22 oktyabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işçilərin Vahid Tarif-İxtisas Soğu kitabçasında və təlimatda seksiyada mexaniklərin vəzifə öhdəliklərinin eynilik təşkil etməsi öz təsdiqini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etsə də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, iddiaçının tələbi əsassızdır, cavabdeh orqanın qərarı qanunauyğun olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və "xxxx" QSCnin iddiaçıya dair xx.xx.2024-cü il tarixli, 13-1/2-Z-1098/1-42/2024 nömrəli arayışının surətinə əsasən xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonrakı 18 il 1 ay olan sığorta stajı və xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.2019xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixədək olan 6 il 10 ay 7 gün güzəştli sığorta stajı nəzərə alınmaqla ümumi sığorta stajı 41 il 7 ay 26 gün təşkil edir. İddiaçının müabhisələndirilən əmək fəaliyyəti dövrü isə Yeni-Ələt refrijerator vaqon deposun da, X8, "xxxx" MMC-nin X8 xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi əmək fəaliyyəti dövrlərindən ibarətdir. Yuxarıda qeyd olunan dövrlər aşağıdakı səbəblərdən sığorta stajına daxil edilməmişdir: 1. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və xx.xx.2024-cü il tarixli, 13-1/2-Z-1098/1-42/2024 nömrəli arayışın surətində onun mübahisəli dövrlərdə rəhbər mexanik vəzifəsində işlədiyi göstərilmişdir. 2. xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək zərərli peşədə işlədiyini iddia etsə də, təqdim olunan sənədlərdən refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi məlum olmuşdur. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotov briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyalarının) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, İ-İİİ bəndlərdə qeyd olunanlara əsasən hesab edirlər ki, "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli, 13-1/2-Z-1098/1-42/2024 nömrəli arayışın məzmununda qeyd olunan halların işin faktiki halalrı ilə uyğun olmaması sözügedən arayışda qeyd olunan vəzifənin müvafiq siyahıda qeyd olunan vəzifəyə uyğun olub-olmamasına dair şübhə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4-cü bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Z-141618/2024 nömrəli məktubla imtina edilmişdir.

8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli, 3-29-63/2-Z-2xx/xx/2024 nömrəli arayışa əsasən həqiqətən İddiaçı xx.xx.1979-cu il tarixində 177 nömrəli X9 Məktəbinin “Mexaniki yığma çilingəri” ixtisasına qəbul olmuş və xx.xx.1982-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir.

10. İddiaçıya məxsus НЗ seriyal, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1982xx.xx.1984-cü il tarixlərdə Azərbaycan SSR ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

11. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən əmək faəliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1986, xx.xx.1986xx.xx.2018.

12. “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-1/2-Z-1098/1-42/2024 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlər ərzində işləmişdir: 1. Yeni-Ələt refijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki – xx.xx.1985-xx.xx.1986; 2. Yeni-Ələt refijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki – xx.xx.1986 – xx.xx.1988; 3. Yeni-Ələt refijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki xx.xx.1991-xx.xx.2018; 4. X8 refrijerator seksiyaların rəhbər mexaniki - xx.xx.2018 – 2xx.xx.2018; 5. "xxxx" MMC-nin X8 refrijerator seksiyaların rəhbər mexaniki - xx.xx.2018-h/h; 6. ADY Ekspress” MMC-nin X8 refrijerator seksiyaların böyük mexaniki xx.xx.2019 – xx.xx.2023; 7. Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X8 refrijerator seksiyaların böyük mexaniki – xx.xx.2023 – h/h. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 5 ay 5 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyəyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilmişdir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-1/2-11201/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ADY-nin Yeni-Ələt refrijerator vaqon deposunda, X8 və "xxxx" MMC-nin X8 xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixindək işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarların (seksiyaların) mexaniləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edirlər ki, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifə üzrə iş stajı 28 il 6 ay 24 gün təşkil edir. Bununla yanaşı, İddiaçı ADY-də işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmamışdır. İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexanikinin vəzifə təlimatının surəti məhkəməyə təqdim edilmişdir.

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən 01 yanvar 2006-cı il tarixədək xüsusi iş stajının 12 il 6 aydan az ildən az təşkil etməsinə istinad etməklə imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı təqdim edilmiş əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək zərərli peşədə işlədiyini iddia etsə də, təqdim olunan sənədlərdən refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi məlum olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotov briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) isə refrijerator qatarlarının (seksiyalarının) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilməmiş, bununla da, onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir.

22. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair” arayışlara (o cümlədən məhkəmənin sorğusuna cavab olaraq verilmiş) əsasən müəyyən edilmişdir ki, iddiaçının həqiqətən ADY-nin Yeni-Ələt refrijerator vaqon deposunda, X8 və "xxxx" MMC-nin X8 xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarların (seksiyaların) mexaniləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifə üzrə iş stajı 28 il 6 ay 24 gün təşkil edir.

23. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin oxşar işlər üzrə 2-1(112)-1885/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əlavə edilmişdir ki, həmin qərarda kollegiyanın mövqeyi aşağıdakı kimi olmuşdur: “29. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1991xx.xx.2018-ci illərdə işlədiyi “refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır.

30. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, işdə olan "xxxx" MMC X1 məktubuna əsasən, “İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək refrijerator seksiyasının mexaniki, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək refrijerator seksiyasının rəisi, xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək refrijerator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi) vəzifələrində çalışmışdır.

31. Bununla bağlı qeyd edilməlidir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. İddiaçının vəzifə təlimatı (ADY/VT-103 nömrəli, xx.xx.2020- ci il tarixli) məktuba əlavə edilmişdir. “ADY” Express LLC-nin xx.xx.2022-ci il tarixli, AEXP1760-22 nömrəli məktubundan müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, adın dəyişdirilməsi nəticəsində “X1 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi “X1 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki” kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir”.

32. Eyni zamanda, iş materiallarında olan (iş vərəqi 87-88, 91-92) “X1 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6-7,9,14-cü bəndləri ilə “X1 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə böyük mexanik daha məsuliyyətli vəzifəni icra edir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının xx.xx.1991-xx.xx.2018-ci illərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.”

24. Göründüyü kimi, eyni faktiki və hüquqi hallara söykənən oxşar işlər ürə artıq formalaşmış məhkəmə təcrübəsi də, mövcuddur və formalaşmış məhkəmə təcrübəsinə əsasən “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000— 23598)” peşəsinə uyğun olması, bununla da, həmin peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması öz təsdiqini tapmışdır.

25. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

26. Beləliklə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi onun işlədiyi müəssisələr tərəfindən verilmiş arayış və artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən təsdiq olunur.

27. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

28. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus sənədlərə (hərbi bilet, əmək kitabçası, əyani təhsil alması ilə bağlı arayış və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar) əsasən müəyyən edilir ki, iddiaçının xx.xx.2006cı il tarixədək ümumi iş stajı 25 il artıq təşkil edir. Cavabdeh tərəfindən də, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi məsələsi mübahisələndirilməmişdir.

29. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

30. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

31. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.

32. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır.

34. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

35. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

36. Məhkəmə eləcə də, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir.

37. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

38. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

39. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

40. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.

41. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

42. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

43. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

44. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

45. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

47. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 02 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar