Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1922/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyinə qarşı «əmək pensiyasının yenidən hesablanması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (2 saylı xidmət nümayəndəliyinə) qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçıya 15 sentyabr 1995-ci il tarixdə 49 il 3 ay iş stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir və o, təqaüdçüdür. Lakin hal hazırda aldığı əmək pensiyası əmək kitabçasında göstərilən əmək stajı ilə uyğunluq təşkil etmir. Bununla da qanuvericiliyin tələbləri pozulmuş, onun faktiki mövcud olan iş stajı düzgün hesablanmamış və hüquqları ciddi və kobud surətdə pozulmuşdur. İddiaçı hesab edir ki, onun iş stajı yenidən hesablanmalı və ona uyğun pensiya təyin edilməlidir. Belə ki, iddiaçının adına tərtib edilmiş 1956-cı il tarixli əmək kitabçasından görünür ki, iş stajı Dövlət Sosial Müdafiə Fondunun hesabladığı kimi deyil, 53 il 5 ay təşkil edir. Buradan belə nəticəyə gəlinir ki, Dövlət və Dövlət Başçısı təqaüdçülərə daim diqqət və qayğı göstərsə də, Dövlət Sosial Müdafiə Fondu onun iş stajının böyük bir hissəsini hesablamamaqla və iş stajını azaltmaqla, ona təyin edilən məvacibi azaltmış və ona küllü miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Buna əsasən də qeyd olunan məsələ məhkəmə qaydasında öz həllini tapmalı, onun əmək stajı yenidən hesablanmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 25, 26, 71-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.15, 2.1, 3.1-ci maddələrinə əsaslanaraq, iddiaçının əmək pensiyasının onun əmək kitabçasında göstərilənlərə uyğun hesablanaraq yenidən təyin edilməsi öhdəliyinin DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 mart 2021-ci il tarixli məktubuna əlavə olunan Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 fevral 2021-ci il tarixli xidməti məktubunda aşağıdakılar bildirilir: - «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 29.1-1-ci yarımbəndinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksiəşdirilir. Vətəndaş İddiaçı 2006 – 2009-cu il tarixlərdə əmək fəaliyyətində olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyası müraciət etdiyi 28 fevral 2020-ci il tarixdən əvvəlki üç il üçün yenidən hesablanmışdır. Yenidən hesablamadan sonra İddiaçı aldığı yaşa görə əmək pensiyası 28 fevral 2017-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək 272,60 manata, 1 yanvar 2019-cu il tarixədək 288,14 manata, 1 yanvar 2020-ci il tarixədək 296,78 manata, 1 yanvar 2021-ci il tarixədək 346,05 manata, 1 yanvar 2021-ci il tarixdən 385,50 manata çatdırılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə iddiaçının arzuladığı hərəkət, yəni ona təyin edilmiş yaşa görə əmək pensiyasının əmək kitabçasında qeyd olunan iş fəaliyyəti nəzərə alınmaqla yenidən hesablanıb pensiya məbləği müəyyən edildiyindən (ərizəsi inzibati orqan tərəfindən təmin olunduğundan), mübahisə mövcud olmur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 67, 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyinə qarşı «əmək pensiyasının yenidən hesablanması» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1922/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1922/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver