Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1922/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında ona müddətsiz əsaslarla əlillik dərəcəsinin uzadılması məsələsində mübahisə yaranmışdır. 22 aprel 2021-ci il tarixdə növbəti müayinə tarixi olması səbəbilə, iddiaçı son beş il ərzində əlillik səbəbi olan xəstəliklə bağlı aldığı müalicələr və Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xəstəliyi ilə bağlı tibbi rəyini cavabdehə təqdim etmişdir. Lakin cavabdeh müraciəti təmin etməmiş, guya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbilə əlilliyin vermədiyini bildirmişdir. Müraciət cavabdeh tərəfindən rədd edildiyindən o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. O (iddiaçı), xx xxxxxx 1970-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndində doğulmuşdur, hazırda da orada yaşayır. Birinci Qarabağ müharibəsi dövründə hərbi xidmətdə olmuş və odlu silah yarası almışdır. Daha sonrakı tarixlərdə ona həmin yaralanma və onun tibbi ağırlaşmaları səbəbilə 2010-cu ildə cavabdeh tərəfindən üçüncü dərəcə əlillik təyin edilmişdir. 22 aprel 2016-cı il tarixdə təkrar müayinədən keçdikdən sonra əlillik müddəti daha beş il müddətinə uzadılmışdır. 22 aprel 2021-ci il tarixdə isə, cavabdeh onun əlilliyinin müddətinin uzadılmasından yuxanda qeyd edilən səbəbi əsas gətirərək imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. İmtinanın məntiqi, hüquqi və tibbi əsası yoxdur. Cavabdeh daha əvvəl eyni diaqnoz və onun tibbi ağırlaşmaları səbəbilə iki dəfə iddiaçıya əlillik təyin etmiş və ya əlillik müddətini uzatmışdır, İddiaçının diaqnozu «Əlilliyin və sağlamlıq imkanlanın məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» ilə tamamilə üst-üstə düşür və təbii ki, bu daha əvvəl cavabdehin ona əlillik təyin etməsinin hüquqi əsasını müəyyən etmişdir. Əlillik Meyarlarında ixtisaslaşmış tibb müəssisəsinin rəyi həlledici rol oynayır və ona (iddiaçıya) travma sahəsində ölkənin baş ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş və daha əvvəlki tarixlərdə ona cavabdeh tərəfindən əlillik təyin edilməsi üçün tibbi əsas olmuş diaqnozu təsdiqləyən tibbi rəy növbəti dəfə cavabdehə təqdim edilsə də, cavabdeh həmin tibbi sənədi nəzərə almamışdır. İddiaçıya Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş tibbi rəylər daha əvvəlki dövrlərdə əlillik təyin edilməsində əsas sənəd rolunu oynasa da. cavabdehə sonuncu müraciətdə sonuncu tibbi rəyə əhəmiyyət verilməmişdir, halbuki, sonuncu tibbi rəy daha əvvəl verilmiş tibbi rəyləri bir daha təsdiq etmişdir. Cavabdehin imtinasında guya diaqnozun əlillik təyin edilməsinə imkan vermədiyi bildirilsə də, bu, həqiqəti əks etdirmir. Çünki, diaqnoz Əlillik Meyarlarında aşağıda qeyd edilən kateqoriyalarla tam üst-üstə düşür; (2.5.6) hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5 – M24.6); (3.1.4) ankilozlarla, kontrakturalarla, pataloji sınaqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması (M24.5-M246, M30-M36, M40-M43, M62, M80, M85-M89.9, Q65-Q66, Q67.5-Q67.8, Q68). M24.5 kodu ilə təsbit edilmiş diaqnoz Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş tibbi arayışda öz əksini tapmışdır. İki dəfə eyni tibbi hüquqi əsaslarla cavbdeh tərəfindən iddiaçıya əlillik təyin edilməsi üçün həmin dövrdə nəzərə alınmış hallar indiki halda da hüquqi əsas kimi nəzərə alınmalı və ona müddətsiz əlillik təyin edilməlidir. Belə ki, onun 22 aprel 2016-cı il tarixdə əlillik müddəti uzadıldıqdan sonra növbəti müayinədən keçmə vaxtı kimi 22 aprel 2021-ci il tarixədək Əlillik Meyarlarında öz əksini tapmış tibbi əsaslarda (diaqnozlarda) heç bir dəyişiklik baş verməmişdir. Halbuki, dəyişiklik olsaydı ona ilk dəfə əlillik təyin edilən dövrdə qüvvədə olmuş tələblər tətbiq edilməli idi. İddiaçı belə qənaətdədir ki, əlillik dərəcəsi növbəti beş il üçün aparıldığı təqdirdə, ardıcıl əlillik müddəti 15 ildən çox olduğundan, Əlillik Meyarlarının 4.2-ci bəndinə əsasən ona əlillik müddətsiz təyin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 38, 149-cu maddələrinə, «Əlilliyin və sağlamlıq imkanlanın məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair Əsaslanmə»nin müddəalarına, İPM-in 2.2.2, 33.1, 33.2, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı Bəxtiyar oğlunun əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 16 aprel 2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M16 - Koksartroz [bud çanaq oynağının artrozu] => M16.0 - İkitərəfli . . . ; Diaqnozun mətni : Sağ aşıq baldır oynağının postravmatik artrozu ağrı sindromu. Y/çətinləşməsi; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ aşıq baldır oynağının postravmatik artrozu ağrı sindromu. Y/çətinləşməsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonradan onun əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 21 aprel 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M16 - Koksartroz [bud çanaq oynağının artrozu] => M16.0 - İkitərəfli...; Diaqnozun mətni : Sağ aşıq baldır oynağının postravmatik artrozu ağrı sindromu. Y/çətinləşməsi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ aşıq baldır oynağının postravmatik artrozu ağrı sindromu. Y/çətinləşməsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 22 aprel 2015-ci il tarixli 0311003AADPP saylı göndərişi əsasında da onun əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 -Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı Diaqnozun mətni : Aşağı ətrafların açıq yaralanmasının nəticələri. Sağ aşağı ətrafın odlu silah yaralanmasının qalıq əlamətləri. Hərəkətin və yerişin pozulması. Oynaqların kontrakturası. Sağ topuq oynaqda kontraktura və artroz; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətrafların açıq yaralanmasının nəticələri. Sağ aşağı ətrafın odlu silah yaralanmasının qalıq əlamətləri. Hərəkətin və yerişin pozulması. Oynaqların kontraktu . . . ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 22 aprel 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı . . . ; Diaqnozun mətni : Aşağı ətrafların açıq yaralanmasının nəticələri. Sağ aşağı ətrafın odlu silah yaralanmasının qalıq əlamətləri. Hərəkətin və yerişin pozulması. Oynaqların kontrakturası. Sağ topuq oynaqda kontraktura və artroz; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Aşağı ətrafların açıq yaralanmasının nəticələri. Sağ aşağı ətrafın odlu silah yaralanmasının qalıq əlamətləri. Hərəkətin və yerişin pozulması. Oynaqların kontraktu . . . ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadaan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir (1 iyul 2022-ci il tarixədək qüvvədə olmuşdur). Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Əsasnamənin 2.5-ci bəndində üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün tibbi göstəriş olan müvafiq xüsusi hallar (2.5.1 – 2.5.25) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qeyd olunmalıdır ki, məhkəmənin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: - xx xxxxxx 1970-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? - xx xxxxxx 1970-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? - xx xxxxxx 1970-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı? Məhkəmənin 16 dekabr 2021-ci il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 9 mart 2022-ci il tarixli məktubu ilə həmin tarixli T 57/2022 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1970-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: - Vətəndaş İddiaçı sağlamlıq vəziyyətinin təyini ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişi tam doldurulsa da, qeyd olunmuş diaqnoz və ağırlaşmalar “hərbi əməliyyatlar nəticəsində oğlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın oğlu silah yaralanmasından sonrakı qalıqları, digər oynaqların postravmatik artrozu, sağ aşağı baldır oynağının artrozu, oynaqların kontrakturası, sğ aşağı baldır oynağının açıcı-bükücü kəskin kontrakturası, digər daimi ağrı sindromu” əyani müayinədə əlillik dərəcəsinin təyininə əsas vermədiyindən, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair» Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür; - Sağlamlıq vəziyyəti ilə əlaqədar İddiaçı hazırda müalicəyə ehtiyacı yoxdur. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi tarixində qüvvədə olan qanunvericilik normaları müddətsiz üçüncü dərəıcə əlillik təyinatının konkret hallarını (xəstəlik, travma və zədə, onların ağırlılıq dərəcəsini) müəyyən etmişdir. İşin faktiki halları və işdə olan sübutların, o cümlədən 9 fevral 2022-ci il tarixli ekspertiza rəyinin qanunvericiliyin müddəaları baxımından qiymətləndirilməsi ilə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı barəsində tam doldurulmaqla tərtib edilmiş göndərişdə qeyd olunan xəstəliyin ağırlaşmaları və müvafiq nəticələr əlillik dərəcəsinin təsdiqinə əsas vermədiyindən, cavabdeh əsaslı olaraq iddiaçıya müddətsiz əlillik təyinatından imtina etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qiymətləndirilir. Bundan başqa, rəydə iddiaçının əlavə müalicəyə ehtiyacının olmaması halı da müəyyən edilir. Bu isə, yuxarıda qeyd olunan qənaətin təkzibi ehtimalını aradan qaldırmış olur. Hansı ki, qanunvericilik normaları, eləcə də formalaşmış inzibati praktika şəxslərə əilliyin təyinatında müvafiq xəstəliklərin, travmaları və zədələrin mövcud olduğu halda, ambulator və ya stasionar müalicələrdə aradan qaldırılmasını da mümkün sayır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1922/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1922/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver