Məhkəmə qərarları › İş №2-1(112)-1922/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1922/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1922/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığında yerləşən, ümumi sahəsi 16.6 kv.m olan qeyri-yaşayış sahəsi ilkin sahib X2 yazılı və notariat təsdiqli etibarnaməsi ilə 10 ildən çoxdur ki, sonradan alqı-satqı hüququ imkanı ilə iddiaçının etibarnaməli idarəçiliyidə və faktiki sahibliyində olmuşdur. Etibamaməli idarəçiliyində olduğu müddətdə obyekt iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi/ofis kimi istifadə olunmuşdur. X3 bir müddət xarici ölkədə yaşadığı və obyektin ilkin sənədi itirildiyi üçün onun razılığı ilə və iddiaçı ilə aralarında olan şifahi razılaşmaya uyğun olaraq gələcəkdə sənədləşdirilmənin bitməsindən sonra müəyyən ödəniş ödənilməsi şərti ilə obyektin 29 dekabr 2017-ci il tarixdə faktiki istifadə vəziyyətində iddiaçının adına rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov RİH-ə müraciət etmişdir. Nərimanov RİH başçısının 29 dekabr 2017-ci il tarixli 556 saylı “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərəncamı ilə həmin obyektin təqdim olunmuş layihəyə uyğun olaraq mövcud vəziyyətdə iddiaçının adına sənədləşdirilməsinə icazə verilmiş və əmlakın daşınmaz əmlakın dövlət reyestrinin aidiyyəti ərazi orqanında onun adına rəsmiləşdirilməsi tövsiyyə olunmuşdur. Tikinti Obyektinin istismarı ilə bağlı verilmiş 11 yanvar 2018-ci il tarixli 3 nömrəli icazə sənədində göstərilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 18 yanvar 2018-ci il tarixdən Nərimanov rayonu, M.K.Atatürk prospekti, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tikinti obyektinin istismarına icazə verilsin. 2018 – 2019-cu illərdə həmin sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərkən iddiaçıya şifahi olaraq bildirilmişdir ki, obyekt ilk əvvəl ilkin sahibin adına rəsmiləşdirilməli, bundan sonra alq-satqı yolu ilə onun adına keçirilməlidir. Daha sonra isə, təkrar qeydiyyat zamanı obyektin qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququları ilə iddiaçının adına rəsmiləşdirilməsi mümkündür. Bunu əsas tutaraq, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığında yerləşən, ümumi sahəsi 16.6 kv.m olan qeyri-yaşayış sahəsini 26 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə əldə edərək sahiblik və istifadə hüquqlarını rəsmi olaraq əldə etmişdir. Obyekt 26 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə aparılmış alqı-satqı əməliyyatı yolu ilə onun qanuni sahibliyinə və istifadəsinə keçsə də, 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyat əməliyyatları aparılarkən obyektin mövcud vəziyyətdə təyinatı, statusu və texniki göstəriciləri ilə bağlı Nərimanov RİH başçısının 29 dekabr 2017-ci il tarixli 556 saylı sərəncamı və tikinti obyektinin istismarına icazə sənədi nəzərə alınmamış, obyektin qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüquqları ilə onun adına rəsmiləşdirilməsi həyata keçirilməmiş, obyekt qaraj kimi rəsmiləşdirilmişdir. Eyni zamanda, iddiaçı İdarənin qəbul şöbəsində (ƏXM-da) qəbulda olsa da, obyektin təkrar qeydiyyatının təkrar aparılması və təkrar qeydiyyat zamanı qeyriyaşayış sahəsi kimi rəsmiləşmə aparılmasına dair xahişlər qəbul edilməmiş, məsələ ilə bağlı sənədlər icraata qəbul edilməmişdir. Halbuki, həm Nərimanov RİH başçısının sərəncamında, həm alqı-satqı müqaviləsində və həm də qeydiyyat zamanı ərizəyə qoşma olaraq təqdim edilmiş obyektin memarlıq-planlaşdırma layihəsində də tikili qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Bundan başqa, obyektin memarlıq-planlaşdırma bölməsi layihəsi Nərimanov RİH tərəfindən də 2017-ci il tarixdə təsdiq edilmiş, yəni razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddiaçı Qanunvericiliklə müəyyən edilən sözügedən hüquqlarının mövcudluğunu əsas tutaraq, ötən il hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana məhkəmədənkənar qaydada inzibati icraat qaydasında yazılı müraciət edib, hüquqlarının qeydiyyatı məsələsinə təkrar baxılmasını və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığındakı 16.6 kv.m ölçüdə tikilinin onun adına mülkiyyət hüquqları ilə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını və bununla əlaqədar ona reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh orqandan onun ünvanına daxil olmuş 17 sentyabr 2021-ci il tarixli bildirişlə hüquqlarının qeydiyyatından imtina edilmişdir. İmtina bildirişinin əsas dəlili bu idi ki, onun torpaq sahəsi üzərində hüquq müəyyənedici sənədi yoxdur. Bu irad artıq aradan qaldırılmışdır. Belə ki, 11 aprel 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 1712 nömrəli “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə" müqavilə ilə iddiaçı həmin obyektin yerləşdiyi 20,4 kv.m torpaq sahəsi iki il müddətinə icarəyə (əvəzli istifadəyə) götürmüşdür. İcarə müqaviləsindən görünür ki, icarə obyekti qeyri-yaşayış obyekti kimi qeyd edilmişdir. Bu o deməkdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin tabe olduğu baş qurum obyektin qeyri-yaşayış obyekti olmasını təsdiqləmiş və iddiaçıya məxsus olmasını ifadə etmişdir. Çünki, Əmlak Məsələləri Dövlət Xidməti iddiaçını həmin obyektlə bağlı hüquq münasibətinin tərəfi kimi, yəni hüquq sahibi kimi qəbul etmiş və həmin obyektlə bağlı onunla müqavilə bağlamışdır. Qanunvericiliklə müəyyən edilən sözügedən hüquqların mövcudluğunu əsas tutaraq və cavabdeh orqanın iradını aradan qaldıraraq, iddiaçı 22 iyun 2022-ci il tarixində hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana inzibati icraat qaydasında müraciət edib, hüquqlarının qeydiyyatı məsələsinə təkrar baxılmasını və həmin tikilinin adına mülkiyyət hüquqları ilə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını, müvafiq çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Lakin bir aydan çox müddət keçməsinə baxmayaraq, iddiaçıya cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 152.1, 157.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına, digər qanunvericilik nornalarına əsaslanaraq, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 saylı evin yaxınlığında icarəsində olan 20,4 kv.m torpaq sahəsi üzərində yerləşən 16,6 kv.m ölçüdə tikiliyə (qeyri-yaşayış sahəsi kimi) mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı 27 oktyabr 2022-ci il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 2 avqust 2021-ci il və 21 iyul 2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyriyaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair və tikintiyə icazə sənədi, razılaşdırılmış layihə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının istismarına icazə Bakı ŞİH tərəfindən verilməmişdir. Bundan başqa, qeyri-yaşayış binasına texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********73 saylı 17 sentyabr 2021-ci il tarixli və **********90 saylı 9 avqust 2022ci il tarixli cavab məktubları ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1, 8.0.9, 8.0.10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin müddəalarına Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2014 tarixli 302 saylı qərarının müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair – (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığında yerləşən bir mərtəbədən, 16,6 kv.m sahədən ibarət tikilinin (qeyri-yaşayış binasının) "xxxx" MMC-nin tərtib etdiyi layihə Bakı şəhəri Nərimanov RİH (qurumun memarı) tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov RİH-in 29 dekabr 2017-ci il tarixli 556 nömrəli sərəncamı ilə Atatürk prospekti, 3 saylı evin yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin təqdim edilmiş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə hazırkı İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 318 ünvanında yerləşən 27,1 kv.m ölçüdə torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi barədə 31 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov RİH Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 ünvanında yerləşən sifarişçisi X5 olan tikinti obyektinin istismarına 11 yanvar 2018-ci il tarixdə 3 nömrəli icazə vermişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (birlikdə) bu əsaslardan biri kimi nəzərdə tutur. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə icraatında məlum olur ki, iddiaçı tərəf inzibati icraat çərçivəsində cavabdeh inzibati orqana Nərimanov RİH-in 29 dekabr 2017-ci il tarixli 556 saylı sərəncamını və 11 yanvar 2018-ci il tarixli “Tikinti onyektinin istismarına icazə” sənədini təqdim etmişdir. Həmin sərəncam və icazə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən sərəncam və icazə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Nərimanov RİH-in 29 dekabr 2017-ci il tarixli 556 saylı sərəncamı və 11 yanvar 2018-ci il tarixli “Tikinti obyektinin istismara icazə”si mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixlu Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: - (4.11.11.5) «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; - (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarında icra hakimiyyəti başçılarına aid edilmir. Əsasnaməyə əlavə olunan “Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturu vahidinin sayı”nda həmin rayonlar üzrə təsərrüfat şöbələrində 1 ştat vahidi böyük məsləhətçi (memar) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların Təsnifatı»na görə istismara yararlı olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı istisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: - (İ məsuliyyət səviyyəli bina və qurğular) tutumu tutumu 10.000 kub metr və daha çox olan neft, neft və kimya məhsullarının saxlandığı çənlər, su və istilik elektrik stansiyaları, həcmi 10 milyon kub metr və daha çox olan su anbarları, neft, neft və kimya məhsulları, qaz, su, çirkab suları nəql edən magistral boru kəmərləri, üstüörtülü tribunalı idman qurğuları, konsert sərgi salonları, kinoteatrlar, teatrlar, muzeylər, dövlət arxivləri, metropoliten tunelləri və stansiyaları, üzunluğu 50 metr və daha çox olan körpülər və yol ötürücüləri, hündürlüyü 100 metr və daha çox olan rabitə qurğuları, hündürlüyü 100 metr və daha çox olan tüstü boruları, 24 metr və daha çox aşırımı olan üstüörtülü sənaye və ictimai obyektlər, nadir (unikal) bina və qurğular: - (İİ məsuliyyət səviyyəli bina və qurğular) İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, Yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla), təhsil və səhiyyə obyektləri, mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular; - (İİİ məsuliyyət səviyyəli bina və qurğular) 12 metr hündürlüyədək fərdi yaşayış evləri, parniklər, istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər. İlk növbədə nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi isə, 1 yanvar 2013-cü il tarixdən qüvvədədir. Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş Təsnifat qüvvəsini saxladığı halda da iddiaçıya məxsus tikili İ və İİ məsumiyyət səviyyəli binalara (qurğulara) aid edilməməlidir. Belə ki, 20 kvm-dən az sahəsi olan həmin tikilinin İ məsuliyyət səviyyəli binalara (və qurğu) aid olmaması aydın görünən haldır. Onun İİ və İİİ məsuliyyət səviyyəli binalardan hansı aid olmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, tikiliyə bundan əvvəl iddiaçının adına cavabdehin özü tərəfindən texniki pasport verilmişdir və inzibati praktikada bu qəbildən olan sənəd qarajlara və ona bənzər tikililərə verilir. Həmçinin diqqət yetirilməlidir ki, tikilinin ölçüsü təxminən 20 kv.m-dən azdır və İİİ məsuliyyət səviyyəli binaların dairəsi yalnız anbarlarla məhdudlaşmır, buna oxşar tikililər də həmin kateqoriyadandır. Təsnifatda İİ məsuliyyət səviyyəli binaların əlamətləri nisbətən orta həcmli tikililərə saxdır. İddiaçıya məxsus tikili isə, konkret anbar kimi təqdim olmasa da, ona bənzər tikili qismində təqdim edilir. İddiaçıya məxsus tikilinin istismarına icazənin RİH tərəfindən verilməsi də onu deməyə əas verir ki, həmin tikili məhz İİİ səviyyəli tikilidir. Ən azından RİH-in sərəncam və icazə sənədinin qüvvədədir (ləğv edilməmiş, etibarsız sayılmamışdır). Bu mənada, cavabdeh inzibati orqanın Nərimanov RİH-in sərəncam və icazə sənədi üzrə müvafiq səlahiyyətinin olmasını mübahisələndirən dəlilləri əsaslı deyil. Cavabdehin mövqeyi «İnzibati icraat haqqında» Qanunun 13, 17-ci maddələrinin tələbləri ilə də uzlaşmır. «İnzibati icraat haqqında» Qanunun 13-сü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə isə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X6 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məhkəmə vurğulayır ki, 1 avqust 2018-ci il tarixədək müvafiq səlahiyyət yerli icra hakimiyyəti orqanlarına aid olmuşdir, Nərimanov RİH-in “Tikinti obyektinin istismara icazə”si həmin tarixdən sonrakı vaxtda verilmiş olsaydı, «İnzibati icraat haqqında» Qanunun 65.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq etibarsız sayıla bilər. Lakin belə icazənin tarixi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli olduğu dövrə təsadüf etdiyindən, o, etibarsız deyil, mübahisələndirilmədiyindən isə, mötəbərdir. Həm də qeyd olunmalıdır ki, inşası başa çatdırılmış iddiaçıya məxsus həmin tikiliyə istismara icazə sənədinin bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınması da inzibati praktiya ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 495 nömrəli 8 dekabr 2016-cı il tarixli qərarı ilə “Obyektin Tikintisinə İcazə”nin forma və məzmunu təsdiq edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina ilə bağlı dəlilləri ilə razılaşmır və onlara münasibətdə aşağıqeyd edir: - Müvafiq ünvanda yerləşən və hazırkı mübahisənin obyekti olan tikili ilə bağlı “Tikinti obyektinin istismara icazə” sənədinin Bakı ŞİH tərəfindən təsdiqlənməsi qanunvericilik normalarında nəzərdə tutulmamışdır, Nərimanov RİH tərəfindən təsdiq edilməsi onun mötəbərliyini təkzib etmir; - Mütəxəssislərə binaya baxış keçirilməsinə şərait yaradılmaması hüququn reyestrdə qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Çünki, formal mülahizələrə söykənir, əvvələ ona gprə ki, cavabdeh orqan özü tikiliyə texniki pasport vermişdir, bundan başqa da səlahiyyətli qurum kmi RİH istismara icazə sənədini təsdiqləmişdir; - Tikilinin yerləşdiyi torpaq sahəsinin icazəyə verilməsi barədə 31 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır və müqavilənin icarəyə verən tərəf kimi hazırkı cavabdeh inzibati orqanın subordinasiya baxımından yuxarı təşkilatı müvafiq səlahiyyətli qurum kimi çıxış edir; - tikilnin layihəsinin RİH tərəfindən təsdiqlənməsi, onun sənədləşməsi barədə RİHin sərəncamının olması və sonradan istismara icazə sənədinin mövcudluğu tikilinin qanunsuz inşa olunmasını təkzib edən süsusatlardır. Belə olan halda, həmin sənədlər həm də tikilinin inşasına icazəni ehtiva edir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı İddiaçı tərəfindən inzibati icraatda cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş sərəncam, texniki pasport, “Tikinti obyektinin istismarına icazə” sənədi (torpaq sahəsi ilə bağlı sənədə etirazda toxunulmamışdır) onun Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 saylı binanın yaxınlığında yerləşən tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas sayılır. Odur ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli binanın yaxınlığında yerləşən 16,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli binanın yaxınlığında yerləşən 16,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar