Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1924/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (Balakəni rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə 13 noyabr 1978-ci ildə NQÇİ Kirovneftdə 2-ci dərəcəli laborant vəzifəsində işə başlamışdır. 10 yanvar 2005-ci ildə NQÇİ Kirovneft İdarəsi ləğv olunub X5 şirkəti adlandırıldı. İddiaçı 01 oktyabr 2012-ci ildən hal-hazıradək Neftin qazın hazırlanması vurulması sexində metrologiya xidmətində laborant vəzifəsində işləyir. İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinə imtina verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Ülviyyə Musayevə iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 55 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab edirik ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 24.10.1978-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 01.09.2005-ci il tarixindən bugünədək “X5” şirkətində neftin qazın hazırlanması vurulması sexində laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə və vəzifə yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun deyil. Qeyd olunanlara əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13.09.1978-ci ildə “Binəqədineft” NQÇİ-nin (keçmiş “Kirovneft” NQÇİ) X1 Sexinə (ETİİS) 2-ci dərəcəli laborant peşəsinə işə qəbul edilmiş, 01.01.1988-ci ildə ET və İİAS-yə 2-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 03.01.1993-cü ildə 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.02.1994-cü ildə ETİİS-yə 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş; 01.07.1994-cü ildə 4-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.06.2000ci ildə 5-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş; 01.05.2005-ci ildə NKH və VS-yə kimyəvi təhlil üzrə 5-ci dərəcəli laborant peşəsinə keçirilmiş, 01.10.2012-ci il tarixdə neftin qazın hazırlanması vurulması sexindən metrologiya xidmətinə laborant keçirilmişdir. İş materiallarında olan “X6” tərəfindən verilmiş 06/05/2020-ci il tarixli arayışından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli 377 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” qeyd olunan 8.Kimya istehsalatı 8.1 tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri siyahısına aid olan və ya 8.1.1 xüsusi istehsalat (çənlərin,tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər siyahısına aid olan 01.09.2005-ci il tarixdən “X7” Şirkətinin nəznində Metroloji Xidmətin Neft, qaz və su nümunələrinin fiziki-kimyəvi Sınaq laboratoriyasında laborant vəzifəsində, aşağıda qeyd olunan kimyəvi reaktivlərlə işləyən İddiaçı, yuxarıda göstərilən qərar üzrə müvafiq pensiya hüququna malikdirlər: Trilon-B QOST 10652-73; Ammonium xlorid QOST 3773- 72; Xromogen ET-00; Mureksid TU 6-09-01 1254-64; priqolol A QOST 22387; kaliumhidroksid QOST 1439-78; Civə-oksid QOST 5230-74; Texniki Toluol QOST 14710-78; Texniki Ksilol QOST 9410-78; Neft məhlulu 50/170 QOST 8505-80; Texniki Etil spirti QOST 18300-72; Texniki efir etili; Gümüşü nitrat QOST1277-75; Nitrat turşusu QOST 4461-77; Sulfat turşusu QOST 4207-77; Xlorid turşusu QOST 14261-77; Natrium hidroksid QOST 4328-77; Aseton QOST 2603-79; Neft Demulqatorları “Dissolvan 4411”; Neft Demulqatorları “Alkan DE-318”; Barium-Xlorid; Texniki Benzol QOST 12343-75; Perxlorat turşusu HCLO4 QOST 15453-78; Civə nitrat turşusu 1-sulu QOST 10652-74; Difenilkarbozid QOST 190000-75; Silikaqel ASKQ QOST 16564-77. İşdə olan “Socar” tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, SOCAR**********80020123X00076 saylı arxiv arayışından görünür ki, SOCAR –ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 13.09.1978-ci ildə (əmr 1334 k, 13.09.1978-ci il) “Binəqədineft” NQÇİ-nin (keçmiş “Kirovneft” NQÇİ) X1 Sexinə (ETİİS) 2-ci dərəcəli laborant peşəsinə işə qəbul edilmişdir. 01.01.1988-ci ildə (əmr № 8 k, 05.01.1988-ci il) ET və İİAS-yə 2-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 03.01.1993-cü ildə (əmr № 57 k, 26.01.1993cü il) 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.02.1994-cü ildə (əmr № 59 k, 01.02.1994-cü il) ETİİS-yə 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş; 01.07.1994-cü ildə (əmr № 406 k, 27.06.1994-cü il) 4-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.06.2000-ci ildə (əmr № 189 k, 01.06.2000-ci il) 5-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş; 01.05.2005-ci ildə (əm №128 k, 02.05.2005-ci il) NKH və VS-yə kimyəvi təhlil üzrə 5-ci dərəcəli laborant peşəsinə keçirilmişdir. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Məlumat üçün bildiririk ki, haqq-hesab cədvəlində 2005-ci ilin sentyabr ayınadək əmək haqqı göstərilmişdir. ARDNŞ-nin 31.08.2005-ci il tarixli, 92 saylı əmrinə əsasən 01.09.2005-ci il tarixdən “Binəqədineft”NQÇİ ləğv edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 78 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMFnin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab edirik. İşdə olan cavabdeh tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 3 saylı "ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neftkimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 24.10.1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda 01.09.2005-ci il tarixindən bugünədək “X5” şirkətində neftin qazın hazırlanması vurulması sexində laborant vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə və vəzifə yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan X8 tərəfindən verilmiş 18.11.2020-ci il tarixli, 823 saylı arayışdan görünür ki, İddiaçı Əlikram qızı 01.09.2005-ci il tarixindən “X9” Şirkətində mövcud olaraq Metrologiya xidmətində laborant vəzifəsində işləyir. Məhkəmə sorğusu əsasında X8 tərəfindən təqdim olunmuş 20.11.2020-ci il tarixli, 02/1291 saylı sorğuya cavab məktubundan görünür ki, Şirkətin işçisi İddiaçı 01.09.2005-ci il tarixdən Şirkətin Metrologiya xidmətində Laborant vəzifəsində çalışır (arayışın əsli əlavə olunur). Lakin, İddiaçı Əmək kitabçasının surətindən görünür ki, o "X9” şirkətinin Azərbaycan Respublikasındakı filialından əvvəl başqa idarələrdə müəyyən sahələrdə çalışmışdır (əmək kitabçasının surəti əlavə olunur). Hesab edirik ki, İddiaçınm ümumi və güzəştli iş stajının müddəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq təqdim edilən əmək kitabçasında aparılan qeydlərlə, onun həm əvvəlki idarələrdə, həm də Şirkətin Metrologiya xidmətində laborant vəzifəsində çalışdığı sahələrin zərərli (güzəştli) iş sahəsinə olub-olmaması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı və 23.01.2007-ci il tarixli 2 saylı qərarları ilə tənzimlənir. Məhkəmə sorğusu əsasında “Socar” Baş ofis Mərkəzi Arxiv tərəfindən verilmiş 25.11.2020-ci il tarixli, SOCAR**********0020123X00064 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı verilmiş 05.03.2020-ci il tarixli, SOCAR**********080020123X00076 nömrəli iş stajı haqqında arayış arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən verildiyindən tərəfimizdən güzəştli iş stajının olubolmaması barədə qeydin göstərilməsi imkan xaricindədir. Güzəştli iş stajının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrinin və göstəricilərin Siyahısı”na istinad etməyiniz məqsədəmüvafiqdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1960-ci il təvəllüdlü olmaqla 52 yaşı 22.03.2012-ci il tarixdə tamam olmuşdur. İddiaçı ona 52 yaşı tamam olduğu 22.03.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının işlədiyi peşə və vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) göstərilən sahəyə və vəzifəyə uyğun olmaması səbəbi ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı əsaslar birgə mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; 2) qanunvericiliklə nəzərdə tutulmuş ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı və 4) həmin peşə üzrə qanunvericiliklə nəzərdə tutulmuş xüsusi sığorta stajına malik olmalıdır. Cavabdeh tərəfindən həm imtina məktubunda, həm də etirazda mübahisələndirilən konkret hal ondan ibarətdir ki, iddiaçının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Siyahıda” nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə iş stajı mövcud deyil. Məhkəmə iddianın əsassız olması ilə bağlı qeyd edir ki, iddiaçının həm, 01.01.2006-cı il tarixə, həmçinin də, 52 yaşı tamam olduğu tarixə kimi 20 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilsə də, həmin ümumi stajın 10 ildən çox müddətinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə iddiaçının iddia ərizəsində istinad etdiyi sahələr üzrə araşdırılıb təhlil edilmişdir. İddiaçı işlədiyi neftin qazın hazırlanması vurulması sexində laborant vəzifəsinin bilavasitə yerinə yetirən işlərə aid olduğunu “X6” tərəfindən verilmiş 06.05.2020-ci il tarixli arayış əsasında əsaslı olduğuna istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın kimya istehsalatı bölməsinin (X) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri (2110A00) vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının 01.09.2005-ci il tarixdən hazırki günədək neftin qazın hazırlanması vurulması sexində laborant vəzifəsinin bilavasitə kimyəvi maddələr ilə işləməsi “X6” tərəfindən verilmiş 06.05.2020-ci il tarixli arayışında öz əksini tapsa belə, arayışda sadalanmış maddələr nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalatı bölməsində (8), nədə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın kimya istehsalatı bölməsində (X) göstərilən maddələrin əhatə dairəsinə düşməmişdir. Bu səbəbdən, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı işlədiyi kimyəvi maddələr kimya istehsalatı bölməsində əmək şəraiti xüsusilə zərərli və ağır olan iş sahələrində göstərilən kimyəvi maddələrin əhatə dairəsinə düşmədiyindən, iddiaçı nə 01.01.2006-cı il tarixədək, nədə ki, 52 yaşı tamam olan, yəni 22.03.2012-ci il tarixədək güzəştli iş stajını toplamamış olur. Hazırki mübahisənin qanuni əsasını, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi nəzərə alınmaqla, həmin Qanunun 9.1-ci maddəsinin, həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinin təşkil etdiyini nəzərə alsaq, məhkəmə araşdırılması ilə müəyən olunan hallara görə iddiaçının 20 ildən çox ümumi iş stajı müəyyən edilsə də, onun güzəştli pensiya hüququ verən azı 10 il zərərli əmək şəraitinə aid peşələrdə işlədiyi müəyyən olunmur. Belə olan halda, cavabdehin iddiaçıya güzəştli pensiya təyin etməkdən imtina etmək vəzifəsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Ona görə də, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1924/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1924/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver