Məhkəmə qərarları › İş №2-1(112)-1925/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1925/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1925/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsidə yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, torpaq sahəsinə dair təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Abşeron Rayon Donuzkökəltmə sovxozuna ayrılan ərazilərin ayrıc aktından kənarda yerləşir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirılməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq ona - İddiaçı 0.07 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli, 1579 nömrəli Arxiv Arayışına əsasən Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 nömrəli əmri ilə 0.07 ha həyətyanı torpaq sahəsinin İddiaçı verilməsi öz əksini tapmışdır. Qeyd edilən torpaq sahəsinin ayrılması ilə bağlı sovxozun əmri ilə yanaşı ona ayrılmış torpaq sahəsinin cizgisi və ölçü sxeminin mövcud olmasına baxmayaraq, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirən cizgi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən yeni tarixlə torpaq sahəsinin yerləşmə cizgisi alınmalıdır. Bununla bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, cavab məktubunda Donuzkökəltmə sovxozu ərazisində istifadəsində olan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və ölçü sxemi) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan, həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunmasının məqsədəmüvafiq olması bildirilmişdir. Halbuki, iddiaçının istifadəsində olan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi və ölçü sxemi torpaq ayrılması barədə qərarla birlikdə caavbdehə verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qoşma edilən torpaq sahəsinə dair yerləşmə cizgisindəki istinad və məsafələr uyğun gəlsə də, perimetrik ölçü və konfiqurasiyada ciddi uyğunsuzluq mövcuddur. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Abşeron Rayon Donuzkökəltmə sovxozuna ayrılan ərazilərin ayrıc aktından kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, sovxoz rəhbərinin (direktor və s.) əmrini bu əsaslardan birinə aid etmişdir. İddiaçı hazırda bu əsaslardan biri kimi Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 saylı əmrini təqdim etmişdir. Belə ki, işdə olan Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrindən gğrünür ki, həmin əmr ilə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq aşağıda adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır: 1393. İddiaçı. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddiaçının təqdim etdiyi həmin sənədi onun hüquqlarının qeydə alınması üçün əsas kimi qəbul etmir. Belə ki, birincisi, xx.xx.1990-cı il tarixli əmrdən görünür ki, sovxoz həmin əmrlə öz fəhlə və qulluqçularına torpaq sahəsi ayırmışdır. Lakin iddiaçı həmin sovxozda işləməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)- 66/2014 saylı hökmündə görünür ki, “İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.1990-cı il tarixdə sovxozun müdiri Akif Alxasovun 135 nömrəli əmri ilə hər ailəyə 0,07 hektar olmaqla 1501 nəfər sovxoz işçisinə fərdi yaşayış evlərinin tikintisi üçün ümumi sahəsi 105,1 hektar təşkil edən torpaq sahəsi ayrılması göstərilmiş, əmrdə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarına istinad edildiyi halda, bu qərarda sovxoz torpaqlarından 150 nəfər işçiyə cəmi 15 hektar ayrılması nəzərdə tutulmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə sovxozun direktoru Babaxan İsayev tərəfindən hər adama 0,08 hektar olmaqla 1786 nəfər işçiyə cəmi 142,8 hektar torpaq sahəsi ayrılması barədə 108 saylı əmr verilmişdir. Həmin əmrdə Abşeron rayon XDS-in İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 saylı qərarına istinad edilsə də, həmin qərarda sovxozun cəmi 170 nəfər işçisinə cəmi 13,6 hektar torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Abşeron rayon Dövlət Arxivindən götürülmüş əmək haqqı cədvəllərindən görünür ki, 1990-cı ilin iyul ayında sovxozun 322 nəfər, 1991-ci ilin sentyabr ayında 330 nəfər işçisi olmuşdur.” Göründüyü kimi, məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Abşeron Donuzkökəltmə sovxozunun 1990-cı ildə 322 nəfər işçisi olmuş, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarında sovxoz torpaqlarından 150 nəfər işçiyə cəmi 15 hektar ayrılması nəzərdə tutulmuş, lakin xx.xx.1990-cı il tarixli əmrlə İsaxan Bababyev tərəfindən 1501 nəfərə ümumi sahəsi 105,1 hektar təşkil edən torpaq sahəsi ayrılmışdır. Həmin hökmdə həmçinin göstərilmişdir ki, “...Məhkəmə-xətşunaslıq ekspertizasının xx.xx.2011-ci il tarixli, 535 №-li rəyindən görünür ki, - ekspertizaya təqdim edilmiş 1991-ci ilin qovluğunda xx.xx.1991-ci il tarixli 108 saylı əmrin 58-95-ci, 97-99-cu vərəqələrində olan imzalar - X3 tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, 1990-cı ilin qovluğunda sonuncu səhifəsində “A.Alxasov” soyadı qarşısında olan imza-Alxasov Akif tərəfindən yox, başqa şəxs zərəfmdən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, 1990-cı ilin qovluğunda xx.xx.1990-cı il tarixli 135 saylı əmrin sonuncu səhifəsində «E.Şahverdiyeva» soyadı qarşısında olan imza- X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, 1990-cı ilin qovluğunda xx.xx.1990-cı il tarixli 135 saylı əmrin sonuncu səhifəsində «O.Adıgözəlov» soyadı qarşısında olan imza -Adıgözəlov Oktay tərəfindən yox, başqa şəxs tərəfındən icra olunmuşdur... ...Məhkəmə-texniki və kimyəvi ekspertizasının xx.xx.2011-ci il tarixli, 678/79 nömrəli rəyindən görünür ki,...

3. Tədqiq olunan xx.xx.1990-ci il tarixli 135 №-li əmrin 4-cü vərəqdəki, 277-1371-ci sıra nömrəsi olan vərəqlərdəki makina yazıları və xx.xx.1991-ci il tarixli 108 №-li əmrin 5ci, 12-27-ci vərəqlərdəki, 1070-1692-ci sıra nömrəsi olan vərəqlərdəki makina yazıları eyni yazı makinasında icra edilmişdirlər.

4. xx.xx.1990-ci il tarixli 135 №-li əmrin 1372-1501 sıra nömrəsi olan vərəqlərdəki və xx.xx.1991-ci il tarixli 108 №-li əmrin 1693-1771-ci sıra nömrəsi olan vərəqlərdəki mətnlər eyni yazı makinasında icra ediliblər.

5. Tədqiq olunan xx.xx.1990-ci il tarixli 135 №-li əmrin 4-cü vərəqdəki, 277- 1371-ci sıra nömrəsi olan vərəqlərdəki və 1990-cı ildə tərtib olunan 132, 133, 134, 16, 137 və 138 №-li əmrlərin mətnləri eyni yazı makinasında icra edilmişdirlər.” Beləliklə, iş materialları ilə iddiaçının mübahisəli sovxozda işləməsi müəyyən edilmədiyindən, həmçinin 322 nəfər işçi olan sovxozda 1393-cü şəxs kimi ona torpaq sahəsi ayrılması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçının hüququnun qeydə alınması üçün təqdim etdiyi əmr mötəbər hesab edilə bilməz. Bundan başqa, işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Sənəd üzrə sahəsi 700.0 kv.m, faktiki sahəsi isə 1385.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozunun ayrıcı üzrə olan sahədən 33.7 metr kənarda yerləşir. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda isə göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 720,0 kv.m təşkil edir (üzərində yarımçıq tikili mövcuddur). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya 1990-ci ildən sonra ayrılmış, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 saylı qərarı ilə sovxoz torpaqlarından 150 nəfər işçiyə cəmi 15 hektar ayrılması nəzərdə tutulduğundan iddiaçıya ayrılmış torpaq sahəsi ayrıc aktından kənarda yerləşmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün qanunvericiliyin tələbləroinə uyğun olan qanunun 8-ci maddəsinə uyğun əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar